Xatırlama

 

    Anadan aktyor doğulmuşdu

 

    Dünya kinosunda uşaq rolları ifa edən cocuqları çox görmüşük. Rejissorlar həmişə onlarla işləməyi çətin və məsuliyyətli hesab ediblər. Özünüz təsəvvür edin: balaca uşaq kamera qarşısına çıxır və böyük sənətə qulluq edir. Amma görünür istedad üçün yaş sərhədi yoxdur. Hamının sevib qəlbində yaşatdığı, mərhum aktyorrejissor Ceyhun Mirzəyev də elə uşaqlığından öz istedadını göstərmiş və "Ögey ana" filmində balaca İsmayılın klassik obrazını yaratmışdı. O vaxt Ceyhun Bakının 26 saylı məktəbinin 5-ci sinfində oxuyurdu. Milyonlarla tamaşaçını öz təbii oyunu ilə riqqətə gətirən bu balaca aktyorun daxilində hədsiz enerji var idi.

 

    Rejissor Həbib İsmayılov bu rola 100-ə qədər uşağı sınaqdan keçirmişdi. Ancaq bu balaca uşağın həvəsi, rola daha çox uyğunluğu onu biganə qoymamışdı. Ceyhun İsmayılı çox istedadla oynadı. Elə bil ssenari yazılarkən bu rol məxsusi onun üçün nəzərdə tutulmuşdu.

    İsmayıl filmin baş qəhrəmanlarından biridirbütün obrazlar bilavasitə onunla bağlıdır. O, bütün vücudu ilə aktyorluq edir. Qaş-gözü də, oturub-durmağı da, ağlayıb-gülməyi də təbiidir. O, sanki uşaq yox, çox təcrübəli bir aktyordur.

    Doğrudur, bu filmə qədər Ceyhun "Görüş", "Bir məhəlləli iki oğlan" filmlərində balaca bir epizod oynamışdı. İstedad gizləniləsi şey deyil. O, haçan olsa özünə yol tapır. Ceyhun İsmayılı necə də uğurlu yaradıb. O vaxt çoxları bu rola həsəd aparırdı. Bəlkə də, neçə-neçə uşaq o vaxt aktyor olacağını məhz bu filmə tamaşa etdikdən sonra qərara almışdı.

    Hərdən bu filmdə Ceyhunun oynadığı epizodları xatırlayıram. Sifətindəki cizgilərə qədər bütün varlığını filmə yönəldib bu balaca aktyor. İstər atası ilə, istər ögey anası ilə, istərsə də nənəsi və ögey bacısı ilə münasibətlərində seçdiyi maneralar adamı əsl mənada heyran edir. O, dəcəldir, amma həm də ağıllı uşaqdır. Hər şeyin yerini bilir. Gözəl də ürəyi var. İntəhası, nənəsinin yersiz öyüdləri onu bəzən çaşdırır, o, həqiqəti gecolsa dərk edir. Siz onun filmin finalında ana deyib "ögey ana"sını qucaqlarkən yaratdığı səhnəni, yəqin ki, xatırlayırsınız.

    Ceyhunun bu filmdəki istedadı, oyun tərzi çox az zamanda yerlixarici rejissorların diqqətini çəkmişdi.

    Kino mütəxəssislərinin yekdil fikri belədir ki, Ceyhun Mirzəyev İsmayılın sonrakı taleyini oynadığı "Fəryad" filmindəki işi "Ögey ana" səviyyəsinə yüksələ bilməmişdi. Onda Ceyhun kinorejissor kimi filmi özü çəkmişdi. "Fəryad"ı Qarabağ uğrunda döyüşlərə həsr etmişdi. Bu müqayisə,bəlkə də qüsurludur, amma, belə düşünürəm ki, balaca İsmayıl daha çox həssasdır, daha maraqlı obrazdır.

