"Xalq qəzeti" - 91

 

    Azərbaycanın ictimai-siyasi və mədəni həyatının sistemli salnaməsini yaratmış milli mətbuat orqanı

 

    Bu yaxınlarda xalqımız 135 il əvvəl ilk anadilli qəzetin nəşrə başlaması ilə milli mətbuatımızın əsasının qoyulmasını sivil tariximizin əlamətdar hadisəsi olaraq ümumxalq bayramı kimi qeyd etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yubileyin dövlət səviyyəsində keçirilməsini təmin edən sərəncamı və bayram günü milli mətbuatımızın inkişafında xidməti olan qələm sahiblərinin böyük bir dəstəsini mükafatlandırması, jurnalistlərin sosial müdafiəsi ilə bağlı qərar verməsi bu şərəfli tarixi qiymətləndirən və layiqincə tamamlayan yeni bir səhifə oldu. Milli mətbuatımız öz tarixinin 135-ci ilini dövlət müstəqilliyinin və söz azadlığının son 19 ildə yüksəltdiyi uca bir məqamda şərəfləndirdi. Bu tarixin ən diqqətçəkən faktlarından biri isə heç şübhəsiz, son 91 ildə gündəlik və ardıcıl nəşri ilə ən uzunömürlü qəzet olmuş "Xalq qəzeti"nin (əvvəlki 72 ildə "Kommunist") fəaliyyəti olmuşdur.

 

    Tarixi zərurətin ifadəsi olaraq böyük maarifçi-publisist, mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzet "Əkinçi" 2 ildən bir az artıq yaşamışdı. Onun yolunu və ənənəsini davam etdirən "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus" qəzetləri də uzun- ömürlü olmamışdı. 1905-ci ildən sonra sayı sürətlə çoxalan anadilli qəzet-jurnallar da öz yerinirolunu çox keçmədən sonrakılara vermişdi. Mətbuat tariximizin 43-cü ilində Azərbaycanın istiqlaliyyəti sayəsində ərsəyə gəlmiş ilk rəsmi dövlət qəzeti "Azərbaycan"a da, çox təəssüf ki, 20 aydan artıq yaşamaq qismət olmamışdı.

    1920-ci ilin 28 aprelində birinci respublika olan Azərbaycan Xalq Cümhuriyyəti rus-bolşevik müdaxiləsi və daxili satqınlıq nəticəsində öz yerini məcburən ikinci respublika sayılan - Azərbaycan Sovet Sosialist Respublikasına verəndə, yeni kommunist hakimiyyəti dövlət qəzeti olan "Azərbaycan"ın davamı kimi onun bazasında və yaradıcı-texniki heyətinin iştirakı ilə "Kommunist" adlı qəzeti nəşr etməyə başlamışdı.

    Sadəcə olaraq, bolşevik qiyamının səhərisi yerli kommunist rəhbərlik "Azərbaycan" qəzetinin redaksiyası qarşısındakı lövhəni və müsavatçı-istiqlalçı redaktor Üzeyir bəy Hacıbəylini dəyişmiş, qəzetin kollektivi fəaliyyətini yeni hakimiyyətin "Kommunist" adlandırılan qəzetini buraxmaqla davam etdirmişdi. "Kommunist"in 1920-ci ildə 30 aprel tarixli ilk, mətbuat tariximizdə bu adla buraxılan qəzetin isə ikinci olan nömrəsi belə işıq üzü görmüşdü.

    "Kommunist" qəzetinin 1919-cu ildə ilkson nömrəsi isə avqustun 29-da Bakı sosialist təşkilatları ittifaqının nəşri kimi buraxılmışdı. Bu xüsusi buraxılış "bir nömrəlik əza (matəm - red.) qəzeti" adlandırılaraq öldürülmüş bolşeviklərin xatirəsinə həsr edilmişdi. 4 min sayla gizli çap olunmuş nömrədə "proletariatan dünya inqilabına qoşulmaq" çağırışı da yer almışdı. Bu nömrəni gənc kommunist-publisist Ruhulla Axundov redaktə etmişdi. 1920-ci ildə "Kommunist" qəzetinin ilk nömrəsi isə digər kommunist-publisist Əliheydər Qarayevin imzası ilə çap olunmuşdu.

