Şəmkir:
təbiət gözəlliyi, insanlar xeyirxah əməlləri ilə öyünür
Şəmkirin bu
günü haqqında yazmaq
üçün arayışlardan, hesabatlardan istifadə etməyə qətiyyən
ehtiyac yoxdur. Çünki Qərb bölgəsinin ən böyük kənd rayonu olan Şəmkirin inkişafı, tərəqqisi,
abu-havası göz qabağındadır.
Rayon mərkəzində, ayrı-ayrı
kəndlərdə baş verən yeniliklər,
dəyişikliklər o qədər çoxdur ki, onların
hamısı haqqında bir yazıda
söhbət açmaq mümkün
də deyil. Məsələn, lap bu yaxınlaradək
Şəmkirdəki su anbarında işlər
getsə də elə bir yenilik
yox idi. Amma bu dəfə gördük
ki, su anbarında olan 3 tunelin 2-də tikinti işləri başa
çatdırılmış və hətta uzunluğu
855 metr olan nəqledici
tunelə keçən ayın ortalarında su
verilib və nəhəng obyektin
əsasını təşkil edən on
bəndin tikintisinə başlanılıb. Yeri gəlmişkən
qeyd edək ki,
Dövlət Proqramına uyğun olaraq həmin su
anbarının və kiçik su elektrik
stansiyasının istifdəyə verilməsini hamı,
xüsusilə qərb bölgəsinin əhalisi böyük səbirsizliklə gözləyir.
Ümumi su tutumu 160 milyon kubmetr,
uzunluğu 6,1 kilometr, bəndinin hündürlüyü 150
metr təşkil edəcək dəryaçanın istifadəyə
verilməsi Qərb bölgəsində 75 min hektar torpaq sahəsinin
suvarılmasına, Şəmkir və Gəncə şəhərlərinin
içməli su probleminin həllinə səbəb
olacaqdır.
Yaxud, götürək gübrə
anbarının tikintisini. Artıq 10 min tonluq anbarın
inşası başa çatdırılmışdır. Bu
obyektin də əhəmiyyəti olduqca böyükdür. Təkcə
Şəmkir deyil, respublikanın bir sıra kənd təsərrüfatı
rayonları daha əvvəlki kimi əziyyət çəkməyəcəklər.
Həm ucuz, həm də keyfiyyətli gübrə
üçün Şəmkirdəki gübrə anbarına
müraciət etmək kifayətdir.
Sarıtəpə kəndi
yaxınlığındakı "Azaqro" MMC-yə məxsus
istixana kompleksində artıq məhsul istehsalına
başlanılmışdır. Dünyada ən müasir
texnologiya ilə tətbiq olunan bu istixanada istehsal
gücünün artırılması istiqamətində
işlər aparılır.
Uzun illər sakinləri narahat edən bir problemin - küçələr boyu primitiv şəkildə axıdılan çirkab suların qarşısının alınması məqsədilə inşa olunan kanalizasiya xəttinin tikintisinin başa çatdırılmasını da son vaxtların yeniliklərindən biri hesab etmək olar. Uzunluğu 3 kilometrə çatan xəttin istifadəyə verilməsi Füzuli və 20 Yanvar küçələrində, eləcə də şəhərin digər yerlərində natəmizliyin qarşısını almışdır. Bu işlərin həyata keçirilməsində şəhər bələdiyyəsinin, şəhər nümayəndələrinin və "Sukanal" idarəsi kollektivlərinin əməyini xüsusi qeyd etmək lazımdır.
Şəmkirdə əhalini narahat edən qaz, su, işıq və sair problemlərin tədricən həll olunması iri miqyaslı işlərin həyata keçirilməsinə, tikinti, quruculuq abadlıq məsələlərinə diqqətini xeyli artırılmasına imkan yaratmışdır. Hazırda rayonun 95 faizi təbii qazla təmin olunmuşdur. İlin sonuna kimi daha 5 yaşayış məntəqəsinə, o cümlədən Qaranuy, Qapanlı, Çaparlı, Məşədi Hüseynli və Qılıncbəyli kəndlərinə təbii qaz veriləcəkdir. Əhali də bu işlərdən olduqca razıdır və təsadüfi deyil ki, Şəmkir qazın, elektrik enerjisinin ödənilməsində daim nümunə göstərən rayonlardan biridir.
