"Əsrin
müqaviləsi" çərçivəsində neft
hasilatı artır
"Çıraq" neft layihəsinin
reallaşdırılmasına əlavə 6 milyard dollar
investisiya yönəldiləcək
Azərbaycanın yeni neft
strategiyası çərçivəsində həyata
keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin
reallaşdırılması neft və qaz hasilatının
getdikcə artırılmasına imkan yaradır. Artıq
özünün enerji təhlükəsizliyini tam təmin edən
Azərbaycan Respublikası bir neçə ildir ki, bir sıra
dünya ölkələrinin də enerji təhlükəsizliyinin
təminatına mühüm töhfələr verir. Bu da ondan irəli gəlir ki, ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış yeni neft strategiyası Azərbaycanın
sürətli iqtisadi inkişafının təminatı
olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsi üçün də möhkəm
əsas, başlıca zəmanətdir.
Əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu ilin birinci yarımilliyi də Azərbaycanın neft strategiyası üçün uğurlu olmuşdur. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru bp-Azərbaycan şirkətinin cari ilin yanvar-iyun ayları ilə bağlı hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, 2010-cu ilin ilk yarısı ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 189,7 milyon dollar, əsaslı məsrəflərinə isə 774 milyon dollar xərclənmişdir. Bütövlükdə isə il ərzində layihənin əməliyyat və əsaslı məsrəflərinə müvafiq olaraq 587 milyon və 1 milyard 584 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulur.
Qeyd etdiyimiz kimi, "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı ilbəil artır. Bu baxımdan cari ilin birinci yarımilliyini də "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin istismarını həyata keçirən konsorsium iştirakçıları üçün uğurlu hesab etmək olar. Hesabat dövründə müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 20,2 milyon tondan artıq neft çıxarılmışdır ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,2 milyon ton çoxdur. Xatırladaq ki, bu ilin birinci yarısında beş hasilat platforması üzrə ümumi orta gündəlik neft hasilatı 827,600 barrel təşkil etmişdir. Bütövlükdə isə il ərzində orta gündəlik hasilatın 854 min barrelə çatdırılması planlaşdırılmışdır. Bunun da 90,900 barreli "Çıraq", 184, 200 barreli "Mərkəzi Azəri", 285,700 barreli "Qərbi Azəri", 158, 100 barreli "Şərqi Azəri" və 135,100 barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində 94 istismar quyusundan neft çıxarılır. Bundan əlavə, müqavilə sahəsində daha 32 quyudan isə texniki məqsədlər üçün istifadə olunur ki, bu da istismar quyularının sabit rejimdə işləməsini təmin edir.
"Azəri", "Çıraq" və "Günəşli (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti 2010-cu ilin ilk yarısında "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bundan əlavə, "Çıraq" platformasında hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql edilmişdir. Cari ilin yanvar-iyun aylarında konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,5 milyon kubmetr olmaqla 1,7 milyard kubmetr səmt qazı təhvil verilmişdir. İl ərzində "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neftlə bərabər çıxarılan səmt qazının 1,9 milyard kubmetrinin Dövlət Neft Şirkətinə təhvil verilməsi nəzərdə tutulur.
"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Xatırladaq ki, hazırda adı çəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.
Müqavilə sahəsindəki platformalardan neft hasilatı ilə yanaşı, qazma işləri də davam etdirilir. 2010-cu ilin mart ayında "Çıraq" platformasından yeni hasilat quyusunda qazma işləri uğurla başa çatdırılmışdır. Bundan əlavə, platformadan qazılan daha bir hasilat quyusunda isə işlər müvəqqəti olaraq dayandırılmışdır. İl ərzində "Çıraq" yatağında yeni bir maili quyunun da qazılması planlaşdırılır. Cari ilin birinci yarısında "Azəri" yatağında da qazma işləri xeyli intensivləşmişdir. Belə ki, "Mərkəzi Azəri" platformasında bərpa əməliyyatları başa çatdırıldıqdan sonra aprel ayının əvvəllərindən etibarən burada yeni qazma işlərinə start verilmişdir. Artıq burada daha bir maili quyunun qazıntısı sona çatdırılmışdır. İl ərzində "Azəri" yatağının mərkəzi hissəsində yeni bir texniki quyu qazılaraq istismara veriləcəkdir. Bundan əlavə, yatağın şərq və qərb hissələrində quraşdırılmış platformalarda da uğurlu qazma əməliyyatları həyata keçirilir. 2010-cu ilin yanvar-iyun ayları ərzində "Qərbi Azəri" platformasında yeni hasilat quyusu tamamlandıqdan sonra qazma qurğusunda müəyyən təmir işləri aparılmışdır. Fevral ayında burada daha bir suvurma quyusunun qazıntısına başlanılmışdır. Cari ilin birinci yarısında buradakı yeni bir hasilat quyusunda isə qazma işləri başa çatmaq üzrədir. İlin qalan dövrü ərzində platformanın qazma qurğusunda lazımi profilaktika işləri ilə yanaşı, yeni istismar quyularının da qazıntısı nəzərdə tutulmuşdur. "Şərqi Azəri" platformasında da ilin əvvəlindən yeni suvurma quyusunda qazma və tamamlama işləri sona çatdırılmışdır. İlin sonunadək isə burada daha iki hasilat quyusu qazılaraq istismara veriləcəkdir. "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində də uğurlu qazma əməliyyatları aparılmış, iki hasilat quyusu qazılmışdır. Qarşıdakı aylarda burada daha bir maili quyu qazılacaq və "Dədə Qorqud" qazma qurğusu vasitəsilə "Günəşli" yatağının dərinsulu hissəsində sualtı suvurma qazma proqramı davam etdiriləcək.
