Yeni Dövlət Proqramının həyata
keçirilməsi informasiya cəmiyyəti
quruculuğu yolunda mühüm mərhələ olacaq
Azərbaycanda informasiya
texnologiyalarının tətbiqinin geniş
vüsət alması, ilk növbədə,
ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəni
inkişafımızın prioritet istiqaməti
kimi daim diqqət mərkəzində
saxlaması ilə bağlıdır. Hələ
2003-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya - kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu gün böyük
uğurla həyata keçirilir
və heç də təsadüfi deyil ki, Azərbaycan bu sahədə indi regionun lider dövlətinə
çevrilmişdir.
Bu strategiyanı həyata
keçirmək üçün ölkədə davamlı tədbirlər
həyata keçirilir. 2005-ci ildə cənab İlham Əliyevin
sərəncamı ilə İKT-nin inkişafına dair
2005-2008-ci illəri əhatə edən Dövlət
Proqramı qəbul olunmuşdur. 2010-cu il avqustun 11-də isə
cənab Prezident "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət Proqramı
(Elektron Azərbaycan)" qəbul edilməsi ilə
bağlı yeni sərəncam imzalamışdır. Artıq
bu Dövlət Proqramının həyata keçirilməsi
üçün yeni işlərə
başlanılmışdır.
Dövlət Proqramında
hansı yeniliklərin nəzərdə tutulması və onun
əsas istiqamətləri ilə bağlı
suallarımızı rabitə və informasiya
texnologiyaları nazirinin müavini İltimas Məmmədov
cavablandırır.
- İltimas müəllim, yeni
Dövlət Proqramının məqsəd və məramı
barədə nələri demək istərdiniz?
- Bildiyiniz kimi, bu gün informasiya
- kommunikasiya texnologiyaları sosial-iqtisadi, siyasi və mədəni
inkişafa təsir etməklə dünyada yeni quruluşun -
informasiya cəmiyyətinin əsasını qoyur. Bu
baxımdan yaxın illərdə İKT sahəsinin dinamik
yüksəlişini, ölkədə geniş tətbiqini və
onun imkanlarından əhalinin bəhrələnməsini təmin
etmək üçün qəbul edilmiş yeni Dövlət
Proqramının əsas məqsədi ümummilli lider Heydər
Əliyevin imzaladığı "Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli
Strategiyanın (2003-2012-ci illər)" ilkin dövründə
reallaşdırılmış "Elektron Azərbaycan"
Dövlət Proqramının icrasından əldə olunan nəticələrin
davam etdirilməsi və genişləndirilməsidir.
Yeni Dövlət Proqramına
uyğun olaraq, yaxın üç il ərzində
qarşıda duran prioritet vəzifələr ölkədə
informasiya cəmiyyətinə keçidin təmin edilməsi,
İKT-nin inkişafı ilə informasiya və biliklərə
əsaslanan iqtisadiyyatın qurulması, dövlət və
yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi
və elektron xidmətlərin inkişaf etdirilməsi, həmçinin
cəmiyyətin informasiya məhsul və xidmətlərinə
tələbatın dolğun ödənilməsindən ibarətdir.
Bu vəzifələrin həlli üçün Dövlət
Proqramında informasiya və kommunikasiya infrastrukturunun və
xidmətlərinin yeni texnologiyaların tətbiqi ilə
modernləşdirilməsi, ölkənin tranzit informasiya dəhlizi
imkanlarının genişləndirilməsi, rəqəmli
televiziya yayımının və internetin milli seqmentinin
inkişaf etdirilməsi, dövlət idarəçiliyinin
bütün səviyyələrində e-hökumət həllərinin,
o cümlədən e-imza və e-sənəd dövriyyəsinin
geniş tətbiqi ilə "bir pəncərə"
prinsipi əsasında e-xidmətlərin təşkili, habelə
rəqabət qabiliyyətli və ixracyönümlü
İKT potensialının gücləndirilməsi istiqamətində
tədbirlər müəyyənləşdirilib.
- Dövlət Proqramı çərçivəsində
ölkə əhəmiyyətli müxtəlif sahələri
əhatə edən bir sıra İKT layihələrinin
reallaşdırılması nəzərdə tutulur. Bu layihələr
hansı sahələri əhatə edəcək?