Yeni müasir sosial obyektlərin, inzibati binaların bir-birinin ardınca istifadəyə verilməsi Şəmkirdə artıq adi qarşılanır. Halbuki illər uzunu bu obyektlərin həsrətini çəkənlər olub. Yaxın günlərdə onların sırası daha da genişlənəcək. Dəllər qəsəbəsində 880 şagird yerlik, Təzəkənd kəndində 960 yerlik, Zəyəm Cırdaxan kəndində 1200 yerlik yeni məktəb binaları istifadəyə veriləcəkdir. Hamısı da böyük, müasir, hər cür avadanlıqla təchiz olunacaq məktəblərdir. İnkişaf, tərəqqi, bax, budur! Təsadüfi deyil ki, bu il orta məktəbi bitirən 2531 nəfər məzundan 2417 nəfəri bütün fənlərdən müsbət qiymət alaraq orta təhsil haqqında attestata yiyələnmişdir ki, bu da hazırda yüksək göstərici sayıla bilər. Ölkə Prezidentinin sərəncamları ilə bu il M. Füzuli adına Şəmkir şəhər orta məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatına, həmin məktəbin ibtidai sinif müəllimi Sevinc Əmrahova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi kimi 6 min manat pul mükafatına layiq görülmüş, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Məzahir Hüseynli isə "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülmüşdür.
Səhiyyə sistemində ciddi islahatlar aparılmışdır. Rayonda xəstəxanaların
sayı 21-dən 12-yə endirilmiş,
həkim məntəqələrinin
sayı 24-dən 32-yə, feldşer-mama
məntəqələrinin sayı 24-dən 27-yə çatdırılmışdır.
Məhz bu islahatlar nəticəsində
xəstəxanalarda olan
çarpayıların sayı
iki dəfədən də çox azaldılmış, bir-birini
təkrarlayan şöbələr
və bir neçə kənd sahə xəstəxanaları
ləğv olunmuşdur.
Bütün bunlar tibbi xidmətin keyfiyyətcə
yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. Nəzərə
almaq lazımdır ki, şəmkirli həkimlər indi artıq 10-15 il
əvvəlki həkimlər
deyil. İstər peşəkarlıq baxımından, istərsə
də, təcrübə.
Bu il 10 nəfər həkimin Türkiyənin
Ankara şəhərində təkmilləşmə kursunda
olması, ayrı-ayrı
həkimlərin müxtəlif
simpoziumlarda, konqreslərdə
iştirakı, islahatların
aparılması, tələbkarlığın
artırılması, başqa
sözlə, bu sahəyə diqqət və qayğının yüksəldilməsi yaxşı
nəticələr verir.
Məsələn, rayon ərazisində yoluxucu xəstəliklərin
sayı azalmışdır,
başqa şəhərlərə
müalicəyə gedənlərin
sayında da kəskin azalma müşahidə olunur.
Əsaslı təmir-tikinti işlərinin
aparılması, müasir
tibb avadanlıqlarının
gətirilməsi, dərman
preparatları ilə təchizin yaxşılaşdırılması
səhiyyə xidmətini
günün tələbləri
səviyyəsində qurmağa
imkan yaradır. Regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramına
uyğun olaraq
2013-cü ilə kimi rayonda yeni doğum
evinin, poliklinikanın
tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının
və Kür qəsəbə xəstəxanasının
əsaslı təmiri
başa çatdırılacaqdır.
Rayonun mədəni həyatı
daha da zənginləşmişdir.
Adamların asudə vaxtlarının
səmərəli təşkilində,
müxtəlif kütləvi
tədbirlərin keçirilməsində
rayon mədəniyyət və
turizm şöbəsinin
işi təqdirəlayiqdir.
