Yarımçıq
taleyin hekayəti
Səhnə açılardı, onun şux yerişlə səhnəyə
gəlişi zalda uzun
sürən alqışlarla qarşılanardı.Vəfa
xanımın şaqraq səsi bir anda
tamaşaçıları məftun edərdi. Vəfa Fətullayeva
42 illik ömrünün
15 ildən çoxunu həyatı qədər
sevdiyi teatra həsr etmişdi. Bu müddətdə
tamaşaçıların qəlbində sənətdən bir qala qurmuşdu.
1945-ci ilin isti yay günlərinin birində Bakıda dünyaya göz açmışdı. Bəlkə, ona görə də qaynar təbiəti var idi. Gənc olmasına baxmayaraq insanlarla dil tapmağı yaxşı bacarardı. Vəfa xanım Fətullayeva öz sənətinin vurğunu idi. Səhnəyə çıxanda elə bil ona yeni həyat verirdilər. Şaqraq gülüşü, şux yerişi, qeyri-adi səs tembri onun qəhrəmanlarının da xarakterik xüsusiyyətləri idi.
Rol aldığı tamaşalardan insanlar həmişə xoş əhval-ruhiyyə ilə çıxardılar. Vəfa xanım səhnədə görünən kimi alqış sədaları tamaşa zalını bürüyərdi, özü də bu alqışlardan xoşlanardı. O, səhnədə tamamilə başqalaşardı. Anası, xalq artisti Hökümə xanımın şaqraq səsini xatırladardı onun danışığı. Rolları ilə yaşayırdı. Onları qəlbən sevirdi və hər birini öz həyatının bir parçası sayırdı. Onun atası, xalq rəssamı Nüsrət Fətullayev də sənətdə böyük uğur qazanmış fırça ustası idi. Bəlkə, elə ona görə idi ki, Vəfa öz rollarını rəssam dəqiqliyi ilə canlandırardı.
Vəfa Fətullayeva bütünlüklə öz qəlbini sənətə vermiş, milli mədəniyyətimizin inkişafının xidmətində durmuş sənətkar ailəsinin - Fətullayevlərin davamçısı idi.
Özü qurduğunu özü də dağıtmalı oldu. Ailəsi onun aktrisa olmasını istəmirdi. Həyat yoldaşı da onu ev xanımı, gələcək uşaqlarının anası kimi qəbul edib ailə qurmuşdu. Vəfa bunu gözəl bilirdi. Amma şərti özü pozurdu. Görünür, Hökümə xanımın cazibəsindən qurtarmaq mümkün deyildi. Günlərin birində Vəfa Fətullayeva yenidən anasının yanına qayıdır. Vəfa onun həyatı idi. Vəfanı Allah qadın yaratmışdı. Bəzən qadınlar gözəl, məlahətli olsalar da, onlarda xanımlıqdan əsər-əlamət belə hiss edilmir. O, evdar qadın olmaq üçün yaranmışdı. O qədər səmimi, gülərüz idi ki. Onda o qədər həyat eşqi var idi ki, qoymazdı bir adam onun yanında darıxsın. Həmişə eyniaçıq idi. Hökümə xanımın həyatındakı boşluğu o doldururdu. Bir-birilərini hədsiz dərəcədə çox sevirdilər.
Dəyərləndirdiyi, amma seçmədiyi bu sənətdən dəymədüşərcəsinə hər an üz çevirə bilərdi Vəfa. Məsələn, günlərin birində onun rejissorluq fakültəsini teatrşünaslığa dəyişməsinin əksəriyyətə qeyri-ciddi görünən bir səbəbi olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa mərhum sənətkar Məhərrəm Haşımovun - Rus Dram Teatrının baş rejissorunun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" - deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib... Keçib teatrşünaslığa.
Aktrisa olmağı, bəlkə də, canı ilə, qanı ilə istəsəydi belə, asanlıqla arzusuna qovuşmazdı. Ürəkdən istəmədiyindən idi ki, hər şey sanki öz-özünə alınırdı.
Hökümə xanımın qəlbən, xəyalən istədiklərini Milli Dram Teatrının rejissoru Tofiq Kazımov gerçəkləşdirir. Tofiq Kazımov "Məhv olmuş gündəliklər" əsərini işləmək fikrinə düşür. Və Vəfanı xatırlayır. Hökümə xanımın ürəyindən olan bir xahiş edir ondan: qızını teatra gətirsin. Vəfanın aktrisa taleyi Tofiq müəllimin xeyir-duası ilə başlayır. O, sonralar da Vəfanın həyatında mühüm məqamlarda xatırlanır.
Teatra ilk addımını Vəfa 1970-ci ildə İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə ilə atdı. Fəridə onun taleyini birdəfəlik teatra bağladı.
Səhnəyə atılmış ilk kövrək, bərkiməmiş qədəmlər, haradasa onun özünəinamsızlığından irəli gəlirdisə də, hamı bu fikirdə idi ki, Vəfa "son dərəcə anasına bənzəyən gözəl qız", "ilk dəfə səhnəyə çıxan təcrübəsiz uşaq" deyil.
Tamaşa müvəffəqiyyətlə keçirdi. Vəfanın səhnədəki hər bir hərəkəti, hər bir jesti, hər bir kəlməsi salonda tamaşaçılar arasında oturan Hökümə xanımda reaksiya doğururdu. O, özü oynayırmış kimi yerində sakit otura bilmirdi. Özündə səhnə həyatı üçün heç bir qabiliyyət görməyən və yalnız anasının istəyinə zidd getməmək üçün belə bir addım atan qızının bu seçimində yanılmamasına onun da əmin olmasını arzulayırdı Hökümə xanım. Vəfa anasının səhv etmədiyini, onu öz yerinə layiqli davamçı bildiyini başa düşməli, ona inanmalıydı. Fəridənin layiqli ifası onun gələcək sənət taleyini müəyyənləşdirdi.
"Məhəbbət əfsanəsi"ndə Şirini oynadı. Nazim Hikmətin bu əsərindəki Şirinin həqiqətən onun xarakterinə çox yaxın qadın idi və ona görə də rol çox maraqlı alınmışdı.
"Sən yanmasan", "Göz həkimi", "Heç nədən hay-küy", "İblis" tamaşalarında yaratdığı xaraktercə bir-birindən fərqli rolları ona böyük şöhrət gətirmişdi. Televiziya tamaşalarında və filmlərində də onun çox qiymətli rolları vardır. "Alov" tamaşasını xüsusi olaraq qeyd etmək lazımdır. "Firəngiz" filmində də o, çox maraqlı rol yaratmışdı.
Vəfa xanım yaradıcılığının çiçəkləndiyi bir dövrdə həyatdan köçdü. Ancaq arzuları çox böyük idi. Dünya və Azərbaycan klassiklərinin bir çoxunun əsərlərində rollar oynamaq barədə düşünürdü. Amma bütün arzuları yarımçıq qaldı.
Azərbaycanın əməkdar aktrisası, Dövlət mükafatı laureatı Vəfa xanım Fətullayevanı xalqımız həmişə xoş xatirələrlə yad edəcək.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 26 avqust.- S. 6.