Ömrün
altmışıncı anı
Qafar Cəfər oğlu Cəbiyev
1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində
anadan olub. Gəncə Pedaqoji İnstitutunun tarix
fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1973-74-cü illərdə İsmayıllı rayonunun
Talıstan kənd orta məktəbində tarix müəllimi
işləyib. 1974-76-cı illərdə rayonda çıxan
"Zəhmətkeş" qəzetində məktublar
şöbəsinin müdiri,sonra redaktor müavini, 1978-80-ci
illərdə İsmayıllı Rayon Partiya
Komitəsində təlimatçı vəzifələrində
çalışıb. 1980-ci ildə Azərbaycan EA Tarix
İnstitutunun aspiranturasına daxil olub. 1981-1990-cı illərdə
Tarix İnstitutunun arxeologiya və etnoqrafiya bölməsində
baş laborant, kiçik elmi işçi, elmi işçi,
baş elmi işçi vəzifələrində
çalışıb. 1985-ci ildə namizədlik, 2008-ci ildə
doktorluq dissertasiyası müdafiə edib.
1990-2003-cü illərdə
"Azərbaycan" qəzetinin Şəki-Balakən
bölgəsi üzrə xüsusi müxbiri işləyib. Həmin dövrdə, eyni zamanda, BDU-nun Şəki
filialının dosenti kimi pedaqoji fəaliyyətlə məşğul
olub. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 4 il, 2007-ci ildə isə yenidən 6 il müddətinə
Milli Televiziya və Radio Şurasının üzvü təyin
olunub. Beş monoqrafiya və 100-dən çox elmi məqalənin
müəllifidir. 1969-cu ildən fasiləsiz olaraq jurnalist fəaliyyəti
ilə məşğuldur. Müxtəlif mətbuat
orqanlarında jurnalistikanın ayrı-ayrı janrlarında
1000-dən çox məqaləsi dərc olunub.
"Qızıl qələm" mükafatı
laureatıdır.
Ailəlidir. İki övladı
var.
Azərbaycan mediasında sayılıb-seçilən qələm sahiblərindən biri, elmi ictimaiyyətin isə nüfuzlu etnoqraf-alim kimi yaxşı tanıdığı tarix elmləri doktoru Qafar Cəbiyevin (Cəfəroğlu) 60 yaşı tamam olur.
İxtisarla təqdim etdiyimiz bu anket məlumatından da göründüyü kimi, Qafar müəllimin fəaliyyət dairəsi çoxşaxəlidir. İxtisasca tarix müəllimi olsa da, pedaqoji işlə yanaşı, 40 ildən çoxdur ki, fasiləsiz jurnalist fəaliyyəti ilə məşğuldur. Bunun da təqribən 20 ili respublikanın aparıcı mətbu orqanları olan "Azərbaycan" və "Xalq qəzeti" redaksiyaları ilə bağlıdır. Yeddi ildir ki, Milli Televiziya və Radio Şurasının üzvü kimi məsul bir vəzifəni yerinə yetirir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisidir. Sual yarana bilər: Bir insan eyni vaxtda bu qədər işin öhdəsindən necə gəlir? Haqlı sualdır. Amma fakt budur ki, yorulmaq nə olduğunu bilməyən Qafar müəllim bu işlərin öhdəsindən gəlir, həm də bacarıqla gəlir və bütün sahələrdə nümunə göstərilir. Qafar Cəbiyev o qəbil insanlardandır ki, gördüyü işdən zövq alır, məşğul olduğu sahəni qısa müddətdə incəliklərinə qədər mənimsəyərək söz sahibinə çevrilir.
Qafar müəllim
dəqiqliyi, konkretliyi, məqsədyönlülüyü dəyərləndirən
insandır və bu keyfiyyətlər onun xarakterində cəmləşmişdir.
