Neft
və qaz hasilatının artması iqtisadiyyatın digər
sahələrinin inkişafını sürətləndirir
Cari ilin 7 ayında Azərbaycanda
29,8 milyon ton neft və 15,4 milyard kubmetr qaz
hasil edilmişdir
Azərbaycan
iqtisadiyyatında müsbət inkişaf meyilləri, əvvəlki
dövrlərdə olduğu kimi, cari ilin ötən
aylarında da davam etmişdir. Artıq
iqtisadiyyatımızın bütün sahələrində
yüksək inkişaf tendensiyası müşahidə olunur.
Bu da ondan irəli gəlir ki, ölkəmizdə
çox düzgün və düşünülmüş
iqtisadi strategiya həyata keçirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
bir neçə il öncə
iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft
sektorunun inkişaf etdirilməsinin prioritet vəzifə kimi
qarşıya qoyulması artıq öz müsbət nəticələrini
verməkdədir. Təkcə onu demək kifayətdir ki,
2010-cu ilin ötən dövrü ərzində qeyri-neft
sektorunda 15 faizdən çox artım qeydə
alınmışdır ki, bu da yüksək göstərici
hesab edilə bilər.
Bununla belə, neft
sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi
olmaqla yanaşı, digər sahələrin inkişaf etdirilməsi
üçün etibarlı təminat yaradır. Təsadüfi
deyil ki, 2010-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
yığıncaqda Prezident İlham Əliyev bu məsələyə
toxunaraq demişdir: "... Bizim məqsədimiz
neft amilindən uğurla istifadə edib Azərbaycanın
bütün sahələrini inkişaf etdirməkdən ibarət
olmuşdur və biz bu məqsədə
çatmışıq. Biz növbəti
illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan
sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz
asılılığını maksimum dərəcədə
azaltsın".
Cari ilin ötən 7 ayında
ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə
edən ümumi daxili məhsul istehsalında 3,5
faizlik, yaxud müqayisəli qiymətlərlə 649,6 milyon
manatlıq artım qeydə alınmışdır. Bundan əlavə,
hesabat dövründə ölkə iqtisadiyyatının əsasını
təşkil edən sənaye istehsalında 3,2
faizlik artım baş vermişdir ki, bu da dünya üzrə
yüksək göstərici hesab olunur.
Sənaye
istehsalında, bütövkdə isə ölkə
iqtisadiyyatında qeydə alınan artım, əsasən
neft-qaz sektorunun hesabına baş vermişdir. Belə ki,
yanvar-iyul ayları ərzində Azərbaycanda 29,8 milyon ton neft və 15,4 milyard kubmetr əmtəəlik
qaz hasil olunmuşdur. Hesabat dövründə hasil olunmuş
neftin təqribən 5,2 milyon tonu, qazın
isə 4,5 milyard kubmetri dövlət sektorunun - ARDNŞ-in
payına düşmüşdür. Göründüyü
kimi, ölkəmizin neft-qaz sektorunda inkişaf meyilləri davam
etməkdədir. Təkcə onu demək
kifayətdir ki, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu yeni neft strategiyasının uğurla
reallaşdırılması nəticəsində Azərbaycanda
neft və qaz hasilatı artıq rekord səviyyəyə
çatdırılmışdır. Bundan
əlavə, alternativ neft-qaz nəql marşrutlarının
uğurlu fəaliyyəti ölkəmizin ixrac
imkanlarını da getdikcə artırır.
