Dərs ili yekunlaşdı... dərs ili yaxınlaşır

 

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətində mühüm yer tutan təhsilin keyfiyyətinin yaxşılaşdırılması məsələsi uğurla öz həllini tapır

 

    Görkəmli türk maarifçisi İhsan Doğramacı yazırdı ki, "Təhsil təkcə müəllimin öyrətdiyindən və şagirdin öyrəndiyindən ibarət deyil. O, həm də mənəvi, əxlaqi və psixoloji amillərdən ibarət dərin bir prosesdir". Zaman sübut etdi ki, bu ifadənin müəllifi tamamilə haqlıdır. Çünki artıq dünya ölkələrinin heç birində təhsilə, maarifə sırf öyrətmək və öyrənmək prosesi kimi baxmırlar. İndi artıq təhsilin istiqamətini müəyyənləşdirənlər klassik məktəb-müəllim-şagird münasibətlərini kifayət qədər yeniləşdiriblər. Bütün müasir tendensiyaların mütərəqqi cəhətlərini özündə əks etdirən çağdaş təhsil forması günün reallıqlarıdır. Yeni forma və yeni məzmunun mövcud ənənələrlə uzlaşdırılması isə gənc nəslin həyata atılması zamanı onun "orta məktəb məzunu" kimi deyil, kamil vətəndaş olmaq üçün keçiləcək yolun birinci mərhələsini adlamış şəxsiyyət kimi xarakterizə edilməsinə zəmin yaradır.

 

    Böyük məmnunluqla və qətiyyətlə deyə bilərik ki, bütün dünyada davam edən həmin qlobal prosesdə Azərbaycan təhsil ictimaiyyəti də fəal iştirak edir. Hətta, bəzi sahələrdə artıq "təcrübənin Azərbaycan nümunəsi" ifadəsi də formalaşmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, respublikanın əməkdar müəllimi Nailə xanım Rzaquliyeva ilə söhbətimizdə də Azərbaycan, xüsusən paytaxt təhsilində tətbiq edilən yeniliklər barədə danışmaq istəyirdik. Ancaq indi ilin elə vaxtıdır ki, köhnə dərs ilinin yekunları və növbəti dərs ilində bizi gözləyən yeniliklər barədə danışmamaq mümkün deyil. Ona görə də Nailə xanıma ilk sualımız elə 2009-2010-cu dərs ilinin yekunları ilə bağlı oldu:

    - Təkcə ölkəmizdə deyil, bütün dünyada təhsil prosesinin müasirləşdirilməsi barədə dediklərinizlə mən də tamamilə razıyam. Həmin prosesdə Azərbaycan təhsil ictimaiyyətinin daha fəal iştirak etdiyini bildirən fikirlər də günümüzün həqiqətləridir. İlk sualınızı konkret şəkildə cavablandırarkən isə bir neçə mühüm faktı yada salmaq istərdim. Əvvəla, ötən il sentyabr ayının 5-də, yəni yeni dərs ilinin başlanmasından 10 gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman imzaladı və biz 2009-2010-cu dərs ilini məhz yeni Təhsil Qanunumuzu rəhbər tutaraq işlədik. Bu qanunun üstün cəhətləri və əvvəlki qanundan fərqləri barədə bir az sonra geniş söhbət açmaq istərdim.

    2009-2010-cu dərs ilini bizim üçün əlamətdar edən növbəti fakt bu ilin yazında təşkil etdiyimiz "Təhsil, zaman və biz" adlı baxış-sərgi oldu. Bu qəbildən olan tədbir paytaxt təhsilinin tarixində ilk dəfə idi ki, təşkil edilirdi. Əslində həmin baxış-sərgi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4 illik fəaliyyətinin nəticələrinə bir baxış idi. Hörmətli nazirimiz Misir Mərdanov, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ictimaiyyətinin aparıcı simaları və kütləvi informasiya vasitələrinin çoxsaylı təmsilçiləri paytaxt təhsilində uğurla həyata keçirilən islahatın nəticələri ilə real şəkildə tanış oldular. Sərgidə təhsilin bütün mərhələləri əhatə olunur, hər mərhələnin öz konkret nəticələri təqdim edilirdi. Ən başlıcası isə təhsilin inkişafındakı müsbət meyillər, yeni texnologiyaların tətbiqi nəticəsində əldə edilən nəticələr tədbir iştirakçıları tərəfindən ürəkaçan fakt kimi qəbul edildi.