O, həyatda kor-koranə, taleyin ümidinə yaşayanlardan
deyil. Bu dünyada nə üçün
yaşadığını, haradan gəlib, haraya gedəcəyini,
nədən başlayıb nədə
qurtaracağını... öncədən bilən
insandır. Hər bir şeyin onda dəqiq hesabı,
ölçü-biçisi var. Məhz bu prinsiplə də
yaşayır, yaradır və öz ağlının, fəhminin
gücü ilə uğurlar qazanır.
Peşəkar journalist
1990-cı ilin əvvəlləri
idi. Qəzetimizdə vaxtaşırı
sanballı yazıları dərc olunan Qafar müəllim
redaksiyaya gəlmişdi. O, hələ
İsmayıllıda çıxan "Zəhmətkeş"
qəzetində, daha sonra isə raykomda işlədiyi vaxtlardan
respublikanın mərkəzi qəzetləri ilə, o cümlədən,
"Kommunist"lə fəal əməkdaşlıq edirdi. Respublika Elmlər Akademiyasının Tarix
İnstitutunun aspiranturasına qəbul olunandan sonra on ilə
yaxın idi ki, həmin institutun arxeologiya və etnoqrafiya
bölməsində elmi işlə məşğul idi.
Hal-əhvaldan sonra: Məsləhətə gəlmişəm
- dedi. - Jurnalistikaya qayıtmaq istəyirəm...
- Elm nə tez bezdirdi səni? - deyə soruşdum.
- Yox, bezməmişəm, elə
elmi işin xatirinə bu fikrə düşmüşəm.
Bilirsən, mən arxeoloqam, institutun dörd divarı
arasında nə qədər oturub gözləmək olar ki,
haradasa arxeoloji iş başlayacaqlar, sən də yada
düşəcəksən, göndərəcəklər
ora. Özün də yaxşı bilirsən, demək olar ki,
bu sahə unudulub, heç yanda iş getmir. Əgər
respublika qəzetlərindən birinin bölgə üzrə
xüsusi müxbiri işləsəm, mənim
üçün göydəndüşmə olar. Həm bölgədəki tarixi yerləri, abidələri
öyrənər, məlumatlar toplayar, təbliğ edər, həm
də jurnalistika ilə fəal məşğul olaram. Qələm
işləmədikcə korşalır...
Qafar müəllimin
könlündən ilk növbədə işlədiyi
mövzu ilə əlaqədar arxeoloji abidələrlə zəngin
olan Şirvan, Şəki-Balakən zonası keçirdi.
O vaxt "Kommunist"in həmin bölgələr üzrə
xüsusi müxbirlərinin yeri möhkəm idi. Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində
isə hələ komplektləşmə gedirdi. O,
1990-cı ildən həmin qəzetin Şəki-Balakən
bölgəsi üzrə xüsusi müxbiri oldu.
Qafar Cəbiyevin
peşəkar bir jurnalist kimi potensialı orada
açıldı. Doğrudur, yeni iş yerində fəaliyyətinin
başlanğıcı nəinki bölgədə,
bütövlükdə respublikada olduqca gərgin bir dövrə
- keçən əsrin 90-cı illərinin əvvəllərinə
təsadüf etmişdi. Ölkədə nəzarətsizlik,
özbaşınalıq, xaos, talançılıq, separatizm
baş alıb gedirdi. Belə bir vaxtda o, bu
məsələlərə biganə qalmır, qələmə
aldığı məqalələrdə vətənpərvər
jurnalist kimi öz mövqeyini açıq şəkildə,
cəsarətlə ortaya qoyurdu. Bəzən tənqidi
yazılarında separatizmə dəstək verən,
talançılıqla məşğul olan elə məmurların,
vəzifə sahiblərinin "bostanına daş
atırdı" ki, həmin şəxslər
üçün onu səssiz-səmirsiz aradan götürmək
bir "su içimlik" iş idi. Bir neçə
dəfə buna cəhdlər də edilmişdi. Sadəcə, dostlarının xəbərdarlığı
və özünün tədbirliliyi belə cəhdlərin
qarşısını almışdı.
