Təbrik
edirik
İctimai Televiziya - ictimaiyyətin televiziyası
Bu
gün Azərbaycanın teleradio məkanında xüsusi yeri
olan İTV-nin beş yaşı tamam olur.
Doğrusu, adam heç inana bilmir ki,
beş il ərzində həqiqətən də belə bir
nüfuzlu telekanal formalaşdırmaq olar. Tamaşaçı
və dinləyicilərin rəğbətini qazanmağın
nə qədər çətin bir iş olduğunu teleradio
sahəsində çalışanlar hər kəsdən daha
yaxşı bilirlər. Özü də indiki şəraitdə,
digər teleradio yayımçıları ilə rəqabət
mühitində bu xüsusilə çətin bir işdir. Necə
edəsən ki, tamaşaçı dalğanı dəyişməsin,
başqa kanalları deyil, məhz səni daha çox izləsin.
Bunun tək bir yolu var, o da yaxşı işləmək,
geniş ictimaiyyəti, əhalinin bütün zümrələrini
düşündürən, qayğılandıran və nəhayət,
narahat edən problemlərlə efirə çıxmaq.
İctimai Televiziya və
Radio Yayımlar Şirkəti bu cəhətdən Azərbaycan
tamaşaçısı və dinləyicisinin rəğbətini
qazana bilib. Ona görə də cəmiyyətin
ən müxtəlif zümrələri içərisində
İTV-nin reytinqi həqiqətən çox yüksəkdir.
Yəni, tamaşaçı istədiyini, arzu
etdiyini bu telekanaldan ala bilir.
Dünyanın əksər
ölkələrində ictimai kanallar mövcuddur. Qəribə burasıdır ki, həmin ölkələrin
əksəriyyətində ictimai kanalların reytinqi olduqca
aşağıdır. Onların bir
çoxu dövlət qayğısından kənarda
qaldığına görə daimi olaraq maliyyə problemləri
içərisində çabalayır. Bu
səbəbdən də işlərini müasir tələblər
səviyyəsində qura bilmirlər. Azərbaycanın
I kanalı olan İTV-nin cəmisi beş
il ərzində sözün əsl mənasında nüfuzlu
və oturuşmuş bir telekanala çevrilməsini təmin
edən başlıca amil də elə məhz onun hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunmasıdır. Bəli, məhz Azərbaycan
dövlətinin hərtərəfli qayğısı sayəsində
İctimai Televiziya və Radio Yayımları Şirkəti
çox qısa vaxt ərzində müasir beynəlxalq
standartlara cavab verən kifayət qədər güclü
maddi texniki bazaya yiyələnib.
Şirkətdə
tam demokratik əsaslarla keçirilən seçim əsasında
enerjili, təcrübəli və ən başlıcası
peşəkar kadrlardan ibarət yaradıcı və
işguzar komanda yaradılıb. Bu
insanlardan hər birinin nə dərəcədə səmərəli
işlədiyini hər birimiz, özü də hər gün
görürük. Həm də
tamaşaçı və dinləyici auditoriyasından əksər
vaxtlarda məhz İTV-nin ünvanına xoş sözlər
eşidirik. Teleradio Şurasına daxil olan
zənglərdə, müraciət və məktublarda,
ictimaiyyət nümayəndələri ilə olan
görüşlərdə də İTV-nin verlişlərindən
razılıq edirlər. Bu kanalın bir
sıra layihələri geniş tamaşaçı
auditoriyası tərəfindən daim maraqla izlənilir.
Gəlin, həmin verlişlərin bəzilərinin
sadəcə adlarını yada salaq. Məsələn,
çoxumuz xəbərləri "Carçı"dan
eşitməyə üstünlük veririk. Ona görə
ki, tamaşaçı və dinləyici hər an yeni-yeni xəbərlər eşitmək istəyir.
"Carçı" isə gün ərzində
bir-iki dəfə yox, düz beş-altı dəfə efirə
çıxır. Üstəlik İTV-nin
xəbərləri daha dəqiq və daha əhatəli olur.