- İlk növbədə qeyd etməliyəm
ki, Azərbaycanın İKT sahəsində dinamik
inkişafı və əldə etdiyi göstəricilər
yüksək texnologiyalara əsaslanan iri infrastruktur və elmi
tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə
geniş imkanlar yaradıb. Məhz buna görə yeni Dövlət
Proqramında təhsil, səhiyyə, mədəniyyət, ədliyyə,
vergilər və digər sahələrdə ayrı-ayrı
dövlət qurumları tərəfindən həyata
keçirilməsi planlaşdırılan ölkə əhəmiyyətli
İKT layihələri daxil edilib. Onların arasında
"Dövlət orqanlarının vahid multiservis rabitə
şəbəkəsinin inkişaf etdirilməsi", "Təhlükəsiz
şəhər", "Vətəndaşların Elektron
sağlamlıq kartı", "Azərbaycan Respublikası əhalisinin
Dövlət Reyestrinin inkişafı", "Sahibkarlıq fəaliyyəti
sahəsində universal telefon məlumat xidməti"nin və
"Mədəniyyət və turizm üzrə vahid informasiya
portalı"nın yaradılması layihələrini
xüsusən vurğulamaq lazımdır. Qeyd etdiklərimlə
yanaşı, yeni proqram çərçivəsində
dövlət qurumları, biznes sektoru və cəmiyyətə
dünya standartlarına uyğun xidmətlərin göstərilməsini
şərtləndirən ölkə əhatəli layihələr
reallaşdırılacaq. "Rəqəmli televiziya
yayımına keçid", "E-ticarətin inkişaf
etdirilməsi", "Mərkəzləşdirilmiş
avtomatik radiomonitorinq sisteminin yaradılması",
"Poçt şəbəkəsində poçt-maliyyə
xidmətlərin inkişafı", "E-imza sisteminin tətbiqi"
və s. layihələri bunlara aid etmək olar. Bu gün istənilən
sahədə İKT-yə keçid prioritet sayılır.
- Dövlət Proqramında
İKT sahəsində kadr hazırlığına xüsusi
önəm verilir. Bu istiqamətdə hansı işlərin
görülməsini vacib hesab edirsiniz?
- Hər bir dövlətin və
ümumiyyətlə, cəmiyyətin inkişafı və tərəqqisi
üçün bütün sahələr üzrə
yüksək səviyyəli və ixtisaslı kadrların
hazırlığı məsələsi çox vacib amillərdəndir.
‘'2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı''nın təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ölkə rəhbərliyinin
bu məsələyə böyük önəm verdiyinin təzahürüdür.
Bu proqram üzrə çoxlu sayda gənclər hazırda
dünyanın tanınmış universitetlərində təhsil
alırlar. Bunların içərisində İKT-nin bu və
ya digər istiqamətləri üzrə təhsil alan tələbələr
də az deyil. Yeni Dövlət Proqramına dəstək
olaraq, RİTN tərəfindən də müəyyən
işlər görülür. Bir çox tanınmış
xarici universitetlərlə anlaşma memorandumları
imzalanıb. Tələbələrimiz əsasən
Macarıstanın Mərkəzi Avropa Universiteti, ABŞ-ın
Corc Meyson, Varvik və Viskonsin universitetləri, İsveçrənin
Bern və İsveçrə Beynəlxalq universitetləri, Cənubi
Koreyanın İxtisaslaşmış Elm və Texnologiya
İnstitutu, Böyük Britaniyanın London City Universiteti,
Ukraynanın Odessa Milli Rabitə Akademiyası, Türkiyənin
Orta Doğu Texniki və Ankara universitetləri və s. təhsil
alırlar. Görülən işlərin səmərəliliyini
artırmaq üçün dövlət və özəl
şirkətlərin iştirakı ilə "İKT-nin
İnkişafı Naminə İnsan Resursları Fondu"
yaradılıb.
Yeni təsdiq olunmuş
"Elektron Azərbaycan" Dövlət Proqramında da
İKT, o cümlədən informasiya təhlükəsizliyi
üzrə kadr hazırlığına xüsusi diqqət
yetiriləcək.
- İnformasiya cəmiyyətinə
doğru irəliləyirik. Sizcə, cəmiyyət informasiya
texnologiyalarından kifayət qədər bəhrələnə
bilirmi?
- Əhalinin İKT-dən istifadəetmə
səviyyəsinin artırılması RİTN-nin həmişə
diqqət mərkəzindədir və bu istiqamətdə
ardıcıl addımlar atılır. İnternet istifadəçilərinin
və əhalinin istifadəsində olan kompyuterlərin
sayının artırılması, əhalinin kompyuter
savadlılığının yüksəldilməsi
üçün tədbirlər görülür. İnternetin
qiymətinin aşağı salınması, regionlarda əhalinin
müxtəlif təbəqələri arasında İKT
üzrə təlim kurslarının keçirilməsi,
müxtəlif olimpiadaların, viktorinaların təşkili,
"Xalq kompyuteri" layihəsinin həyata keçirilməsi
bu istiqamətdə atılan addımlardır. Eyni zamanda əməliyyat
sistemlərinin və ofis proqramlarının Azərbaycan dilinə
tərcümə edilməsi istifadəçilərin
kompyuterlə ünsiyyətinin təşkilinə və
kompyuterlərin, xüsusən də bölgələrdə,
geniş yayılmasına kömək göstərir.
Görülən tədbirlər
nəticəsində bu gün ölkəmizdə hər 100 nəfərdən
41-i internet istifadəçisidir. Hər 100 nəfərə
düşən kompyuterlərin sayı 12-yə
çatdırılıb. Bildiyiniz kimi, bu ilin may ayında
Nazirlər Kabineti tərəfindən E-hökumətin Fəaliyyət
və Tədbirlər Planı təsdiq edilib. Bu proqram çərçivəsində
e-xidmətlərin təşkili nəzərdə tutulur. Təbii
ki, vətəndaşların bu xidmətlərdən istifadə
edə bilməsi üçün internet və kompyuterlərdən
istifadə səviyyəsini artırmaq lazımdır.
