ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı önəmlidir: Azərbaycan, yoxsa Ermənistan?

 

    Müasir beynəlxalq münasibətlər sistemi bu sistemin tərkib elementləri olan subyektlərin maraqları üzərində qurulan və öz rəngarəngliyi ilə seçilən vahid bir mexanizmdir. Bu mexanizmdə müxtəlif gücə malik olan elementlər qarşılıqlı olaraq itələmə, cəlbetmə və cəzbetmə qüvvələri vasitəsilə təmas qururlar.

 

    Dünyanın ən mühüm iqtisadi və siyasi mərkəzi rolunu oynamaq mövqeyini əlində saxlayan ABŞ-ın bütün dünya regionlarında super dövlət kimi, maraqlarını əks etdirən iqtisadi, siyasi və hərbi maraqları formalaşmaqdadır. ABŞ-ın iqtisadi və hərbi qüdrəti əksər regionların dövlətlərinin özünə cəlb edilməsinə şərait yaradır. Beynəlxalq münasibətlər sisteminin qruplaşmasının regional, universal və ixtisaslaşmış aspektlərini nəzərə alaraq onu qeyd etmək olar ki, ABŞ beynəlxalq münasibətlərin müvafiq istiqamətlər üzrə qruplaşmasında əsas rol oynayır. Dünya siyasət sisteminin mərkəzi cəlbedici elementi rolunda Vaşinqton iştirak edir. Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlər sisteminin ümumdünya coğrafiyasında, ümumi struktur quruluşunda ABŞ-la yanaşı, Rusiya, Avropa İttifaqı, Çin kimi aparıcı elementlər də mövcuddur. Həmçinin, beynəlxalq münasibətlər sisteminin genişlənmiş-şaxələnmiş strukturlarında Hindistan, Kanada, Avstraliya, Meksika, Braziliya, Türkiyə, İran kimi regional səviyyədə beynəlxalq münasibətlər sisteminə təsir edən və eləcə də beynəlxalq münasibətlərdə hərəkət trayektoriyasının istiqamətlərini müəyyənləşdirən fərqli gücə malik olan subyektləri də vardır.

    Bir məsələni xüsusi olaraq qeyd etmək olar ki, qlobal və regional səviyyədə formalaşan beynəlxalq münasibətlər sistemində subyektlərin hərəkət trayektoriyasını öz xüsusiyyətlərinə görə dəmir (zəncir) və rezin (yaylı) əsasında qurulan münasibətlərə bölmək olar. Vaxtilə soyuq müharibə dövründə dünyanın ikiqütblü siyasi sisteminin yaranmasının bazasında məhz bu elementlər - siyasi amillər əsas rol oynayıb və iki müxtəlif sistem arasında kəskin qarşıdurma, siyasi rəqabət həyata keçirilibdir. XX əsrin 90-cı illərinə qədər beynəlxalq münasibətlər sisteminin vahid mexanizmində hər bir super mərkəzin öz təsir dairəsi mövcud olubdur. İkiqütblü dünya düzəni dağıldıqdan sonra Avroatlantik sistem öz məkanını genişləndirib və Şərqi Avropanın, demək olar ki, bir neçə ölkəsini çıxmaq şərtilə, öz təsir dairəsinə daxil edibdir. Artıq Avroatlantik məkanda mərkəzi (ABŞ) və yardımçı, birləşdirici (Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və müəyyən məsələlərdə Türkiyə) mərkəzlər yaranıbdır. İkiqütblü dünya düzəninin dağılmasından sonra dəmir (zəncir) əsasında qurulan beynəlxalq münasibətlər sistemi rezin (yaylı) əsasında qurulan beynəlxalq münasibətlər sisteminə uduzdu və birinci beynəlxalq münasibətlər sisteminin mərkəzi elementi öz ətrafındakı subyektləri buraxmaq məcburiyyətində qaldı. SSRİ kimi qüdrətli dövlətin iqtisadi gücünün zəifləməsi, ayrı-ayrı cəmiyyətlərdə yaşanan sosial çətinliklər, etnik-milli problemlər, qeyri-tarazlıqların mövcudluğu, həmçinin kənardan dəyən zərbələr sistemin dağılmasına səbəb oldu.