Hər səhər
xəbərlərin ardınca efirə çıxan "Yeni
gün" musiqi-informasiya proqramı da geniş
tamaşaçı auditoriyası tərəfindən rəğbətlə
izlənən proqramlardandır. Əlbəttə, sevilən
proqram olmasaydı, belə uzunömrü ola
bilməzdi. Ağşam
çağı-hamının ev-eşiyə
yığışdığı vaxt "Ortaq məxrəc"
də ekrana gəlir. Müzakirəyə
çıxarılan məsələlər ətrafında bəzən
sakit, təmkinli, bəzən də çox
çılğın müzakirələr gedir. Hərənin ağzından bir hava gəlsə də,
sonda çıxarılan yekun nəticə əksər
hallarda hamının ürəyindən olur. Daha sonra özümüzü kökləyirik ki,
"İqtisadiyyat" proqramını izləyək. Çünki həftə ərzində ən
azı 4 dəfə efirə gedən bu proqramda elə mətləblərə
aydınlıq gətirilir ki, onların hər biri elə hər
birimiz üçün təkcə maraqlı yox, həm də
gərəklidir. Vaxtaşırı efirdə
olan "İşgüzar zaman" proqramı da onun kimi.
Elə "İstehlakçıların dəyərli
vaxtı" proqramını daim olaraq izləyənlər də
peşman deyillər. Çünki hər
birimiz sadəcə olaraq orada toxunulan məsələlərdən,
qaldırılan problemlərdən hali olmaqla özümüz
üçün zəruri nəticələr çıxarırıq.
Uşaqlar
çoxdan idi ki, "Biri var imiş, biri yox imiş" kimi
proqramlara həsrət idi. İTV bu
boşluğu da doldurdu. İndi hər
axşam kiçik yaşlı uşaqlar saat 21:00 olan kimi hər
şeyi unudaraq ekran qarşısına toplaşırlar.
Həftə ərzində
baş verən ən mühüm hadisələrin şərhi
ilə efirə çıxan "Yekun" analitik proqramı
toxunulan məsələlərin aktuallığı, ekspert
kimi dəvət olunan qonaqların dairəsinin genişliyi ilə
diqqəti cəlb edir. Azərbaycanla bu və
ya digər dərəcədə bağlı olan qlobal və
regional məsələlər "Yekun" üçün
hər zaman prioritet mövzulardır. O mövzular ki,
onlar Azərbaycan tamaşaçısı üçün hər
zaman aktual və maraqlı mövzular olaraq qalmaqdadır.
İTV-nin elə
uğurlu və gərəkli layihələri vardır ki, onun
barəsində məxsusi olaraq danışmamaq olmaz. Məsələn, ilk vaxtlar "Ovqat", daha sonra
isə daha da təkmilləşdirilərək efirə
çıxan "Səhər sovqatı" proqramı məhz
belə layihələrdəndir. Bir çoxları kimi mən
də artıq hər istirahət günü "Səhər
sovqatı"na baxmağa bir növ adət
etmişəm. Həmin proqramı izlədikcə
sanki insanın əsəbləri müalicə olunur.
Tanınmış şairləri, yazıçıları,
elm və mədəniyyət adamlarını və bir-birindən
həzin ifaları dinlədikcə adam
özündən asılı olmadan elə bil bir qədər
də sakit, humanist və mərhəmətli olur. Hər cür pisliyi, kin-küdurəti unudaraq ancaq
yaxşılıq etmək barədə
düşünürsən.
İTV
xalqımıza məxsus qədim və zəngin tarixi-mədəni
dəyərlərin öyrənilməsinə və təbliğinə
hər zaman çox böyük önəm verir. Bu cəhətdən "Danışan tarix"
layihəsini xüsusi olaraq qeyd etmək istərdim. Azərbaycanın müxtəlif bölgələrində
olan nadir tarixi abidələrimiz, onların tariximizdəki yeri
və əhəmiyyəti bu veriliş vasitəsi ilə
geniş ictimaiyyətə çatdırılır. Bu isə tamaşaçıya imkan yaradır ki, Vətənin
və xalqın tarixini dərindən öyrənsin.
"Qərib
axşamlar" 1-ci kanalın yeni, həm də uğurlu layihələrindən
biridir. Dünyanın ən müxtəlif
guşələrində yaşayan soydaşlarımız tərəfindən
bu proqram diqqətlə izlənilir. Proqram
boyu çoxsaylı insanların ayrı-ayrı ölkələrdən
birbaşa telefon əlaqələrinə girməsi, ürək
sözlərini ifadə etməsi də elə bu layihənin
uzaq-uzaq yerlərdə milyonlarla soydaşımız tərəfindən
izlənildiyindən xəbər verir. Göründüyü
kimi, bu veriliş azərbaycanlıları bir-birinə
yaxınlaşdırır, onları daha da həmrəy edir.
İnanın, xalqımızın bu gün həmrəyliyə
həmişəkindən daha çox ehtiyacı var. Biz həmrəy
olsaq, bütün problemləri özümüz həll edəcəyik.
