Səlçuq
Düzgün: Ermənistanla sərhəd ancaq bizim şərtlərimiz
yerinə yetirildikdən sonra
açıla bilər
Gələn ay
NATO təlimləri çərçivəsində Türkiyə
ilə Ermənistan sərhədinin müvəqqəti
açılması ehtimalı barədə mətbuatda
yayılan xəbərlər qardaş
ölkədə və Azərbaycanda ciddi
narahatlığa səbəb olub. Məsələyə
münasibətini açıqlayan bir
sıra türkiyəli politoloqların fikrincə,
qapıların açılması Cənubi Qafqaz
regionunun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini
çətinləşdirəcək. Onların fikrincə, sərhədlərin
açılması regionda yeni münaqişə ocaqlarının
yaranmasına da gətirib çıxara
bilər. Belə ki, bu
gün Ermənistan Gürcüstana
torpaq iddiası ilə
çıxış edir. Lakin
ermənilərin Gürcüstandan nəqliyyat
asılılığı, onların bu problemi hərbi müstəviyə keçirmələrinə
imkan vermir. Sərhədlər
açılarsa, Ermənistanın iqtisadiyyatı güclənməklə
yanaşı, nəqliyyat imkanları da
genişlənəcək və Gürcüstandan
asılılıq azalacaq. Bundan
sonra ermənilər havadarlarının da dəstəyi ilə öz
məqsədləri naminə hərbi əməliyyatlara başlaya bilərlər.
Türkiyəli siyasətşünas Səlçuq Düzgün də belə hesab edir ki, Ermənistan sərhədinin açılması regiona heç də yaxşı gələcək vəd etmir. Onun fikrincə, qapılar açılarsa, ermənilərin iqtisadi imkanları ilə bərabər axmaq iddiaları da artacaq. Səlçuq bəy arqumentlərini ötən əsrin 90-cı illərinin əvvəllərində gedən proseslərlə əsaslandıraraq dedi:
- 1991-ci ildə müstəqilliyini qazanan Ermənistanı tanıyan ilk dövlətlərdən biri də Türkiyə olmuşdur. Bu xoşniyyətli addımı düzgün qiymətləndirməyən ermənilər qardaş ölkə olan Azərbaycanın torpaqlarını işğal etmiş, sözdə "erməni soyqırımı" yalanını daha geniş miqyasda təbliğ etməyə başlamışdılar. Bu gün də Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Türkiyə Cümhuriyyətinə qarşı açıq-aşkar torpaq iddiası irəli sürülür, ölkəmizin şərq vilayətləri "Qərbi Ermənistan" , bizim ərazimizdə yerləşən Ağrı dağı isə "Ararat" adlandırılır. Ermənistanın məhz bu çirkin və insan hüquqlarını ayaqlar altına alan siyasətinin müqabilində Türkiyə sərhədlərini bağlamışdır. Çünki təcavüzkar ilə əməkdaşlıq etmək, sərhədləri açıq saxlamaq onunla eyni səviyyəyə enmək mənasına gələrdi. Türkiyə isə humanizmdən bəhrələnən böyük dövlətçilik ənənələrinə malik, hüquqi-demokratik və dünyəvi dövlət olaraq bu addımı atmağa borclu idi. Və humanizm naminə doğru olanı etdi: sərhədləri bağladı.
- Bu gün isə belə məlum olur ki, sərhədlərin açılması istiqamətində pərdəarxası danışıqlar aparılır. ABŞ və bəzi Avropa Birliyi ölkələri Türkiyədən bütün bu yüksək dəyərləri bir tərəfə qoyub sərhədləri açmasını istəyirlər. Görünür, Türkiyənin bəzi rəsmiləri də onların fikirləri ilə razılaşmağa başlayıblar.
