Türkiyə - Ermənistan sərhədlərinin açılması türklərin İslam dünyasındakı nüfuzuna xələl gətirəcək

 

    Türkiyə və Azərbaycan hazırda dünyada sürətlə inkişaf edən ölkələr sırasındadır. İki ölkənin dostluq və qardaşlıq münasibətləri, beynəlxalq tədbirlərdə bir-birini müdafiə etmələri həmişə diqqət çəkən məqamlardan olub.Türkiyə Ermənistanla sərhədləri bağlayanda da qəti şəkildə bildirmişdi ki, Ermənistan Azərbaycana qarşı öz işğalçılıq siyasətindən əl çəkməyənə qədər iki ölkə arasında sərhədlər açılmayacaq, hər hansı bir diplomatik əlaqələrdən söhbət getməyəcək.

 

    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən ilin mayında Bakıya rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında dedi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik əlaqələrin bərpası mümkün deyil. Çünki Ermənistan qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edib, 1 milyondan artıq soydaşımız doğma ata-baba torpaqlarından didərgin salınıb. Hətta, Baş nazir "Qarabağ bizim qanı axan yaramız" - deyəndə az qaldı ki, gözləri yaşarsın. O, son olaraq bildirdi ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar.

    Yaxın günlərdə Azərbaycanda rəsmi səfərdə olmuş Türkiyə Prezidenti Abdullah Gülkeçirdiyi mətbuat konfransında iki ölkə arasında əlaqələrin sıx, yüksək olduğunu dedi və Bakıda özünü öz Vətənində, öz evində olduğu kimi hiss etdiyini bildirdi. Abdullah Gülün Bakıda özünü öz Vətənində, öz evində olduğu kimi hiss etməsinə şübhə ola bilməzdi. Çünki ona - qardaş, dost ölkə başçısına göstərilən yüksək səviyyəli qonaqpərvərlik məhz bu qənaətə gəlməyə sövq edirdi.Təəssüf ki, jurnalistlər ona Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə sual verəndə Abdullah Gül hamının qarşısında sualdan yayındı.Biz isə Türkiyə kimi bir dövlətin başçısından bunu gözləmirdik.

    Əslində, jurnalistlər Türkiyə rəhbərliyinin Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə əlaqədar məsələni ört-basdır etmək cəhdlərinə keçən ildən bələd idilər. 2009-cu ilin may ayında Rəcəb Tayyib Ərdoğan Bakıda "Mən baş bakan kimi bildirirəm ki, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq" - deyəndən 5 ay sonra iki ölkə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası barədə Sürixdə protokol imzalandı. Bu, Türkiyə tərəfindən Ermənistanla hərtərəfli əlaqələr qurulması istiqamətində atılan addımlar hətta iki ölkə arasında sərhəd-keçid məntəqələrinin əsaslı təmiri, rahat yolların salınması işinə başlanılmışdı. Türkiyə Prezidenti Abdullah Gül futbol yarışına baxmaq adı ilə Yerevana gedərkən də göstərdiyi səmimiyyət, milyonlarla türkü qəddarcasına qətlə yetirən ermənilərə mehriban münasibəti anlaşılmazlıq doğururdu. Abdullah Gül, sanki, unudurdu ki, millətinə qarşı daim amansız olan, türkü özlərinə qatı düşmən hesab edən ermənilər arasındadır.

    Müxtəlif bəhanələrlə Türkiyə-Ermənistan sərhədlərini açmaq - 2009-cu ildə bu işi həyata keçirmək istəyən gözləmədiyi sərt təpki ilə qarşılaşdı. Həm türk xalqı, həm də Azərbaycan xalqı ciddi narazılıqlarını bildirdilər. Azərbaycanın dövlət başçısının uzaqgörənliyi, qətiyyətli addımları Türkiyə rəhbərliyinin erməni sevdasını yarımçıq qoydu. Türkiyə rəhbərliyi çox yaxşı bilir ki, regionda Azərbaycan kimi ikinci bir tərəfdaş ölkə tapa bilməyəcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən reallaşdırılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın reallaşdırmaqda olduğu növbəti iri layihələrdən biridir. Türkiyə iqtisadiyyatının qüdrətlənməsində bu layihələrin böyük rolu olub. Digər tərəfdən, Azərbaycanın təbii sərvətlərinin Türkiyəyə böyük güzəştlə satılması da qardaş ölkənin iqtisadiyyatının güclənməsinə öz təsirini göstərdi.

    Bu il ermənipərəst sevgi yenidən baş qaldırıb. Bu dəfə təzə bəhanə tapılıb. Guya, Türkiyə NATO blokunun üzvüdürbu blokun hər bir tapşırığını can-başla yerinə yetirməlidir. Ona görə də bu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə-Ermənistan sərhədinin istisna hal kimi, müvəqqəti olaraq açılmasını gündəmə gətirirlər.Bunun ardınca Türkiyənin üzvü olduğu digər beynəlxalq qurumlar Ermənistanda hər hansı bir tədbir keçirərsə, yenə də sərhədlər "müvəqqəti" açılacaq. Beynəlxalq təşkilat çox, tədbirlər saysız-hesabsız.

    Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək deyib ki, "Erməni və PKK terrorçuları yaxından əməkdaşlıq edir. Erməni və PKK terrorçuları qan qardaşlarıdır". Görəsən, bu açıqlamadan sonra Türkiyə öz mövqeyini niyə dəyişir?!

    Artıq Türkiyənin ictimai-siyasi xadimləri, siyasi qurumların nümayəndələri təcavüzkar Ermənistanla sərhədləri açmaq cəhdinin qarşısını almaq üçün ciddi etirazlarını bildirməyə başlayıblar. İnanırıq ki, qəhrəman türk xalqı türk dünyasının liderləri Atatürk və Heydər Əliyevdən miras qalmış Türkiyə-Azərbaycan dostluq, qardaşlıq ənənəsini qoruyub saxlayacaq, Türkiyənin Ermənistan qarşısında məğlubiyyətinin qarşısını alacaq.

 

 

    Vüqar QƏDİROV,

    politoloq, Azərbaycan Respublikasının

    Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına

    Dövlət Dəstəyi Şurasının üzvü

 

    Xalq qəzeti.- 2010.- 26 avqust.- S. 4.