    Avroatlantik məkanına uduzması ilə barışmayan və sosialist sisteminin mərkəzi elementi olmuş Rusiya son bir neçə ildə iqtisadi cəhətdən gücləndikcə, ətraflara doğru genişlənmə strategiyasını inadla həyata keçirməyə başladı. Tarixdən məlumdur ki, Rusiyanın geostrateji maraqları ondan ibarət olub ki, bu dövlət daima öz maraqlarını ətraf coğrafi məkan üzrə radiuslu, çevrəli dalğalar üzrə (birinci dalğa, ikinci dalğa və s.) həyata keçirib. Siyasətin reallaşması nəticəsində Rusiya ətrafında birinci, ikinci, hətta üçüncü "çəpər zolaqları" yaranıb. Nəzərə almaq lazımdır ki, istənilən böyük dövlətin marağının ətraflara doğru genişlənməsində həmin dövlətin iqtisadi inkişafı baza rolunu oynayır. Rusiya iqtisadi cəhətdən inkişaf etdikcə, keçmiş SSRİ məkanında tarixi xüsusiyyətli siyasətini təkrar tətbiq etməyə başlayıb və bu gün də bu siyasəti yüksələn xətlə icra etməkdədir. Rusiya özünün enerji imkanları vasitəsilə ("Şimal axın" və "Cənub axın" adlanan enerji layihələrini reallaşdırma siyasəti) özünün Qərbə təzyiqlərini artırmaq siyasəti yeridir və Qərbin keçmiş SSRİ məkanına girişinə əlavə sədlər çəkmək istəyir. Rusiya öz geoiqtisadi genişlənməsində radiuslu dalğalar üzrə yayılma strategiyasına üstünlük verir.

    Müasir Rusiyanın başlıca marağı Qara dəniz-Xəzər dənizi regionunda, slavyan məkanında, eləcə də İslam dünyasında güclənməkdən ibarətdir. SSRİ-nin dağılmasının ardınca və Rusiyanın zəifləməsindən istifadə edən ABŞ, ilk növbədə, öz iqtisadi və siyasi imkanlarından (maliyyə yardımı, transmilli korporasiyaları vasitəsilə sərmayə qoyuluşunu həyata keçirmək) yararlanaraq Sovet İttifaqından qopmuş zəif elementləri öz tərəfinə çəkə bildi. Xəzər regionu kimi, enerji baxımından zəngin, sivilizasiyaların toqquşduğu və qovuşduğu, dünyanın "bel qurşağına" aid olan məkanı ələ keçirmək uğrunda siyasəti reallaşdırdı. Xəzər regionuna ən əlverişli keçid qapısı isə Azərbaycan oldu. Azərbaycan ABŞ-dan, eləcə də Avropadan Mərkəzi Asiyaya keçən siyasi dalğalar üçün həm transmərkəz rolunu oynadı, həm də transötürücü funksiyanı yerinə yetirdi və bu gün də həmin siyasət olduğu şəkildə davam etməkdədir. Bir məsələni xüsusi olaraq qeyd etmək olar ki, beynəlxalq münasibətlər sistemi ayrı-ayrı coğrafi məkanlarda yerləşən elementlərin qarşılıqlı fəaliyyətindən təşkil edilibdir. Bu baxımdan da münasibətləri, əlaqələri təmin edən tellər də elementlərdən keçir. Hər bir coğrafi elementin (subyektin) regional və qlobal səviyyədə özünəməxsus transötürücü gücü vardır. Məsələn, Türkiyə bu baxımdan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir və ABŞ-ın Xəzər və Ön Asiyada maraqlarının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Türkiyə ABŞ üçün transbirləşdirici və transötürücü element rolunu oynayır. Nəzərə almaq lazımdır ki, dünyada mövcud olan siyasi cərəyanlar ayrı-ayrı elementlərdən (subyektlərdən) keçir və bu zaman müəyyən maneələrlə qarşılaşır. Hər bir elementin öz marağı buna mane ola bilir. Beynəlxalq siyasi cərəyanlar hər bir coğrafi məkanda eyni səviyyəli həcmə-miqyasa malik olmur. Belə ki, güc mərkəzləri aralarındakı aralıq coğrafi məkanlar digər məkanlara nisbətən xüsusi rol oynayır və bu baxımdan aralıq elementlər təsir imkanlarına malikdir. Sivilizasiyaların qarşılaşdığı məkanlar, məsələn, Latın Amerikası ilə ABŞ sərhədləri, Qərbi və Şərqi Avropanın aralıq coğrafi məkanları, Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi regionları, Qırmızı dəniz-Fars körfəzi regionları... buradakı elementlər beynəlxalq siyasi cərəyanların ən çox keçdiyi sahələr və obyektlər rolunu oynayırlar. Beynəlxalq münasibətlər sisteminin aparıcı elementləri olan və güc mərkəzləri hesab edilən dövlətləri, dövlət birlikləri aralarında rəqabət də əsasən bu aralıq məkanlarda həyata keçirilir. Bu baxımdan da Rusiya ilə ABŞ arasında, eləcə də Çin ilə ABŞ, Çin ilə Rusiya arasında rəqabət mübarizələri əsasən bu aralıq coğrafi regionlarda mövcud olur. Nəzərə almaq lazımdır ki, bu aralıq məkanlar öz ümumi iqtisadi potensiallarına, əhalinin çoxluğuna, dini mərkəzlərin yerləşməsinə görə, dünya siyasi sistemini həm parçalamaq, həm də birləşdirmək gücünə malikdir və bu məkanlardan keçən siyasi cərəyanlar özləri ilə birləşdirici və dağıdıcı ünsürləri daşıyırlar.

