Qaxın gözəl günləri

 

    Bilmirəm, Qaxa hansı səfərim idi. Amma bugünkü kimi yadımdadır. Yeri-göyü su aparırdı. Mənim üçün əziz olan, hər dəfə bura gələndə görüşdüyüm, hamının ağsaqqal kimi tanıdığı Camal Muxtarovla oturub söhbət edirdik. "Bilirsən bu yağışın nə qədər xeyri var, - deyə Camal dayı dilləndi. Kənd adamı quraqlığın nə olduğunu yaxşı bilir. Sən görməmisən, hər 10-15 ildən bir buralarda elə istilər, elə bürkülər olur ki, sözlə ifadəsi mümkün deyil. Ağaclar ayaq üstdə qovrulur... Uşaq vaxtları bu cür yağışın altında o qədər oynamışıq ki..."

    Dedi və hiss etdim ki, kövrəlib. Sonra nə o bir söz danışdı, nə də mən.

 

    ... Bu ilin avqustunda Şəki-Zaqatala zonasında şahidi olduğum istilər, təbiəti və insanları təndir kimi yandıran bürkü mənə nədənsə neçə il əvvəl Camal dayı ilə etdiyim söhbəti xatırlatdı. Bir qədər kövrək, dözümsüz ağacların yarpaqları sözün həqiqi mənasında qovrulurdu. Şəhərin küçələrini gəzə-gəzə rayon icra hakimiyyətinin şöbə müdiri Məhərrəm Məhərrəmovla "Ekologiya ili" çərçivəsində həyata keçirilən tədbirlər barədə söhbət edirdik. Bilirdim ki, dövlət başçısının sərəncamı ilə elan edilən "Ekologiya ili"ndə qaxlılar rayon ərazisində nə az, nə çox 21 mindən çox müxtəlif növ ağac tingləri əkiblər. Həmsöhbətim əkilən ağaclara daim qayğı göstərildiyindən həvəslə danışırdı. Birdən gözüm yolun kənarında bu ilin yazında əkilən ağaclardan birinin yarpaqlarının saraldığına sataşdı. Məhərrəm müəllim bunu o dəqiqə hiss etdi. Yaxınlıqdakı qol-budaqlı bir ağacın kölgəsinə çəkilib kiməsə zəng vurdu. Gün batan kimi bu ağaclara su verilməsini tapşırdı. Sonra isə kölgəsinə sığındığımız nəhəng ağaca işarə edərək zarafatla dedi: "Hələ ki, bu ağac yaşıldır, dayanaq kölgəsində". Lap şeir misrasına oxşadı ki... Unudulmaz, dünyadan vaxtsız köçmüş, şair dostumuz. Mətləb Nağının məhz bu ifadələrlə başlayan şeiri var idi:

 

    Hələ ki, bu ağac belə yaşıldır,

    Giriş kölgəsinə, qoyun sevinsin.

    Sevinsin ayağı altında yeri,

    Başının üstündə göyü sevinsin.

 

    Nə qədər səmimi misralardır. Başımı qaldırıb qol-budaqlı, sıx yarpaqlı ağaca baxdım. Hətta mənə belə gəldi ki, nəinki ağac, budaqların arasındakı sərçələr də sərinlik tapdıqlarına görə həqiqətən sevinirdilər: "Bizim təkcə bu il əkdiyimiz 21 min ağacın əksəriyyəti gələcəkdə Qaxın qonaqlarına bax, beləcə sərinlik bəxş edəcəkdir - Məhərrəm müəllimin sözləri məni ağac kölgəsi barədə olan ötəri xəyallardan ayırdı.