Şəhər Mədəniyyət Evi, tarix-diyarşünaslıq
muzeyi yeni mebel, kompyuter dəstləri, digər avadanlıqlarla təchiz olunmuşdur. Təmir-tikinti işlərinə geniş
fikir verilir. Musiqi məktəbində əsaslı
təmir işləri
aparılmışdır. Hazırda rayonun kitabxana sistemində islahatlar həyata keçirilir.
Bir sıra kənd kitabxanalarının mərkəzləşdirilmiş
qaydada birləşdirilməsi
nəzərdə tutulur.
Ümumiyyətlə, Şəmkirdə pedaqoji işə böyük önəm verilir. Ölkədə, dünyada baş
verən yeriliklər,
daxili və xarici siyasət daim təbliğ olunur. Rayon icra
hakimiyyətində hər
birinin tərkibi 7 nəfər olmaqla 4 təbliğat qrupu yaradılmışdır. Onların tərkibindəki ziyalılar
yüksək hazırlığa,
biliyə və nüfuza malikdirlər.
Qrupların təşkil etdikləri
həftəlik tezislər
və mətbuatdan çıxarışlar ən
ucqar kəndlərə
belə müntəzəm
çatdırılır.
İdeoloji işdə 2006-cı ilin noyabrın 1-dən fəaliyyət göstərən
Heydər Əliyev muzeyinin də rolu olduqca böyükdür.
Heydər Əliyev muzeyində
ulu öndərin adı ilə bağlı arxiv, dövrü mətbuat materialları, video-foto sənədləri, müasirlərin
xatirələrini və
digər sənədləri
toplayan 15 nəfərdən
ibarət təhqiqat qrupu yaradılmışdır.
Muzey foto-aparat, diktofon və sair texniki
avadanlıqlarla təchiz
olunmuşdur.
Muzeydə kompyuter və
ingilis dili kursları fəaliyyət
göstərir. YAP sıralarına
qəbul ənənəvi
olaraq Heydər Əliyev Muzeyində aparılır. Muzeydə ulu öndərin
həyat və fəaliyyəti ilə bağlı kitabxana yaradılmışdır. Burada ekspozisiya bölmələrindən
biri "Heydər Əliyev Şəmkirdə"
adlanır. Həmin bölmədə
ulu öndər Heydər Əliyevin 1972,
1979, 1998 və 2000-ci illərdə
Şəmkir rayonuna səfərləri ilə
bağlı foto şəkillər toplanmışdır.
Heydər Əliyev muzeyində
rayon məktəblərinə, rayon sakinlərinə, qonaqlara Heydər Əliyevin ictimai-siyasi həyatı və irsi geniş
təbliğ edilir.
Bütün bayram tədbirlərinin
və müxtəlif sahələr üzrə peşə bayramlarının
Heydər Əliyev muzeyində qeyd edilməsi ənənə
şəklini almışdır.
Şəmkir Olimpiya İdman
Kompleksinin istifadəyə
verilməsi gənclərə
ən böyük hədiyyə olmuşdur.
Rayon gəncləri boş vaxtlarının əksər hissəsini idman kompleksində keçirməklə idmanın
sərbəst güləş,
karate, üzgüçülük və bir sıra
digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyik ki,
son vaxtlar rayonda gənclərin idmanın sərbəst güləş
növünə olan marağı xeyli artmışdır. Şəmkir şəhərində yerləşən
güləş məktəbində
gündəlik 250 nəfərədək
yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
İdeoloji iş sahəsində yaxşı təcrübə
qazanılıb və
bu, Şəmkir rayonunun hər bir sakininə müsbət mənada təsir göstərir. Artıq neçə vaxtdır ki, küçə və parklar rayonun idarə, müəssisə və təşkilatları arasında
bölüşdürülüb. Əsl yarış gedir: kimin sahəsi
abad və gözəldir! Hər həftənin dördüncü
günləri rayon icra
hakimiyyətində görülən
işlər müzakirə
olunur. Küçələrə, yaşayış evlərinə, ticarət obyektlərinə - hara baxırsan gül dibçəkləri görürsən.
