Azərbaycan seçki kampaniyasını beynəlxalq standartlar səviyyəsində həyata keçirməyə qadirdir

 

    Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Ölkəmiz müstəqillik yolunda irəlilədikcə seçki praktikasını da inkişaf etdirmişbu sahədə dünya təcrübəsinə daha da yaxınlaşmışdır. Son illər keçirilən parlament, prezident və bələdiyyə seçkilərinin yekunları barədə beynəlxalq müşahidəçilərin, həmçinin mötəbər qurumların nümayəndələrinin rəylərinə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanın seçki sistemi demokratikliyinə görə yüksək qiymətləndirilir.

 

    Ölkəmizdə seçki kampaniyasını həyata keçirən müvafiq seçki qurumları da kifayət qədər böyük təcrübə toplamış, bu sahədə səriştəsi əhəmiyyətli dərəcədə artmışdır. Seçkilərin qanunvericilikdə nəzərdə tutulmuş bütün maddələrin nəzərə alınması şərtilə həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmışdır.

    Seçki beynəlxalq aləmdə demokratiyanın əsas atributlarından biri hesab olunur. Azərbaycanda insanların iradəsinin azad ifadə edilməsi və seçki hüququnun tam demokratikləşdirilməsi üçün hər cür şərait yaradılıb. Bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılmış qanunvericilik aktlarının qəbul edilməsi, dövrün, zamanın inkişafına uyğun olaraq həmin sənədlərə əlavələr və dəyişikliklər edilməsi seçki təcrübəsini daha da zənginləşdirir, insanların seçmək və seçilmək hüququ istiqamətində qarşıya çıxan hər cür maneələri aradan qaldırır.

    Azərbaycan xalqının iradəsi azad və ədalətli, demokratik şəraitdə keçirilən seçkilərdə öz təzahürünü tapır.

    Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydaları 2003-cü ilin iyun ayında təsdiqlənmiş Seçki Məcəlləsi ilə müəyyənləşdirilir. Ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyduqca, beynəlxalq əlaqələri daha da möhkəmlənmiş, nüfuzu artmış, müxtəlif konvensiyalara qoşulmuşdur. Bütün bunlardan sonra Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi zərurəti yaranmış, bir sıra əlavələr və dəyişikliklər edilməsi meydana çıxmışdır. Təbii ki, bu dəyişikliklər seçki praktikasının təkmilləşdirilməsi və beynəlxalq standartlara daha da yaxınlaşdırılması məqsədi daşıyırdı.

    Seçki Məcəlləsinə 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun, 28 iyun və 23 dekabr, 2007-ci il 16 iyun və 2008-ci il 2 iyun tarixdə edilmiş əlavə və dəyişikliklərdə də əsas məqsəd seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə əlverişli şərait yaradılması olmuşdur. Digər məqsədlərdən biri də insanların seçmək və seçilmək hüququnu məhdudlaşdıran maddələrin aradan qaldırılmasıdır.

    Onu da qeyd edək ki, Seçki Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklər Venesiya Komissiyası, İFES, ümumiyyətlə, seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri və tanınmış siyasi ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, möhtərəm Prezidentimiz İlham Əliyevin də azad, ədalətli, şəffaf və demokratik seçki keçirilməsi istiqamətində yüksək siyasi iradə nümayiş etdirməsi, bu sahədə mühüm əhəmiyyətli fərmanlar imzalaması beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Siyasi ekspertlər bu sənədlərin Azərbaycanda seçki prosesinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün qanunvericilik bazasını daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etmişlər.

    Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 11 may və 24 oktyabr 2005-ci il tarixli fərmanlar seçki kampaniyasının daha şəffaf, azad və ədalətli, obyektiv şəraitdə keçirilməsi istiqamətində ortaya qoyulmuş yüksək siyasi iradə idi. Həmin fərmanlara əsasən, 2005-ci ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə seçicilərin barmaqları gözlə görünməyən mürəkkəblə işarələnir. Bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır, obyektivdemokratik seçki keçirilməsi üçün əlverişli şərait yaradır. Bir sıra hüquq müdafiəçiləri bu üsulun insanların mənəviyyatına toxunacağını iddia edib narazılıqlarını bildirsələr də, dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmin olunması istiqamətində bu üsulun əhəmiyyətli olduğunu vurğulamışdır.

