Qubadlının işğalından 17 il ötdü

 

    Torpaq da canlıdır. O da doğma səsin, doğma nəfəsin harayını duyur. Elə ki, ona yad nəfəsi dəyir, yadelli tapdağına çevrilir, o da qəzəbli, hikkəli olur. Amma nə səsini çıxarır, nə də göz yaşı tökür, sadəcə, səssiz-səmirsiz öz övladlarının yolunu gözləyir. Qubadlı torpağı 17 ildir ki, belə həsrətlə yaşayır. Qubadlılar isə düz 17 ildir ki, ölkənin müxtəlif bölgələrinə səpələnib, köçkün ömrü yaşayırlar. Yaxşı ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı, bu yurdsuz-yuvasız insanlara sahib durdu. Onlara atalıq qayğısı göstərdi. Qubadlılar bu gün ulu öndərin siyasi kursunu yaşadan, ölkəmizi beynəlxalq səviyyədə sayılıb seçilən ölkələr sırasına çıxaran cənab İlham Əliyevin qayğısından məmnundurlar.

 

    İşğal tarixindən bəzi məqamlar

 

    Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə böyük Ermənistan yaradılması barədə daşnak ideoloqlarının çoxillik xülyalarının tərkib hissəsi idi. 5 ildən artıq erməni təcavüzü ilə üz-üzə qalan Qubadlı 2 gün ərzində qəflətən boşaldıldı.

    Qubadlı Ermənistanla 120 kilometr məsafədə həmsərhəddir. Hələ 80-ci illərin sonlarında Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluuşağı, Məlikəhmədli, Seytaş, Eyvazlı, Qədili, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.

    Dağlıq Qarabağla sərhəddə yerləşən Başarat, Milanlı, HatDeştahat kəndləri Hadrut rayonu ərazisindən təcavüzə məruz qalırdı. Şəhid olanların sayı günü-gündən artırdı.

    1990-cı il yanvar ayının 15-də isə rayonda fövqəladə vəziyyət tətbiq edildi və özünümüdafiə dəstələrinin ov tüfəngləri də yığıldı.

    Lakin fövqəladə vəziyyətin tətbiqi, rayona rus qoşunlarının gətirilməsi nəinki erməni təcavüzünün qarşısını almadı, əksinə, onların təxribat-terror əməllərinin artmasına rəvac verdi.

    Yerləşdiyi ərazi Qarabağ münaqişəsi başlandığı vaxtdan Qubadlını təcavüzün, erməni terrorunun obyektinə, münaqişənin qaynar nöqtəsinə çevirdi. 1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqləri başlandığı vaxtdan Ermənisandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi.

    Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədir, Dağlıq Qarabağla Qubadlı ərazisində keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətlərini həyata keçirmək istəyirdilər.

    Əhalini vahiməyə salıb didərgin etmək, kəndləri boşaltmaq məqsədi ilə sərhəd kəndlərinin camaatı arasında sayılıb seçilən adamlarına terrorçu qəsdlər gücləndirildi.

    1991 - 1993-cü illər milli münaqişənin zirehli texnikanın, aviasiyanın və artilleriyanın tətbiqi ilə böyük müharibəyə çevrildiyi mərhələdir. Bu dövr Ermənistan ərazisindən rayon mərkəzi və sərhəd yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə tutulduğu, yaşayış məntəqələrinin vertolyotların, tank və digər zirehli texnikaların müşayiəti ilə erməni hərbi birləşmələrinin hücumuna məruz qaldığı dövrdür.

    Artıq müəyyən döyüş təcrübəsi qazanmış yerli döyüşçülər düşmənin basqınlarını uğurla dəf edirdilər. İgid döyüşçü, Milli Qəhrəman Əliyar Əliyevin özünümüdafiə dəstələrinin bazasında yaradılan hərbi briqadanın möhkəmləndirilməsi istiqamətində aparıldı.

    Təkcə bir döyüşdə (1992-ci ilin yayında) Əliquluuşağı zonasına hücum edən düşmənin üç vertolyotu vurulmuşdu.