- Maraqlısı burasıdır ki, bu dövlətlər bu gün olduğu kimi ötən illərdə də heç vaxt Türkiyəni və türkləri düşünərək hansısa tövsiyə irəli sürməyiblər. Hər bir məsələdən, ancaq təzyiq vasitəsi kimi istifadə ediblər. Kipr məsələsi, insan haqları "problemi", demokratikləşmə, qondarma "erməni soyqırımı" və digərlərini buna misal göstərmək olar. Təəssüf ki, bəzi güc mərkəzləri də türklərə qarşı ikili standartlara yol vermiş, həqiqətdən uzaq qondarma tezislərlə dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. Ancaq hadisələri dərindən araşdırdıqda görürük ki, Türkiyə sadaladığım bütün məsələlərdə, o cümlədən Ermənistan ilə sərhədlərin bağlanmasında da haqlıdır. Qapılar bağlandıqdan dərhal sonra Türkiyəni sevməyən həmin dairələr ölkəmizin əleyhinə növbəti kütləvi kampaniyaya başladılar. Halbuki həmin günlərdə ermənilər Azərbaycan torpaqlarını işğal edir, insanları kütləvi şəkildə qətlə yetirirdilər. Dünya isə bütün bu dəhşətləri yox, yalnız Türkiyənin sərhədləri bağlamasını görürdü.
Türkiyə - Ermənistan sərhədinin açılmasının tərəfdarı olanlar isə öz aləmlərində, guya, inandırıcı arqumentlərlə çıxış edirlər. Onlara görə sərhədlər açılarsa, türk iş adamları Ermənistana mal ixrac edəcək, türk şirkətləri bu ölkədə hələ inkişaf etməyən sektorlara sərmayə yatırmaq imkanı qazanacaq və beləliklə, Türkiyənin Cənubi Qafqaz regionunda ticarət əlaqələri daha da genişlənəcəkdir. Bu ideyalarla çıxış edənlərin fikrincə, sərhədlər açılarsa Ermənistan iqtisadi baxımdan Türkiyədən asılı vəziyyətə düşəcək və buna görə də ermənilər ölkəmizə qarşı bəzi iddialarından əl çəkəcəklər. Hətta daha irəli gedərək deyirlər ki, Türkiyə bu imkanlardan istifadə edərək Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Ermənistana təzyiq göstərmək imkanı qazanacaq. Həmin insanlar açıq ifadə etməsələr də Ankaranın İrəvanla münasibətlərində Rusiya - Ermənistan əlaqələrini model kimi qəbul edirlər. Türkiyədə bu cür çaşdırıcı ideyalar irəli sürənlər arasında təbii ki, birbaşa ermənilərin maraqlarından çıxış edənlərin sayı kifayət qədər çoxdur.
Burada Orhan Koloğlunun "Populyar tarix" adlı kitabı yada düşür. Müəllif haqlı olaraq yazırdı ki, öncə ruslar, sonra da ingilislər
və fransızlar Birinci Dünya müharibəsi və Qurtuluş savaşı dönəmində erməni
məsələsindən maksimum
istifadə edirdilər.
Reallıqda bu gün
ABŞ və AB də
bu dəfə böyük Türkiyə
dövlətinin xarici
siyasətində əsas
prioritet olan türkdilli ölkələrlə
əlaqələrə zərbə
vurmaq üçün
erməni amilindən istifadə edirlər.
Ermənistan sərhədlərinin açılmasını tələb
etməklə, xüsusilə,
Azərbaycan ilə əlaqələrin korlanmasına
çalışırlar.
- Səlçuq
bəy, maraqlıdır,
deyək ki, Türkiyə sərhədi
açdı. Nə baş
verəcək? Türkiyəyə düşmən gözü
ilə baxan ermənilər bu ölkəni sevəcək?
- Bu suala cavab vermək üçün yaxın keçmişi bir daha yada salaq.
Qeyd etdiyim kimi, 1991-ci ildə Türkiyə Ermənistan
Respublikasını tanıdı
və bu ölkəyə xaricdən
göndərilən yardımların
öz ərazisindən
gömrük rüsumu
ödənilmədən aparılmasına
icazə verdi.