    Qəzetin davamlı buraxılışı 1920-ci ilin 30 aprelindən hesablansa da, onun ilk 10 illik yubileyi 1919-cu ildə çıxmış ilk nömrənin tarixi əsas götürülməklə 1929-cu ilin 29 avqustunda keçirilmişdi. Sonrakı onilliklərdə də bu tarixə əsasən ölkənin 1 nömrəli dövri nəşri sayılan "Kommunist"in yubileyləri milli mətbuatımızın "ən böyük hadisəsi", "yeni tipli mətbuatın başlanğıcı", "həqiqi xalq tribunasının bayramı" kimi qeyd olunmuşdu. 1955-ci ildə "Kommunist"in 10 mininci nömrəsinin buraxılışı, 1969-cu ildə isə 50 illik yubileyi daha böyük təntənə ilə əlamətdar olmuşdu.

    1969-cu il avqustun 29-da Azərbaycan Dövlət Akademik Dram Teatrında keçirilən yubiley mərasimində sovet dövlətinin yüksək mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordenini qəzetin bayrağına Azərbaycana yeni rəhbər seçilmiş Heydər Əliyev taxmışdı. Bu mərasim həm də respublikanın siyasi tarixinə milli gerçəkliyimizin diqqətçəkən hadisələrindən biri kimi daxil olmuşdu. Respublika rəhbəri müxtəlif ölkələrin və xalqların təmsilçilərinin iştirak etdiyi yığıncaqda o vaxtın mövcud qaydasına uyğun olaraq rus dilində deyil, qəzetin çıxdığı ana dilimizdə çıxış etmişdi. Qəzetimizin tarixi üçün öyünclü bir haldır ki, ümummilli lider Heydər Əliyev respublika rəhbəri kimi rəsmi məclislərdə Azərbaycan dilində ilk çıxışını "Kommunist"in 50 illik yubileyində eləmişdi.

    Yeri gəlmişkən deyək ki, ulu öndər həmin çıxışında anadilli milli qəzetin yarıməsrlik fəaliyyətinə yüksək qiymət vermiş, onun ayrı-ayrı tarixi dövrlərdəki xidmətlərindən ətraflı söhbət açmışdı. Sonrakı illərdə Azərbaycanda mətbuatın inkişafına yüksək qayğı göstərən Heydər Əliyev "Kommunist" qəzetinin respublikanın həyatı ilə sıx bağlanmasını, onun quruculuqümumi inkişaf məsələlərinə daha çox kömək etməsini daim diqqətdə saxlamışdı. O illərdə qəzetin cəmiyyətdə mötəbərliyi, xalq arasında nüfuzu əsaslı surətdə yüksəlmişdi.

    Xalqımızın milli varlığını həmişə uca tutan ulu öndər Heydər Əliyev anadilli rəsmi qəzet "Kommunist"i respublika mətbuatının bayraqdarı, əsl milli qəzet səviyyəsinə qaldırmışdı.

    1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdıb dövlət müstəqilliyimizin xilaskarına və memarına çevrilən ümummilli lider Heydər Əliyev 1 il sonra qəzetin 75 illik yubileyində kollektivə göndərdiyi təbrik məktubunda fəaliyyətini "Xalq qəzeti" adı altında uğurla davam etdirən bu milli nəşrin tarixi xidmətlərini, ölkə həyatında tutduğu mövqeyi çox yüksək qiymətləndirmişdi: "Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin xidmətləri xüsusi qeyd olunmalıdır...

    Bu gün qəzet müstəqil Azərbaycanda hüquqidemokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır".

    Doğrudan da, "Xalq qəzeti" ("Kommunist") fəaliyyətinin ilk dövrlərindən başlayaraq, ana dilində gündəlik ictimai-siyasi qəzet buraxmaq, respublika həyatını və beynəlxalq aləmin ən mühüm hadisələrini ardıcıl işıqlandırmaq sahəsində peşəkarlıq ənənəsini formalaşdıran milli jurnalistika məktəbi olmuşdur. "Kommunist" qəzeti "bəy-xan hakimiyyətini əsl xalq hakimiyyəti ilə" əvəz etdiyini bəyan edən kommunist rəhbərliyin çağırış və hərəkatlarından xalqın maraqları naminə yararlanmağa çalışmışdır. Bu işdə "Azərbaycan" qəzetindən qalma, milli məfkurə daşıyıcıları olan ziyalı publisistlər daha fəal rol oynamışlar.