    Dünyanın "siyasi bel qurşağı" kimi adlandırıla biləcək regionlar beynəlxalq münasibətlər sisteminin kövrək hissələridir və bu regionlara ehtiyatlı regionlar kimi baxmaq lazımdır. Çünki bu regionlardan dünya sivilizasiyası başlayıb (məsələn, Qədim Şumer-Akkad sivilizasiyası- Qədim İkiçayarası sivilizasiya, Misir sivilizasiyası, Ön Asiya mədəniyyəti, Qədim Yunanıstan, Roma, Çin, Hindistan kimi mədəniyyət mərkəzləri bizə məlumdur). Dünyanın səmavi dinlərinin mərkəzləri də bu ərazilərdədir. Məlumdur ki, dini amillər də beynəlxalq münasibətlər sisteminin formalaşmasında, beynəlxalq münasibətlər cərəyanının xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır.

    Azərbaycan və Ermənistan Cənubi Qafqazın subyektləri olaraq, regional beynəlxalq münasibətlər sisteminin elementləridir. Azərbaycan Avro-Asiya siyasi cərəyanları üçün keçid məkan rolunu oynayır. Ermənistan isə fərqli və kiçik imkanlara malik olan dövlətdir. ABŞ-ın hər iki dövlətdə strateji maraqları vardır. Lakin beynəlxalq münasibətlər sisteminin xüsusiyyətlərini nəzərə almaq baxımından hesab etmək olar ki, bu maraqların səviyyəsi eyni ola bilməz. Maraqların təmin edilməsində coğrafi amil, dövlətin böyüklüyü, o cümlədən iqtisadi vəziyyəti, xarici siyasətinin xüsusiyyətləri, dövlətin daxili sabitliyi və s. kimi amillər böyük rol oynayır ki, bu amillər də tərəflərdə tamamilə fərqli dərəcədə mövcuddur. Azərbaycan regionun aparıcı subyekti olaraq ABŞ-a daha yaxın və faydalı dövlətdir. Belə elmi-siyasi mövqenin bildirilməsi heç də beynəlxalq münasibətlərin elementlərinə qarşı fərqli münasibəti (ayrı-seçkilik) bildirməkdən ibarət deyil, tamamilə reallıqdan irəli gəlir.