    İl ərzində qeydə alınan ən əlamətdar faktlardan ikisini yada saldıq. Ancaq bu müddətdə təhsilin məzmunca yeniləşdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, tabeçiliyimizdə olan təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, təhsil prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması kimi prioritet sahələrə böyük üstünlük verilmişdir. Bütün bunlar həyata keçirilən islahatların müəyyən istiqamətləridir. Ümumilikdə götürərkən, 2009-2010-cu dərs ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün kifayət qədər uğurlu olmuşdur. Qarşıda isə bizi yeni planlar, yeni fəaliyyət istiqamətləri, təhsil islahatlarının dərinləşdirilməsinə xidmət edəcək tədbirlər gözləyir.

    - Gəlin, hələ qarşıda duran vəzifələrdən, yəni, yeni dərs ilində həyata keçiriləcək tədbirlərdən danışmazdan əvvəl, tətbiqinin bir illiyinin ərəfəsində olduğumuz "Təhsil haqqında" yeni qanunun üstün cəhətlərini yada salaq. Ekspertlər deyirlər ki, bu qanun milli təhsilin inkişaf strategiyasını, fəaliyyət istiqamətlərini müəyyən edən bir sənəddir. Bəs siz həmin sənədi necə xarakterizə edirsiniz?

    - Bu qanunun qəbul edilməsi təbii bir zərurət idi. Çünki həm ölkəmizdə, həm də bütün dünyada dinamik bir inkişaf prosesi gedir. Bu proses isə ilk növbədə təhsil sisteminin yeniləşdirilməsini, müasirləşdirilməsini zəruri edir. Dünyada gedən qloballaşma tendensiyası Azərbaycan təhsilinin də Avropa və dünya təhsil məkanına inteqrasiyasının dərinləşdirilməsini tələb kimi qarşıya qoyur. Üstəlik, Azərbaycan təhsilinin özü ayrılıqda keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlar Azərbaycan Təhsil Qanununun təkmilləşdirilməsini zəruri edirdi.

    - Məsələn, o yeni müddəalar nədən ibarətdir?

    - Əvvəlki qanundan fərqli olaraq yeni sənədə kurikulum anlayışının daxil edilməsi, yeni təlim texnologiyalarının və innovasiyaların tətbiqi, təhsil alanların və təhsil verənlərin bərabərhüquqlu subyekt olduğunu təsbit edən müddəalar daxil edilib ki, bunların hamısı bizim üçün tamamilə yenidir. Üstəlik, yeni qanunda 5 yaşlıların məktəbəqədər təhsilə cəlb edilməsi zərurəti, ixtisasartırma təhsilinin nəticələrinin stimullaşdırılması və bir çox başqa məqamlar vardır ki, onların həyata keçirilməsini zaman tələb edir. Bu müddəalar müasir dünya təcrübəsinə əsaslanır. Yeni Qanunda təhsildə fərqlənən məzunların qızıl və gümüş medallara layiq görülməsi məsələsi də öz həllini tapır və bu, yüksək səviyyədə təqdir olunmalı bir haldır. Çünki bu, intellektin qiymətləndirilməsi, biliyin və bacarığın üstün tutulması kimi bir ənənənin yaşadılması deməkdir. Bir sözlə, "Təhsil haqqında" yeni qanun ölkənin təhsil ictimaiyyətinin fəaliyyətini stimullaşdıracaq, təhsil prosesini təkmilləşdirəcəkdir.

    - Bu gün dünya təhsil ictimaiyyətinin gündəliyində olan ən mühüm məsələlərdən biri də "təhsilin keyfiyyətinin yüksəldilməsi" məsələsidir. Siz məsələnin bu şəkildə qoyuluşunu necə qiymətləndirirsiniz? Yəni əvvəllər dərsliyin, plan-proqramın, metodikanın keyfiyyətindən danışırdılar. İndi "təhsilin keyfiyyəti" ifadəsi bütün ölkələri dolaşır.