Yazılarında daim obyektivliyi
gözləməsi, haqqı nahaqqa verməməsi,
düzü-düz, əyrini-əyri yazması, gücsüzün,
imkansızın hüququ tapdalananda, bir qayda olaraq, onun tərəfini
saxlaması və bu zaman böyük ixtiyar sahibləri ilə
"üz-göz" olmaqdan belə çəkinməməsi
ona bölgədə obyektiv jurnalist, imici və çoxlu sayda
dost qazandırmışdı. Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra respublikanın paytaxtında
olduğu kimi, bölgələrdə də tədricən
pozucu qüvvələr zərərsizləşdirildi,
anarxiyanın qarşısı alındı, cəmiyyətdə
siyasi sabitlik yarandı, geniş quruculuq işləri
başlandı, inkişaf və tərəqqinin əsası
qoyuldu. Bu ab-hava Qafar müəllimin təhkim olunduğu
bölgədə də hiss edilirdi. O dövrdə ulu öndərin
təşəbbüsü ilə respublikada aparılacaq aqrar
islahatlar üçün Zaqatala pilot rayon kimi seçilmiş
və ilk eksperimentlərin keçirilməsinə orada
başlanmışdı. Qafar Cəbiyev
rahatlıq nə olduğunu bilmədən gecə-gündüz
çalışır, islahatların gedişatı,
qarşılaşdığı maneələr və
qazanılmış nailiyyətlər barədə silsilə
materialları hazırlayıb operativ şəkildə qəzetə
təqdim edirdi.
Oğuz, Şəki,
Qax və Balakəndən hazırladığı materiallarda
o, ciddi problemlər qaldırır, ictimaiyyətin diqqətini
ekoloji böhran, təsərrüfatsızlıq, məmur
özbaşınalığı kimi konkret neqativ faktlara
yönəldirdi. Şəkidən
hazırlanmış belə tənqidi materiallar rayon icra
hakimiyyətinin o vaxtkı başçısının qəzəbinə
və ciddi etirazına tuş gəlmişdi. Respublikada böyük əks-sədaya səbəb
olan həmin obyektiv tənqidi materiallardan sonra RİH
başçısı öz vəzifəsi ilə
vidalaşmalı oldu.
Quba, Xaçmaz, Qusar, Şabran və
Siyəzən rayonlarında gedən quruculuq işlərindən,
yeniliklərdən, tərəqqidən, habelə regionun
problemlərindən bəhs edən peşəkar
yazıları ona bölgədə böyük hörmət
izzət qazandırmışdır. Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayevin bir dəfə söhbət əsnasında Qafar
müəllim haqqında dedikləri, zənnimcə, bir
jurnalist və insan kimi onu dəqiq xarakterizə edir:
"Bakıda, Naxçıvanda və digər yerlərdə
müxtəlif işlərdə
çalışmışam, rəhbər vəzifələrdə
işləmişəm. Çoxlu sayda jurnalistlə
görüşmüş, söhbət etmiş, müsahibələr
vermişəm. Aralarında bu gün də ünsiyyət
saxladığım dostlarım da az deyil. Bəzən jurnalist kimi özüm də qələmimi
sınamışam, elə sizin qəzetdə xeyli
yazılarım çıxıb. Amma sizə də gizli
deyil ki, çox şərəfli bir peşə olan
jurnalistikanın sıralarına son dövrdə xeyli təsadüfi
adam soxulmuş və onlar əslində,
xoşagəlməz fəaliyyətlə məşğuldurlar.
Buna baxmayaraq, Azərbaycan mediası bu gün simasını
qoruyub saxlaya bilmişdirsə, insanların qəlbində mətbuata
inam hələ güclüdürsə, bu, ilk növbədə
Qafar Cəbiyev kimi peşəsinin şərəfini uca tutan,
vicdanlı, obyektiv, prinsipial, qürurlu jurnalistlərin xidmətidir.