"Elektron Azərbaycan" Dövlət Proqramında bu məqsədlə
xüsusi bir istiqamət - İnformasiya cəmiyyətinə
keçid üçün şəraitin yaradılması
istiqaməti nəzərdə tutulmuşdur. Güman edirəm
ki, nəzərdə tutulan tədbirlərin, həmçinin
digər sahələrdə, xüsusilə də təhsildə
həyata keçirilən İKT layihələri ümumilikdə
cəmiyyətin İKT-dən istifadə səviyyəsini
yaxın bir zamanda xeyli yüksəldəcək.
- Ölkəmizdə elektron sistemlərin
təkmilləşdirilməsi sahəsində yeniliklər
gözlənilirmi?
- Dövlət Proqramında
qarşıya qoyulmuş məqsədlərin
reallaşdırılması üçün dörd əsas
istiqamət üzrə fəaliyyət həyata keçiriləcək.
Bu istiqamətlərdən biri və mən deyərdim ən əhatəlisi
dövlət və yerli özünüidarəetmə
orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsi
və xidmətlərin elektron şəkildə təqdim
olunmasıdır. Bu istiqamət üzrə müəyyənləşdirilmiş
tədbirlər dövlət idarəetməsində e-hökumət
həllərinin tətbiqini, həmçinin müxtəlif
dövlət orqanlarında mövcud olan və
yaradılması planlaşdırılan informasiya sistemləri
və resurslarının inkişaf etdirilməsini və
inteqrasiyasını nəzərdə tutur.
İlk növbədə
ayrı-ayrı dövlət qurumlarında toplanan informasiyalara
əsaslanan "Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri", "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi, Vətəndaşların "Elektron sağlamlıq
kartı" sistemi, "Dövlət Qulluqçuları
Reyestri", "Təhlükəsiz şəhər"
avtomatlaşdırılmış idarəetmə sistemi və
"Nümunəvi tibbi-informasiya sistemi"nin təkmilləşdirilməsi
və genişləndirilməsi nəzərdə tutulur. Eyni
zamanda, Dövlət Proqramına uyğun olaraq, dövlət
qulluğuna qəbul prosesinin müasir tələblər səviyyəsində
təşkili məqsədilə "Dövlət
qulluğuna qəbul" informasiya sistemi, Azərbaycan dilində
terminlərin elektron bazasının
formalaşdırılmasını nəzərdə tutan
"Azərbaycan terminoloji informasiya sistemi" və Azərbaycan
diaspor təşkilatlarının nümayəndələrinin
iştirakı ilə virtual konfransların təşkili
üzrə informasiya sistemi yaradılacaq.
Bu tədbirlərə paralel olaraq
dövlət orqanlarında e-imzanın və e-sənəd
dövriyyəsinin mərhələlərlə tətbiqi, həmçinin
dövlət orqanlarının vahid informasiya mübadiləsi
şəbəkəsinin inkişaf etdirilməsi ilə
bağlı işlər aparılacaq. Bütün bunlar vətəndaşların,
təşkilatların hökumət orqanları ilə əlaqələrinin
daha sadə və münasib olan elektron üsullarla həyata
keçirilməsinə geniş imkanlar yaradacaq.
- Yeni proqramın tətbiqindən
nələri gözləyə bilərik?
- Proqramda nəzərdə
tutulmuş məqsəd və vəzifələrin
reallaşması ölkə əhalisinin İKT-dən istifadəyə
fəal cəlb olunmasına, kompyuterlərin və internetin
yayılma səviyyəsinin artmasına və respublika daxilində
"rəqəmli geriliyin" azalmasına səbəb olacaq.
Bütün bunlar da öz növbəsində ölkəmizdə
informasiya cəmiyyətinə keçid üçün əlverişli
şərait yaradacaq.
E-hökumət həllərinin
geniş tətbiqi dövlət idarəetməsində şəffaflığın,
operativliyin və səmərəliliyin artmasına, vətəndaşların
asan və sərbəst şəkildə dövlət
orqanları ilə əlaqə yaratmasına gətirib
çıxaracaq. Fiziki və hüquqi şəxslərə
keyfiyyətli və qənaətbəxş İKT xidmətlərinin
təqdim olunması, milli informasiya resurslarının
formalaşdırılması, maddi-mədəni irsin qorunub
saxlanılması və təbliğində İKT-dən
istifadənin təmin olunması, e-ticarət həllərinin
geniş tətbiq edilməsi, İKT bazarının
inkişafı, milli İKT şirkətlərinin
potensialının güclənməsi, yeni iş yerlərinin
açılması və məhsul ixracı
imkanlarının artırılması gözlənilən nəticələrdəndir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 3.