    Həmin zonada Laləzar körpüsü yaxınlığında quduzluğu və qaniçənliyi ilə ad çıxarmış daşnak Karenin dəstəsi tamamilə məhv edildi. Karenin meyidi Ağdam şəhərinə göndərildi və 30 azərbaycanlı girova dəyişdirildi.

    Hakimiyyətin acizliyindən, səriştəsizliyindən cana doyan xalq öz nicatını böyük iradə sahibi, fenomen qabiliyyətə malik görkəmli siyasətçi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsində görürdü. Məhz buna görə də respublikanın hər yerindən, xüsusilə də cəbhə bölgələrindən Naxçıvana, Heydər Əliyevin görüşünə gedənlər günbəgün artırdı. Qubadlıdan bu dövrdə Naxçıvana üz tutanların sayı az deyildi.

    1993-cü ilin əvvəllərində artıq hamıya aydın idi ki, hakimiyyət ölkəni idarə etmək iqtidarında deyil. Respublika iqtisadi, hərbi, siyasi böhran içindəydi. Cinayətkarlıq baş alıb gedirdi. Bunlar azmış kimi xarici dövlətlərin kəşfiyyat qüvvələrinin iradəsini həyata keçirən yerli xəyanətkar qüvvələr xalqı vətəndaş müharibəsi vəziyyətinə gətirmişdi. Müdrik, qətiyyətli və uzaqgörən siyasətçi Heydər Əliyev xalqın tələbi ilə o məqamda hakimiyyətə gəldi ki, artıq qardaş qanı tökülmüşdü. Vətəndaş müharibəsi başlanmışdı. Məhz onun hakimiyyətə yenidən qayıdışı vətəndaş müharibəsini dayandırdı.

    Lakin Azərbaycanın müstəqilliyini istəməyən düşmən qüvvələr həm xaricdən, həm də daxildən Heydər Əliyev hakimiyyətini yıxmağa ciddi cəhd göstərdilər.

    1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genişləşdirildi. Eyni mərkəzdən idarə olunan yerli xəyanətkar qüvvələr özlərinə tabe olan hərbi birləşmələri döyüş mövqelərindən çıxartdılar.

    Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi. Cəbrayıl istiqamətini bağlamaq üçün əlavə qüvvələr lazım idi. Bu isə gəlib çıxmadı.

    Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız yerli mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi.

    Əsas zərbə Xanlıq istiqamətinə yönəldilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də erməni tankları böyük çətiliklə kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xoçik istiqamətində rayona soxulan erməni hərbi birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdu.

    Avqustun 30-31-i rayonu müdafiə edən hərbi birləşmələr əhaliyə, yerli hakimiyyət orqanlarına xəbər vermədən rayonu tərk etdi. Avqustun 31-də daha bir faciə törədildi. Kiminsə məkrli tapşırığı ilə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri qətlə yetirildi.

    Qaniçən erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali rayonu tərk etməli oldu.

    Yüzlərlə döyüşçümülki əhali yaralandı, əlil oldu. 30 mindən artıq əhalinin yurd-yuvası talandı. 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edildi. Bu gün qubadlılar 9 nəfər - Milli Qəhrəmanı ilə fəxr edirlər. Onlar hər il Sumqayıtdakı Şəhidlər Xiyabanına gəlir və döyüşlərdə qəhrəmancasına həlak olmuş həmyerlilərinin məzarlarını ziyarət edirlər.

    Qubadlılar dövlət qayğısından razıdırlar

    Rayonun işğalından sonra qubadlılılar dövlətin qayğısı ilə himayə olundular. İstər ulu öndərin prezidentliyi, istərsə də cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə, qaçqınlara və məcburi köçkünlərə böyük diqqət göstərilmiş və bu gün də göstərilməkdədir.

    "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin (1 iyul 2004-cü il tarixli) 2007-ci ildə bu proqrama əlavələrin təsdiq olunması ilə bağlı sərəncamlarından irəli gələn vəzifələri rəhbər tutaraq rayonun idarə, müəssisə və təşkilatları məcburi köçkün əhalinin problemlərinin həlli, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin payız-qış mövsümündə fəaliyyət göstərə bilmələri üçün ciddi tədbirlər həyata keçirmişlər.

