Yeni kitablar
Ədəbi fikrin
yeni üfüqləri
Tanınmış tənqidçi, filologiya elmləri
doktoru Vaqif Yusiflinin yenicə çapdan çıxmış
"Rəsul Rza və müasir Azərbaycan poeziyası"
adlı kitabında unudulmaz xalq şairinin yaratdığı
novator ədəbi məktəbindən, bütövlükdə
yaradıcılığından çağdaş tənqidin
yeni qənaətləri işığında söz
açılır.
Poeziyada şablonun,
epiqonçuluğun əleyhinə mübarizə
aparmış, stereotipləri dağıdaraq bir çox
meyarları yeniləri ilə əvəz etmiş, modern
şeir formalarına meydan vermiş və beləliklə də
dünya miqyasına çıxa biləcək gözəl ədəbi
nümunələr yaratmış Rəsul Rza Azərbaycan ədəbiyyatının
aparıcı şəxsiyyətlərindən biri idi. Müəllif
qeyd edir ki, milli şeirimizin sərt realizmlə zənginləşməsində,
üslub polifonizminin, fəlsəfi lirikanın, yeni forma
elementlərinin yaranmasında Rəsul Rzanın xidmətləri
hələ lazımınca araşdırılmayıb.
Şairin yaradıcılığına bu yönlərdən
yanaşan tənqidçi poeziyasının baş qəhrəmanının,
əsas mövzusunun və əsas predmetinin böyük hərflərlə
yazılan İNSAN olduğu Rəsul Rzanı məhz ən
ali, ən humanist duyğular tərənnümçüsü
kimi təqdim edir.
"İnsanlığın
keçdiyi yol", "Dünya Rəsul Rza
poeziyasında", "Bir daha "Rənglər" silsiləsi
haqqında", "Rəsul Rza və ədəbi gənclik"
kimi fəsillərdən ibarət olan kitab oxucunu yenidən
ünlü şairin cazibədar dünyasına qovuşdurur.
Böyük türk şairi Nazim Hikmətin, Azərbaycan tədqiqatçılarından
Məmməd Arifin, Məmməd Cəfərin, Əkbər
Ağayevin, Şamil Salmanovun, Gülrux Əlibəylinin, Arif
Abdullazadənin, Nazif Qəhrəmanovun Rəsul Rza
yaradıcılığı barədə yüksək fikirlərini
xatırladan müəllif bir daha təsdiqləyir ki, Rəsul
Rzanın yaratdığı sərbəst şeir dünya
poetik təcrübəsi ilə Azərbaycan müasir
şeirinin vəhdətini əks etdirir. Şairin
novatorluğu daha çox bədii idrak, sənətkarlıq
dünyagörüşü, həyat hadisələrinə
münasibətlə bağlıdır.
Yeni kitabın bir məziyyəti də
burada Rəsul Rza ədəbi məktəbinin
davamçılarının yaradıcılığına
xeyli yer ayrılmasıdır. Əli Kərimin, İsa
İsmayılzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun,
Çingiz Əlioğlunun, Ələkbər Salahzadənin,
Camal Yusifzadənin, Vaqif Nəsibin, Ramiz Rövşənin,
Vaqif Bayatlı Odərin, Zahid Sarıtorpağın və
onlarca digər tanınmış şairin, gənc qələm
sahiblərinin yaradıcılığında Rəsul Rza təsiri
kitabda peşəkar bir şəkildə göstərilir,
konkret ədəbi faktlarla əsaslandırılır. Müəllifin
təhlilləri elmiliyi, səmimiliyi, obyektivliyi ilə
seçilir.
Vaqif Yusifli yeni kitabına otuz il
öncə xalq şairindən "Azərbaycan"
jurnalı üçün aldığı və "Vaxt var
ikən" adlandırdığı müsahibəni də
daxil edib. Şairin yaradıcılıq laboratoriyası,
müasir ədəbi proses, sərbəst şeirimizin mənzərəsi
ilə bağlı olan bu dialoq-müsahibə də son dərəcə
maraqla oxunur, istər-istəməz adamı yaradıcı
düşüncələrə qərq edir. Nəhayət,
qeyd etmək lazımdır ki, "Rəsul Rza və müasir
Azərbaycan poeziyası" kitabı daim axtarışda olan
və axtardığını tapa bilən zəhmətsevər
tənqidçi Vaqif Yusiflinin böyük şairin anadan
olmasının 100 illiyinə gözəl bir hədiyyədir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 26 avqust.- S. 6.