    Bu gün müharibə mövzusunda çəkilən ən dəyərli ekran əsərlərimizdəndir "Fəryad". Görünür, o, bu ağrılara tab gətirə bilmədi. Çünki çəkiliş vaxtı yaratdığı situasiyalar o qədər təbii alınırdı ki, istər-istəməz həm rejissor, həm də aktyor kimi o ağrıları çəkməli olurdu.

    Ancaq "Fəryad" çox ağrılı film idi. Onun yaradılması Azərbaycan kinosunun böhran dövrünə təsadüf etmişdiCeyhun böyük sənət qəhrəmanlığı göstərib bu filmi yaratmışdı.

    İlk böyük işi də, son işi də İsmayıl oldu. Biri "Ögey ana"da, o biri isə "Fəryad"da. "Fəryad"ı tamamlamışdı. Çox az qalmışdı. Bir az montajdan, bir az da səsləndirmədən. Günlərin birində eşitdik ki, Ceyhun ürək tutmasından keçinib.

    Bu elə vaxt idi ki, müharibə davam edirdi. Cəbhədən hər gün onlarla igid oğlanlarımızın tabutu gətirilirdi. Ceyhun isə "Fəryad"la vuruşurdu. Ürəyi dözmədi. O da şəhid oldu. Sözün əsl mənasında Şəhid. Amma sağ olsun filmin ssenari müəllifi Vaqif Mustafayevi. "Fəryad"ı tamamladı, heç özünü rejissorluğa şərik etmədi.

    Sonra illər ötüşdü. "Mateo Falkone"də göründü, "Yenilməz batalyon"da arabanı mənzilə çatdırmağa can atdı. 1970-ci ildə Hüseyn Seyidzadə onu "Dəli Kür"də Osman rolunda çəkdi. Püxtələşmişdi, böyümüşdü. Arzusu rejissor olmaq idi Ceyhunun. İncəsənət İnstitutunda rejissorluq təhsili aldı.

    Amma o, filmlərini hələ bir az sonra çəkəcək. Ekranlarımıza mərhum rejissor Teymur Bəkirzadənin "İşgüzar səfər" filmi çıxarılanda Ceyhun artıq studiyada işləyirdi. "Mozalan" satirik kinojurnalının bədii rəhbəri idi. Yüzlərlə "Mozalan" süjetinə quruluş vermişdi. Bir-birindən maraqlı kəsərli süjetlər idi. Ceyhunun rejissorluğunda bir yumşaq komizm var. Onun süjetlərinə tamaşa edənlər uzun müddət filmin təsirində olurlar. Burada hər şey bütöv olardı. Ümumiyyətlə, yarımçıq işi xoşlamazdı. Bircə "Fəryad"ı yarımçıq qaldı.

    Ceyhun Mirzəyev zamanın, dövrün nəbzini tutmağı bacaran rejissor idi. Aktyor kimi oynadığı rolların hər birində onun öz şəxsi keyfiyyətləri var. Məsələn, xeyirxahlıq, çılğınlıq, sözünə bütövlük s. Onun rolları tamaşaçını həmişə düşündürüb, təsirləndirib. Kinorejissor Vaqif Mustafayev Ceyhunu "Yaramaz"da çəkmişdi. Burada isə aktyor kimi o, tamam yeni bir ampluadadır. Onun qəhrəmanı tədbirli, sakit mülayim insandır.

    Çingiz İldırıma həsr etdiyi "İşarəni dənizdən gözləyin" filmi rejissor kimi ilk böyük işi oldu. Bu filmdə uğurlu məqamlar çoxdur.

    Ceyhun Mirzəyev Azərbaycan kinosu üçün çox işlər görmək arzusunda idi. Ssenarilər üzərində işləyirdi, yazıçılarla məsləhətləşirdi. Elə bil həmişə harasa tələsirdi. Görünür, həyat tələsənləri o qədər sevmir. Bu gün Ceyhun aramızda yoxdur. Çox gənc yaşlarında o, bizləri tərk etdi. Amma yaxşı ki, gözəl filmlərimizdə rolları var bir rejissor kimi filmləri. Onlar yəqin ki, Ceyhunun yarımçıq ömrünü tamamlayacaq.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 6.