Təsəvvür edin ki, mən onunla bizim bölgədə
xüsusi müxbir kimi fəaliyyətə başlayandan bir il sonra görüşmüşəm.
Rayonumuzun həyatından peşəkarlıqla qələmə
aldığı sanballı yazıları, təhlili materialları,xüsusən, ümummilli liderimiz Heydər Əliyevin
tarixi xidmətlərindən bəhs edən silsilə məqalələrini
oxuduqdan sonra hiss etmişəm ki, bu, adi qələm sahibi
deyil. Bu yazılardan hiss olunurdu ki, o, rayonda görülən
işlərə, inkişafa xaçmazlılardan da çox
sevinir, problemləri səriştəli şəkildə,
obyektiv qaldırır. Odur ki, onu şəxsən
özüm görüşə dəvət etdim. İndiyədək nə əcəb
görüşmədiyimizi soruşdum. Cavab verdi ki, sizin iş rejiminiz həmişə gərgin
olur, vaxtınızı almaq istəmədim. Həm
də buna ehtiyac da olmur, lazımı faktları digər
yoldaşlardan götürürəm. Hələ
rayondan bir informasiya belə yazmamış, "mütləq
başçı ilə görüşməliyəm" -
deyə, iclas apardığım yerdə belə içəriyə
dürtülüb qara-qışqırıq salan, günlərlə
RİH aparatının qarşısında vurnuxan
"jurnalistləri" göz önünə gətirdim.
Bu, təvazökar, ağayana insan nəzərimdə
göylərə qalxdı".
Vətənpərvər
alim
Keçən əsrin
80-ci illərinin söhbətidir. Qafar
müəllim redaksiyaya bir məqalə gətirmişdi.
Səhv etmirəmsə adı beləydi: "Girdiman -
tariximizin təhrif olunmuş səhifəsi". Məqalədə o, Girdiman dövləti (vilayəti)
ilə bağlı faktların, xüsusən yerləşdiyi
ərazinin qəsdən təhrif olunduğunu danılmaz
faktlarla açıb göstərmişdi. Ona görə dəqiq yadımdadır ki, sonradan həmin
məqaləni onun "Bura Vətəndir" kitabında
(Bakı - 2003) bir daha oxudum. Orada göstərilirdi ki,
1958-ci ildə çapdan çıxmış üç
cildlik "Azərbaycan tarixi"nin birinci
cildində deyilir: "Girdiman hökmranlığının
torpaqları... Şamxorçayın şərq
qolu olan Girdiman çayı sahilini əhatə edirdi."
Gənc tədqiqatçı sual edirdi: Axı necə ola bilər: Girdiman tarixini özündə
yaşadan qədim toponimlər (Girdiman çayı,
Cavanşir qalası, Cavanşir gölü...), habelə təbii-coğrafi
və etnik-mədəni faktorların hamısı Şirvan
(İsmayıllı və Ağsu rayonları) ərazisində
olsun, Girdiman hökmranlığı isə Şamxor ərazisində?
Bəs bu tarixi yazanlar bilmirlərmi ki, Şamxor
çayının Girdiman adlı qolu heç yerli-dibli
olmayıb? Mən hələ institutun I
kursunda oxuyarkən bu gülünc fakt haqqında öz fikirlərimi
akademiyanın Tarix İnstitutuna yazmışdım. Heç bir səs-soraq çıxmadı.
Sonra isə o, diqqəti
Azərbaycan Sovet Ensiklopediyasının VI cildindəki məlumata
yönəltmişdi. Orada yazılmışdı:
"Girdiman - Azərbaycanda tarixi vilayət. Qafqaz
Albaniyasının tərkibində idi. Mənbələrdə
Qardman (ermənicə), Qardabani (gürcücə) kimi adı
çəkilir... Girdimanın hansı ərazini
əhatə etməsi haqqında müxtəlif mülahizələr
mövcuddur. Tədqiqatçıların
bir qismi Girdimanın Qazax rayonu, başqaları Şamxor və
Gədəbəy rayonları ərazisində olduğunu
göstərirlər".