    Xüsusilə, 2009 - 2010-cu illərdə rayon əhalisinin sosial vəziyyəti xeyli yaxşılaşdırılmışdır.

    Məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə təmirə ehtiyacı olan binaların siyahısı dəqiqləşdirilmiş, əhalinin kommunal-məişət problemləri öyrənilmiş, rayon icra hakimiyyəti başçısı yanında Şuranın 15 avqust 2009-cu il tarixli yığıncağında görüləcək işlər və icraçılar müəyyənləşdirilmişdir. Əhalinin məskunlaşma yerləri üzrə, həm də səhiyyə, mədəniyyət və təhsil müəssisələrində ortaya çıxan problemlərin aradan qaldırılması, qış mövsümünə hazırlıqla bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmişdir.

    Hazırda rayonun 33,7 min nəfər əhalisi respublikanın 43 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır. Onların, xüsusilə rayonlarda məskunlaşan köçkünlərin yaşayış şəraiti, çətinlikləri müntəzəm öyrənilmiş, çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görülmüşdür.

    Rayonlarda məskunlaşan əhali ilə daimi əlaqələr var, vaxtaşırı ərazi vahidi üzrə nümayəndələr, aparatın məsul işçiləri bu məqsədlə rayonlara ezam olunur.

    Rayon icra hakimiyyətinin başçısı Malik İsakov şəxsən özü rayonlarda, həm də ən çox problemi olan məskunlaşma yerlərində olur və çətinliklərin aradan qaldırılması üçün operativ tədbirlər görülməsini təmin edir.

    Xızı rayonunun Sitalçay qəsəbəsində hələ ilin əvvəlində keçirilmiş səyyar qəbul zamanı icra başçısı burada xeyli problemin olduğunu aşkara çıxarmış və lazımi tədbirlər görülməsi üçün tapşırıqlarını vermişdir. Qəsəbədə daxili imkanlar hesabına 17 məcburi köçkün ailəsinin evlərinin 2040 kvadratmetr dam örtüyü yeni şifer vurulmaqla əsaslı təmir edilmiş, həmin ərazidən magistiral yola birləşən köməkçi yol çınqıllanmış, elektrik, qazsu təchizatının yaxşılaşdırılması məqsədilə həmin qurumların regional idarələri ilə işlər aparılmış və 1 ədəd transformator əsaslı təmir edilmişdir.

    Onu da qeyd edim ki, rayon icra hakimiyyətinin fəaliyyətində kommunal məsələlər, əhalinin rahatlığının təmin edilməsi üstün yer tutur. Ötən bir il ərzində bu istiqamətdə xeyli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin bir hissəsi daxili imkanlar, digər hissəsi icra hakimiyyətinin müraciəti əsasında Dövlətqaçqınkom və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilmişdir.

    Bununla bərabər üç orta məktəbin əsaslı tikintisi, altı orta məktəbin əsaslı təmiri və hər birində 23-dən çox ailə yaşayan səkkiz məskunlaşma yerinin dam örtüklərinin təmiri ilə əlaqədar icmalar yaradılaraq 18 layihə hazırlanmış və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna təqdim edilmiş, hazırda həmin layihələrdən 5-i həyata keçirilir.

    Sumqayıt şəhəri Sarıqaya yaşayış massivində, 2 saylı şəhər xəstəxanasının 5 yardımçı binasında məskunlaşan 12 məcburu köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna müraciət olunmuş: bunun nəticəsində həmin ərazidə 1916 kvadratmetr dam örtüyü yumşaq dam örtüyü materialı ilə əsaslı təmir edilmişdir. 23 məcburi köçkün ailəsinin məskunlaşdığı 2 saylı xəstəxananın yeməkxana hissəsinin dam örtüyü daxili imkanlar hesabına əsaslı təmir edilmiş, burada 1140 kvadratmetr sahə şiferlə örtülmüşdür. Kimyaçılar qəsəbəsində yerləşən 4, 6 və 7 saylı yataqxanalarda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun köməkliyi ilə dam örtükləri də daxil olmaqla bütün ümumi istifadə sahələri, yəni mətbəxlər, sanitar qovşaqları, dəhlizlər əsaslı təmir edilmişdir.