    Maraqlıdır, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizdə də ağac məsələsi gündəliyə gəldi. Daha doğrusu Musa müəllim təbiətdəki - ekologiyadakı ağacdan deyil, siyasətdəki "ağacdan" söz açaraq söhbətimizə yeni çalar gətirdi: - İndi hamı deyir ki, quraqlıqdır, istidir, bürküdür və sairə. Təbiətdəki quraqlığa, istiyə dözməyə nə var? 1993-cü ildə Azərbaycan cəmiyyətində elə bir isti, elə bir quraqlıq yaranmışdı ki, gənc müstəqil dövlətimiz kökündən qurumaq üzrə idi. Ulu öndər Heydər Əliyev gəldi və həmin kövrək ağaca həyat verdi, onun dünyanın möhtəşəm palıdları ilə yanaşı dayanmasını təmin etdi. Prezident İlham Əliyev isə o ağacın kölgəsini bütün soydaşlarımız, bütün azərbaycanlılar üçün firavanlıq, rahat yaşayış məkanına çevirdi.

    ... Musa müəllim Qaxın bu günündən söhbət açır. Bu torpağın müqəddəsliyindən söhbət açır. Deyir ki, Azərbaycanın hər qarışı, daşı, havası, suyu mənim üçün əziz olsa da Qaxın öz yeri var. Mən burada doğulmuşam, burada böyümüşəm və onun keçmişi, bu günü mənim üçün çox doğmadır.

    Musa müəllim danışır. Mən isə son vaxtlar Qaxda görülən işləri gözümün qarşısına gətirirəm. Düşünürsən: "Az vaxtda bu qədər iş necə görülüb? "Cavab, mənə belə gəlir ki, sadədir: Bütün qaxlılar qollarını çirmayıb işə girişiblər.

    Başçı isə bu məsələyə başqa cür yanaşır. Deyir ki, indi dövlət başçımızın tapşırığına əsasən respublikanın hər yerində möhtəşəm, əsaslı işlər görülür. Biz də məhz fəaliyyətimizi başdan-başa, gündən-günə tərəqqi edən Azərbaycanın inkişaf tempinə uyğun qurmuşuq. Bəzən kimsə deyir ki, biz ümumi inkişafdan geri qalmamaq üçün var-qüvvəmizlə çalışırıq. Mən həmin fikirlə razı deyiləm. Biz öz fəaliyyətimizi ümumi inkişafa töhfə vermək üçün qururuq. Geridə qalmağı qəbul etmirəm. 2010-cu ildə Qaxda sənaye məhsulu istehsalı 2 milyon 10 min, kənd təsərrüfatı məhsulları istehsalı 8 milyon 925 min, əsas kapitala yönəldilən ümumi investisiyadan tikinti-quraşdırma işləri 6 milyon 522 min manat təşkil edib. Tikinti təşkilatları tərəfindən görülən iş və xidmətlərin dəyəri 503 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

    Rayonda tikinti-quraşdırma işlərinin daha böyük vüsət aldığı göz qabağındadır. Rayonun girəcəyində - Heydər Əliyev prospektində park salınır. Gözəldir, ürəkaçandır. Səliqə-sahmana söz ola bilməz. Daxili imkanlar hesabına tikilən Uşaq Yaradıcılıq Mərkəzinin inşası ilə sürətlə davam etdirilir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasında isə son tamamlama işləri görülür. Qaxın ən qədim küçəsi olan İçəri Bazar küçəsində bərpa işləri aparılır. Əsaslı təmir işinə 200 min manat vəsait xərclənməsi nəzərdə tutulub. Bu da tarixə, keçmişə bir diqqət. "Ot kökləri və insan təhlükəsizliyi" layihəsi üzrə Qorağan kəndində həkim ambulatoriyası tikilib istifadəyə verilib. İmam Mustafayev küçəsində qəzalı vəziyyətdə olan 3 kommunal mənzilin yenidən tikintisi başa çatmaq üzrədir. Əlibəyli kəndində leysan yağışları nəticəsində ziyan dəymiş iki yaşayış evi də yenidən tikilir. Zona Baytarlıq Laboratoriyası üçün bioloji təhlükəsizlik laboratoriyasının binası da bu il istifadəyə veriləcəkdir. Qaxbaş kəndi ərazisindəki 9 mərtəbəli yaşayış binası isə xüsusi vəsait hesabına tikilir və 2 milyon 600 min manatlıq həmin binanın bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