    İlk 3 ildə Nəriman Nərimanovun milli hökumətinə daxil olan, Sovet Azərbaycanının dövlət müstəqilliyini qoruyub saxlamağa çalışan kommunist rəhbərlər bu xəttin "Kommunist" qəzetində də əksini tapmasına çalışmışdılar. Bu dövrdə Xalq Daxili İşlər Komissarı vəzifəsində işləmiş Həmid Sultanov "Kommunist" qəzetində Azərbaycanın sərvətlərinin yenə Rusiyaya daşınıb aparılması barədə yazı çap etdirdiyinə görə vəzifəsindən azad edilmiş və həbs olunmuşdu. Gənc müsavatçı publisist Mirzəbala Məmmədzadə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi mülahizələri ilə çıxış etmişdi. Təəssüf ki, "Kommunist" qəzetinin bu milli təmayülünü Kirov, Mirzoyan kimi yad simaların rəhbərlik etdikləri, Ə. Qarayev kimi milli hisslərdən məhrum yerli kadrlardan dəstək alan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi daim qamçılayırdı. "Kommunist" qəzetindəki "millətçi yuvası"nı dağıtmaq üçün dəfələrlə ciddi tədbirlər görülmüşdü.

    O dövrdə qəzetə Ruhulla Axundov, Böyükağa Talıblı, Həbib Cəbiyev kimi milli varlığa bağlı kommunist publisistlərin rəhbərlik etməsi qəzetin milli-xəlqi istqamətini qoruyub saxlamağa kömək etmişdi. Təəssüf ki, 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov Moskvaya aparılandan sonra qəzetin sərbəstliyinə son qoyulmuş, redaksiya yuxarının direktivləri və sərt nəzarəti altında fəaliyyət göstərməli olmuşdu. Bütün bunlara baxmayaraq, "Kommunist" qəzeti 1920-30-cu illərdə həyata keçirilən mədəni inqilab,sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi proqramlarına Azərbaycanda ideya-siyasi təminat yaradılmasında, adamların quruculuq işlərinə səfərbər edilməsində fəal rol oynamışdı.

    Savadsızlığın ləğvi, qadın azadlığı kimi hərəkatlarda da "Kommunist" qəzeti kütlələrə dəyişdirici təsir göstərmişdi. Qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların keçirilməsində informasiya-təbliğat ruporu olmuşdu. Bir sözlə, Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı o illərdə "Kommunist" qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz idi.

    Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbi idi. Ümumiyyətlə, uzun onilliklər boyu "Kommunist" qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi ilə çıxarılmışdır. Onun ideya-siyasi və peşəkarlıq səviyyəsi sahə və bölgə nəşrləri üçün örnək kimi qəbul olunmuşdur. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın tarixinə önəmli fakt və hadisələr kimi daxil olmuşdur. Müasir qəzet üslubu "Kommunist" qəzetinin səhifələrində cilalanıb-zənginləşmişdir. Ərəb əlifbasından istifadə edən ölkələr arasında ilk mətnyığan linotip maşın ABŞ-da "Kommunist" qəzetinin sifarişi ilə hazırlanmışdır.

    Yaponiya kommunistlərinin lideri Sen Katayama o dövrdə redaksiyada olmuşsonralar qəzetə xaricdən müxbirlik etmişdi. Mətbuat sahəsində çalışan tərcüməçilər də uzun illər "Kommunist" qəzetində formalaşmışlar. Respublikada fəhlə-kəndli müxbirlər hərəkatının və professional jurnalist təhsilinin əsasını qoyanlar da "Kommunist"in təcrübəli işçiləri olmuşlar. Belə faktların sayı kifayət qədər çoxdur.

    1937-38-ci illərin repressiyası qəzetin əməkdaşlarından da yan keçməmişdir. Qəzetə redaktorluq etmiş Ə. Qarayev, R.Axundov, B. Talıblı, H.Cəbiyev, tanınmış yazarlar X. İbrahim, F. Ağazadə, qəzetlə əməkdaşlıq edən neçə-neçə yazıçı-şair millətçi damğası ilə qətlə yetirilmişlər. Lakin qəzetlə sıx bağlı olan Ü.Hacıbəyli, M. S. Ordubadi, S. Vurğun, S. Rüstəm, R. Rza, M. İbrahimov kimi yazıçı və şairlər öz yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmış, onun sağlam yöndə inkişafını təmin etmişlər. Bu nəslin istedadlı nümayəndələri II Dünya müharibəsi illərində və sonrakı onilliklərdə öz aktual çıxışları ilə qəzeti xalq həyatı ilə yaxınlaşdırmış, onun nüfuzunu yüksəltmişlər. Ə.Vəliyev, R.Quliyev, İ.Nəzərov, A.Rzayev, R.Mahmudov kimi yetkin redaktorların rəhbərliyi ilə qəzetin ənənələri yaşadılmış, zənginləşdirilmişdir.

