Türkiyə
ilə Ermənistan arasında sərhədlərin
açılması həm Vaşinqtonun,
həm də Ankaranın Xəzər və Cənubi Qafqaz regionundakı strateji
maraqlarına ən böyük zərbədir
Türkiyə-Ermənistan sərhədlərinin
açılması və iki dövlət
arasında rəsmi səviyyədə münasibətlərin
formalaşması, əlaqələrin qurulması regionda daha çox
Ermənistan və Rusiyanın strateji
maraqlarına xidmət edir. Belə
ki, Türkiyə ilə Ermənistan
arasında əlaqələrin qurulması ilə Rusiya regionda öz tarixi
maraqlarının təmin edilməsi uğrunda
siyasətini daha da
gücləndirəcək və Ermənistan vasitəsilə
Türkiyənin daxili siyasətinə
(xüsusilə, milli və etnik məsələdə) və eləcə
də regional siyasətinə geniş təzyiq imkanları əldə edə
biləcəkdir.
Məlumdur ki, ərəb
dünyasında, Yaxın Şərqdə təsir
imkanları əldə etmək, cənuba doğru təsir
dairəsini genişləndirmək, Qərbin, xüsusilə
ABŞ-ın regiondakı təsirlərini
neytrallaşdırmaq üçün əlverişli məkan
və dövlət olan Türkiyəni özünə
yaxınlaşdırmaq, bu dövləti ABŞ-ın siyasi
orbitindən çıxarmaq, bununla da Vaşinqtonun bölgədəki
maraqlarının təmin edilməsinə əsaslı şəkildə
mane olmaq siyasətini həyata keçirmək Rusiyanın
daimi strategiyasıdır. Onu da vurğulamaq lazımdır ki,
sərhədlər açılarsa, Türkiyə etnik zəmində
parçalanma təhlükəsi ilə üz-üzə
qalacaq, ölkədə erməni terroru öz fəaliyyətini
daha da gücləndirəcəkdir.
Türkiyə hesab edir ki, sərhədlər açılarsa, Ermənistana strateji təsir imkanları əldə edə bilər. Bu, tamamilə yanlış bir siyasətdir. Belə ki, Rusiyanın "forpostu" olan Ermənistanda Türkiyə strateji xarakter daşıyan böyük üstünlüklər əldə edə bilməz. Əksinə, Ermənistan Türkiyədən istifadə edərək öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanları qazana bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Ermənistanı təcrid vəziyyətində saxlamaq siyasəti Türkiyənin regiondakı mövqeyini daha da gücləndirir və ABŞ üçün onun əhəmiyyətini artırır. Sərhədlərin açılması ilə bu mövqe zəifləyə bilər.
Rusiya sərhədlərin indiki vəziyyətdə açılmasına razılıq verməklə Azərbaycanla Türkiyə arasında soyuq münasibətlərin əsasını qoymağa çalışır və Azərbaycanın Türkiyə və ABŞ-la münasibətlərində gərginlik yaratmaqla bu dövləti tamamilə öz orbitinə çəkmək məqsədini güdür. Rusiya Cənubi Qafqazı bütövlükdə ələ keçirməyə çalışır ki, gələcəkdə digər postsovet regionlarını da özünə tərəf çəkmək yolu ilə NATO və Avropa İttifaqına rəqib ola biləcək bir qurumu yarada bilsin.
Hal-hazırda ABŞ Ermənistanı öz siyasi orbitinə daxil etmək üçün regionda güc mərkəzi hesab edilən Türkiyənin imkanlarından faydalanmaq istəyir. Lakin bu siyasi kurs ilk növbədə Vaşinqtonun ziyanınadır. Belə ki, Ermənistanı qazanmaq istəyən ABŞ torpaqları işğal altında olan Azərbaycanı itirə bilər. Bu baxımdan da sərhədlərin açılması ABŞ-ın region maraqlarına ən böyük zərbə olar. Belə olarsa, Vaşinqton Türkiyə kimi böyük müttəfiqini də itirər və Ankara-Moskva strateji yaxınlaşmasının əsasını qoya bilər.
Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasını gələcəkdə regionda Türkiyə ilə Rusiya arasında yarana biləcək siyasi və hərbi ittifaq planının tərkib hissəsi də hesab etmək olar. Ümumiyyətlə, Türkiyə-Ermənistan sərhədlərinin açılması planının əsas təşəbbüskarından biri də Moskvadır. Bəs burada Rusiyanın marağı nədir? Keçmiş SSRİ məkanında Rusiyanın NATO və Avropa İttifaqına rəqib ola biləcək yeni bir siyasi, hərbi və iqtisadi qurumu yaratmaq planının icrası, əslində Azərbaycan və Ukrayna kimi əlverişli geosiyasi mövqeyə və böyük potensiala malik olan dövlətlərdən çox asılıdır. Rusiya hər vəchlə çalışır ki, Ukrayna və Azərbaycanı tamamilə özünün siyasi orbitinə daxil etsin.