    Fond tərəfindən İnşaatçılar qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Sumqayıt şəhər səhiyyə şöbəsinin poliklinika binasının əsaslı təmirinə başlanmışdır.

    28 May Mədəniyyət evinin birinci mərtəbəsində yerləşən Mahmudlu kənd uşaq musiqi məktəbi yenidən qurularaq istifadəyə verilmişdir.

    Dərs ilinin başlanması ərəfəsində Çərəli kənd orta məktəbində yenidənqurma işləri başa çatdırılmış, Xanlıq kənd 2 saylı orta məktəbi əsaslı təmir edilmiş, Xanlıq 3 saylı orta məktəbində 2 sinif otağı tikilməklə genişləndirmə işləri aparılmışdır.

    Aşağı Mollu kənd orta məktəbinin 8 sinif otağında, idman zalında və soyunub geyinmə otaqlarında 426 kvadratmetr döşəmə tamamilə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

    Dondarlı və Xələc kənd orta məktəbinin əsaslı təmiri üçün MKSİF-ə müraciət olunmuş, müraciətin nəticəsində Fond həmin məktəblərin bütün lahiyyə-smeta sənədlərini hazırlayaraq başa çatdırmış və hazırda həmin məktəblərin əsaslı təmir işlərinə başlanmışdır.

    Qubadlı şəhər 2 saylı orta və Dəmirçilər kənd orta məktəblərinin yenidən qurulmaqla əsaslı təmiri üçün icma layihələri hazırlanaraq MKSİF-ə təqdim edilmişdir. Ümumiyyətlə, son illər qubadlılılar üçün 20 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

    Hazırda Binəqədi rayonu Motodrom ərazisində fəaliyyət göstərən Muradxanlı kənd ortaAbşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən Qəzyan kənd orta məktəblərinin əsaslı təmiri işinə başlanmışdır.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciətdən sonra Sumqayıt şəhəri 11-ci mikrorayon mağaza binasında məskunlaşan 6 ailənin mənzillərinin 610 kvadratmetr və 3 ailənin məskunlaşdığı İnşaatçılar qəsəbəsində yerləşən Avtobazanın inzibati binasının 300 kvadratmetr dam örtüyü yumşaq dam örtüyü materialı ilə əsaslı təmir edilmişdir.

    13 məcburu köçkün ailəsinin məskunlaşdığı Sumqayıt şəhəri 1-ci mikrorayon 13 saylı uşaq bağçasının içməli su ilə təmin edilməsi üçün əlaqədar təşkilatlara müraciət edilmiş və qısa müddətdə yeni su xətti çəkilərək su ilə təchiz edilmişlər.

    Ümumilikdə 345 metr müxtəlif diametrli su xəti, 410 metr kanalizasiya xətti çəkilmiş və təmir edilmişdir.

    1560 metr kanalizasiya borusu təmizlənərək işlək hala salınmış, 12 kanalizasiya quyusu əsaslı təmir edilmişdir.

    Məlumat üçün bildirək ki, ilin əvvəlindən köçkünlərimizin yığcam məskunlaşdığı 24 binanın təmiri üçün Dövlət Qaçqınkoma və 11 icmanın layihələri əsasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna müraciət edilmişdir.

    Bunlar hələ ki, cari ildə görülən işlərdir. Artıq 17 ildir Qubadlı Rayon İcra Hakimiyyəti əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı aparır. Ən əsası isə budur ki, rayonun əksər icra strukturları fəaliyyətlərini davam etdirir. Qubadlılıların isə heç nədən nigarançılıqları yoxdur. Təkcə doğma torpaqlarına qayıdıb, öz ata-baba yurdlarında məksunlaşmaq istəyirlər.

 

 

    Mehdi MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 31 avqust.- S. 3.