    Yaz mövsümündə sel və daşqınların çox olduğunu nəzərə alan Sukanal İdarəsi şəhərin İsmayıl Dağıstanlı küçəsindən keçən su xəttini əsaslı şəkildə təmir edib, şəhərdə, Ləkit, Qaşqaçay, Meşəbaş kəndlərində su xətləri bərpa olunub. Rayon Elektrik Şəbəkəsi, Qaz İstismarı İdarəsi, Telekommunikasiya Qovşağı, Suvarma Sistemləri İdarəsi, 16 saylı Yol İstismar İdarəsi və bələdiyyələr rayonun ümumi inkişafı üçün lazım olan bütün işləri yüksək səviyyədə həyata keçiriblər. Ancaq elə tikinti və quruculuq işləri var ki, onlar rayondan kənar büdcələr hesabına maliyyələşdirilir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə podratçı təşkilat olan "Azərkörpü" Açıq Səhmdar Cəmiyyəti Kürmük çayı hövzəsi boyunca şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə selə qarşı mühafizə dəmir-beton bəndi tikir. Yaxud Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına şəhərin Heydər Əliyev prospektində idman kompleksi tikilir. Rayonun bütün küçələrində, demək olar ki, qızğın iş gedir. Başdan-başa dəyişdirilir, yenidən qurulur. İstər-istəməz ürəyimdən keçir. Hamı doğulduğu, böyüdüyü torpağa belə bağlansa nə vardı ki...

    Qaxın səhiyyə, təhsil, mədəniyyət, rabitə və digər xidmət sahələrinin fəaliyyəti də günün tələbləri səviyyəsində qurulub. Bütün sahələrdə həm idarəetmə prinsipləri, həm də xidmət müasir standartlar əsasında təşkil edilir. Elə bir idarə, elə bir müəssisə ola bilməz ki, orada "müasirləşmə", "müasir standartlar", "yeni nəsil texnologiya" ifadələrini eşitməyəsən. Xüsusən, turizm obyektlərində, iaşə və istirahət məkanlarında müasirləşmə ahəngi daha diqqətlə gedir.

    Yeri gəlmişkən, bu ifadəni rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramovdan da eşitdim. Gündüzün istisindən yorulan qaxlılar axşam düşən kimi parklara çıxır, istirahət yerlərində böyük qələbəlik yaradırlar. Gün batan kimi Qaxda həqiqətən möcüzəli dərəcədə bir sərinlik yaranır. Əlövsət müəllimlə Heydər Əliyev parkında xeyli gəzişib, söhbət etdik. Onu Qax şahmatçılarının zəfər tarixinə yeni bir səhifə yazılması münasibətilə təbrik etdim. Əlövsət müəllim 2010-cu ildə Şəki-Zaqatala zonasında, respublikamızda və beynəlxalq aləmdə keçirilən 50-dən çox idman yarışının adını çəkdi. Həmin yarışların hamısında qaxlı idmançılar mükafata layiq yer tutublar. Rayondakı "Yaradıcı gənclər" və "Hərbi vətənpərvərlik tərbiyəsi" klublarının üzvləri daha çox fəallıq göstərirlər. Ancaq Qax Şahmat Məktəbi sözün həqiqi mənasında respublikamızda özünəməxsus nüfuza malikdir. Həmsöhbətim yerli mətbuat vasitəsi olan "Şəlalə" qəzetinin sonuncu nömrəsində verilmiş "Daha bir qaxlı dünya çempionu - Xanım Balacayeva" adlı yazını yada saldı və mən ertəsi günü həmin qəzeti aldım.

