Tərtər:
cəbhə xətti yaxın olsa da...
Sözün düzü, Tərtərə
bu dəfəki səfərimizin məqsədi başqa idi. Ancaq rayonda gördüklərimiz, şahidi
olduqlarımız, eşitdiklərimiz bizi fikrimizdən
daşındırdı. Səbəb isə belədir: rayonda
kənd təsərrüfatı işlərinin gedişi, əldə
edilən nəticələr bizdə böyük maraq
oyatdı, bu barədə ayrıca yazı
hazırlamağı qərara aldıq.
Bizcə, burada məsələnin başqa tərəfi də var: Axı, Tərtər cəbhə xəttində yerləşir. Atışma və başqa hücumlardan uzaq, sakit, dinc bölgələrdə yaşayanlarla cəbhə xəttinin iki addımlığında işləyənlərin fərqi, əlbəttə, böyükdür. Elə buradaca bəzi fakt və rəqəmləri sadalamaq yerinə düşərdi. Hazırda Tərtərin 48 kilometr ərazisi cəbhə xətti boyuncadır. 12 yaşayış məntəqəsi bilavasitə namərd düşmənlə üz-üzədir.
Atəşgah rejimi qüvvədə olmasına baxmayaraq, erməni tərəfi demək olar ki, hər gün atəşkəsi pozur, basqın edir, atışma olur. Əkində-biçində, iş üstündə olan dinc əhalidən ölənlər, yaralananlar var. Öz ev-eşiyində, həyət-bacasında gündəlik işi ilə məşğul olan dinc kənd sakinlərini, dəfələrlə gülləyə tutublar. Burada yenə də bayaqkı fikrimizin üstünə qayıtmalı oluruq: Belə çətin, təhlükəli şəraitdə yaşamaq və işləmək, sözün əsl mənasında, qəhrəmanlıqdır. Ona görə də Tərtərdə kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlar ikiqat fərəh və sevinc doğurur.
Şıxarx kəndi. Geniş taxıl zəmilərinə yol buradan keçir. Ancaq bu kənddən sakit, rahat ötmək, sadəcə, mümkün deyil. Hər addımda yanmış, dağıdılmış evlər, partladılmış yollar ağır döyüşlərdən xəbər verir. Bəli, bu yerlərin hər qarışı qanla suvarılıb. Azərbaycan silahlı qüvvələrinin güclü əks-hücumu nəticəsində əvvəllər Marquşavan adlanan bu kənd düşməndən geri alınmışdı.
Bu acı, kədərli xatirələrdən ayrılıb ətrafa baxanda ucsuz-bucaqsız taxıl sahələri görünür. Çox hissəsinin taxılı biçilib. Artıq konbaynlar son hektarlarda dövrə vururdu. Öyrəndik ki, bura "Tərtər" Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl sahəsidir. Bu il havaların əlverişsiz keçməsinə baxmayaraq, hər hektardan 31 sentner məhsul götürmüşlər.
Söhbət zamanı "Tərtər"
MMC-nin direktoru Fərman Qurbanov dedi:
- Bu torpaqlar bizim dədə-baba
yurd yerlərimizdir. Namərd ermənilər
zaman-zaman öz planlarını həyata keçirsələr
də, biz heç nədən çəkinmirik. Əkib-biçirik, məhsul bolluğu yaradırıq.
Bizə inam və ümid verən bir də Azərbaycan
Ordusunun hazırkı durumudur. Əkin-biçin
vaxtı dəfələrlə erməni tərəfi atəşgah
rejimini pozub, dinc sakinlərə atəş açıb.
Ancaq, elə o dəqiqə də əsgərlər
onları susdurublar. Demək istəyirəm
ki, cəbhə xətti yaxın olsa da heç nədən
qorxumuz yoxdur. Onu da əlavə edim ki, biz bu il taxıl sahələrini xeyli genişləndirməyi
nəzərdə tutmuşuq.
Bu ərazidə - cəbhə
xətti boyunca "Azəraqro" Məhdud Məsuliyyətli
cəmiyyət də taxıl əkib. Artıq biçin
yekunlaşıb, sonuncu rəqəmlər məlumdur: hər
hektardan 35 sentner! Çətin şəraitdə,
yağı düşmənlə üzbəüz, basqın
və atışma şəraitində əldə edilmiş
bu göstərici böyük fərəh doğurur.