    Bundan sonra ölkəmizdə keçirilən seçkilərdə iştirak edən beynəlxalq müşahidəçilər barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini seçkilərdə şəffaflığın təmin olunmasında yenilik kimi qiymətləndirmişlər. Belə bir üsulun hətta Avropa ölkələri arasında Azərbaycanda daha tez tətbiq olunması dövlət başçısının azad və ədalətli seçki keçirilməsində maraqlı olması kimi də dəyərləndirildi. Bunu Azərbaycanda ayrı-ayrı vaxtlarda keçirilmiş parlamentprezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin də rəyləri təsdiqləyir. Onlardan bəzilərinə diqqət yetirək.

    Fransa parlamentinin üzvü, beynəlxalq müşahidəçi Həsən Fudanın dediklərindən: "Azərbaycanda seçki təşkilatları Avropa dəyərlərinə uyğun və yüksək səviyyədə formalaşdırılıb. Seçkilərin keçirilməsi ilə bağlı təşkilati işlər yüksək səviyyədə qurulub. Mən xüsusi olaraq seçki komissiyalarının texniki təchizatı ilə maraqlandım. Bu sahədə hər şey çox gözəl təşkil olunub. Azərbaycanda seçki təşkilatları Avropa dəyərlərinə uyğun səviyyədə formalaşdırılıb".

    Serbiyalı müşahidəçi Maşa Kovayeviç Azərbaycanda 2008-ci ildə keçirilmiş prezident seçkilərini müşahidə etdikdən sonra belə qənaətə gəlmişdir: "Azərbaycan demokratik və dünyəvi bir dövlət kimi inkişaf edən ölkələrə çox sürətlə inteqrasiya edir. Hər şey göz önündədir. Demokratik seçki keçirilməsinin özübunu bir daha təsdiqləyir. Biz burada gördüklərimizi beynəlxalq təşkilatlar qarşısında təqdir edəcəyik".

    ABŞ-ın Seçkiləri Müşahidə Missiyasının üzvü Merkurkt Qvanın Azəbaycanda seçkilərin demokratik şəraitdə keçirilməsinə verdiyi qiymət də maraq doğurur: "Azərbaycanda prezident seçkiləri qüsursuz, ciddi qanun pozuntusu qeydə alınmadan keçdi. Seçkilərin izlənilməsi üzrə Dünya Müşahidəçilər Şəbəkəsinin üzvləri heç bir problemlə üzləşməyiblər".

    Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında ölkəmizin bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar məruzə edən AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres HerkelCozef Debona Qrax da seçkilərin demokratikliyindən razılıqlarını bildirmişlər. A. Herkel öz fikrini belə ifadə edib: "İlk növbədə onu deyim ki, mən bu altı ildə çox böyük təcrübə qazandım və bu ölkəni sevirəm. Son vaxtlar mənə belə suallar verirlər ki, bu altı il ərzində apardığım işlərin nəticəsindən nə dərəcədə razıyam? Ölkədə prezident sərəncamı ilə həyata keçirilmiş amnistiya aktlarını, əfv fərmanlarını, seçkilərin düzgün keçirilməsi istiqamətindəki irəliləyişləri, Venesiya Komissiyasının yardımı ilə Seçki Məcəlləsinə edilən dəyişiklikləri müsbət qiymətləndirmək lazımdır".

    Digər həmməruzəçi Jozef Debona Qrex də ölkəmiz haqqında müsbət fikirlər səsləndirmişdir: "Azərbaycanın Avropa Şurasına üzvlüyü elə də böyük müddət deyil, bu müddət ərzində ölkənin tam demokratikləşməsini düşünmək düzgün olmazdı. Lakin Avropa Şurasının yardımı sayəsində ölkədə bir çox irəliləyişlərin olduğu aydın görünür. Azərbaycan xalqı çox mehriban və qonaqpərvər xalqdır və inanıram ki, Avropa Şurasının yardımı ilə bu ölkədə demokratiyanın inkişafı mümkündür".

