Masallıda əhalinin
sosial müdafiəsinə diqqət
artırılır
Ölkə əhalisinin güzəranının
yaxşılaşması, yoxsulluğun azaldılması
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
prioritetlərindəndir. Son illərdə bu istiqamətdə
uğurla həyata keçirilən tədbirlər sayəsində
sosial sahə xeyli inkişaf etmiş, əhalinin aztəminatlı
təbəqələrinə dövlət qayğısı
güclənmişdir.
Möhtərəm
Prezidentimizin sərəncamları ilə minimum əmək
haqları məbləğinin və əmək
pensiyalarının baza hissəsinin məbləğinin 75
manata qaldırılması, ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarının 2009-cu ilin əvvəlindən etibarən
60 manata, cari ilin yanvar ayından isə 65 manata
çatdırılması aztəminatlı ailələrin
dövlət qayğısı ilə əhatə
olunmasının bariz nümunəsidir. Bundan başqa,
Prezidentin "Özəlləşdirilən və idarəetməyə
verilən dövlət müəssisələrinin istehsalat qəzası
və yaxud peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçisinə və
ya bu səbəbdən həlak olmuş işçisinin ailə
üzvlərinə və himayəsində olan digər şəxslərə
aylıq ödəniş üzrə borcların tənzimlənməsi
haqqında" 4 avqust 2008-ci il tarixli və "Müharibə
əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında" 9 sentyabr 2008-ci il tarixli fərmanları
əhalinin aztəminatlı təbəqəsinin sosial
müdafiəsinin gücləndirilməsi yolunda atılan
mühüm addımlardandır.
Əhalinin həyat şəraitinin ilbəil yaxşılaşdığı, mühüm infrastrukturun formalaşdığı rayonlardan biri də Masallıdır. Burada son altı ildə minlərlə yeni iş yeri yaradılmışdır. Turizmin inkişafı ilə bağlı yerli əhalinin məşğulluğu lazımınca təmin edilir. Son illərdə Masallıda əlillər və şəhid ailələri üçün dövlət hesabına bir neçə yaşayış evi tikilərək istifadəyə verilmişdir. Güzəranı yaxşılaşan adamların fəal həyat mövqeyi sayəsində rayonumuzun ictimai-siyasi mühiti də rəngarəngliyi ilə fərqlənir. Hər kəsə doğma yurdun tərrəqisinə töhfələr vermək əzmi hakim kəsilir. Yurdsevərlik hissi güclənir.
Möhtərəm Prezidentimizin 16 noyabr 2005-ci il tarixli fərmanı ilə "Ünvanlı Dövlət Sosial Yardımı haqqında" qanunun tətbiqinin icrasını təmin etmək məqsədilə Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə cari ilin yeddi ayı ərzində 1671 nəfər vətəndaş müraciət etmiş, onlardan 1606 nəfərin sənədləri rəsmi olaraq qəbul edilmiş və mərkəzdə fəaliyyət göstərən komissiyada baxılaraq 1585 ailəyə ünvanlı sosial yardım təyinatı aparılmış, 21 ailəyə isə qanunamüvafiq olaraq imtina edilmişdir. Ötən dövr ərzində ünvanlı sosial yardım təyinatında şəffaflıq prinsipi gözlənilmiş, mərkəzə müraciət edən vətəndaşlardan sənədlər qanunun tələbinə uyğun qəbul edilmiş, yardım istəyənlərin maddi-məişət şəraiti yerində yoxlanılmışdır.
İlin əvvəlindən mərkəz üzrə dövriyyədə 5300 sosial müavinət işi olmuş və taqaüd alanlara ayda 241043 manat həcmində vəsait ödənilmişdir. O cümlədən, əlilliyə görə 2339 nəfər, ailə başçısını itirən kimi 373 nəfər, sağlamlıq imkanları məhdud olan vətəndaş kimi 1323 nəfər, güzəştli uşaq müavinəti üzrə 168 nəfər, Prezident təqaüdü üzrə 507 nəfər sosial müavinətlər alır. Ölkə başçısının 19 dekabr 2006-cı il tarixli fərmanı ilə "Şəhid ailəsi" üçün Prezident təqaüdünün təsis edilməsi haqqında qanuna müvafiq olaraq 161 şəhidin 233 ailə üzvünə təqaüd təyin edilmiş və ödənilmişdir.
Son illərdə rayonumuzda yaşayan ahıl və tənha sakinlərə, müharibə veteranlarına 20 əlil arabası, 10 eşitmə aparatı, xüsusi yataq ləvazimatı verilmişdir. Dövlət tərəfindən şəxsi minik avtomobili ilə təmin edilən vətəndaşların sayı da onlarcadır.
Rayon sosial müdafiə mərkəzindəki Sosial Məişət Xidməti Sektorunda 20 nəfər çalışır. Sektorun fəaliyyəti tənha, ahıl və əlillərə sosial xidmətin təşkilindən ibarətdir. Ədliyyə Nazirliyi tərəfindən 1997-ci ildə qeydə alınmış qərarla təsdiq edilən təlimata uyğun olaraq rayon ərazisində yaşayan 160 nəfər tənha, ahıl vətəndaş bu sektorun xidmətindən bəhrələnir. Xidmət göstərdiyimiz tənha və ahıl vətəndaşlar daim diqqətdə olmuş, rayon rəhbərliyi, müxtəlif xeyriyyəçi təşkilatlar və insanlar vasitəsi ilə mütəmadi olaraq yad edilmiş, bayram tədbirlərinə dəvət olunaraq yardım və hədiyyələr almışlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1997-ci il tarixli, işləməyən əlil, pensiyaçı və veteranların respublikanın kurort və sanatoriyalarında müalicə olunmalarını daha səmərəli təşkil etmək tədbirləri haqqında qərarının həyata keçirilməsi istiqamətində də bir çox işlər görülmüşdür. Belə ki, təkcə bu ilin ikinci rübü ərzində 6 nəfər tənha əlil, şəhid ailəsinin üzvü müalicə olunmaqdan ötrü respublikamızın müxtəlif kurort və sanatoriyasına göndərilmişdir.
Əvvəlki illərə nisbətən son dövrlərdə rayon icra hakimiyyətində və respublika səviyyəsində mərkəzin işinə dair ərizə və şikayətlərin sayının tam azaldılmasını nümunə kimi qeyd etmək olar.
Çevrələrinin boş olmadığını görən həssas insanlar diqqət və qayğıdan razı qalır, dövlətimizin başçısına dərin minnətdarlıq duyğularını ifadə edirlər. Məmur özbaşınalığı ilə üzləşməyən adi vətəndaşlarda inam hissi də artır, idarəetmə və xidmət sahələrində çalışanlara etibar yüksəlir. Mərkəzimizdə çalışan hər bir mütəxəssisin başlıca iş meyarı da elə buna nail olmaqdır.
Azərbaycanda artıq etibarlı sosial müdafiə sistemi mövcuddur və bizim mərkəzimizin kollektivi bundan sonra da rayonda əhalinin sosial müdafiəsi işini elə təşkil etməyə çalışacaq ki, dövlət qayğısından hərtərəfli yararlanmağa qanuni haqqı çatan hər bir vətəndaş razı qalsın.
Rafael MAHMUDOV,
Masallı Rayon ƏSMM-nin
direktoru
Xalq qəzeti.- 2010.-
31 avqust.- S. 4.