Yazıçı Elçin HÜSEYNBƏYLİ: "Türkiyədə sağlam düşüncəli milli qüvvələr sərhəd açılımının əleyhinədirlər"

 

    Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılma məsələsinin təkrar gündəmə gəlməsi, xüsusilə də Ermənistanda keçiriləcək hərbi təlimlərdə sərhədlərin müvəqqəti olaraq açılması ilə bağlı yayılan açıqlamalar Azərbaycan ictimaiyyətinin, ziyalıların ciddi narahatlığına səbəb olmuşdur. Bununla bağlı tanınmış yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli ilə həmsöhbət olduq.

 

    - Türkiyə - Ermənistan sərhədlərinin açılıb açılmayacağı məsələsi çoxdandır mətbuatda müzakirə edilir. Bunun Azərbaycana ziyanının nə olacağını araşdırmaq, təbii ki, hər iki tərəfin politoloqlarının işidir. Çünki onlar bu barədə daha çox informasiyaya malikdirlər və informasiya mənbələrinə daha yaxındırlar. Ona görə də bu məsələyə, sadəcə, yazıçı, ziyalı olaraq mövqe bildirmək istərdim. Düşünürəm ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın mənafelərinə ziddir. Əgər bu, baş tutsa, işğalçı Ermənistanı gücləndirəcək. "Biz getdikcə iqtisadi baxımdan güclənəcəyik, Ermənistan isə çökəcək və nəhayət Qarabağ məsələsinin ədalətli həllində bizim şərtlərə razı olacaq " - fikrinə təhlükə törədir və bunun puç olmasına gətirib çıxara bilər. Azərbaycanın əksər ziyalıları, siyasətçiləri bu cür fikirləşirlər. Sərhədlərin açılması Avropa bazarlarının birbaşa Türkiyə vasitəsilə Ermənistana açılması deməkdir. Odur ki, bu yolla iqtisadi baxımdan dirçələndən sonra Ermənistan, təbii ki, Qarabağ məsələsinin həllində, danışıqlarda güzəştə getməyəcək, münaqişənin həllini daha da uzadacaqlar.

    Bundan başqa, ermənilər hələ də "qondarma erməni soyqırımı" məsələsindən əl çəkməyiblər, xaricdə fəaliyyət göstərən lobbilərin təsiri ilə zaman-zaman müxtəlif vaxtlarda bu məsələ Avropa dövlətlərinin parlamentlərinin müzakirəsinə çıxarılır. Mənim fikrimcə, onlar bu niyyətlərindən, xislətlərindən əl çəkən deyillər. Zaman-zaman ermənilər Türkiyə və Azərbaycana, bütövlükdə türk dünyasına etdikləri pislikləri heç vaxt dayandıran deyillər. Ancaq Azərbaycan-Ermənistan münaqişəsinin həllində hansısa irəliləyiş olarsa, ermənilər sağlam məntiqi təkliflərlə çıxış etsələr, Qarabağ münaqişəsi ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilərsə, eləcə də Türkiyə - Ermənistan münasibətlərində irəliləyiş olarsa, düşünürəm ki, sərhədlərin açılması gündəmə gələ bilər. Bugünkü gerçəklik ondan ibarətdir ki, Ermənistan heç bir güzəştə getmir, danışıqlarda manipulyasiya ilə məşğul olur, yalnız danışıqları uzatmağa xidmət edir. Qarabağda gəlmə əhalini məskunlaşdırır, tarixi maddi mədəniyyət abidələrimizi məhv edirlər. Əslində dünyanın gözü qarşısında ermənilər bugün Dağlıq Qarabağda "erməniləşdirmə" siyasəti aparırlar. Qarabağın taleyi məni bir ziyalı, orada doğulub boya-başa çatan bir insan kimi çox narahat edir. Ona görə də Türkiyə höküməti düşünürəm ki, Ermənistanın işğalçılıq siyasətini, bununla bağlı faktorları və onun öz işğalçılıq siyasətindən heç vəchlə əl çəkmədiyini nəzərə almalıdır.

    - Ermənistanın Qarabağa hərbi təcavüzü zamanı, müharibə illərində Türkiyə buna etiraz olaraq, Ermənistanla sərhədləri bağladı, o gündən bugünə qədər müxtəlif səviyyəli rəsmi görüşlərdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayanadək sərhədin açılmayacağını bəyan edir. Sizcə, sərhəd açılımının təkrar gündəmə gəlməsi nə ilə bağlıdır?

    - Əlbəttə, Türkiyə, Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızı işğal etdiyini əsas götürüb sərhədləri bağlamış, diplomatik əlaqələri kəsmişdi. Mən düşünürəm ki, Türkiyənin səhv addım atmağa haqqı yoxdur. Nəzərə almaq lazımdır ki, problemin, münaqişənin dondurulması Türkiyə - Ermənistan sərhədlərinin açılıb-açılmayacağı ilə bağlı Azərbaycana heç bir qarantiya vermir. Çünki Ermənistan da Türkiyə də bir çoxları üçün bir iqtisadi bazar rolunu oynaya bilər. Düşünürəm ki, Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır.