    Azərbaycan Ermənistana nisbətən ABŞ-ın region maraqlarının təmin edilməsində daha çox əhəmiyyət kəsb edən bir dövlətdir. Bunu aşağıdakı şəkildə qısa olaraq əsaslandırmaq olar:

    Birincisi, hər bir element beynəlxalq münasibətlərdə özünəməxsus qaydada davranış nümayiş etdirir. Beynəlxalq elementin davranışı onun maraqlarının təmin edilməsinin yollarını, istiqamətlərini, üsul və qaydalarını əks etdirir. Hər bir elementin sistemdə davranışı həmin elementin təmsil olunduğu xalqın milli xüsusiyyətlərinə əsaslanır. Beynəlxalq münasibətlərdə humanist davranış nümayiş etdirən Azərbaycan dövləti öz xalqının milli xüsusiyyətlərinə cavab verən hərəkətlər edir. Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində xarici siyasətinin başlıca prinsipi, baza xətti beynəlxalq hüququn hamılıqla tanınmış ümumi prinsiplərinə yüksək səviyyədə əməl etməkdən ibarətdir.

    İkincisi, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir və regionun aparıcı elementidir, kifayət qədər geniş təsir imkanlarına malikdir.

    Üçüncüsü, Azərbaycan heç bir zaman başqa dövlətin ərazisinə göz dikmək niyyətində deyil və onun dinc xarakterli xarici siyasəti bölgədə sülhün təmin olunması üçün ən gözəl şəraitin yaradılmasını zəruri edir.

    Dördüncüsü, Azərbaycanın daxili iqtisadi potensialı bu dövlətin siyasi hakimiyyətlə vətəndaşlar arasında münasibətlərin normal səviyyədə və məzmunda tənzimlənməsinə imkan verir, cəmiyyətdə sabitlik təmin edilir. Bu amil də Azərbaycanda ABŞ-ın strateji maraqlarının maneəsiz təmin olunması üçün şərait yaradır.

    Beşincisi, Azərbaycanla Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri Vaşinqtonun Ankara vasitəsilə regionda iştirak etməsi üçün yüksək səviyyədə şərait yaradır.

    Altıncısı, Azərbaycanın beynəlxalq balanslaşdırma siyasəti ölkədə böyük dövlətlərin kəskin rəqabətinin qarşısını alır.

    Yeddincisi, Azərbaycan bir müsəlman ölkəsidir və hər zaman xristian dünyası ilə İslam dünyası arasında regionda yaşanacaq əbədi barışığın (dinlərarası dialoq vasitəsilə) təminatçısı kimi mühüm rol oynayır.

    Səkkizincisi, Azərbaycanda digər dövlətlərin hərbi bazaları mövcud deyildir. Azərbaycan beynəlxalq səviyyədə qlobal silahlanmanın əleyhinədir və müharibələri, bir qayda olaraq, rədd edir.

    Doqquzuncusu, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücü vardır və bu fakt da burada böyük dövlətlərin strateji maraqlarının "şişməsinə" imkan verə bilməz. Bu amil də ABŞ üçün sərfəlidir.

    Onuncusu, Azərbaycan ABŞ və Qərb üçün Rusiyadan yan keçməklə Xəzərə əlverişli və təhlükəsiz çıxışı olan yeganə dövlətdir. ABŞ Azərbaycandan dayaq, siyasi xətləri ötürücü, yayıcı element kimi səmərəli şəkildə istifadə edə bilər.

    Onbirincisi, Azərbaycan Rusiya və İran sərhədlərində yerləşir və Şimaldan və Cənubdan gələn təhlükələrin zərərsizləşdirilməsi üçün siyasi "yastıq" rolunu oynayır.

    Ermənistan isə ABŞ üçün Azərbaycan qədər müsbət rol oynaya bilməz. Bunu aşağıdakı şəkildə izah etmək olar:

    Birincisi, Ermənistan iqtisadi cəhətdən zəif və əhalisinin sayı az olan ölkə kimi ABŞ-ın Cənubi Qafqazda, eləcə də Xəzər regionunda strateji maraqlarının təminatı naminə mövcud beynəlxalq siyasi cərəyanın təminedici-qəbuledici və ötürücü elementi rolunu oynaya bilməz və buna onun gücü çatmaz.