"Azəri-Çıraq-Günəşli"
layihəsi çərçivəsində ixrac əməliyyatlarının
həcmi getdikcə artır. Cari ilin birinci yarısında
müqavilə sahəsindən xam neftin sualtı boru kəməri
vasitəsilə Səngəçal terminalına göndərilməsi
davam etmişdir. Məlumat üçün bildiririk ki,
hazırda terminalın texniki emal sistemlərinin gücü
gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca
yönəltməyə imkan verir. 2010-cu ilin altı ayı ərzində Səngəçal
terminalından 156,4 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin
136 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 16 milyon barreli Bakı-Supsa
kəmərləri, 4,7 milyon barreli isə dəmir yolu vasitəsilə
daşınmışdır.
2010-cu ilin birinci
yarısında "Azəri-Çıraq-Günəşli"
layihəsi çərçivəsində tikinti işləri
də nəzərdə tutulmuş plana və cədvələ
uyğun olaraq davam etdirilmişdir. Hesabat
dövründə "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsində
suvurma əməliyyatlarının təşkili
üçün bir sıra zəruri işlər
görülmüş, bir suvurma quyusu istismara verilmişdir.
Gələcəkdə "Dərinsulu Günəşli"
platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən
üç sualtı qazma mərkəzindən qazılan 13
sualtı quyu vasitəsilə kollektora gündə təqribən
400 min barrel su vurmaq mümkün olacaq. Xatırladaq
ki, bu, Xəzər dənizində ilk mühüm sualtı
işlənmədir və gələcəkdə digər
yataqlarda da analoji proqramın tətbiqinə geniş yol
açır.
Məlum olduğu kimi, bu il martın 9-da "Əsrin müqaviləsi"nin
rəhbər komitəsi tərəfindən yeni
"Çıraq" neft layihəsinin tikinti işlərinə
başlamağa dair qərar qəbul edilmişdir. Dəyəri
6 milyard dollar olan "Çıraq" neft layihəsinin
reallaşdırılması mövcud "Dərinsulu Günəşli"
və "Çıraq-1" platformaları arasında tikiləcək
yeni platforma vasitəsilə 360 milyon barrel əlavə
ehtiyatların çıxarılmasına imkan verəcək. "Azəri-Çıraq-Günəşli"
layihəsinin işlənməsi tarixində ilk dəfə
olaraq "Çıraq" neft layihəsi üçün
lazım olan bütün qurğuların hamısı yerli
ehtiyatlardan maksimum istifadə olunmaqla ölkə daxilində
inşa ediləcək.
Ötən müddətdə
layihə üzrə çox yaxşı irəliləyiş
əldə edilmiş və ümumi məbləği 814
milyon dollar olan altı əsas müqavilə
imzalanmışdır. Bu müqavilələr
geniş danışıqlar və tender prosesi nəticəsində
seçilmişdir. Həmin müqavilələrə
platformanın dayaq blokunun, sualtı dayaq tavasının və
bununla bağlı olan bərkitmə payaları, həmçinin
"Dərinsulu Günəşli"dəki mövcud
texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat
platformasının üstündəki boş saxlanmış
yerdə dik borunun dayaq çərçivəsinin
quraşdırılması; platformanın birləşmiş
göyərtəsinin (üst modulların), o cümlədən
qazma obyektlərinin quraşdırılması,
yığılması, nizamlanması və istismar
sınaqları; dayaq tavasının daşınması və
dənizdə quraşdırılması; platformanın
yaşayış blokunun mühəndis-layihə, tədarük
və tikinti işləri; dəniz obyektlərinin mühəndis-layihə
işləri və platformanın qazma modullarının
mühəndis-layihə işləri daxildir.
