Türk düşməninə türk qapısı açmaq olmaz!

 

    Bu günlər türk-müsəlman düşmənlərinin yenidən başladığı oyun - Türkiyədən Ermənistana qapı açmaq fitnəkarlığı ata-babalarımızın bir kəsərli kəlamını yada salır: "Qaçaq-quldur olmasa, bağ neyləyir çəpəri". Ölkələr də tarixən belə olub. Düşmən tərəfdən çəpəri möhkəmlədib, sərhədlərini yağılardan ayıq-sayıq qoruyub. Keçmiş SSRİ imperiyası "xalqlar həbsxanası" kimi quruda, suda, havada hər tərəfdən alınmaz qalaya çevrilmişdi. O vaxt Türkiyəyə düşmən nəzərlə baxan sovet rejimi bu ölkə ilə Ermənistanın sərhədini elə qoruyurdu ki, o tərəfdən bu tərəfə bir quş da keçməsin.

 

    Türkiyə isə on illər boyu Qafqaza uzanan yolların açılmasında maraqlı olub. İndi Qafqazda Türkiyənin Azərbaycan və Gürcüstanla sərhədləri Qərbi Şərqlə birləşdirən güclü körpülərə çevrilib. Türkiyədən Azərbaycana və Gürcüstana, eləcə də əks tərəfə açılan quru, su və dəmir yolları yaxın-uzaq ölkələr arasında qısa, səmərəli, etibarlı keçid kimi gündən-günə əhəmiyyətini artırır. Arada qalan Ermənistan isə öz sərsəm, işğalçı siyasəti ilə bölgədən keçən Avrasiya nəqliyyat dəhlizindən kənarda qalıb. Əslində, bu ölkənin dağ keçidlərindən ibarət yolları elə bir beynəlxalq maraq doğurmur. Bəs onda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Türkiyəyə ərazi və soyqırım iddiasını inadla davam etdirməsi nəticəsində bağlanmış sərhədin açılması dünyanın müəyyən siyasi dairələri üçün niyə bu qədər önəm daşıyır?

    Son illərdə, xüsusən, Qərb dövlətlərinin Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etmək üçün dəridən-qabıqdan çıxmasının bir mühüm səbəbi var. Şərqdən Azərbaycanı, qərbdən Türkiyəni özünə düşmən eləməklə məngənəyə düşən, dünya ilə əsas yolları bağlı qalan Ermənistan gündən-günə çökür, iflas edir. Bu qaçaq-quldur dövləti bu gün reanimasiya otağında can verən xəstəyə bənzəyir. Lakin o, ağalarının təhriki ilə nə işğal etdiyi Azərbaycan torpaqlarından çəkilir, nə də Türkiyəyə qarşı ədalətsiz, əsassız tələblərindən əl götürür. Belə olan halda Azərbaycanla Türkiyə nə etməlidirlər? Bəlkə, desinlər ki, gəl indi də sinəmiz üstündən rahatca hara istəyirsən keç get. Təəssüf ki, dilində haqq-ədalət şüarı olan dövlətlərin istədiyi bax budur.

    Yaxşı, Ermənistan kimi işğalçı, terrorçu, beynəlxalq normalara sayğısız bir ölkəni belə gülməşəkər eləyən nədir? Məsələ burasındadır ki, ermənilər tarixən türk-müsəlman aləmini əhatə edən düşmən dövlətlərin əlində alətə çevriliblər. Son 2 əsrdə ermənilər Qafqazda marağı olan dövlətlərə dəfələrlə qulluq göstəriblər. Ruslara Qafqazda müstəsna xidmətlər göstərmiş ermənilər SSRİ-nin süqutunda da fəal rol oynamaqla, onların yerini yeni ağaların tutmasına şərait yaratmışlar.

    Türk-müsəlmanlara xəyanətkarlığın əvəzində onların torpaqları hesabına dövlət qurmuş ermənilər zaman-zaman yeni ərazilər iştahındadır. Ağaları isə dünyanın gözü qabağında açıqca işğalçı-terrorçu siyasət yeridən Ermənistanı müdafiə edir, onu hər yolla yeni xəyanətlərə iştahlandırır.

    Sərhəd məsələsini ortaya atanlar min bir bəhanə gətirirlər ki, Ermənistana humanitar yardım adı ilə hərtərəfli kömək göstərsinlər. Onsuz da Qərbdəki və Şərqdəki ağalar Ermənistanı bacardıqları qədər himayə edirlər və buna yol, marşrut da tapırlar. İstədikləri odur ki, bu yardımlar Türkiyədən daha rahat və daha çox ötürülsün. Türkiyə də, Azərbaycan da yaxşı bilir ki, bu çeşidli yardımlar onlara qarşı düşmənçilikdə Ermənistana güc verir. Onda qoy dünyanın siyasət dəllalları cavab versinlər: türklər türk düşməninə niyə qapı açmalıdırlar?

    Təəssüf ki, Ermənistanın boş qalmış bazarında İrandan gedən tacirlərə həsəd aparan türklər də tapılır. Axı türk qardaşlarımızın üzünə Azərbaycan bazarı taybatay açıqdır. Azərbaycan müharibə şəraitində yaşasa da, hər tərəfdən təzyiqlərə məruz qalsa da irili-xırdalı bütün məsələlərdə Türkiyəni dəstəkləyir, onunla bir mövqedən çıxış edir. Ulu öndər Heydər Əliyev Azərbaycanla Türkiyəni "bir millətin iki dövləti" adlandırmaqla böyük Atatürkün "Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə kədəridir" çağırışını XXI əsrin məzmunu və siyasəti ilə tamamladı. Ümummilli lider Heydər Əliyev az qala dünyanın yarısı ilə mücadiləyə girib yeni Şərq- Qərb neft kəmərinin Türkiyədən keçməsini təmin etdi. Bu günlərdə Türkiyə və Azərbaycan prezidentləri Abdullah Güllə İlham Əliyevin görüşündə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə qalxması bəyan edildi. Belə olan halda düşmən təxribatına uyub quldur erməni dövlətinə qapı açmaq olarmı?

    Nəhayət, Qafqazı "xalqlar həbsxanası"ndan "xalqlar qəssabxanası"na çevirən siyasətçilərə üzümü tutub deyirəm: Bəsdir, qonşu xalqları bir-birinə düşmən etdiniz. Əgər siz, həqiqətən, ədalət axtarırsınızsa niyə BMT-nin erməni işğalını pisləyən 4 qətnaməsini həyata keçməyə qoymursunuz? Ermənistan 20 ildir ki, Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyon insanını çöllərə salıb, ona dərs vermirsiniz? Qonşu Gürcüstan öz torpağında qayda yaratmaq istəyəndə ona divan tutursunuz? Bu gün Ermənistanda təbii fəlakətə qarşı mübarizə adı altında təlim keçirib, bu bəhanə ilə Türkiyənin Ermənistanda sərhədini açmaq istəyirsiniz. Biz yaxşı bilirik ki, təlim texnikası adı ilə ermənilərə nələr ötürmək fikrindəsiniz.

    Türkiyədəki qardaşlara isə deyirəm: türk-müsəlman düşmənlərinə qarşı bu gün bizim ən güclü silahımız birliyimiz, bir-birimizə arxa olmağımızdır. O ki qaldı sərhəd hiyləsinə - bunun aydın, qəti, ədalətli cavabı var: türk düşməninə türk qapısı açmaq olmaz!

 

 

     Zəlimxan YAQUB,

     xalq şairi

 

     Xalq qəzeti.- 2010.- 25 avqust.- S. 3.