    İkincisi, Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistan əsaslı beynəlxalq və regional iqtisadi layihələrdən təcrid vəziyyətində qalıb. Ölkənin daxili iqtisadi resurslarının çatışmazlığı ucbatından bu dövlətin siyasi hakimiyyətinin öz vətəndaşları ilə münasibətləri tənzimləmək iqtidarında olmadığına görə daim qeyri-sabitliyin hökm sürəcəyi bir subyektə çevrilibdir. Bu baxımdan Ermənistan ABŞ-ın region maraqlarını təmin etmək iqtidarında ola bilməz.

    Üçüncüsü, ABŞ Ermənistana dayaq elementi kimi baxarsa, o, beynəlxalq hüquqa hörmət qoymayan və öz qeyri-normal davranışı ilə beynəlxalq hüquq normalarının əksinə siyasət yeridən bir dövlət olaraq daima Vaşinqtondan işğalı dəstəkləmək siyasətini tələb edəcək ki, bu amil də ABŞ-ın dünyada insan hüquqlarının müdafiəçisi və demokratik ölkə imicinə xələl gətirər.

    Dördüncüsü, ABŞ Ermənistanın işğal siyasətini dəstəkləməklə bu ölkədə yaşayan erməni lobbisinin həmişəlik təzyiqləri ilə üzləşmək zərurəti ilə üzbəüzdür ki, bu da Vaşinqton-Ankara münasibətlərinin zəifləməsinə səbəb ola bilər.

    Beşincisi, Rusiyanın nəhəng hərbi bazasını ərazisində saxlayan və əslində, Rusiyanın "forpostu" rolunu oynayan Ermənistan ABŞ-ın maraqlarına cavab verəcək səviyyədə siyasət həyata keçirə bilməz və gələcəkdə də bu addımı ata bilmək iqtidarında deyil.

    Altıncısı, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda hərbi əməliyyatlara başlarsa, Ermənistanın təqsiri üzündən regionda pozula biləcək sabitlik ABŞ-ın Xəzər regionunda strateji maraqlarını təhlükə altında qoya bilər.

    Yeddincisi, Ermənistan daim Rusiyanın Cənubi Qafqazda güclənməsinə xidmət edəcəkdir ki, bu amil də ABŞ-ın regiondakı maraqlarına zərbədir. 2008-ci ilin avqust Gürcüstan hadisələri göstərdi ki, Rusiya siyasi rəqabətdə ABŞ-a qalib gəldi. Moskvanın regionda geosiyasi dayaqlarının sayı artdı.

    Səkkizincisi, Rusiya ilə Ermənistan arasında münasibətlər dəmir əsasında qurulub və ABŞ bu münasibətləri yaylı əsaslara keçirə bilməz. Ermənistan daim Rusiyadan zəncir kimi sallanacaqdır ki, bu da ABŞ-ın Xəzər regionunda dövriyyəli siyasət cərəyanına mənfi təsirlərini göstərəcəkdir.

    Yuxarıda qeyd edilənləri nəzərə alaraq demək olar ki, ABŞ Türkiyəni Ermənistanla sərhədi açmağa, yaxud hər hansı digər əlaqələr qurmağa təhrik etməklə Azərbaycanı incik sala və onu Rusiya yönümlü addımlar atmağa təhrik edə bilər. Odur ki, ABŞ beynəlxalq siyasi şəraiti və gedişatı düzgün qiymətləndirərək özünün Azərbaycana qarşı siyasətini birmənalı və real əsaslar üzərində qurmalı və rəsmi Bakını regionda ən birinci strateji müttəfiqi hesab etməlidir.

 

 

    Elşən NƏSİBOV,

    politoloq

 

   Xalq qəzeti.- 2010.- 27 avqust.- S. 4.