Bəşəri
dəyərlərə sarsılmaz sədaqət
Cəmiyyətdə
mühüm siyasi
prosesləri istiqamətləndirən, hadisələrin
fövqündə dayanmaqla tarixi inkişafın gedişini
əvvəlcədən müəyyənləşdirən fenomen siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti
çiyinlərinə götürərək bütöv bir xalqın,
millətin xilaskarına çevrilirlər. Müəyyən zaman kəsiyində tarixi
inkişafın diktə etdiyi ictimai-siyasi şərait belə şəxsiyyətlərin
nəyə qadir olduğunu
qabarıq şəkildə üzə çıxarır. Belə
taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider daim öz
cəsarəti, çevik və prinsipial qərarları, ən çətin məqamlarda
optimal çıxış yolu tapmaq məharəti ilə
seçilən parlaq şəxsiyyətdir.
Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Xalqımız minilliklər boyu qazandığı möhtəşəm nailiyyətləri, tarixi dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.
Bu nöqteyi-nəzərdən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsini daim əziz tutmuş, onun ədəbiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. 2004-cü ildə imzalanmış fərmanla ümummilli lider Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, hələ 70-80-ci illərdə tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm tikililərə onun adı verilmişdir. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 6 illik fəaliyyətilə Azərbaycan cəmiyyətində milyonların ümid, pənah yerinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı qurumun yerləşdiyi əzəmətli bina bu gün milyonlarla insan üçün, sözün əsl mənasında, mənəviyyat məbədinə, ümid və güvənc yerinə çevrilmişdir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu məhz bunun sayəsində son 6 ildə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir.
2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri seçilən Fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusıyanın "Yüzilliyin mesenatları"Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç"ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada "Qızıl ürək"beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur. Nəhayət, 2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın "Şərəf legionu" ordeninə, avqustunda isə YUNESKO-nun "Qızıl Motsart"medalına layiq görülmüşdür. Bütün bu yüksək təltiflər Heydər Əliyev Fondunun beynəlxalq miqyasda tanındığını və fəaliyyətinin rəğbətlə qarşılandığını göstərir.
Azərbaycanda "birinci xanım" institutunun geniş mənada məhz Mehriban xanım Əliyevanın adı ilə bağlılığı, həmçinin sözügedən anlayışın Azərbaycan leksikonuna 2003-cü ilin oktyabrından sonra daxil olması da danılmaz reallıqdır. Heydər Əliyev Fondunun prezidenti bu statusunun kifayət qədər məsuliyyətli olduğuna diqqət çəkərək demişdir: "Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür".
Fondun bu istiqamətdəki fəaliyyəti YUNESKO tərəfindən izlənir və yüksək qarşılanır. Azərbaycanın birinci xanımının təşkilatın xoşməramlı səfiri təyin olunması ikitərəfli əlaqələrə əlavə impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura Fondun prezidentinin gördüyü işlərin təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya üçün müstəsna əhəmiyyətə malik olduğunu hər zaman xüsusi vurğulamışdır: "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin Fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusilə təhsilin inkişafı, eləcə də şifahi və musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini xüsusi qeyd edirik".
Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə hələ 2007-ci ilin may ayında parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də ümummilli liderin humanist siyasətinə sədaqətin əyani nümayişi olmuşdur. Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir.
Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət edən Heydər Əliyev Fondunun prezidenti demişdir: "Bu təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir".
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum olunmuş qadınlar, birinci qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 18 yaşına çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, ya birinci və ikinci qrup əlil övladı olan kişilər, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, bəzi digər kateqoriyalardan olan şəxslər məhkumluq cəzasından azad edilmişlər. Amnistiya aktı nəticəsində azadlıqdan məhrum etmə qismində cəza çəkən məhkumlardan təqribən 1500 nəfər cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 nəfər şəxs cəzasından azad edilmişdir.
Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən Fondun prezidenti Mehriban xanım Əliyeva 2009-cu ilin martında - firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı münasibətilə növbəti amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdir. Milli Məclis deputatın bununla bağlı müraciətində göstərilirdi ki, məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin Fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir. Azərbaycanın birinci xanımı bu təşəbbüsün vətəndaşların qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cəzadan azad edilən şəxslərin cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına müsbət töhfələrini verəcəklərinə inanaraq, Novruz bayramı ərəfəsində məhkumların ailələrinə qovuşmalarını arzulayaraq "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsini parlamentin müzakirəsinə təqdim etmişdir.
Milli Məclis bu nəcib təşəbbüsü dəstəkləmiş, qəbul olunmuş növbəti amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan məhkumlar cəzasından azad edilmişlər. Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilmişdir. Amnistiya aktı nəticəsində təqribən 9 min nəfər amnistiya aktının təsiri altına düşmüş, 1.700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilmişdir.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son altı ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam edir. İnanırıq ki, Heydər Əliyev Fondu bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz töhfəsini verəcəkdir.
Nəbi XƏLİLOV,
YAP Binəqədi rayon təşkilatının
sədri
Xalq qəzeti.- 2010.- 25 avqust.- S. 4.