    - Bilirsinizmi, sizin əvvəlləri yada salaraq dediyiniz həmin amillər təhsilin ayrı-ayrı dayaqlarıdır. Buraya müəllimin peşəkarlığının artırılmasını da əlavə edək. Bu məsələlər uzun müddət təhsil ictimaiyyətinin gündəliyində olub. Hələ Sokratın dövründə müəllim yanına gələn şagird yoxlamadan keçirilir, mənimsəmə qabiliyyəti yoxdursa, dərsə qəbul edilmirdi. Yaxud uzaqgörən valideynlər öz övladlarını ən yaxşı müəllimin yanına göndərirdilər. Bu proseslər təkmilləşdikcə yaxşı müəllimin yaxşı şagirdə dərs verməsi üçün yaxşı məkan seçilirdi (ilk akademiyalar məhz bu şəkildə yaranmışdı) və bu gün ona təhsil mühiti deyirik. Deməli, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının min illərlə tarixi vardır. "Hər bir yenilik köhnəliyin yenidən yaşadılmasıdır" - prinsipini qəbul edən dünya təhsil mütəxəssisləri Sokrat, İbn-Sina, Nəsirəddin Tusi, Əbül-Fərəc dövründən bəri formalaşan təhsil təcrübəsini iyirmibirinci əsrin ikinci onilliyi ərəfəsində məhz bu günümüzün tələbləri səviyyəsində - fəqət, daha ətraflı, kompleks şəkildə, elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında, yeni forma və məzmunda görmək istəyirlər. Bütün bunlar isə təhsildə köklü islahatlar deməkdir.

    Bu gün təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir edən amillər çoxdur. Məsələn, müəllim peşəkarlığının səviyyəsi. Uzun illər yüksək səviyyədə dərs demiş, amma bu gün öz fənnini informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə tədris etməyi bacarmayan müəllimlə təhsilin keyfiyyətini necə yüksəldə bilərik? Sualı bu qədər kəskin şəkildə qoymağımız o demək deyildir ki, biz həmin müəllimlə xudahafizləşmək istəyirik. Yox. Əksinə. Biz o müəllimin müasir zamanın tələbləri səviyyəsinə qalxması üçün şərait yaradırıq. İdarəmizin bu işlə məşğul olan sektorunun mütəxəssisləri pedaqoji işçilərimiz üçün xüsusi treninqlər keçirir, həmin treninqlərin nəticələri öyrənilir, qarşıya qoyulan vəzifəni kifayət qədər mənimsəyə bilməyən şəxs təkrar olaraq növbəti treninqə cəlb olunur. Beləliklə, biz məktəb direktorlarının, fənn müəllimlərinin, sinif müəllimlərinin və məktəbəqədər təhsil müəssisəsi işçilərinin təhsil islahatlarının tələbləri səviyyəsində hazırlanmasına nail oluruq. Əvvəllər belə kurs-treninqlər təşkil ediləndə ənənəvi şübhəli fikirlər dolaşırdı ki, guya kimsə işdən çıxarılacaq. Sonradan bizim məqsədimiz hamıya aydın oldu və həmin söz-söhbətlər tamamilə aradan qalxdı.

    Təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də dərslik məsələsidir. Təbii ki, bu məsələnin həlli bizim səlahiyyətlərimiz xaricindədir. Amma onu deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin son 7 ildə təhsillə bağlı təsdiq etdiyi 16 dövlət proqramının biri məhz şagirdlərin yüksək keyfiyyətli dərsliklərlə təmin olunmasına aiddir. Təhsil Nazirliyinin müvafiq qurumları bu məsələni kifayət qədər yüksək səviyyədə həll edirlər və məsələ cənab nazirin daimi nəzarətindədir. Bizim həyata keçirdiyimiz tədbirlər və nazirliyin müvafiq qurumları ilə birlikdə gördüyümüz işlər nəticəsində Bakı məktəblərinin və məktəblilərinin yeni dərsliklə bağlı heç bir problemi qalmamışdır. Yəni təhsilin keyfiyyətinin yüksəldilməsinə bu amil öz müsbət təsirini göstərməmiş deyildir.

    Növbəti amil təhsil mühitidir. Buraya məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagird və müəllimlər üçün müvafiq tədris şəraitinin yaradılması, valideyn-məktəb, məktəb-ictimaiyyət münasibətlərinin genişləndirilməsi, şagird biliklərinin ədalətli şəkildə qiymətləndirilməsi, müəllim əməyinin stimullaşdırılması, istedadlı uşaqların araşdırılıb ortaya çıxarılması, dərsdənkənar və məktəbdənkənar tərbiyənin yeni metodlarının tapılması və tətbiqi, eləcə də bir çox başqa məsələlər daxildir. Bu məsələlər bütövlükdə bir mühit təşkil edir. Həmin mühitin formalaşdırılması son nəticədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bizim həmin sahədəki nailiyyətlərimizin əsas səbəblərindən biri də elə təhsil mühitinin kompleks şəkildə formalaşdırılmasına verdiyimiz önəmdir.

