Mədəniyyət
Azərbaycanın dövlət siyasətinin prioritet
istiqamətlərindəndir
Mədəniyyət
cəmiyyətin inkişafının müasir
səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə
ötürdüyü maddi
və mənəvi dəyərlərin məcmuudur.Mədəniyyət
fenomenini təhlil edən F.Hegel
ona "insan tərəfindən
yaradılmış ikinci təbiət" adı vermişdir.
Cəmiyyət inkişaf etdikcə mədəniyyət də formalaşaraq müasir dövrə gəlib çatmışdır. Dünya xalqları öz mədəniyyətləri ilə tanınıb məşhurlaşmışlar. Ən qədim xalqlardan biri olan Azərbaycan xalqı da öz tarixi ədəbiyyatı, incəsənəti ilə hər zaman fəxr edə bilər. Bu gün Azərbaycan mədəniyyəti ölkəmizi dünyaya tanıdır, xalqımızın mədəni həyatı gündən-günə zənginləşib yeniləşir. Söz yox ki, bunun əsasında Azərbaycanda həyata keçirilən davamlı mədəniyyət siyasəti durur.
Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı əhəmiyyətli islahatların bu gün həmin siyasətin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməsi artıq öz müsbət nəticələrini verməkdədir. Dövlətimizin mədəniyyətə olan yüksək qayğısı mədəniyyətin bütün sahələrinin inkişafına əsaslı stimul yaratmışdır. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış kimi meyllər ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi yüksək qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənmişdir.
Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialı ilə "qloballaşan dünyada layiqli yer tutacaqlar"- deyən möhtərəm Prezidentimiz xalqın inkişafı, o cümlədən mədəni tərəqqisi yolunda dönməz mübariz olduğunu öz fəaliyyəti ilə daim hiss etdirməkdədir.
Cənab İlham Əliyevin hakimiyyəti illərində həyata keçirilən islahatlar mədəniyyətin inkişafına yeni stimul verdi. Azərbaycan mədəniyyəti dünyada daha geniş şəkildə tanınmağa başladı, incəsənətin ayrı-ayrı sahələrinin tərəqqisinə xidmət göstərən dövlət proqramları qəbul olundu.
2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin strukturunda dəyişiklik edilməsi nəticəsində dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi daha çevik xarakter aldı, bu sahədə islahatlar sürətləndi, dövlət proqramlarının reallaşması istiqamətində uğurlu addımlar atıldı. Ölkənin mədəniyyət siyasəti dövrün tələblərinə uyğunlaşdırıldı. İslahatların prioritet sahələri dəqiqləşdirildi. Bunlar mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın dirçəlişi və inkişafı, kitab nəşrinin inkişafı məsələləridir. Bundan başqa, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun daha çox demokratikləşməsinə, həm də dünya birliyinə inteqrasiyasına rəvac verən kitabxana və muzey sistemlərinin köklü şəkildə modernləşdirilməsi, yenidən qurulması da dövlətin mədəniyyət siyasətində mühüm yer tutur.
Hazırda mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılmışdır.
Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binaları təmir olunur, müasir üslubda yenidənqurma işləri aparılır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra yenidən öz qapılarını tamaşaçıların üzünə açmışdır.
Artıq Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Dövlət Mahnı Teatrının binasının da təmir olunması üçün hazırlıqlar görülür.
Kino yaradıcılığı sahəsində də yeni proqram reallaşdırılmaqdadır. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artmaqda davam edir. Filmlərimizin saxlanc yeri olan Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə saxlanılmasında əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyildir ki, hörmətli Prezidentimiz bu binanın istifadəyə verilməsi mərasimində iştirak etmiş, bina ilə, onun daxili şəraiti ilə tanış olmuşdur. Filmlərimizin reyestr məsələsi həll olunmuşdur, onlar milli sərvət kimi qorunur.
Bu gün ölkəmizin ən iri kinoteatrında - Bakıdakı Nizami adına kinoteatrda yenidənqurma işləri uğurla davam etdirilir. Bu kinoteatr Avropa standartları səviyyəsində yenidən qurulub tamaşaçıların istifadəsinə veriləcək.
Musiqi sahəsində nailiyyətlərimiz daha çox ürək açandır. Xüsusilə Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı bunu deməyə əsas verir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Muğam festivalının keçirilməsi, gənc muğam ifaçılarının sənətə cəlb olunması, Bakıda Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi, eyni zamanda Dənizkənarı parkda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bu sahədəki nailiyyətlərimizdəndir. Aşıqlar Birliyi rəhbərliyinin dəyişməsi sayəsində xalqımızın qədim aşıq sənətinin yenidən canlanması da son illərin uğurlu mədəniyyət hadisələrindəndir.
Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, onların latın qrafikalı əlifba ilə çap olunmuş əsərlərlə komplektləşdirilməsi işi sürətləndirilib. Digər kitabxanalarda da bu proseslər həyata keçirilməkdədir.
Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır.
Muzeylərimiz yenidən təmir olunur. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub tamaşaçıların istifadəsinə verilmişdir. Hazırda Bakıda bir neçə ev muzeyi təmirdən sonra öz qapılarını tamaşaçıların üzünə açmışdır. Bir neçə ev muzeyi isə yaxın vaxtlarda təmir olunacaq.