O, zaman ATƏT də, Avropa Şurası da, digər beynəlxalq
təşkilatlar və dövlətlər də Azərbaycanla
hesablaşacaqlar, onun haqlarına və maraqlarına hörmətlə
yanaşacaqlar.
"Açıq dərs"
1-ci kanalın ən dəyərli layihələrindəndir.
Bu verilişin tamaşaçı auditoriyası
olduqca böyükdür. Orada müzakirəyə
çıxarılan məsələlərin hamısı
bir-birindən aktualdır. Tamaşaçı
əvvəldən sonadək müxtəlif nəsillərin,
müxtəlif peşə və düşüncə sahiblərinin
fəal diskussiyanın şahidi olur. Beləliklə
də, elm və təhsil sahəsindəki uğurlar da,
problemlər də peşəkarcasına təhlil olunur.
Ən azı ölkənin düşünən
beyinləri, alim və ziyalıları, çoxminlik tələbə,
magistr və aspirant ordusu nəfəs dərmədən bu
verilişi izləyir. Diqqəti cəlb edən
odur ki, hər dəfə də yeni-yeni mövzular
tapılır, ekspertlərin və
iştirakçıların öz mövqeyini, rəy və təkliflərini
bildirmələri üçün şərait
yaradılır. Bir sözlə, veriliş
canlı olmasına baxmayaraq, aparıcı tərəfindən
daim çox məharətlə idarə olunur. Mən çox arzu edərdim ki, digər telekanallarda
da buna bənzər verlişlər olsun.
İnsanların
oxumağa, öyrənməyə, mariflənməyə həmişə
ehtiyacı olub və bu gün də belədir. Bu missiyanın həyata keçrilməsində
televiziyanın imkanları olduqca böyükdür. Əslində, cəmiyyətin maarifləndirilməsi
televiziyanın başlıca vəzifələrindən
biridir. Bu işdə sözün əsil mənasında
xalqın televiziyası,ictimayətin
televiziyası olan İctimai televiziya üzərinə
böyük yük və ondan daha böyük məsuliyyət
düşür. Etiraf etməliyik ki, İTV bu
missiyanı layiqincə həyata keçirir.
Beş il
öncə İctimai Televiziya yaradılarkən
çoxları pessimist idi. Pessimistlərin bir
qismi bilərəkdən hay - küy qaldırmaqla yeni
açılan telekanalın gələcəyini şübhə
altına almaq istəyirdi. Bir qismi isə həqiqətən
yaxın gələcəkdə bu istiqamətdə hansısa
bir uğur qazanılacağına inana bilmirdi. Beş il öncə yeni yaradılmaqda olan İTV-yə
münasibət belə idi. Göründüyü
kimi, ötən illər ərzində tədricən İTV-yə
münasibət də dəyişdi. Daha
doğrusu, İTV bu illərdə elə işlədi ki, hətta
bilərəkdən ona qarşı ifrat dərəcədə
pozuçuluq fəaliyyəti ilə məşğul olanlar da
onun uğurlarını etiraf etməli oldular. Bu gün Azərbaycanın 1-ci kanalı olan İTV
bütün göstəricilər üzrə Avropa və
Asiyanın adlı - sanlı telekanalları ilə
yanaşı addımlamaq iddiasındadır. Niyə də olmasın?! Bu
yaxınlarda Bakıda Avropa Yayımçıları
İttifaqının növbəti sessiyası oldu. O
zaman avropalı qonaqlar təbiidir ki, İctimai Televiziyanı
da ziyarət etdilər, onun texniki imkanları və arxivi ilə
tanış oldular. Avropanın
ən nüfuzlu telekanallarının rəhbərlərinin və
məsul nümayəndələrinin İTV barəsindəki
rəy və mülahizələri dönə-dönə
efirdə səsləndi, mətbuatda dərc olundu. Bu o deməkdir ki, İTV artıq həm də beynəlxalq
səviyyədə tanınan bir telekanaldır.
Bütün Azərbaycan
tamaşaçıları və İTVsevərlər kimi mən
də hər birimiz üçün əziz olan 1-ci kanalın
yaradıcı kollektivini beş
yaşlarının tamam olması münasibəti ilə
ürəkdən təbrik edirəm. Əmin
olmaq istərdik ki, onun uğurları bundan sonra da artmaqda davam
edəcəkdir.
Qafar
CƏBİYEV,
Azərbaycan
Respublikası Milli
Televiziya
və Radio Şurasının üzvü,
tarix elmləri doktoru
Xalq
qəzeti.- 2010.- 29 avqust.- S. 4.