Son zamanlarda Mərkəzi Asiya regionunda böyük iqtisadi, hərbi və siyasi üstünlüklər qazanan Rusiya gələcəkdə Pribaltika respublikalarını çıxmaq şərtilə vaxtilə bu dövlətin tərkibində olmuş digər subyektləri də siyasi, iqtisadi və hərbi cəhətdən özünə yaxınlaşdırmaq marağındadır. Rusiya həmin respublikalara öz ticarət məhsulları üçün bir iqtisadi bazar məkanı kimi baxmaqla yanaşı, bu dövlətlərin əhalisi hesabına özünün insan və əmək resurslarını genişləndirmək məqsədi güdür. Bununla yanaşı, Rusiya hal-hazırda öz sərhədləri ətrafında keçmiş SSRİ respublikalarının hesabına ABŞ və Avropaya qarşı "təhlükəsizlik zonası"nı möhkəmləndirmək siyasəti yeridir.
Böyük hərbi-siyasi ittifaqın yaradılması planına müvafiq olaraq Rusiya Azərbaycanı öz tərəfinə çəkmək üçün ilkin mərhələdə əlverişli bir variant olaraq Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasına icazə vermədən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına razılıq bildirir. Bununla o, Azərbaycanla Türkiyə arasında münasibətlərin korlanması yolu ilə Bakının tarazlaşdırılmış xarici siyasətinə, o cümlədən Qərb yönümlü siyasətinə mane olmaq məqsədi güdür. Bu siyasətin yüksək səviyyədə yerinə yetirilməsi üçün Rusiya ABŞ-da yaşayan erməni lobbisinin Vaşinqtona təzyiq imkanlarından maksimum istifadə etməyə çalışır.
Ermənistanla sərhədlərin açılmasına Türkiyə də razılıq verir. Ankara siyasi hadisələrin gedişatından öz gələcək marağı üçün faydalanmağa çalışır. Türkiyənin bu məsələdə uzunmüddətli strateji marağı ondan ibarət ola bilər ki, Rusiya ilə gələcəkdə ittifaqa girmək imkanları əldə edə bilsin. Buna görə də özünün gələcək strateji marağının təmin olunması məqsədi ilə ilk mərhələdə Azərbaycanı Rusiyaya tərəf itələyir. Ankara indiki zamanda türk dünyasına rəhbərlik etmək iqtidarında olmadığını başa düşür. Sonrakı mərhələdə isə özü də ABŞ və Avropa İttifaqı ilə siyasi müttəfiqlik münasibətlərinə son qoyaraq, əsasən Rusiya ilə ittifaqa girmək imkanları əldə edir.
Türkiyənin bu addımı atmasında, ümumiyyətlə iki əsas məqsədi ola bilər. Birincisi, ABŞ və Avropa İttifaqı tərəfindən daimi olaraq qeyri-səmimi münasibətlər görən, Avropa İttifaqına yaxın buraxılmayan Türkiyə İranın da nüvə dövlətinə çevrilə biləcəyini zənn edərək gələcəkdə regional əməkdaşlığa üstünlük verə bilər. İkincisi, əks-variant olaraq Azərbaycanın Rusiyaya yaxınlaşmasına çalışmaqla Türkiyə Rusiyaya ətraf dövlətlərin hesabına siyasi ittifaq yaratmasına razılıq bildirmək yolu ilə SSRİ zamanında olduğu kimi, özünün ABŞ və NATO üçün hərbi və siyasi əhəmiyyətini artırmaq məqsədini güdə bilər. Siyasi şəraitdən istifadə edən Türkiyə Rusiya ilə siyasi yaxınlaşma manevrlərindən istifadə edərək özünün gələcəkdə Avropa İttifaqına daxil olmasına zəmin yarada bilər.
Bu baxımdan ABŞ bilməlidir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına təkid etməklə, əslində gələcəkdə yarana biləcək Türkiyə-Rusiya siyasi-hərbi əməkdaşlığına zəmin hazırlayır. Sərhədlərin açılması beynəlxalq aləmdə ABŞ və NATO-ya rəqib ola biləcək böyük bir hərbi-siyasi qurumun yaradılması ilə nəticələnə bilər. Bu isə Vaşinqton üçün yaxşı heç nə vəd etmir.
Elşən NƏSİBOV,
politoloq
Xalq qəzeti.- 2010.- 24 avqust.- S. 3.