- Bu ki, məsuliyyətsizlikdir! - deyə həyəcanla ona baxdım.
- Bu, məsuliyyətsizlik yox,
düşmənçilikdir, - deyə düzəliş verdi. -Tutalım, yazan adamlar düşməndirlər,
yaxud Azərbaycanı yaxşı tanımırlar. Bəs belə
bir məsul işi yerinə yetirənlər - üç
cildlik "Azərbaycan tarixi"ni və
on cildlik ensiklopediyanı hazırlayan alimlərimiz hara
baxırlar? Hər nə gəldi, kor-koranə
çapa verməkmi olar? Axı, bu saxta
tarixdən uzun illər, əsrlər boyu istifadə olunacaq.
Mən onun dediyi
"tutalım, yazan adamlar düşməndirlər" fikrinə
aydınlıq gətirməsini xahiş etdim. Dedi ki,
50-ci illərədək Albaniya dövlətinin tarixi ilə
bağlı tədqiqatlar Moskvanın göstərişi ilə,
əsasən, ermənilərin və ermənipərəst
alimlərin nəzarətində olub. Qafqaz
Albaniyasının tarixinə dair fəsil və bölmələrin
yazılmasına ümumi rəhbərlik isə S. T. Yeremyana
tapşırılmışdı. O da erməniliyini
göstərərək, Albaniyanın və onun tərkib hissəsi
kimi Girdiman hökmranlığının tarixi və ərazilərinin
lokalizəsi ilə bağlı əsas prinsipial məsələlərə
dair faktları qəsdən, həm də məqsədli şəkildə
təhrif etmişdir. Azərbaycan tarixinin
çox mühüm bir mərhələsinə vurulmuş bu
"erməni damğası" Moskvanın təkidi ilə
bizim öz tarixşünaslığımıza da
ötürülüb, fundamental nəşrlərdə, hətta
ensiklopediyada belə bir həqiqət kimi öz əksini
tapmışdır. Təəssüf ki,
bizim bəzi alimlərimiz də öz tədqiqatlarında bu
saxta məlumatlara əsaslanmışlar.
- Tarixən vətəni olmayan,
qaraçılar kimi, dünyanı gəzib-dolaşan ermənilər,
nəhayət gəlib Qafqaza toplaşaraq, burada Azərbaycan
torpaqlarının hesabına özlərinə dövlət
və saxta tarix yaratmaq eşqinə düşmüşlər.
Hətta onlar "dənizdən-dənizə
Böyük Ermənistan" mifini də ortaya atıblar.
Özlərini Qafqaz Albaniyasının varisi kimi qələmə
vermək üçün qədim alban məbədlərini,
kilsələrini "erməniləşdirmiş", o
cümlədən Girdiman tarixi, torpaqları ilə
bağlı əsl həqiqəti ört-basdır edərək,
saxta yolla onu hazırda məskunlaşdıqları əraziyə
yaxınlaşdırmağa çalışmışlar. Bu
işlərin görülməsində onlara Rusiya və
xristian təəssübkeşliyini üstün tutan
güclü Qərb dövlətləri də kömək
göstərmişlər...
Saxta tarixi ifşa
edib, Girdimanın həqiqi tarixini yazmağa
çalışacağam. Sübut eləyəcəm
ki, Girdiman dövlətinin torpaqları indiki Ermənistanın
yaxınlığında yox, məhz Şirvan ərazisində,
Kür çayının sol qolu olan Girdiman
çayının ətrafında yerləşirdi...
Qeyd etdiyim kimi, Qafar
müəllimlə bu söhbətimiz olanda hələ sovet
dövrü idi. Nəhəng Sovet
İttifaqı dünyaya meydan oxuyurdu. Milli
zəmində münaqişələr də hələ
başlanmamışdı. Onun vətənpərvərliyinə
heyran qalsam da, özlüyümdə fikirləşdim ki, zəhməti
hədər gedəcək. O dövrdə bunları
ortalığa çıxarmaqmı olardı? Amma, necə deyərlər:
sən saydığını say, görək
fələk nə sayacaq. Bir-neçə ildən
sonra dünya dəyişdi, aləm bir-birinə
qarışdı, SSRİ dağıldı və Azərbaycan
dövlət müstəqilliyi qazandı.