Baxın, bundan sonra nə baş
verdi. Ermənistan hakimiyyəti
xaricdəki erməni lobbisinə müraciət
edərək Türkiyə
əleyhinə təbliğatın
daha da dərinləşdirilməsini
istədi. Bir sıra savaşlarda böyük rəşadət
nümayiş etdirən,
ölkəmizin tarixində
mühüm rol oynayan İttihat və Tərəqqi Cəmiyyətinin qurucusu olan, Osmanlı dönəmində daxili işlər naziri, baş nazir vəzifələrinədək yüksələn böyük
türk Tələt paşanı qətlə yetirən Teyleryan adlı terrorist Ermənistan
Respublikasının milli
qəhrəmanı elan
edildi. Erməni hökuməti bütün
dünya ermənilərinə
müraciət edərək,
1915-ci il hadisələri ilə bağlı Türkiyəni
Beynəlxalq Məhkəməyə
verməyə çağırdı.
Türkiyəyə qarşı torpaq
iddiası ölkənin
Konstitusiyasında da öz əksini tapdı. Ermənistanın dövlət gerbində
Türkiyənin Ağrı
dağı əks olundu. Antitürk təbliğatı daha da gücləndirildi
və sair.
- Həmin dövrdə sərhədlər
açılandan sonra
Türkiyədə terror aktları
törədən terrorçu
təşkilatlar da Ermənistan ərazisində
kök salmağa başladılar...
- Bəli, bilirik ki, PKK terrorçu təşkilatı
bu gün də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində kök
salıb. Hətta burada hərbi
təlim düşərgələri
də var. Sərhədlər
açılarsa, terrora
bulaşmış Ermənistan
hakimiyyəti erməni
və PKK terrorçularının
Türkiyəyə geridönüşünün
qarşısını alacaqmı?
Əlbəttə yox. Digər
tərəfdən, Türkiyənin
hesabına güclənən
Ermənistanın Qarsa,
Ərzuruma qarşı
iddialarını bu dəfə daha inadla dilə gətirməyəcəyinə kim zəmanət
verə bilər? Türkiyə hökuməti təzyiqlərə
boyun əyərək
sərhədləri açarsa,
bu, erməniləri və xarici qüvvələri şirnikləndirməzmi?
Bunun arxasınca yeni-yeni iddiaların, tələblərin irəli
sürülməyəcəyinə kim zəmanət
verir?
Gələk Dağlıq Qarabağ
məsələsinə. Proseslərə ümumi nəzər
salan istənilən şəxs dərhal anlayar ki, ermənilər
bu problemin həllində vaxtı uzatmaq üçün var gücləri ilə çalışırlar.
Məqsəd problemi
"zaman içərisində
əritmək" , unutdurmaq və nəticə etibarilə işğal olunmuş əraziləri əbədilik
Ermənistana ilhaq etməkdir. Bu gün
ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrindən heç
biri Ermənistanı yola gətirmək istəmirlər. Bu, onların xarici siyasətlərində də
özünü bariz şəkildə büruzə
verir. ABŞ, Fransa və Rusiya erməniləri sanki şıltaq uşaq kimi qəbul edir, hər nazıyla oynayırlar. Bu gün Ermənistanı ən çox narahat edən məsələ isə Azərbaycanın iqtisadi və hərbi cəhətdən sürətlə
inkişaf etməsi, güclənməsidir. Məlumdur ki,
Ermənistan iqtisadiyyatı
dalana dirənib.
Ölkə xaricdən verilən
kreditlə, yardımla
yaşayır. Türkiyə sərhədi açılarsa,
ölkə iqtisadiyyatının
da inkişaf etmək ehtimalı artar. Bu gün
Azərbaycana, Türkiyəyə
möhtac durumda olduğu halda birinin torpağını işğal edən və problemin həllinə mane olan, digərinə qarşı
isə əsassız iddialar irəli sürən Ermənistan təbii ki, daha da aqressivləşəcək.