Qapanlı kəndi.
Bu, atəşgah rejimi qüvvədə
olmasına baxmayaraq ən çox düşmən hücumuna
məruz qalan yaşayış məntəqəsidir. Əkin-biçin sahələri, örüş yerləri
düz düşmən postlarına dirənir. Kənd sakinləri deyirlər ki, ötən illər
ərzində dinc insanlardan ölənlər, yaralananlar olub.
Ancaq geri çəkilməmişlər. Ona görə ki, bu torpaqlar bizimdir, başqa yolumuz
yoxdur, çörəyimiz bu yerlərdən
çıxır.
Bahadır Süleymanovla, Rizvan Əzizovla
taxıl sahəsində görüşürük. Düzdür, biçin başa çatıb, məhsul
anbarlara daşınıb. Ancaq, kənd əkinçiləri
hələ də sahədədir, gələcək əkin
yerlərini nəzərdən keçirir,
ölçür-biçir, harada nə edəcəyini müəyyənləşdirirlər.
Onları başa düşmək çətin
deyil. Bu gün kənd adamı harada nə
edəcəyini, nə qədər əkəcəyini dəqiq
bilməlidir. Əlbəttə, burada əsas
diqqət taxılçılığa yönəldilir.
Gərək ilboyu anbardan taxıl, təknədən
çörək əskik olmasın. Ancaq
başqa sahələr də var axı. Meyvə,
tərəvəz, pambıq, çuğundur, heyvandarlıq,
yemçilik və s. Bütün bunlara isə gərək
torpaq da çata, vaxt və işçi qüvvəsi də.
Bahadır Süleymanov inamla
danışır:
- Vəziyyətimizi çətinləşdirən
bir də odur ki, bizim yaşayış məntəqələri
ilə erməni postları bir güllə məsafəsindədir.
Özü də gündüzün-gecənin
istənilən vaxtı atəşkəsi pozurlar. Kənd adamı isə gecə də, gündüz də
çöldə-bayırda, həyət-bacadadır. Ancaq erməni xislətinə yaxşı bələdik.
O, zora tabedir. Silahlı qüvvələrimiz
cavab atəşi açan kimi susmağa məcbur olurlar.
Demək istəyirəm ki, heç nədən
qorxub-çəkinmirik. Bu il ən
çox məhsulu cəbhə xətti boyunca yerləşən
sahələrdən götürmüşük.
Yeri gəlmişkən,
mən burada Tərtər Rayon İcra Hakimiyyətinə, əlaqədar
idarə, müəssisə və təşkilatlara öz minnətdarlığımızı
bildirirəm. Onlar cəbhə xəttində
yerləşən bütün yaşayış məntəqələrinə,
o cümlədən bizim kəndə gündəlik diqqət
və qayğı göstərirlər. Nə
elektrik, nə su, nə qaz problemimiz var. Ortaya çıxan
çətinliklər dərhal, gecikmədən öz
müsbət həllini tapır. Bu isə əlbəttə,
bizi daha da ruhlandırır, ayağımızı
doğulub-böyüdüyümüz bu torpağa daha
möhkəm dirəyir, sabaha böyük inam və ümidlə
baxırıq.
Biz rayonun
Qaradağlı, Qaziyan, Həsənli, Əskipara və
başqa sərhəd kəndlərində də olduq, adamlarla
görüşdük, işlərin gedişi, əldə
edilmiş nəticələrlə maraqlandıq. Hər yerdə də böyük mütəşəkkilliyin,
ruh yüksəkliyinin, Vətən, torpaq sevgisinin şahidi
olduq. O da maraqlıdır ki, cəbhə xəttində
yerləşən təsərrüfatlarda ümumi məhsuldarlıq
başqa yerlərə nisbətən daha yüksəkdir. Bu, olduqca sevindiricidir və öz-özlyündə
çox şeydən xəbər verir. Hər
şeydən əvvəl, indi adamlarımız
doğulub-böyüdükləri, ana dediyimiz bu torpaqların
əsl qədir-qiymətini həmişəkindən daha
artıq bilir, onu göz bəbəyi kimi qoruyurlar. Kənd
sakinlərini dinlədikcə yadımıza şairin məşhur
kəlamı düşür: "Torpaq uğrunda ölən
varsa - Vətəndir".