Sakinlərin bu işlərə
yaxından qoşulması
nəticəsində şəhər
öz simasını tamamilə dəyişib.
Şəmkir həm də
respublikamızın ən
böyük kənd təsərrüfatı rayonlarından
biridir. Burada kənd təsərrüfatı
sahəsi tamamilə
(99,8 faiz) özəl sektorun payına düşür.
Rayon üzrə
181 min 610 hektar torpaq sahəsinin 59 min 504 hektarı
dövlət mülkiyyətində,
73 min 377 hektarı bələdiyyə
mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə
olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 35 min 150 hektarı suvarma suyu ilə təmin
edilmişdir. Bu sahədə heç bir problem olmamışdır.
Bu mühüm tədbirin həyata keçirilməsində rayonda
fəaliyyət göstərən
3 böyük suvarma idarəsinin - Şəmkir
suvarma sistemləri, Şəmkir Maşın kanal və Subartezian
quyularının istismarı
idarələrinin kollektivlərinin
böyük əməyi
var.
Dövlət Proqramına uyğun
olaraq rayonda kənd təsərrüfatı
dinamik olaraq inkişaf etdirilmişdir.
Heyvandarlıq və bitkiçilik
sahəsində yüksək
göstəricilər əldə
olunmuşdur. Fermerlərə lizinq yolu ilə
24 baş cins mal-qara satılmış və onlardan 24 baş buzov alınmışdır. Rayonda üzümçülük
inkişaf etdirilərək
428 hektara çatdırılmışdır.
"Şərq Ulduzu"
Məhdud Məsuliyyətli
Cəmiyyətinə məxsus
110 hektar üzüm bağının 9 hektarı
qarışıq üzüm
növlərindən ibarət
olduğu üçün
ləğv edilmiş,
əvəzində Fransadan
yeni üzüm tingləri gətirilərək
əkilmişdir.
Bundan başqa, rayonda 2313 hektar sahədə qarğıdalı, 6350 hektar
sahədə kartof,
6095 hektar sahədə
tərəvəz, 244 hektar
sahədə bostan bitkiləri, 414 hektar sahədə günəbaxan,
10 min 90 hektar sahədə
isə yem bitkiləri əkilmişdir.
İndiyədək əkilmiş
sahələrdən 43 min 490 ton kartof, 38 min 635 ton tərəvəz
və 3525 ton meyvə
istehsal olunmuşdur.
Taxılçılıqda böyük irəliləyişlər
var. Artıq dağ zonasında da biçin başa çatıb. Məhsuldarlıq az qala hər
hektardan 40 sentnerə çatır.
Bir məsələni də qeyd
etmək lazımdır ki, indi adamlara ən böyük dəstək
təkcə maddi dəstək deyil, mənəvi dəstəkdir.
Bu baxımdan rayon icra hakimiyyəti aparatı, ayrı-ayrı
müəssisə, təşkilat rəhbərləri,
hüquq-mühafizə orqanları daim adamların məişət
problemlərinə kimi maraqlanır, çətin anlarda onlara
dəstək olurlar. Rayon icra hakimiyyətinin
başçısı Nazim Veysov daim kənd və qəsəbələrdə
olur, sadə zəhmət adamlarının problemləri ilə
maraqlanır, onlara maddi və mənəvi dayaq olur.
Yazı çapa hazırlanan
günlərdə ölkə Prezidentinin mətbuatda "Azərbaycan
Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə
görə Nazim Veysovun 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə təltif
olunması haqqında sərəncamı dərc olundu.
Başçı ilə telefonla danışdıq, təbrik
etdik, "bu təkcə mənə deyil, bütün şəmkirlilərin
əməyinə verilmiş yüksək qiymətdir",
dedi. Sonra da əlavə etdi ki, bizim gördüyümüz
işlər cənab Prezidentimizin həyata keçirdiyi
işlərin yanında dəryada damlaya bənzəyir.
Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 24 avqust.- S. 3.