    - Bəs təhsilin keyfiyyətini müəyyən edən kriteriyalar hansılardır? Ümumiyyətlə, dünya təcrübəsində konkret olaraq belə kriteriyalar mövcuddurmu? Yaxud, o kriteriyaları kim müəyyən edir?

    - Birdən-birə üç sual verdiniz. Amma bu məsələyə daha böyük həssaslıq nümayiş etdirməkdə haqlısınız. Əvvəla, biz ümumdünya təhsil təcrübəsindən danışırıqsa, həmin təcrübədə soruşduğunuz bu kriteriyalar konkret şəkildə mövcud deyil. Bəzi qərb ölkələrində təhsilin keyfiyyətinə 10 və ya 20 ildən bir qiymət verirlər. Məsələn tutaq ki, "Frankfurt şəhərində son 20 ildə 5 fizik, 3 kimyaçı alim yetişib" deyə o şəhərin təhsilinə qiymət verilir. Çində və Hindistanda təhsilin keyfiyyətini informasiya-kommunikasiya texnologiyalarının və kompyuter texnikasının daha geniş şəkildə mənimsənilməsi ilə müəyyən edirlər. Müstəqil Dövlətlər Birliyinin və postsovet məkanının bəzi ölkələrində isə orta təhsilin keyfiyyəti məzunların ali məktəbə qəbul zamanı göstərdiyi faizlə müəyyənləşdirilir. Bu yanaşmaların hansı daha doğrudur? Biz deyə bilmərik. Bugünkü müstəqil Azərbaycan 200 ildən artıq başqa bir dövlətin tərkibində mövcud olmuş, öz dövlət müstəqilliyinin cəmi iki onilliyini də başa vurmamış, müharibə şəraitində yaşayan (atəşkəs hələ sülh deyil), fəqət, inkişafın bütün sahələrində dünya ölkələrinə nümunə göstərən bir ölkədir. Ona görə də bizim üçün kamil vətəndaş yetişdirmək məsələsi daha önəmli və vacibdir. Azərbaycan təhsil ictimaiyyəti bu vəzifənin öhdəsindən məharətlə gəlir.Yəni bu gün Azərbaycan ictimaiyyətini dünyaya görkəmli fizik, kimyaçı alim təqdim etməklə yanaşı gənc müstəqil dövləti qorumaq, inkişaf etdirmək üçün bütün sahələrin peşəkarları, ən başlıcası həqiqi vətənpərvər, sədaqətli vətəndaş yetişdirilməsi məsələsi daha çox maraqlandırır. Bu məqamda mənim yadıma bir məsələ düşür. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülmüş Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycan təhsilinin səviyyəsi deyilmi? Mübarizdə o qədər vətənpərvərlik ruhunu, ən ali insani keyfiyyətləri Azərbaycan məktəbi, Azərbaycan müəllimi formalaşdırmayıbmı? Mən kütləvi informasiya vasitələrinə verdiyim müsahibələrdə demişəm, yenə təkrar edirəm. Hərbi hissələrimizdən məzunlarımızın valideynlərinə gələn təşəkkür məktublarının hər birini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mənəvi sərvəti kimi qəbul edirik. "Vətəni sevmək imandandır" - deyiblər. Biz Vətəni sevən məzun yetişdirmişiksə, deməli, Bakı təhsilinin yüksək keyfiyyəti barədə ürəklə söz aça bilərik. Ancaq bu, o demək deyil ki, biz şagirdlərin elmi biliklərinin daha da artırılması məsələsini ikinci plana keçiririk və ya unuduruq. Əsla belə deyil. Belə olsaydı, son üç-dörd ildə ali məktəblərə testlə qəbul imtahanı verən məzunlarımız arasında 500, 600, hətta 700 bal toplayanların sayı ildən-ilə artmazdı. Siz bayaq soruşdunuz ki, təhsilin keyfiyyətini göstərən kriteriyaları kim müəyyən edir? Heç kəs. Ancaq təhsilimizin inkişafını gözü götürməyən bəzi qüvvələr ortaya sual atırlar ki, nə üçün məzunların hamısı ali məktəbə qəbul oluna bilmədi? Bu isə təhsilin keyfiyyətini göstərən kriteriya deyildir.