Tərtər Rayon
İcra Hakimiyyətinin şöbə müdiri İsgəndər
İsmayılovla söhbət etmək çox
maraqlıdır. Haradan, hansı sahədən
sual versən cavab dərhal hazırdır. İllər üzrə apardığı müqayisələr,
təhlil və araşdırmalar inkişaf dinamikasından xəbər
verir. Son vaxtlar həyata keçirilmiş
təsirli tədbirlər nəticəsində torpaqların əkin
dövriyyəsi 20-23 min hektardan 31 min hektara
çatdırılmışdır. Əvvəllər
əkinə yararlı torpaqların 60-65, faizindən istifadə
olunurdusa, hazırda bu rəqəm 90 faizə
çatdırılmışdır.
Bu gün rayonda aqrar
bölmənin mexanikləşdirilməsi sahəsində
böyük işlər görülür. Son illər
"Aqrotexservis"lərin yaradılması, "Aqrolizinq"
ASC-nin filialının açılması, sutkalıq emal
gücü 10 ton olan süd emalı zavodunun tikilməsi, kənd
təsərrüfatına xidmət edən təşkilatların
maddi-texniki bazasının möhkəmləndirilməsi
uğurları artırmışdır. 50-dən
artıq yeni subartezian quyusunun vurulması, 60-ə qədər
sahibsiz quyunun balansa götürülməsi, 70 quyunun bərpa
edilməsi, irriqasiya və meliorasiya tədbirlərinin həyata
keçirilməsi nəticəsində məhsuldarlıq
artmışdır. Cəbhə xəttində
4 min hektardan çox torpaqlarda əkin-biçin
aparılır, həmin torpaqlardan daha səmərəli
istifadə edilir. Cari ildə rayon üzrə orta hesabla hər
hektardan 21,7 sentner taxıl
yığıldığı halda qoşunların təmas xəttində
fiziki və hüquqi şəxslər tərəfindən əkilən
sahələrdən 40-42 sentner taxıl
götürülmüşdür.
İl ərzində
"Aqrolizinq" xətti ilə 4 taxılbiçən
kombayn, 5 traktor, 2 traktor yedəyi, 1 səyyar yemüyüdən,
1 səyyar taxıltəmizləyən
alınmışdır. Cari ilin ötən
ayları ərzində rayon üzrə 18 milyon 160 min
manatlıq kənd təsərrüfatı məhsulu istehsal
olunmuşdur. Aqrolizinq yolu ilə güzəştli
şərtlərlə mülkiyyətçilərə 2011
ton azot gübrəsi satılmış, 5 ədəd yeni
taxılbiçən alınmışdır. Buğda səpininə görə 3823
istehsalçıya 516 min 708 manat kompensasiya ödənilmişdir.
Əkinlərin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün təsərrüfatlararası
kanal və arxlar 339 min kubmetr lildən təmizlənmiş,
daşqın və selə qarşı 42 min kubmetr torpaq
işi görülmüş, 1,5 min beton kanal əsaslı təmir
edilmiş, Bəyimsarov kəndində nasos stansiyasında yenidənqurma
işlərinə başlanılmışdır.
Qrunt sularının səviyyəsinin
aşağı salınması üçün 324 min manat dəyərində
meliorasiya işləri görülmüş və bu iş
davam etdirilir.
Ümumiyyətlə, 2010-cu ilin məhsulu
üçün 30389 hektar sahədə əkin
aparılmışdır ki, bunun da 16696,9 hektarını
taxıl, 191 hektarını dənlik qarğıdalı, 164
hektarını lobya, 1209 hektarını pambıq, 379
hektarını şəkər çuğunduru, 463
hektarını günəbaxan, 445 hektarını kartof, 910,5
hektarını tərəvəz, 9924 hektarını yem bitkiləri
və s. təşkil edir. 2009-cu ilə nisbətən dən
üçün arpa əkini 732 hektar, pambıq əkini 359
hektar, şəkər çuğunduru 209 hektar, dən
üçün günəbaxan 55 hektar, tərəvəz əkini
61 hektar, yem bitkiləri əkini 3740 hektar artmışdır.
İlin birinci yarısında 10600
hektar taxıl sahəsindən 22317 ton məhsul
yığılmışdır ki, bunun 7627 hektarından 16404
ton buğda və 2973 hektarından 5913 ton arpa istehsal
edilmişdir. İqlimin təsərrüfat üçün əlverişli
olmamasına baxmayaraq hər hektardan 21,7
sentner buğda istehsal edilmişdir.