Belə olan halda, ermənilər
Dağlıq Qarabağ
münaqişəsinin sonsuzadək
həll olunmamasına
çalışacaqlar, Türkiyəyə
qarşı iddialarına
isə yeni elementlər əlavə edərək "zənginləşdirəcəklər".
Həqiqətən də çox
maraqlı bir vəziyyət yaranıb.
Ermənilər Türkiyəni "soyqırımı"nda günahlandırırlar,
Türkiyəyə qarşı
ərazi iddiaları ilə çıxış
edirlər, Azərbaycan
torpaqlarını işğal
altında saxlayırlar,
hətta Gürcüstana
qarşı da torpaq iddiası irəli sürürlər
və bütün bunlarla yanaşı sərhədlərin açılmasını
istəyirlər. Dünya isə
bizi deyil, Ermənistanı dəstəkləyir.
Əminəm ki, Türkiyə
heç vaxt təcavüzkar dövlətə
fayda gətirəcək
addım atmayacaq, təzyiq göstərənlərə
isə həddini bildirəcək. Türkiyə ictimaiyyətində də
böyük əksəriyyət
belə düşünür.
- Sizcə, bu vəziyyətdə Türkiyə və Azərbaycan qarşılıqlı
olaraq hansı addımı atmalıdır?
- Təbii ki, bizim qardaşlığımıza,
dostluğumuza zərbə
vura biləcək istənilən təxribatlardan
uzaq olmaq lazımdır. Türkiyə və Azərbaycan
rəsmi İrəvan
qarşısında konkret
şərtlər irəli
sürməlidir. Ermənistan
Azərbaycanın işğal
olunmuş ərazilərini
azad etmədiyi, savaş suçluları həbs olunub Haaqa Məhkəməsinə
çıxarılmadığı, Azərbaycana dəyən ziyana görə təzminat ödənilmədiyi
müddət ərzində
sərhədlərin açılmasının
mümkün olmayacağı
həm dünya ictimaiyyətinin, həm də İrəvanın diqqətinə çatdırılmalıdır.
Rəsmilərimiz erməni
diplomatları ilə apardıqları bütün
danışıqlarda Dağlıq
Qarabağ problemi ilə yanaşı qondarma "soyqırımı"
məsələsini də
diqqət mərkəzində
saxlamalı, ermənilərə
bildirilməlidir ki, bu məsələni birdəfəlik tarixin arxivinə atmayana qədər heç bir diplomatik əlaqədən söhbət
gedə bilməz. Bundan başqa, ermənilər ötən əsrin əvvəllərində 530 min Osmanlı türkünü
qətlə yetirdiklərini
qəbul etməlidirlər.
1918-ci il 31 martda Bakıda və 1992-ci il fevralın 26-da Xocalıda
törədilən soyqırımını
qəbul etməlidirlər.
Ermənistan Respublikası ötən
əsrin 70-ci illərindən
etibarən türk diplomatlarına qarşı
terror aktları törədən
ASALA-nı himayə etdiyini və ona dəstək verdiyini etiraf etməli, bu təşkilatın üzvlərini
yaxalayaraq məhkəmə
qarşısına çıxarmalıdır.
1989-cu il sentyabrın 16-dan başlayaraq
Azərbaycanda terror aktları
törədən terrorçular
həbs olunmalı, Azərbaycana təhvil verilməlidir. Türkiyədə 40 minədək insanın
qatili olan PKK terrorçu təşkilatının
hərbi düşərgələri
ləğv olunmalı,
bu təşkilatın
üzvləri həbs
edilərək Türkiyəyə
geri qaytarılmalıdır.
Ancaq bu tələblərimiz qəbul olunduqdan sonra sərhədlərin açılmasına razılıq
vermək olar.
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV
Xalq qəzeti.- 2010.- 25 avqust.- S. 3.