Azərbaycanlı
bəstəkarın yaradıcılığı İranda yüksək qiymətləndirilir
Bakı Musiqi
Akademiyasının professoru,
respublikanın xalq artisti
Tofiq Bakıxanov İran
İslam Respublikasının Azərbaycandakı
səfirliyinin təşkilatçılığı ilə
Təbrizdə silsilə görüşlər keçirmişdir. Bu
günlərdə səfərdən qayıdan bəstəkar
Azərbaycan - İran dostluq
və qardaşlıq münasibətlərinin dərinləşməsində
mədəniyyət və incəsənət xadimlərinin böyük rolu olduğunu qeyd etdi:
- Bəli, həm İranın, həm də Azərbaycanın yaradıcı ziyalıları ölkələrarası dostluq münasibətləri xəzinəsinə daim öz töhfələrini verirlər. Mən bu istiqamətdə reallaşdırdığım istənilən tədbir zamanı ulu öndərimiz Heydər Əliyevin məlum tövsiyələrini rəhbər tuturam. Ulu öndər demişdi: "Dövlətimizin siyasəti odur ki, İran İslam Cümhuriyyəti Azərbaycanın dostu, qardaşıdır. Bu ölkə ilə bizim dostluğumuz, qardaşlığımız daimidir və bunu inkişaf etdirəcəyik". Mən çox şadam ki, cənab Prezident İlham Əliyev də həmin dostluğun daha yüksək zirvələrə qalxmasına öz töhfəsini verir. Biz - yaradıcı adamlar isə bu işdə dövlətin ən yaxın köməkçisi olmalıyıq.
Mən İranda dəfələrlə olmuşam. Müxtəlif festivallarda, müsabiqələrdə, simpoziumlarda gah əsərləri ifa edilən bəstəkar kimi, gah münsiflər heyətinin üzvü kimi, gah da qonaq qismində iştirak etmişəm. İran musiqisi əsasında qələmə aldığım əsərlərlə yanaşı bütövlükdə şərq xalqlarının böyük sənət abidəsi olan muğamlar üstündə yazdığım əsərlər də qardaş ölkədə böyük maraqla qarşılanıb. İrandakı həmkarlarım mənim "Humayun" və "Nəva" əsərlərimi dönə-dönə dinləyir və yüksək qiymətləndirirlər. Eyni zamanda, hər səfərdən sonra yeni musiqi əsərinin yaranması ənənəyə çevrilib.
Təbrizə növbəti səfərim isə ali məktəblərdə təşkil edilən görüşlərdə iştirak etmək məqsədi daşıyırdı. Çox maraqlı görüşlər oldu. Şadam ki, Azərbaycan musiqisi İranda bu qədər sevilir və əziz tutulur. Belə tədbirlərin ali məktəblərdə keçirilməsi isə daha məqsədəuyğundur. Çünki bizim yaşatdığımız dostluq və qardaşlıq əlaqələrini gələcəkdə məhz həmin gənclər davam etdirəcəklər. Səfərin təşkilatçılarına, məni fəxri diplomlarla təltif edən Mədəniyyət Nazirliyi qurumlarına, universitet rəhbərlərinə və bu dostluğu inkişaf etdirən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 29 avqust.- S. 6.