    Qarabağ münaqişəsinin həllinin uzadılması onun bizdən uzaqlaşması deməkdir. Bu münaqişənin optimal həll mexanizmi tapılmalıdır ki, "sərhəd açılımı" məsələsi də gündəmdən çıxsın. Bundan sonra bölgədə normal münasibətlər meydana gələ bilər. Ancaq erməni lobbisinin təsiri və təzyiqi ilə ABŞ Türkiyəyə Ermənistanla sərhədləri açmağı təkid edir. Erməniləri himayə edən Qərb ölkələrinin bir çoxu bunu dəstəkləyir. Ancaq Türkiyə hələ ki, buna dirəniş göstərir. Türkiyə rəsmiləri daim bəyanatlarında bildiriblər ki, Qarabağ məsələsinin həllində irəliləyiş olmazsa, sərhəd açılmayacaq. Ancaq işğalçı Ermənistanın mövqeyində heç bir dəyişiklik görmürəm. Son günlər Ermənistanın Rusiya ilə hərbi yardımla bağlı müqavilə imzalaması da regionda olan münasibətlərin yeni bir mərhələyə qədəm qoymasına gətirib çıxara bilər. Yəqin ki, Türkiyə də bununla bağlı müvafiq addımlar atmaq barədə düşünməlidir.

    - Türkiyədə olan ziyalılarla, həmkarlarınızla bölgədə gedən siyasi prosesləri müzakirə edirsinizmi? Onlar bu məsələdə nə düşünürlər?

    - Həmin ziyalılarla görüşlərdə söhbət düşəndə bu məsələdə də fikirlərimizi bölüşürük. Onlar Türkiyə - Ermənistan sərhədlərinin açılmasının qəti əleyhinədirlər, Azərbaycanın mövqeyini müdafiə edirlər. Təbii ki, Türkiyədə qeyri-türk xalqlarına mənsub olan müəyyən qüvvələr var ki, onlar "sərhəd açılımı"nın tərəfdarıdırlar və onlar dəfələrlə bunu açıq şəkildə bəyan ediblər. Ancaq Türkiyədə sağlam düşüncəli qüvvələr var. Onlar Türkiyə - Azərbaycan dostluğu və birliyinə sadiq insanlar var. Onlar birmənalı şəkildə "sərhəd açılımı"nın əleyhinədirlər və bundan öncə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsini tələb edirlər. Tanıdığım əksər türk yazarlarının mövqeyi budur.

    Şübhəsiz indiki məqamda Ermənistanla sərhədlərin açılması iki qardaş ölkə olan Azərbaycan - Türkiyə münasibətlərinə zərbə vura bilər. Türkiyə - Ermənistan sərhədlərinin açılması bir daha ciddi şəkildə gündəmə gələrsə, təkcə politoloqlar, rəsmi şəxslər deyil, həm də hər iki ölkənin ziyalılarının, yazarlarının bir araya gəlib bu məsələdə müzakirələr, fikir mübadiləsi aparmaları vacib olacaq. Bir neçə il bundan öncə Qars və İqdıra səfərim olmuşdu. Həmin səfərdən çox böyük narahatlıqla qayıtdım. O zaman Ermənistan sərhədində barışı simvolizə edən bir abidə qoymaq istəyirdilər. Elə o vaxtdan ermənilər həm də sərhədlərin açılma istəklərini bəyan etmişdilər.

    Mən Azərbaycana döndükdən sonra bu narahatlığımı Yazıçılar Birliyində həmkarlarımla da bölüşdüm, bunu müzakirə etdik. Bir neçə il bundan əvvəl ermənilərin başladığı kampaniyaya cavab olaraq, İqdırda və Qarsda universitet tələbələri ilə görüşərkən Türkiyədə başlanan "ermənilərdən üzr diləyirəm" kampaniyasına münasibət bildirdim. Qeyd etdim ki, bu cür kampaniyaların başladılması bütün türk dünyası üçün həqarətdir və Azərbaycanın da mövqeyi odur ki, ermənilərdən üzr istənilməməlidir. Çıxışım böyük coşğu ilə qarşılandı.

    Türkiyədə sağlam milli maraqları müdafiə edən qüvvələr daim Türkiyə - Azərbaycan birliyini dəstəkləyiblər və dəstəkləməyə davam edirlər. İnanıram ki, "sərhəd açılımı" yaxın zamanlarda baş tutmayacaq və Türkiyə rəsmiləri qərar verməzdən öncə türk xalqının istəyini, rəyini nəzərə alacaqlar.

 

 

    Söhbətləşdi: Əfsanə BAYRAMQIZI

 

    Xalq qəzeti.- 2010.- 26 avqust.- S. 6.