Son illər Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti tərəfindən
neft hasilatında əldə olunmuş sabitliyin qorunub
saxlanması, eləcə də qaz istehsalının
artırılması istiqamətində də mühüm tədbirlər
həyata keçirilir. Neft sənayesinin maddi-texniki
bazasının gücləndirilməsi, təchizatla bağlı
əvvəlki illərdə müşahidə olunan çətinliklərin
tam aradan qaldırılması və s. tədbirlərin
müsbət nəticələri getdikcə daha çox hiss
olunur. Artıq neft və qaz hasilatına dair
proqnoz tapşırıqları, bir qayda olaraq, vaxtından əvvəl
və artıqlaması ilə yerinə yetirilir. Dövlət
Neft Şirkətinin socar.az saytının məlumatına
görə, 2010-cu ilin yanvar-iyul aylarında ARDNŞ üzrə
qaz kondensatı da daxil olmaqla 5 milyon 286,3
min ton neft hasil olunmuşdur. Bu dövrdə
çıxarılmış ümumi neftin 4 milyon 258,2 min tonu
"Azneft" İstehsalat Birliyinn tabeliyində olan neft və
qazçıxarma idarələrinin payına
düşmüşdür.
Dövlət Neft
Şirkətinin ölkəmizdə fəaliyyət göstərən
xarici tərəfdaşları ilə birgə həyata
keçirdiyi layihələrin də iqtisadi səmərəsi
aybaay, ilbəil artır. Cari ilin 7 ayında qurudakı
yataqların istismarını həyata keçirən
müştərək müəssisələr və əməliyyat
şirkətləri tərəfindən, eləcə də
ARDNŞ-in "Azəri-Çıraq-Günəşli" və
"Şahdəniz" layihələri üzrə payı
çərçivəsində 1 milyon 28,1 min ton neft (qaz
kondensatı ilə birlikdə) hasil olunmuşdur. Bundan əlavə,
ötən dövrdə müştərək müəssisələr
və əməliyyat şirkətlərindən alınan
yerli bazar nefti 96,5 min ton təşkil
etmişdir.
2010-cu ilin yanvar-iyul aylarında
Dövlət Neft Şirkəti üzrə emala 3 milyon 643,6 min ton neft təhvil verilmişdir. Hesabat
dövründə şirkətin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi tərəfindən Azərbaycandan xaricə 1
milyon 582,4 min ton neft ixrac olunmuşdur.
Azərbaycanda qaz
istehsalının artırılması istiqamətində həyata
keçirilən tədbirlərin də səmərəsi
getdikcə artır. Son illər Dövlət
Neft Şirkəti tərəfindən yeni qaz proqramının
uğurla reallaşdırılması, yığım-nəql
sisteminin təkmilləşdirilməsi, yeni quyuların
qazılıb istismara verilməsi nəticəsində ölkədə
əvvəlki illərdə müşahidə olunan qaz böhranının
qarşısı tamamilə alınmışdır. Artıq Dövlət Neft Şirkəti üzrə
qaz hasilatı iki dəfəyə yaxın artmışdır
ki, bu da əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la
təminatını xeyli
yaxşılaşdırmışdır. Cari ilin 7
ayında Dövlət Neft Şirkəti üzrə qaz
hasilatı 4 milyard 517,4 milyon kubmetr təşkil
etmişdir. Hasil olunmuş ümumi qazın 4 milyard 175,6 milyon kubmetri "Azneft" İB-nin tabeliyində
olan neft və qazçıxarma idarələrinin payına
düşmüşdür. Bundan əlavə, yanvar-iyul
ayları ərzində "Şahdəniz" layihəsi
çərçivəsində Dövlət Neft Şirkətinin
payı 341,8 milyon kubmetr təşkil
etmişdir. "Azəri-Çıraq-Günəşli"
layihəsi çərçivəsində neft hasilatı ilə
yanaşı, səmt qazı istehsalı da ilbəil artır.
Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin 7 ayı ərzində
adı çəkilən layihə üzrə Dövlət
Neft Şirkətinə əvəzsiz olaraq 1 milyard 961,3 milyon
kubmetr qaz təhvil verilmişdir. Bununla yanaşı, hesabat
dövründə "Şahdəniz" layihəsi üzrə
Dövlət Neft Şirkətinə 860,4
milyon kubmetr "mavi yanacaq" satılmışdır.