Xatırladaq ki, yeni
müqavilələrdə də ABƏŞ Azərbaycanın
yerli ehtiyatlarından optimal istifadə öhdəliyinə
sadiq qalıb. "Çıraq" neft layihəsinin
tikinti işlərinə 9 milyon adam - iş saatı sərf
olunacaq ki, bu işlərin də 90 faizi Azərbaycanda yerinə
yetiriləcək və onun da 80 faizi Azərbaycanın yerli
işçi qüvvəsi tərəfindən həyata
keçiriləcək. Bundan əlavə,
müqavilələri imzalamış şirkətlərə
yerli subpodratçılardan maksimum istifadə etmək
tövsiyə olunur və bunun nəticəsində də
"Çıraq" neft layihəsi üzrə ümumi xərclərin
30 faizindən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi
gözlənilir.
Qalan əsas
podratçı müqavilələrin verilməsi hazırda
yekunlaşmaq üzrədir. Həmin
müqavilələr isə sualtı boru kəmərinin
inşası və dalğıc işləri, dayaq bloku və
üst modulların dənizə daşınması və
quraşdırılması kimi mühüm işləri əhatə
edir.
İyunun 21-də layihə üzrə
mühüm bir iş başa çatdırıldı. Belə ki, layihənin birinci əsas dəniz
qurğusu olan öncəqazma tavası və 4 istiqamətləndirici
paya təhlükəsiz şəkildə dənizin dibində
quraşdırıldı. Bu işlər
layihənin tələblərinə cavab vermək
üçün modernləşdirilmiş "Azərbaycan"
kran barjı vasitəsilə həyata keçirildi. Dayaq tavası dəqiq şəkildə əvvəlcədən
qazılmış quyu ağzının üzərində
quraşdırıldı və ağırlığı
yayan iri dənizdibi plitələrin üzərinə oturduldu.
Xatırladaq ki, bu dayaq tavası layihə
infrastrukturunun əsas komponentlərindən biridir və 2012-ci
ildə platformanın dayaq blokunun
quraşdırılacağı vaxtadək geniş öncə-qazma
işləri üçün bünövrə rolunu oynayacaq.
Çəkisi 218 ton olan həmin konstruksiya bu günədək
inşa edilmiş "Azəri-Çıraq-Günəşli"
öncəqazma tavalarından ən böyüyüdür və
əvvəlki 12 şaxtalı bütün dayaq tavaları ilə
müqayisədə onun daha çox - 20 qazma şaxtası
vardır.
"Çıraq"
neft layihəsi çərçivəsində öncə
qazma proqramına bu ilin ikinci rübündə "İstiqlal"
qazma qurğusu ilə başlanması
planlaşdırılır. Adı çəkilən
qurğu vasitəsilə burada bir öncə qazma və bir
geotexniki quyu qazılacaq. Dayaq tavası dənizdə
quraşdırıldıqdan sonra isə "Dədə
Qorqud" qazma qurğusu "Dərinsulu Günəşli"dən
"Çıraq" sahəsinə keçiriləcək və
bu ilin üçüncü rübündən başlayaraq
ikinci və sonrakı öncə qazma quyularını qazacaq.
Azərbaycan neftini
dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin fəaliyyəti də getdikcə
genişlənir. Cari ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan
üzrə əsaslı xərclərə 13,4
milyon dollar sərf olunmuşdur. İlin sonunadək
isə bu məbləğin 69 milyon dollar təşkil edəcəyi
gözlənilir. Yanvar-iyun aylarında
adı çəkilən kəmərlə 18 milyon ton xam neft
nəql olunmuşdur.
Hazırda kəmərin gündəlik
ötürmə gücü 1,2 milyon
barreldir. Xatırladaq ki, 2006-cı il iyun ayının 4-də
ilk tankerin Ceyhan limanından yola salınmasından 2010-cu il
iyulun sonunadək kəmər vasitəsilə nəql
edilmiş 136 milyon ton xam neft 1195 tankerə yüklənərək
dünya bazarlarına göndərilmişdir. Daha bir
maraqlı fakt ondan ibarətdir ki, cari il iyulun 21-də kəmərlə
1 milyon 57 min barrel neft nəql olunmuşdur ki, bu da indiyədək
ən yüksək gündəlik ötürmə
gücü deməkdir. Yeri gəlmişkən, hazırda
"Azəri-Çıraq-Günəşli" layihəsi
üzrə neftin və "Şahdəniz"
yatağından hasil edilən kondensatın nəqlini həyata
keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
ilə Qazaxıstanın "Tengiz" yatağından
çıxarılan neftin daşınmasına dair saziş
mövcuddur. Bu isə kəmərin rentabelliyinin
tam təmin olunmasını və uzunmüddətli fəaliyyətini
təsdiqləyir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 25 avqust.- S. 1.