    - Yeri gəlmişkən, bu yaxınlarda kənd rayonlarımızdan birini təmsil edən məktəb direktoru dedi ki, əgər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu gün abituriyentlərə verdiyi qəbul sualları 10 il əvvəlki abituriyentlərə verilsəydi, universitetlərdə qəbul planı cəmi 10-15 faiz yerinə yetirilərdi.

    - Həmin müəllim tamamilə haqlıdır. Çünki 10-15 il əvvəl 200-250 bal toplayan abituriyentə həmkarları həsədlə baxırdılar. İndi 350-400 bal toplayan abituriyentin ali məktəbə qəbul oluna bilməməsi adi hal kimi qəbul edilir. Çünki ondan yüksək bal toplayanlar daha çoxdur. Qətiyyətlə deyə bilərəm ki, Təhsil Nazirliyinin orta məktəblərdə buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada keçirməsi məktəblərin və müəllimlərin məsuliyyətini qat-qat artırır. Sonuncu qəbul imtahanlarında iki məzunumuz 700 bal toplayıb. Bakı məktəblərinin məzunlarının qəbul sayı artıb, yüksək bal toplayan məzunların sayında əsaslı dəyişikliklər olub. Ən başlıcası bu il ali məktəblərə qəbul olmuş məzunlarımız ötən ildəkindən çoxdur. Belə ki, ötən illərlə müqayisədə 2010-2011-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artmış, məzunlarımızın 44,83 faizi tələbə adını qazanmışdır. Müqayisə üçün bildirim ki, ötən il bu rəqəm təxminən 42 faiz idi. 2006-cı ildə isə 34,79 faiz olmuşdu. Məzunlarımızın qəbul imtahanında qazandığı orta bal isə ötən ildəkinə nisbətən 9 faiz artaraq 264 bala çatmışdır. 2006-cı ildə bu göstərici 232 bal idi. Bu il 600 bal toplayan məzunlarımız ötən illə müqayisədə 159 nəfər artmışdır. Bütün bunlar təhsilin keyfiyyətinin müəyyən göstəricisi deyilmi? Məncə bu sualı təhsilin keyfiyyətindən daha tez-tez söz açanlar özlərinə verməlidirlər.

    - Nailə xanım, şagirdlərinizin respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında çoxsaylı uğurları var. Özünüz də silsilə müsabiqələr, spartakiadalar, treninqlər keçirirsiniz. Hətta, Bakı məktəbliləri xaricdə də Azərbaycan paytaxtını layiqincə təmsil edirlər. Bu barədə kütləvi informasiya vasitələrində geniş məlumat verildiyinə görə bir daha ətraflı söhbət açmaq istəmirik. Həm də o faktlar o qədər çoxdur ki, artıq yenilik kimi qəbul edilmir. Ancaq yola saldığımız dərs ilində yenilik kimi qəbul edilən bir tədbirlər silsiləniz olub. Yəni dördüncü sinif "məzunlarının" bilik səviyyəsini yoxlamaq üçün test sınaqları keçirmisiniz.

    - Mən şadam ki, siz o uşaqlara da məzun deyirsiniz. Həqiqətən belədir. Təhsilin bir səviyyəsini bitirən şagird həmin səviyyənin məzunu olur. Biz idarəmizin 2010-cu il üçün Fəaliyyət Planına əsasən təhsilin bütün pillələri üzrə monitorinqlər keçirmişik. İlk növbədə məhz siz dediyiniz məktəblilərin - IV sinif şagirdlərinin bilik səviyyəsini öyrənmək qərarına gəldik. Eksperiment kimi Nərimanov rayonunda (riyaziyyat fənni üzrə) test yoxlaması keçirildi. Nəticələri öyrəndikdən sonra paytaxtın bütün məktəblərində oxuyan dördüncülərin 94 faizdən çoxu bu yoxlamalara cəlb edildi.

    - Məqsəd nə idi və nə öyrəndiniz?