Ölkə üzrə
qazın təhvili planına da artıqlaması ilə əməl
olunmuşdur. Cari ilin 7 ayı ərzində 5 milyard 200,1
milyon kubmetr "mavi yanacaq" satılmışdır ki,
bunun da 4 milyard 148,1 milyon kubmetri daxili bazarın payına
düşmüşdür. Onu da deyək ki, daxili bazarda
satılmış qazın 1 milyard 110,67 milyon kubmetri əhalinin
və iqtisadiyyatın "mavi yanacağa" olan tələbatının
ödənilməsinə yönəldilmişdir. Qazın 2
milyard 217,7 milyon kubmetri isə ölkənin
istilik elektrik stansiyalarının normal fəaliyyətini təmin
etmək məqsədilə "Azərenerji" Açıq
Səhmdar Cəmiyyətinə satılmışdır.
2010-cu ilin yanvar-iyul aylarında Dövlət Neft Şirkəti
tərəfindən xaricə satılmış "mavi
yanacağın" həcmi isə 1 milyard 52 milyon kubmetr təşkil
etmişdir.
Yeri gəlmişkən, bir
neçə il bundan əvvəl Azərbaycan
xaricdən qaz alırdısa, aparılmış məqsədyönlü
və təxirəsalınmaz işlər nəticəsində
artıq ölkəmiz kənara "mavi yanacaq" ixrac edir.
Prezident İlham Əliyev Azərbaycanın beş
il bundan əvvəl istehlak olunan qazın yarısını
xaricdən aldığını xatırladaraq əməli,
praktik işlərə vaxtında başlamağın
uğurlu nəticələr verdiyini bildirmişdir. Ölkə Prezidenti Dövlət Neft Şirkətinin
bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Məhz həyata keçirilən kompleks tədbirlərin
nəticəsidir ki, bu gün ölkədə
qazlaşdırma prosesi sürətlə gedir, bütün
rayon mərkəzlərinə, eləcə də iri kənd və
qəsəbələrə "mavi yanacaq" verilir. Bütövlükdə isə, artıq Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 85 faiz təşkil edir
ki, bu da neft və qaz hasil edən ölkələr arasında
yüksək göstərici hesab olunur. Bununla
belə, dövlət başçımız yaxın illərdə
ölkə üzrə qazlaşdırma səviyyəsinin
90-95 faizə çatdırılmasını tövsiyə
etmişdir.
Dövlət Neft
Şirkəti üzrə neft hasilatında sabitliyi qorumaq, həmçinin
qaz istehsalını artırmaq məqsədilə bir sıra
texniki və geoloji tədbirlər, eləcə də cari və
əsaslı təmir işləri ilə yanaşı, qazma
işlərinə də diqqət xeyli artırılıb.
Bu baxımdan təqribən üç il
yarım əvvəl şirkətin tərkibində ayrıca
bir qurumun - Kompleks Qazma İşləri Trestinin
yaradılmasını xüsusi qeyd etmək lazımdır. Məhz adı çəkilən qurumun fəaliyyətə
başlaması dənizdə, eləcə də 160 ildir
istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli
intensivləşməsinə səbəb olmuşdur.
2010-cu ilin 7 ayı ərzində Dövlət Neft Şirkəti
üzrə 83 min 260 metr qazma işi həyata keçirilmişdir.
Göründüyü kimi, kəşfiyyat və
istismar qazmasının aparılmasına xüsusi diqqət
göstərilməsi yeni neft və qaz ehtiyatlarının
aşkara çıxarılmasına, eləcə də
onların hasilatına geniş imkanlar yaradır.
2010-cu ildə
ölkə neftçilərini daha mühüm, məsul vəzifələr
gözləyir. Hər şeydən əvvəl
qeyd etmək lazımdır ki, qarşıdan neftçilərin
peşə bayramı gəlir. Məhz 20
Sentyabr - Neftçilər Gününü yüksək
iqtisadi göstəricilərlə qeyd etməyə
hazırlaşan bu şərəfli peşə sahibləri həm
də neft və qaz hasilatı üzrə nəzərdə
tutulmuş illik proqnoz tapşırıqlarını
vaxtından əvvəl və artıqlaması ilə yerinə
yetirmək üçün bütün imkanları səfərbərliyə
almışlar.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 29 avqust.- S. 2.