Azərbaycan Xalça Muzeyi üçün yeni bina inşa edilməkdədir. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Qala kəndində açıq səma altında yaradılan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi də mədəniyyət tariximizdə yeni hadisədir.
Azərbaycan tarixinin qədim ənənələrini özündə yaşadan Qobustanın, Azərbaycan muğamının, aşıq sənətinin və xalçasının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi də çox önəmli nailiyyətdir.
Son illər abidələrimizin qorunması və bərpası istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlər diqqətəlayiqdir. Müxtəlif qalalarımızın, günbəz və qəbirüstü abidələrin, tarixi binaların, məscidlərin qorunub gələcək nəsillərə çatdırılması olduqca əhəmiyyətlidir.
Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşdiyindən bizim ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmişdir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə Şərq və Qərb ölkələrinin bizim mdəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil. Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanır.
Azərbaycan Respublikasında aparılan məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə də geniş imkanlar yaratmışdır. Beynəlxalq festivallarda, konfrans və seminarlarda Azərbaycan incəsənəti nümunələri nümayiş olunur, eləcə də belə tədbirlərdə incəsənət xadimləri iştirak edir, ölkəmizin mədəni nailiyyətlərini dünyaya tanıdırlar. Amerikada, Kanadada, Rusiyada, Fransada, Avstriyada, Almaniyada, İranda, Çində, Yaponiyada, Misirdə, Qətərdə, İordaniyada və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri son illər davamlı xarakter almışdır.
YUNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, bu təşkilatın baş katibinin Bakıya səfəri əlaqələrin getdikcə genişlənməsinin bariz nümunəsidir. Söz yox ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adını qazanması da böyük etimadın nəticəsidir.
Son illər Azərbaycanın İslam Konfransı Təşkilatı ilə mədəni əməkdaşlığı da genişlənməkdədir. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum ölkəmizin mədəniyyətlərarası dialoqda fəal mövqe tutmasının nümunəsidir. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Bakıda mədəniyyətlərarası dialoq üzrə forum keçiriləcək.
2007-ci ilin noyabrında Liviyanın paytaxtı Tripoli şəhərində İSESKO-ya üzv dövlətlərin Mədəniyyət Nazirlərinin beşinci konfransında qəbul edilmiş qətnaməyə uyğun olaraq Bakı şəhərinin 2009-cu ildə "İslam Mədəniyyətinin Paytaxtı" elan edilməsi Azərbaycanın mədəni həyatında çox mühüm hadisəyə çevrildi.
2009-cu ildə bu münasibətlə Bakıda keçirilən rəngarəng tədbirlər silsiləsi il boyu davam etdirildi. Mədəniyyət və Turizm Nazirliyinin Bakıda təşkil etdiyi beynəlxalq konfrans, ayrı-ayrı tədbirlər İslam həmrəyliyinə, mədəniyyətlərarası dialoqun inkişafına çox əhəmiyyətli töhfə idi. Bu, ölkəmizin mədəniyyət siyasətinin uğurlu nəticələrindən biri kimi yüksək qiymətləndirilməlidir.
Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti öz uğurlu nəticələrini verməkdədir. Cənab Prezidentin mədəniyyətə xüsusi qayğısı nəticəsində milli mədəniyyətimiz bundan sonra da sürətlə inkişaf edəcək, beynəlxalq aləmdə daha çox tanınacaq.
İşğal altında olan torpaqlarımızda zəngin mədəniyyət nümunələrimiz məhv edilmişdir. Bu barədə beynəlxalq konfrans və müşavirələrdə dəfələrlə məlumat verilmişdir. Lakin erməni vandalları heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur, tarixi-mədəniyyət abidələrimizi özlərinin adlarına çıxmağa çalışırlar. Söz yox ki, dövlətimizin apardığı siyasət gec-tez bu problemin həllini təmin edəcəkdir.
Mədəniyyət sahəsində qazanılan nailiyyətlərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin də öz payı vardır. Belə ki, son illər paytaxtımızın mədəni həyatı xeyli zənginləşmiş, idarənin nəzdində fəaliyyət göstərən mədəniyyət sarayları, klublar və kitabxanaların fəaliyyəti genişlənmişdir. Paytaxt əhalisinə mədəni xidmətin səviyyəsi xeyli yüksəlmişdir.
Son olaraq bir məsələni də diqqətə çatdırmaq istərdim. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan mədəniyyətin inkişafına həsr olunmuş 200-dən çox sərəncam imzalamışdır. Mədəniyyət və Turizm Nazirliyinin iki cilddə çap etdirdiyi "İlham Əliyev və mədəniyyət" kitabında dövlət başçımızın mədəniyyət məsələləri ilə bağlı qəbulları, sərəncamları, nitqləri, çıxışları, görüşləri, səfərləri və müsahibələri öz əksini tapmışdır. Kitabın elektron versiyası da hazırlanmışdır.
Mədəniyyətimizin belə yüksək inkişafının əsasında dövlətimizin, onun rəhbərinin son illər həyata keçirdiyi davamlı, məqsədyönlü siyasət dayanır.
Əlikram
ƏLİYEV, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin rəisi
Xalq qəzeti.- 2010.- 1 dekabr.- S. 5.