    - Məqsəd ibtidai təhsilin son pilləsində vəziyyətin öyrənilməsi, şagirdlərin və müəllimlərin hazırlıq səviyyələrinin qiymətləndirilməsi idi. Təhsilin yeni mərhələsinə qədəm qoyacaq şagirdin öz dərslərini hansı baza üzərində, hansı bilik səviyyəsində davam etdirəcəyini öyrənmək istəyirdik. Onu da deyim ki, müvafiq suallar şagirdlərlə yanaşı, onların müəllimlərinə də verilirdi. Nəticələr BŞTİ-ni qane edəcək səviyyədədir və gələcəkdə bu prosesin ardıcıllığı təmin olunacaq. O sahədə ciddi bir problem yoxdur.

    - Məncə, sizin ən böyük probleminiz məktəbəqədər tərbiyə müəssisələrinin azlığıdır.

    - Tamamilə haqlısınız. Məktəbəqədər təhsil müəssisələri ümumilikdə təhsil prosesinin bünövrəsi olduğuna görə daha çox diqqət və qayğı tələb edir. Yəni uşaq ilk olaraq ailədən kənar davranışı burada öyrənir, intellektual, fiziki və psixi inkişafın ilk mərhələsini burada keçir. Prezident İlham Əliyevin 2007-2010- cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" da məhz bu vəzifələri əhatə edir. Biz tabeçiliyimizdə olan 309 məktəbəqədər tərbiyə müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi (bu il 19 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb), yeni müəssisələrin tikilib istifadəyə verilməsi (son dərs ilində 2 yeni bağça uşaqların istifadəsinə verilib), bu müəssisələrin əyani vasitələrlə təmin olunması, tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması və digər bu kimi işlərlə çox ciddi məşğul oluruq. Ancaq yer problemini qətiyyən həll edə bilmirik. Bağça otaqlarından 700-də məcburi köçkünlərin məskunlaşması, 271 otaqdan təyinatı üzrə istifadə olunmaması faktları bizim üçün problem yaradır. Həmin otaqların hamısı bizə qaytarılsa, bütün bağçalar tam gücü ilə işləsə belə biz cəmi 52 min uşaq qəbul edə bilərik. Bu isə paytaxt üzrə bağça yaşlıların təxminən 50 faizi deməkdir. Qanun isə uşaqların bağçaya cəlb olunmasını tələb edir.

    - Bəs çıxış yolunu nədə görürsünüz?

    - Əlbəttə, özəl məktəbəqədər tərbiyə müəssisələrinin yaradılmasında. Avropa Birliyi ölkələrində məktəbə gedəcək uşaqların bağçada hazırlıq keçməsi məcburidir. Həmin ölkələrdə bələdiyyə bağçaları və özəl bağçalar beşyaşlıların məktəbə hazırlığını təmin edir. Bu zaman başqa bir məqamı da qeyd edək. Belə ki, Avropa Birliyi ölkələrində bağçaya gedən uşağın valideyni həmin uşağın qidalanmasına və saxlanmasına çəkilən xərci tamamilə ödəyir. Təbii ki, bəlli sosial qruplar istisna olmaqla. Yəni qaçqın, köçkün, əlil, imkansız adamların uşaqlarına güzəşt edilir. Ona görə də dünya təcrübəsinə əsaslanaraq bu problem özəl uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi hesabına həll edilə bilər.

    - Sizi yekunlaşan dərs ilinin uğurları münasibəti ilə təbrik edir, yaxınlaşan dərs ilində uğurlar arzulayırıq.

    - Çox sağ olun. Uğurlar bizə arxayınlaşmaq haqqı vermədiyi kimi, işimizdəki nöqsanlar da bədbinliyə qapılmaq üçün əsas deyil. Sadəcə, bütün hallarda doğru nəticə çıxaracaq, başladığımız işləri daha əzmlə və həvəslə başa çatdıracağıq. Kollektivimizin istənilən vəzifəni uğurla başa çatdırmaq üçün potensialı vardır. Sonda onu da qeyd edim ki, 2010-cu ildə, daha doğrusu - təxminən bir ay əvvəl bizim ən yaxın köməyimiz və dayağımız olan peşə sahibləri - mətbuat işçiləri öz 135 illik yubileylərini bayram etdilər. Məqamdan istifadə edərək mətbuat işçilərini bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

    - Təşəkkür edirik!

 

 

    Qələmə aldı: İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 31 avqust.- S. 3.