"Osmanlılar, aldanmayın, Allahı sevərsiz..."

 

    Təmsil etdiyim yaşlı nəsil iqlimin isti-soyuğu kimi, siyasi ab-havanın sərt dəyişməsindən, arzuolunmaz xəbərlərdən də ağrı-acı keçirir, ciddi narahat olur. Ötən həftə Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün ölkəmizə səfəri, iki qardaş dövlətin bir-birinə ən yüksək səviyyədə qucaq açması da bizi necə sevindirmişdisə, 2-3 gün sonra sürətlə yayılan bir xəbər o qədər məyus elədi.

 

    Bütün dünya artıq yaxşı bilir ki, Türkiyə ilə Ermənistan arasında bağlanmış qapılar, işğalçı ermənilərin törətdikləri qanlı, təcavüzkar əməllərin təbii nəticəsidir. Bu, həm də Qarabağda, dünyanın müxtəlif yerlərində terrorçu ermənilərin qətlə yetirdikləri günahsız türk-müsəlman qardaşlarımızın faciəli taleyindən doğan bir cavabdır. Neçə illərdən bəri bu sərhəd məsələsi, ermənilərin özündən çox, onların havadarlarının Türkiyəyə və Azərbaycana qarşı aramsız təhdid və təzyiqlərinin hədəfi olaraq qalır.

    Şükürlər olsun ki, Türkiyə rəhbərlərinin qətiyyətli mövqeyi nəticəsində düşmənlər bu "qara qapılar"ı açmağa nail ola bilmirlər. İndi türk-müsəlman düşmənləri yeni bir adla - Ermənistanda təbii fəlakətlər üzrə NATO təlimləri üçün Türkiyədən avadanlıq keçirmək adı ilə Türkiyə dövlətinin və xalqının iradəsini qırmaq, onları Ermənistan qarşısında məğlubiyyət əlaməti ola bilən bir hərəkətə sövq etmək istəyirlər. Çox təəssüf ki, Türkiyənin rəsmi dairələrində buna o qədər də əhəmiyyət verməyən adamlar tapılır.

    Bütün dünya bilir ki, Ermənistan Azərbaycana və Türkiyəyə düşmən gözü ilə baxır, əlindən nə gəlirsə bu yolda əsirgəmir. Quldur erməni toplumunun siyasi rejimi olan Ermənistan dövləti Azərbaycanın torpaqlarının beşdə birini işğal edib, əhalisinin hər 9 nəfərindən birini ev-eşiyindən qovub, 20 min soydaşımızı qətlə yetirib, 50 min insanı əlil-şikəst edib. Eyni əməlləri vaxtilə onlar Türkiyənin də başına gətiriblər və indi bütün təqsiri türklərin üstünə atırlar. Ermənistan konstitusiya maddəsi ilə Türkiyəyə torpaq iddialıdır, gerbində Türkiyə ərazisini təsvir edib. Axı belə məsələlər qardaş ölkədə uşaqdan-böyüyə hamıya məlumdur və onların ümumi iradəsi ilə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyincə, Türkiyəyə qarşı ərazi və soyqırım iddiaları geri götürülməyincə sərhədlərin bağlı qalması qərara alınıb.

    Yaxşı, indi nəsə dəyişibmi? Ermənistan öz mövqeyindən zərrə qədər geri çəkilibmi? Bu işğalçı dövlət BMT-nin qətnamələrini, beynəlxalq normaları saya salmırsa Türkiyəni öz qərarından dönməyə məcbur edən nədir? Bəlkə, hansısa tacirin ürəyindən erməni bazarlarında qazanc keçir. Bəlkə hansısa Türkiyə siyasətçisi erməni dostlarının xoşuna gəlmək istəyir? Nə böyük işdir ki, Ermənistanda təlim keçirilir və buna görə Türkiyə dövlətinin və xalqının iradəsi sındırılsın, Ermənistanın iddiası təmin olunsun. Ermənistanın dostları ona lazım olan yardımı, avadanlığı Türkiyə sərhədi olmadan da çatdırar.

    Xəbər nə qədər qanqaraldıcı olsa da, Türkiyənin qeyrət və dəyanətindən çox şey gözləyirik. Gör neçə dəfə hər iki ölkə belə fitnəkarlıqları birgə dəf ediblər. Vaxtilə böyük Sabir deyirdi: "Osmanlılar, aldanmayın, Allahı sevərsiz..." Bir anlığa da olsun, 1 millimetr Türkiyə sərhədi ermənilərə açılarsa bu, Koroğluların, Nuru Paşaların ruhunu təhqir edər. Böyük Atatürk öz davamçılarına bir gün istiqlalına qovuşacaq Azərbaycanı himayə etməyi vəsiyyət etmişdi. Görəsən, bu ulu etimadı unudan bir türk varmı?

    Azərbaycan xalqının təsirli bir deyimi var: "Güvəndiyim dağlar, sənə də qar yağarmış". Türkiyə Azərbaycanın güvəndiyi, inandığı, sığındığı əyilməz, əl çatmaz bir dağdır. Kimlərdir bu ulu dağa qar yağdırmaq istəyənlər?

    Sonda bildirirəm ki, bu sınaq Azərbaycandan daha artıq Türkiyə üçün siyasi-diplomatik önəm daşıyır. Qapı açılması Ermənistanın Türkiyə üzərində qələbəsi demək olar. Qoy, Türkiyənin bugününə və sabahına məsul olanlar bunu unutmasınlar. İnşallah, düşmənlərin gözləntisi bu dəfə də gözündə qalar.

 

 

    Teymur BÜNYADOV,

    akademik

 

    Xalq qəzeti.- 2010.- 24 avqust.- S. 3.