Bundan sonra onunla
görüşlərimdə o söhbətin üstünə
bir daha gəlmədik. Öyrəndim ki, Azərbaycanda
keramika istehsalının tarixi ilə bağlı dissertasiya
müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi
alıb. Sonra fəal jurnalistika ilə məşğul
oldu.
Və bir gün görüşərkən
dedi ki, Girdimanın tarixinə dair doktorluq üzərində
işləyir. Söhbət elə gətirdi ki,
öz kəndimizdəki "Torpaq qala" barədə məlumat
verdim. Və əlavə etdim ki, indiyədək
bu abidə ilə heç kəs maraqlanmayıb. Bir
neçə əlavə sual verdi və
aldığı cavablardan gözlərinə işıq gəldi:
"Vaxtın varsa, sabah gedək ora" - dedi.
- Bir həftə sonra - dedim.
Ünvanı yazdı: Ağsu
rayonu, Bəyimli kəndi. "Sabah özüm yola
düşürəm", - dedi.
Ertəsi günü elə oradan
mənə zəng edərək sevincini gizlətmədi: - Deyəsən,
Mehrəvan şəhərinin yerini tapdıq!
2004-cü ilin may ayında Qafar Cəbiyevin
rəhbərliyi altında Bəyimlidəki "Torpaq
qala"da kəşfiyyat xarakterli ilkin arxeoloji tədqiqat
işləri aparıldı. Qalada 4 yerdə
yoxlama qazıntısı qoyuldu. Nəticələr
bu qalanın Mehranilərin Albaniyaya gəlişi zamanı tikilən
Mehrəvan (Girdiman) şəhərinin bir hissəsi
olduğunu təsdiqlədi.
Bundan sonra Qafar Cəbiyev
doktorluq dissertasiyası üzərində daha gərgin işləməyə
başladı və tarixi-arxeoloji tədqiqatını yeni
faktlar və arqumentlərlə xeyli zənginləşdirdi.
Qafar müəllimin
2008-ci ilin mart ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunda elmlər doktoru alimlik dərəcəsi almaq
üçün dissertasiya müdafiəsində mən də
iştirak edirdim. Tam səmimiyyətlə deyə bilərəm
ki, Müdafiə Şurasının sədri, akademik Teymur
Bünyadovun rəhbərliyi ilə aparılan həmin iclas mənə
həmişə arzusunda olduğum, görmək istədiyim
işgüzar bir elmi diskussiyanı xatırlatdı və bir
neçə gün onun təsirindən çıxa bilmədim.
Rəsmi opponentlər - AMEA-nın müxbir üzvü, tarix
elmləri doktoru, professor V. Əliyevin, tarix elmləri doktoru Q.
Hacıyevin, memarlıq doktoru V. Kərimovun rəylərində,
görkəmli alimlərin çıxışlarında,
diskussiyalarda Qafar müəllimin ünvanına səslənən
ən yüksək qiymətləri, habelə sualları
cavablandırarkən onun gətirdiyi təkzibolunmaz dəlil və
arqumentləri dinlədikcə, dostum və həmkarımın
uğurlarına görə qəlbim dağa döndü.
Qafar Cəbiyevin 38,5
çap vərəqi həcmində "Girdiman tarixi (IV-IX əsrlər)"
kitabı bu yaxınlarda çapdan
çıxmışdır. AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Yaqub
Mahmudovun əsərə yazdığı ön sözdə
deyilir: "Qafar Cəbiyev tərəfindən təqdim olunan
Girdiman tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə,
tarix elmimizin də böyük uğurudur. Müəllifin Girdimanın IV-IX əsrlər tarixinə
həsr olunmuş əsəri elmimizdə yenilikdir, tarixi
saxtalaşdıranlara, xüsusilə erməni saxtakarlarına
tutarlı cavabdır, tarixi həqiqəti müdafiə edən
araşdırmadır".
