Ankara hər zaman türk birliyinə sədaqət göstərməlidir
Son zamanlar mətbuatda özünə geniş yer alan Türkiyə - Ermənistan sərhədlərinin
açılacağı barədə xəbər hər iki ölkənin vətəndaşlarını
çox narahat etdi. Ancaq mənə elə
gəlir ki, bu məqam
daha çox yaradıcı
ziyalılarımız üçün üzücü oldu. Mən
"yaradıcı ziyalılarımız" ifadəsini təsadüfən
işlətmirəm. Çünki dəqiq
bilirəm ki, Türkiyədəki həmkarlarımız
da elə mənim kimi
düşünürlər. Onlar da uzun onillərdən bəri
türk dünyasının birliyinə
çalışmış, müştərək ədəbiyyatımızı,
mədəniyyətimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət etmişlər.
Son iyirmi ildə siyasətçilərimiz
də bu sahədə çox
böyük uğurlara
imza atmışlar. İndi
isə... hər iki ölkənin əhalisini
çox ciddi şəkildə
narahat edən bir xəbər
eşidirik.
Hələ 15 il əvvəl
ümummilli liderimiz Heydər Əliyevdən eşitmişdim
ki, Azərbaycanın dövlət müstəqilliyini
gözü götürməyən xarici qüvvələr
var. Həmin qüvvələr ölkəmizə gah gizli
şəkildə, gah da açıq-açığına
pislik eləməyə çalışırlar. Ulu öndərimiz
xatırladırdı ki, müstəqil Azərbaycan dövləti
inkişaf etdikcə, respublikamız beynəlxalq aləmdə
özünə layiqli yer tutduqca, xüsusən, türk
dünyasındakı mövqelərimiz möhkəmləndikcə
bədxahlarımız daha çox narahat olur və bu prosesi əngəlləmək
üçün yeni yollar axtarırlar. Budur, artıq həmin
variant hamının gözləri qarşısındadır.
Azərbaycanın ən yaxın dostunun, ən etibarlı
müttəfiqinin əliylə respublikamıza zərbə
vurulur. Daha doğrusu, bu zərbəni vurmağa cəhd edilir.
Bu prosesdə həm Azərbaycanın,
həm də Türkiyənin uduzacağı şəksizdir.
Belə ki, sərhədlər açılacağı təqdirdə
Ermənistan iqtisadi böhrandan xilas olacaq və Dağlıq
Qarabağ münaqişəsinin həll edilməsi
üçün aparılan danışıqlarda daha da
"yuxarıdan gedəcəkdir". Yəni İrəvanın
destruktivlik üçün imkanları artacaq. Bu, məlum məsələdir
və sərhədlərin açılacağı təqdirdə
bu addımın Azərbaycana edəcəyi təsirin mahiyyəti
bundan ibarətdir. Bəs Türkiyə nəyi və necə
uduzacaq?
Son 20 ildə dünyada gedən
ictimai-siyasi proseslərdən maksimum dərəcədə bəhrələnən
Ankara türk dünyasında öz liderlik mövqeyini möhkəmləndirmiş,
Rusiya və İranla münasibətlərini
normallaşdırmış, Avropa Birliyinə üzv olmaq
üçün şanslarını artırmış və
ən nəhayət, ərəb ölkələri arasında
böyük nüfuz qazanmışdır. Yəni
çoxsaylı siyasi-diplomatik gedişlər nəticəsində
onlarla maneə geridə qalmışdır. İndi, Türkiyəyə
ərazi iddialarını həyasızlıqla davam etdirən
və uydurma soyqırımı məsələsini dünya
ölkələrinin parlamentlərinə çıxaran Ermənistanın
məhz Ankaranın əli ilə xilas edilməsi... Mən bilən,
Türkiyə bu məsələdə çox böyük
nüfuz itkisi ilə üzləşəcək. Cənab
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Davosdakı
mövqeyindən sonra Türkiyənin İslam aləmindəki
mövqeyi birə on qat möhkəmlənmişdisə, indi
qatil ermənilərə nicat verilməsiylə inam, etimad
itiriləcəkdir. Xüsusən, türkdilli ölkələrdə
bu məsələ birmənalı şəkildə qəbul
edilməyəcək. Biri Türkiyəni kiminsə
qabağından qaçmaqda, digəri qorxaqlıqda, başqa
biri isə ümumtürk mənafeyinə xəyanətdə
ittiham edəcək.
Ancaq hələ hər şey
itirilməyib. Hələ məsələləri öz
düzgün məcrasına yönəltmək
mümkündür.
Mən inanıram ki, qardaş
Türkiyənin dövlət başçıları bu məsələdə
Azərbaycanın mənafelərini ayaq altına atmayacaqlar.
Belə düşünməyə haqqım da var.
Çünki hələ 60-cı illərdən etibarən
bir yaradıcı adam kimi Türkiyədə on dəfələrlə
olmuşam və oradakı Azərbaycan sevgisinin, bizə olan
hörmət və ehtiramın canlı şahidiyəm.
SSRİ-nin bütün mütəfiq respublikalarında,
keçmiş sosialist ölkələrinin hamısında,
Avropanın və dünyanın bir çox ölkələrində
mənim çoxsaylı görüşlərim olub, əsərlərimin
ifası təşkil edilib. Ancaq tam səmimiyyətlə deyə
bilərəm ki, heç zaman, heç yerdə Türkiyədəki
kimi qarşılanmamışam. Bu isə Anadolu türklərinin
Azərbaycan türklərinə olan qardaşlıq münasibətinin
nəticəsi idi. Ona görə də mən bu sərhədlərin
açılacağı barədə xəbərlərə
inanmamaqda tamamilə haqlıyam. İnanmıram ki, Türkiyə
kimi sivil və dünyəvi dövlət bizə qarşı
belə bir addım atmış ola. Yox, qardaş,
inanmıram..
Tofiq BAKIXANOV,
Respublikanın
xalq artisti,
Bakı
Musiqi Akademiyasının professoru,
"Şöhrət"
ordenli bəstəkar
Xalq
qəzeti.- 2010.- 26 avqust.- S. 4.