İctimai teleradio azad fikir tribunasıdır
İctimai Televiziya 5 yaşına çatdı. Elektron
media qurumu üçün
bu, o qədər də böyük zaman kəsiyi deyil. Amma bu
az müddətdə
İctimai TV xalqın
sevilən və qəbul edilən televiziyasına çevrilməyi
bacardı. Bu uğurun
qazanılmasında yüksək
peşəkarlıq, təşkilatçılıq
qabiliyyəti ilə yanaşı, yaradıcı
kollektivin əməyi
də az
deyil. Yaradıcılıq
mətbəxində hazırlanan
məhsulların efirdə
yerində, vaxtında,
ardıcıllıqla yerləşdirilməsi
isə bu telekanalda xüsusi önəm verilən məsələlərdəndir.
Müasir elektron media qurumları
verilişlərin vaxtını,
ardıcıllığını və davamlılığını
müəyyənləşdirərkən
reytinq amilini əsas götürürlər.
Yəni,
proqram siyasətini efir məhsullarının
populyarlıq göstəricilərinə
görə müəyyən
edirlər. İndi əksər
telekanallar bu prinsiplərlə işləyir
və bu qayda həmin telekanalların kommersiya maraqlarına xidmət edir. Amma ictimai yayım
təsisatı olaraq bu prinsiplər bizim üçün əsas deyil. Ona görə ki, cəmiyyətin sosial sifarişi var, tamaşaçının
yüksək zövqünə
söykənən tələbat
var, milli adət-ənənələrimizin gözlənilməsi kimi olduqca mühüm öhdəliyimiz var. Bütün
bunların fövqündə
isə millət və dövlət maraqlarının daim uca tutulması var! İctimai Teleradionun missiyası
və təməl prinsipləri məhz bunlardır. Əgər teatr
asılqandan başlayırsa,
televiziya da proqramdan başlayır.
Bu, doğrudan da belədir. Reytinq və populyarlıqdan danışarkən maraqlı
bir faktı demək istərdim. Hələ dörd il bundan
əvvəl, bir yaşımızın tamamında
ATƏT-in müstəqil monitorinq
qrupu şirkətimizdə
araşdırma aparmışdı.
Müxtəlif sosial təbəqələrə
mənsub tamaşaçılar
arasında keçirilən
sorğunun nəticəsindən
bəlli olmuşdu ki, İctimai Televiziyada ən çox baxılan və bəyənilən uşaq verilişləridir.
Fikrimizcə, efirə yenicə
qədəm qoymuş
bir telekanal üçün bu, yaxşı göstərici
idi. Bu gün
isə İctimai TV
7-dən 77-yə hər bir
azərbaycanlının sevə-sevə
baxdığı bir telekanaldır. Efirə davamlı
olaraq 65 adda proqram yayımlayırıq.
Bunların arasında
operativliyinə və
çevikliyinə görə
"Carçı"nı, "Yekun"u, "Yeni Gün"ü qeyd etməklə yanaşı,
geniş tamaşaçı
auditoriyasının rəğbətini
qazanmış "Qərib
axşamlar"ın, "Bir
mahnının tarixçəsi"nin,
"Açıq dərs"in,
"Ortaq məxrəc"in,
"Yeni dalğa"nın,
"Körpü"nün, "Muğam albomu"nun,
"Virtual rinq" in, "Xəmsə"nin adlarını
çəkməyə bilmərəm.
Bizə tamaşaçı rəğbəti
qazandıran cəmiyyətin
bütün sosial təbəqələrinin maraqlarına
cavab verən informativ, analitik, musiqili-əyləncəli, xüsusilə
də maarifləndirici
verilişlərimizin çeşidi
və səviyyəsidir.
Ötən beş
ildə ən böyük qazancımız
tamaşaçılarımızın efirimizə olan diqqətidir.
İctimai Teleradio sutkanın
24 saatını işləyir.
Verilişlərimiz "Türksat" və "Hordbut" peykləri vasitəsilə
dünyanın əksər
ölkələrinə yayımlanır.
Eyni zamanda, www.itv.az internet saytından
həm televiziyamız,
həm də radiomuz dünyanın istənilən nöqtəsində
izlənilə bilər.
Təbii
ki, gələcəkdə
digər peyklərə
qoşulmaqla yayım coğrafiyamızı daha
da genişləndirəcəyik.
Bütün bunlar isə
bizdən telekanalımızın
proqram siyasətinə,
öz leksikonumuzla desək, efir şəbəkəmizə daha
diqqətlə, məsuliyyətlə
yanaşmağımızı tələb edir.
Yeri gəlmişkən, verilişlərimizin son monitorinqi
onu da üzə
çıxardı ki,
televiziyamızın efir
standartları professional və
qüsursuzdur, sabit ardıcıllığa malikdir.
Həqiqətən də,
İctimai Teleradionun həm ölkəmizdə,
həm də onun hüdudlarından çox-çox uzaqlarda izlənilməsində, beynəlxalq
əlaqələrin, proqram
mübadiləsinin genişlənməsində,
təbii ki, İctimai Teleradio Yayımları Şirkətinin
baş direktoru İsmayıl Ömərovun
fəaliyyəti səmərəli
olmuşdur. Bunu bu yaxınlarda
Avropa Yayım Birliyinin Bakıda keçirilən 64-cü sessiyası
da təsdiqlədi.
Dünyanın 60-a yaxın ölkəsinin
qabaqcıl teleradio rəhbərlərinin iştirak
etdiyi bu beynəlxalq sessiya İctimai Teleradionun qısa müddətdə
qazandığı nüfuzun
göstəricisidir.
Ötən 5 ilə bu gündən
boylananda fəxrlə
deyə bilərik ki, İctimai Televiziya Azərbaycan teleməkanında olduqca sürətli inkişaf yolu keçən, xalqla daim sıx
təmasda olan həqiqi bir ictimai tribunadır. Şübhəsiz, tamaşaçı və dinləyici marağına söykənən
çevik efir siyasətimizi bundan sonra da davam
etdirəcəyik.
Rafiq NƏBİYEV,
İctimai Televiziya və Radio
Yayımları Şirkətinin
proqram və
koordinasiya direktoru
Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 5.