    Belə faktlar saysız-hesabsızdır. Beynəlxalq müşahidəçilərin seçkilərdə şəffaflığın təmin olunmasında yüksək qiymətləndirdikləri vasitələrdən biriseçki məntəqələrinə veb-kameraların quraşdırılması olmuşdur. Seçki prosesini əvvəldən-axıra qədər yaddaşlara köçurən veb-kameralar seçkilərin obyektiv keçirilməsinə müsbət təsir edir. Hətta bir sıra beynəlxalq müşahidəçilər belə bir üsuldan öz ölkələrində keçirilən seçkilərdə də istifadə olunmasını arzulamışlar. Ümumiyyətlə, son illər Azərbaycanda keçirilən seçkilər öz demokratikliyinə və şəffaflığına görə beynəlxalq aləmin diqqət mərkəzində olmuş, bu sahədə qəbul olunmuş qanunvericilik aktlarının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət dəyərləndirilmişdir. Tanınmış ekspertlər belə tədbirləri demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi kimi qiymətləndirirlər.

    Hazırda Azərbaycan Avropadünya birliyinə sürətlə inteqrasiya edən müstəqil dövlətdir. Ölkəmizdə Avropadünya dəyərlərinə yiyələnmək üçün bütün imkanlardan səmərəli istifadə olunur. Milli Məclisdə Seçki Məcəlləsinə edilmiş sonuncu əlavələr və dəyişikliklər də ölkəmizin beynəlxalq aləmə inteqrasiyasından xəbər verir. Bu əlavə və dəyişikliklərdə əsas məqsəd seçki praktikasının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşmaqdır.

    Budəfəki dəyişiklikdə seçkilərin elan edilməsi, seçici siyahılarının məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilməsi, namizədlərin qeydə alınması üçün sənədlərin seçki komissiyalarına təqdim edilməsi, seçkiqabağı təşviqatın başlanması və dayandırılması müddətinin azaldılması zəruri hesab edilmişdir. Diqqət çəkən məqamlardan biri də namizədliyi qeydə alınanlar üçün dövlət büdcəsindən vəsaitin ayrılmasının ləğv olunmasıdır. Bu da təbii qarşılanmışdır. Seçki ilə bağlı bütün xərclər dövlət tərəfindən çəkildiyi üçün namizədliyi qeydə alınanlara vəsait ayrılması məqbul hesab edilməmişdir.

    Mövcud qanunçuluğa əsasən, seçkidə 3 faizə qədər səs toplaya bilməyən namizədlər onlar üçün ayrılan vəsaiti geri qaytarmalıdırlar. Lakin 2005 - ci ildə keçirilən parlament seçkilərində namizədliyi qeydə alınanlara təbliğat üçün ayrılmış vəsait 3 faizə qədər səs toplaya bilməyənlər tərəfindən hələ də geri qaytarılmayıb. Ona görə də namizədlərə ayrılan vəsaitin dayandırılması barədə qərar qəbul edilməsi üçün kifayət qədər əsas var idi. Təbii ki, sonuncu əlavələr və dəyişikliklər də dünya təcrübəsinə uyğunlaşdırılıb. ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə bu günlərdə keçirilən konfransda da qeyd edildi ki, seçkilərdə şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə ediləcək. Seçki Məcəlləsinə müvafiq olaraq, KİV-lərin seçkidə iştirakı tam təmin olunacaqdır.

    Ötən seçkilərin nəticələri və beynəlxalq müşahidəçilərin rəyləri bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq standartlara uyğun seçki keçirməyə qadir dövlətdir. Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına əlavələr və dəyişikliklər olunması bu sahədə möhkəm hüquqi baza yaradılmasına xidmət edir. Beynəlxalq müşahidəçilər, siyasi ekspertlər və seçki ilə məşğul olan qurumlar da Azərbaycanda keçirilən seçkilərin demokratik prinsiplərə uyğun gəldiyini, xalqın iradəsinin düzgün əks etdirildiyiniseçki praktikasının dünya təcrübəsinə daha da yaxınlaşdığını müsbət dəyərləndirirlər.

 

 

    Əliqismət BƏDƏLOV

 

    Xalq qəzeti.-2010.- 26 avqust.- S. 1.