Rayonda iri malın
sayı 24020 başa, qoyun-keçilərin sayı isə 67439
başa çatdırılmışdır. 2009-cu ilin müvafiq dövrünə nisbətən
iri mal 504 baş, qoyun-keçilər 1898 baş
artmışdır. Birinci yarımildə 849 ton ət,
6085 ton süd, 1980 min ədəd yumurta və 104 ton yun istehsal
olunmuşdur ki, bu da bütün göstəricilər üzrə
ötən ilin müvafiq dövrünə nisbətən
xeyli çoxdur.
Biz cəbhə xəttində
yerləşən Tərtərdə son illər kənd təsərrüfatı
sahəsində əldə edilmiş uğurlardan söhbət
açdıq. Qeyd etmək yerinə
düşər ki, inkişaf və irəliləyiş
bütün sahələri əhatə edir. Tərtər şəhəri indi öz
simasını tanınmaz dərəcədə dəyişmiş,
daha abad, müasir və yaraşıqlı olmuşdur. Onlarla müasir tipli binalar tikilmiş, yeni parklar,
xiyabanlar salınmış, küçələr, səkilər
genişləndirilmiş, işıqlandırma sistemi tamamilə
dəyişdirilmişdir. Şəhər
bütün istiqamətlərə öz sərhədlərini
genişləndirmiş, yeni məhəllələr
salınmış, ictimai və yaşayış binaları
ucaldılmışdır. Tərtər indi bulaqlar,
güllər və çiçəklər şəhərinə
çevrilmişdir
Onu da əlavə edək
ki, tikinti-quruculuq və abadlıq tədbirləri təkcə
Tərtər şəhərini əhatə etmir. Son illər genişmiqyaslı tikinti-quruculuq işləri
rayonun bütün yaşayış məntəqələrini
əhatə etmişdir. Əsas cəhət
odur ki, insan amili diqqət mərkəzindədir, onların
vacib sosial ehtiyatları uğurla həll edilir. Əvvəllər
az qala xroniki xəstəliyə
çevrilmiş və haqlı narazılığa səbəb
olan bir sıra vacib məsələlər, o cümlədən
elektrik, qaz, su və başqa məsələlər öz
uğurlu həllini tapmışdır.
Təsadüfi
deyildir ki, Tərtərin hər iki sahilində, Murovun ətəklərində
yerləşən bu füsunkar torpaq son illər kurort şəhərlərə
çevrilmişdir. İndi yay aylarında Tərtərə
istirahət etməyə, dincəlməyə gələnlərin
sayı az qala öz əhalisi qədərdir.
Yaxın, uzaq bölgələrdən gələnləri
təkcə bu yerlərin təbii gözəllikləri, təmiz
havası, saf suyu heyran etmir. Onlar burada insan
əli ilə yaradılmış, qurulmuş gözəlliklərə
də heyranlıqla tamaşa edir, böyük zövq alır,
günlərini xoş və mənalı keçirirlər.
Bəli, bu gün Tərtər
öz inkişafının yeni, yüksək mərhələsinə
qədəm qoymuşdur. Ən əsas cəhət odur
ki, rayonda sağlam mənəvi-psixoloji mühit mövcuddur,
yaradıcı, təşəbbüskar ab-hava var. Rayon icra
hakimiyyətinin, onun yerli strukturlarının iş üslub və
metodlarında, təşkilat-idarəetmə məsələlərində
maraqlı cəhətlər özünü göstərir,
Bu iş daha çox elmi
münasibətə əsaslanır, insan, onun qayğı və
problemləri ön plandadır.
Tərtərlilər bütün
bu inkişaf və irəliləyişi, əlbəttə, ilk
növbədə respublika Prezidenti İlham Əliyevin gündəlik
diqqət və qayğısı ilə bağlayır,
ölkə rəhbərinin apardığı daxili və
xarici siyasət xəttini ürəkdən bəyəndiklərini
və müdafiə etdiklərini bildirir və bundan sonra da səy,
qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini
bəyan edirlər. Bu isə son illər Tərtərdə
əldə edilmiş uğurların həlledici amilidir.
Ziyəddin
SULTANOV,
"Xalq
qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 25 avqust.- S. 5.