    Əlövsət Bayramov 1983-cü ildən fəaliyyət göstərən Qax Şahmat Məktəbinin zəngin ənənələrindən danışdı. Dedi ki, indiyədək burada onlarla yüksək dərəcəli şahmatçı yetişib. Respublika şahmat tarixinə parlaq səhifələr yazan beynəlxalq qrossmeyster Aynur Sofiyevanın Qaxa gətirdiyi şöhrət hamıya məlumdur. Estafeti Aynur xanımdan alan Pərvanə İsmayılova da məhz Qax Şahmat Məktəbinin yetirməsidir. FİDE ustası Pərvanə İsmayılova on yaşlı qızlar arasında dünya çempionu, sonralar müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatlarının mükafatçısı olub. Rayon rəhbərliyinin təhsilə və idmana göstərdiyi qayğının, xüsusən, şahmat məktəbinin daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Aynur Sofiyeva ilə başlanan zəngin ənənələr bu gün də uğurla davam etdirilir. 2010-cu ilin yayı bu baxımdan Qax ictimaiyyəti üçün daha uğurlu olub. Türkiyənin Kayseri şəhərində keçirilən şahmat üzrə dünya çempionatında Qax şəhər 2 saylı məktəb-liseyin dördüncü sinif şagirdi Xanım Balacayeva 9 yaşınadək qızlar arasında dünya çempionu olub. Ona həmin uğura görə FİDE ustası adı verilib.

    Əlövsət müəllim bütün bunları sevinc, fəxr və eyni zamanda, sakit axarla danışırdı. Ancaq rayon icra hakimiyyətinin akt zalında dünya çempionu Xanım Balacayeva ilə keçirilən görüş barədə danışanda sanki indi, bu an da həmin tədbirdə imiş kimi həyəcanlanırdı: - Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Xanımı təbrik etdi, yeni-yeni uğurlar arzuladı. Ancaq məni ən çox məmnun edən məqam çıxış edənlərin hamısının Xanımı dünya çempionu mərhələsinə aparan Qax Şahmat Məktəbinin ünvanına xoş sözlər söyləməsi oldu. Bu, bizim fəaliyyətimizə verilən qiymət idi. Bizim fəaliyyətimiz isə bədən tərbiyəsi və idmana böyük qayğı göstərən Prezidentimiz İlham Əliyevin diqqətinə cavab şəklində qurulur. Biz dövlət başçısının istənilən tövsiyə və tapşırığını layiqincə yerinə yetirmişik və yetirəcəyik. Uğurlarımızın təməlində dövlətin qayğısı ilə yanaşı, rayon rəhbərliyinin köməyi də dayanır. Bütün ənənələrimizi müvəffəqiyyətlə davam etdirəcəyik.

    Əlövsət müəllimdən ayrılıram. Üzü İlisuya doğru gedirəm. Yuxarı qalxdıqca hava da dəyişir, elə bil başqa bir aləmə düşürsən. Səni hər tərəfdən ağuşuna alan yaşıllıq, təmiz hava ürəyinə təpər gətirir, bu möcüzəyə baxmaqdan doymursan ki, doymursan.

    Oxucular istər-istəməz soruşa bilər. Bəs,bu yazıda gələn qonaqları heyran edən Qaxın təbiətindən, onun turizm imkanlarından heç danışmadıq? Haqlı sualdır. Doğrusu, bu barədə mən də fikirləşdim. Amma sonra düşündüm ki, bu barədə çox yazılıb, qaxlıların qonaqpərvərliyindən çox danışılıb. Və bir də düşündüm ki, bu ayrıca bir söhbətin mövzusudur. Çünki bütün yay aylarında uzaqdan-yaxından gələn qonaqlarla bu müqəddəs torpaq haqqında o qədər səmimi söhbətlər etmişik ki...

    ... Sinoptiklər yenə xəbər verdilər ki, Zaqatala-Şəki zonasına yağış yağacaq. Yağdı. Avqust yağışı. İnsanların arzu etdiyi sərinlik gəldi, torpağın aylardan bəri səmadan umduğu nur yağdı, ağaclar sevindi, otlar təravətləndi. Qaxda insanların xoş əməlləri isə bu gözəlliyə, bu təravətə ayrıca bir rəng, çalar qatdı. Bu da Qaxın gözəl günlərindən biri...

 

 

    İlqar HƏSƏNOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 4.