    1950-60-cı illərdə "Kommunist" qəzetində milli təmayül yenidən güclənmişdir. Qəzetin professionallığı dünya jurnalistikasının yaradıcılıq və texniki uğurlarını mənimsəməklə daim yüksəlmişdir. Mövzu genişliyi, janr əlvanlığı, operativlik, coğrafi əhatə dairəsi "Kommunist"i ölkənin lider qəzeti kimi populyarlaşdırmışdır. Qəzetin ana dilimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi əsas götürməsi onu mükəmməl bir məktəbə çevirmişdir.

    Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun himayəsi ilə qəzet təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərməyə başlamışdı. 1970-80-ci illərdə "Kommunist"in tirajı 500-600 min nüsxəyə çatmışdı, qəzet hər evdə-ailədə oxunurdu.

    XX əsrin sonlarında SSRİ-nin süqutu prosesində qəzetin kollektivi milli azadlıq hərəkatını dəstəkləmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə getmişdir. Kommunist rejiminin son dövründə qəzetdə imperiya mərkəzini və onun yerli vassallarını razı salmayan, xalqın haqq səsini yayan xeyli yazı dərc olunmuşdu.

    Azərbaycanın dövlət müstəqilliyi ərəfəsində yerli kommunist rəhbərliyin, parlamentin və hökumətin orqanı olan "Kommunist" qəzetinin bazası parçalanmışdır. Yeni yaranan "Həyat" (az sonra "Azərbaycan") parlament, "Respublika" isə hökumət nəşri kimi fəaliyyətə başlamışdır. "Kommunist" qəzeti isə SSRİ-də Kommunist Partiyasının buraxılmasından 1 həftə, Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasından isə 2 ay əvvəl öz müstəqilliyini elan edərək "Xalq qəzeti" adı ilə azad mətbuat yoluna çıxmışdır. Dövlət müstəqilliyinin ilk illəri mövcud siyasiiqtisadi böhranla, Qarabağ müharibəsi ilə bağlı "Xalq qəzeti" üçün də məhrumiyyətli keçmişdir. Lakin qəzetin zəngin ənənələrə, xüsusən quruculuğa, ümumxalq maraqlarına bağlı olan kollektivi sağlamsabit mövqeyini qorumuş, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını alqışlamışdır.

    Artıq deyildiyi kimi, 1994-cü ildə qəzetin 75 illik yubileyində Prezident Heydər Əliyevin qəzet kollektivinə göndərdiyi təbrik məktubunda söylədiyi "Uzun illər "Kommunist" adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur" mülahizəsi qəzetin dünəni ilə bağlı ədalətsiz qiymətləri heçə endirmişqocaman redaksiyaya yeni həyat vermişdir. 1995-ci il noyabrın 13-də ulu öndər Heydər Əliyevin zəka və məramının yetirməsi olan Azərbaycan Respublikasının Konstitusiyasını çap etməklə "Xalq qəzeti" cəmiyyətdəki statusunurolunu özünə qaytarmış oldu.

    Son 15 ildə "Xalq qəzeti" ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında öz zəngin təcrübəsi ilə fəal iştirak edir. İlk dövlət qəzeti "Azərbaycan"ın istiqlal amalını Sovet dövründə gizli və açıq şəkildə yaşatmış qəzetimiz ölkəmiz yenidən milli dövlətçilik məfkurəsinə dönəndən sonra azaddemokratik nəşr kimi nüfuzunu gündən-günə artırır. Bir il əvvəl 26249-cu sayının çıxdığı gündə 90 yaşı tamam olan "Xalq qəzeti" küll halında cəmiyyətdə bu 90 ilin ən əhatəli, sistemli salnaməsini yaratmış misilsiz bir xəzinə kimi dəyərləndirildi.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı milli mətbuatımızın 135 illiyi haqqında sərəncamda və dövlət başçısının Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışı mərasimindəki nitqində çağdaş mətbuatımızın qarşısına qoyduğu vəzifələr jurnalistikamızı yeni tarixi uğurlara yönəldir. Ölkəmizin ən qocaman qəzeti, canlı jurnalistika məktəbi olan "Xalq qəzeti"nin kollektivi sözü və qələmi ilə bundan sonra da xalqımızın arzu və istəklərinin gerçəkləşməsinə, dövlətçilik maraqlarımıza xidmət edəcək, azad mətbuatın prinsiplərinə sadiq qalacaq.

 

 

     Həsən HƏSƏNOV,

     "Xalq qəzeti"nin baş redaktoru

 

     Xalq qəzeti.- 2010.- 29 avqust.- S. 3.