Bir dəfə Qafar
müəllimi tarixçi kimi təqdim etdilər. Dərhal
düzəliş verdi: "Mən
arxeoloqam". "Nə fərqi var, eyni şey
deyilmi?" Xeyr, - dedi. -Tarixçinin iş yeri arxivlər,
kabinetlərdir. Arxeoloq isə arxeoloji abidələri
arayıb-tapmaq, tədqiq etmək üçün
ömrünü-gününü ailədən, ev-eşikdən,
kabinetdən uzaq, çöl şəraitində keçirir.
Yolu uca dağlardan, sərt yamaclardan, ilan mələyən
susuz çöllərdən, vahiməli mağaralardan,
xarabalıqlardan keçir. İstiyə-soyuğa,
yağışa-qara dözməli olur. Tarixçinin
aləti qələm-kağızdır, arxeoloq isə külüng,
bel, bıçaq, şotka, biz, iynə ilə işləyir.
Qazılan hər qarış yeri, atılan bir ovuc
torpağı dönə-dönə nəzərdən
keçirir, bəzən ələyir, tapıntıları
qeydə alır, şəklini çəkir, analizə
göndərir və sair...
O, arxeoloq olması ilə fəxr
edir və deyir ki, gərək bu işin fanatı olasan. Torpağın altından tapıb üzə
çıxarılan hər hansı bir eksponat hələ
özlüyündə heç nə deyil. Gərək
onu dilləndirə biləsən, sual verib, cavab almağı
bacarasan... Son vaxtlar onun rəhbərliyi
altında Qəbələ, Ağsu, İsmayıllı,
Kürdəmir və digər yerlərdə arxeoloji tədqiqatlar
aparılmış və uğurlu elmi nəticələr
qazanılmışdır. Hazırda Q. Cəbiyevin rəhbərliyi
ilə Ağsu rayonunun ərazisində yerləşən orta əsr
Ağsu şəhərinin xarabalıqlarının arxeoloji
baxımdan öyrənilməsi sahəsində
qızğın iş gedir. Burada aşkara
çıxarılan orta əsr Azərbaycan şəhərinə
aid zəngin eksponatlar, tarixi, maddi mədəni nümunələr,
nəinki yerli, hətta əcnəbi mütəxəssislərin
də böyük marağına səbəb olmuşdur.
Həmin ərazidə olan Milan Politexnik Universitetinin professoru Luici
Skrinzi orada görülən işlərdən məmnun
qalaraq demişdir: "Mən doktor Qafar Cəbiyevlə bir
neçə aydır ki, tanış olub
dostlaşmışam, istedadlı və işgüzar alimdir. Onun rəhbərliyi altında Ağsu şəhərinin
tarixinin arxeoloji cəhətdən öyrənilməsi sahəsində
çox böyük uğurlar qazanılmışdır.
Mən onun zəkasına, səmimiyyətinə,
işgüzarlığına, özünü və ətrafındakıları
səfərbər etmək məharətinə heyranam. Mən alim dostumun uğurlarına çox sevinir və
onunla fəxr edirəm".
Bu qeydlərdə
Qafar müəllimi iki cəhətdən - jurnalist və alim
kimi təqdim etməyə çalışdım. Digər
cəhətlərdə də onun barəsində deyiləsi
söz kifayət qədərdir: sədaqətli dost, təmiz
mənəviyyat və əqidə sahibi, xeyirxah insan, nümunəvi
ailə başçısı. Sağlıq
olsun, bunlar barədə, inşallah, qarşıdakı
yubileylərində söz açarıq.
Qüdrət PİRİYEV
Xalq qəzeti.- 2010.- 27 avqust.- S. 5.