Uğurlu yollarla...

 

    Beş il bundan əvvəl Azərbaycan Respublikasının ictimai-siyasi üfüqlərində bir ulduz parladı - İctimai TeleviziyaRadio Yayımları Şirkəti... Republikamızın bütün vətəndaşları kimi, ziyalılar da belə bir televiziyanın yaranmasına çox sevindilər. Hamımız özümüzü daha da ürəkli və arxalı hiss etdik.

 

    Biləndə ki, İctimai TeleviziyaRadio Yayımları Şirkətinin rəhbərliyi imzasını çoxdan tanıdığımız, istedadlı qələm sahibi İsmayıl Ömərova tapşırılıb, mənən bir rahatlıq duyduq. Çünki İsmayıl müəllimin ulu öndərimiz Heydər Əliyevin dövlətçilik quruculuğundakı cahanşümul fəaliyyətindən bəhs edən və siyasi cəhətdən tutumlu süjetləri, silsilə verilişləri hamımıza yaxşı tanış idi. Bildirdik ki, İsmayıl Ömərov rəhbəri olduğu yeni kollektivdə də azərbaycançılıq və dövlətçilik ideyalarının təbliğində bütün istedad və bacarığını əsirgəməyəcəkdir.

    İctimai Televiziyanın açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsi, öz xeyir-duasını, göstəriş və tövsiyələrini verməsi yaradıcı kollektivin hədsiz sevincinə səbəb oldu.

    İllər keçdi... İctimai Televiziya öz tamaşaçı auditoriyasını tədricən artırdı, verilişdən-verilişə püxtələşdi, tanındı, sevildi. O, xalqın və ictimaiyyətin operativobyektiv tribunasına çevrildi. Bütün Qafqazda bu gün analoqu olmayan İctimai Televiziyanın studiyaları canlı, geniş görüntüləri göz oxşayır, tamaşaçıların qəlbinə nüfuz edir. Ən maraqlısı budur ki, İctimai Televiziyanın və radionun redaksiyaları axtarışdadır. Hər həftə, hər ay yeni-yeni verilişlərlə efirə çıxır. Təzələnə-təzələnə yetkinləşir.

    Möhtərəm Prezidentimizin iştirak etdiyi mühüm dövlət tədbirlərini, ölkəmizin xaricidaxili siyasətinin mahiyyətini, dünya xəbərlərini "Carçı" informasiya proqramı ilə izləyirik.

    Başqa KİV və telekanallar tərəfindən az qala unudulmaqda olan teatrımıza İctimai televiziyada xüsusi qayğı və diqqət var. "Teatr bir gün" adlı verilişlərdə səhnəmizin yeniliklərindən müntəzəm söz açılır, tanınmış aktyorlarımızın yaradıcılığına nəzər salınır, təhlillərə geniş yer verilir.

    Bundan başqa, yerlərdə, hətta ucqar, uzaq rayonlarımızda ədəbi-bədii verilişlər də təşkil edilir. Bu da həmin rayonların əhalisinin ictimai-siyasi, sosial-iqtisadi həyatında, mənəvi dəyərlərin təcəssümündə mühüm rol oynayır.

    Tanınmış və artıq xalq tərəfindən qəbul edilib ehtiramla qarşılanan ziyalıların yubileylərinin keçirilməsi onların yaradıcılıq hesabatlarının dinlənilməsi şirkətin orijinal üslublu yaradıcılıq tapıntısıdır. Yaradıcı kollektivin ən uğurlu işlərindən biri də mədəni irsimizə qayğı üzərində qurulan "Bir mahnının tarixçəsi" adlı verilişdir. Bu xəfif və təsirli süjetlər toplusu daha çox intizarla gözlənilən, arzulanan verilişlərdən sayılır. Unudulmaqda olan, necə deyərlər, küncdə-bucaqda qalıb toz basan, gözdən uzaq, könüldən iraq düşmüş mahnıların təzədən üzə çıxarılması, hətta bərpa edilməsi ilə səslənən bu veriliş tamaşaçılar tərəfindən maraqla izlənilir.

    "Bir kəndin nağılı" və "Sözün sehri" ədəbi-bədii verilişləri Azərbaycanın bütün regionlarda artıq geniş tamaşaçı auditoriyası qazanmışdır. Kəndlərimizin xatırlanması, soykökümüzə qayıdış, ümumiyyətlə, türkçülüklə bağlı milli-mənəvi dəyərlərimizin və tariximizin araşdırılıb xalqa çatdırılması bu verilişlərin əsas qayəsini təşkil edir. Onların hər biri bədii və sənədli qısametrajlı film təsiri bağışlayır.

    Bəzən təəccüb edirsən: qısa müddət ərzində bu verilişləri yüksək keyfiyyətlə və sürətlə hazırlayıb çatdıra bilirlər.

    Çoxdan idi ki, İctimai TeleviziyaRadio Yayımları Şirkətinin ürəkaçan verilişləri haqqında söz demək istəyirdim. Kollektivin 5 illik yubileyi fürsət verdi ki, ürəyimdən keçənləri dilə gətirim. Bu beş rəqəmində "əla" qiymət anlamı da var... Beş barmaqdan bir əl yaranır... Bu beş il kollektiv üçün yaradıcılıq axtarışları ilə, gərgin zəhmətlə, yuxusuz gecələr, narahat gündüzlərlə dolu bir dövrdür. Və bu 5 ilin üfüqlərindən doğan ulduzlar: "Qərib axşamlar", "Teleavaz", "Körpü", "Din və cəmiyyət", "Ortaq məxrəc", "Açıq dərs", "Danışan tarix"...

    Novatorluq və yeniliklərlə naxışlanmış uğurlu verilişlərdən əsl yaradıcılıq, peşəkarlıq, gərgin və səmərəli jurnalist zəhməti boylanır...

    Bu gün Azərbaycan tamaşaçısının və dinləyicisinin həmişə ümidlə üz tutduğu bir mavi pəncərəsi var: İctimai Televiziya. Və məhəbbətlə qulaq kəsildiyi bir sehirli qutusu var: İctimai radio.

    Hələ cavan olsa da tumurcuq-tumurcuq puçurlayan budaqlarında Günəşin, ulduzların şəfəqləri boylanan bu qoşa gövdəli uca ağacın kökləri artıq çox dərinlikdədir!.. Bu dərinliklər Azərbaycan tamaşaçısının və dinləyicisinin qəlbindədir, ürəyindədir...

    Azərbaycan İctimai TeleviziyaRadio Yayımları Şirkəti yaradıcılıq yollarında inamla addımlayır. Və addımlaya-addımlaya Azərbaycan tamaşaçısını və dinləyicisini də özü ilə gələcək sabahlara, axşamlara aparır. Azərbaycanın səsini, sözünü, uğurlarını və Qarabağ dərdini bütün dünyaya yayır!.. Hər gün, hər saat..

    Azərbaycan ictimaiyyətinin arzu və düşüncələri ilə nəfəs alan bu gözəl kollektivi təbrik edir, ona işlərində yeni-yeni uğurlar arzulayırıq.

 

 

    Tahir MƏMMƏDOV,

    siyasi elmlər üzrə fəlsəfə doktoru,

    əməkdar jurnalist

 

    Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 5.