"Aqroekologiya" - zamanın tələbindən yaranmış yeni dərslik

 

Müasir dövrdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə bərabər həm də təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırmalıdır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının əsas məqsədi xalq təsərrüfatının bir sıra problemləri ilə müəyyənləşdirilir. İndiki vaxtda insanın geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq geniş böhranın təhlükəliliyi, planetar sistemin qeyri-bərabər ölçüdə fəlakətli dəyişməsi aydın dərk edilir. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq əməkdaşlıq geniş həyata keçirilməkdədir.

 

Ətraf mühitin çirklənmədən mühafizəsi kənd təsərrüfatı istehsalının enerji tutumunun aşağı salınması, aztullantılı texnoloji sistemin və proseslərin tətbiqi, kənd təsərrüfatı rayonları landşaftlarının optimallaşdırılması, ekoloji təmiz məhsulların istehsalı, bütövlükdə insanların, xüsusən də kənd təsərrüfatı mütəxəssislərinin ekoloji savadlanmasından və təhsilindən çox asılıdır.

Haqqında söhbət açacağımız "Aqroekologiya" kitabının müəlliflərindən biri olan akademik Qərib Məmmədov böyük təbiət alimi akademik Həsən Əliyevin ekoloji tədqiqatlarının davamı olaraq meşə ekosistemlərinin məhsuldarlığına təsir göstərən əlaqələrin ekoloji xüsusiyyətlərinin aşkar edilməsi, meşə torpaqlarının münbitliyinin balpul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları, meşə torpaqlarının meşə meliorativ qruplaşdırılması və yeni əsasda xəritələşdirilməsi, münbitliyinin mühafizəsi və idarə edilməsi istiqamətində geniş tədqiqat işlərini uğurla aparmışdır.

Zamanın tələblərinə vaxtında cavab verəcək, müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, biologiya elmləri doktoru, professor Q.Məmmədov, coğrafiya elmləri doktoru M.Xəlilov və biologiya elmləri doktoru, professor S.Məmmədova olan "Aqroekologiya" dərsliyi çap olunmuşdur. 2010-cu ildə "Elm" nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 avqust 2010-cu il tarixli əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir. Kitabın müəlliflərinin gəldikləri qənaətə görə, "Aqroekologiya" kompleks elmi fənn olub, kənd təsərrüfatı istehsalı prosesində insanın ətraf mühitə qarşılıqlı təsirini, kənd təsərrüfatının təbii komplekslərə və onların komponentlərinə təsirini, texnogen yük şəraitində aqroekosistemin komponentləri arasındakı qarşılıqlı təsiri və onlara xas olan maddələrin dövranının spesifik xüsusiyyətlərini, enerjinin aparılmasını, aqrosistemin fəaliyyət xarakterini öyrənir.

Məlumdur ki, təbiətin insana bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq yer üzündə bütün canlıların yaşam tərzini təşkil edir. Övlad ana, ana övlad üçün şirin olduğu kimi torpaq da bütün insanlar üçün doğmadır. Bütün mənalarda insan üçün torpaqdan kənar təbiət anlayışı yoxdur.

Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi ekoloji sahədə də nümunə götürülə biləcək bir məkana çevrilmişdi. Məhz ulu öndərimizin təşəbbüsü ilə Azərbaycan paytaxtının əksər guşələrində, əsasən də Abşeron yarımadasında sənaye obyektlərinin ətrafında zərərli maddələrdən qorunmaq məqsədilə yaşıl mühafizə zolaqları salınmağa başlanıldı. Bakıda neftayırma müəssisələri ilə yaşayış massivləri arasında təxminən min hektara yaxın ərazidə müxtəlif növ acağlar əkildi.

Həmin uğurlu siyasətin davamı olaraq möhtərəm prezidentimiz cənab İlham Əliyev 2010-cu ili Azərbaycanda "Ekologiya ili" elan edərkən demişdir: "Biz torpaqla yaşayırıq, bu havanı uduruq, bu suyu içirik, Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir. Məhz bu məqsədlə indi çaylar boyu təmizləyici qurğular quraşdırırıq... Biz nəinki Kür-Araz, bütün başqa çaylarda bu qurğuları tikməliyik və orada yaşayan insanlar təmiz su içməlidir... Biz neftlə çirklənmiş ərazilri tezliklə təmizləməliyik. Bu proses başlayıb. Bibiheybətdə, deyə bilərəm ki, ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri artıq abadlaşıb, park salınıb. Neftlə çirklənmiş sahələrə baxanda adam dəhşətə gəlirdi, oralar fəlakət mənzərəsi idi".

Əsərlə yaxından tanış olanda mütləq o qənaətə gəlmək olur ki, müəlliflərin gərgin zəhməti və uğurlu elmi axtarışları nəticəsində ərsəyə gələn "Aqroekologiya" kitabındakı bütün fəsillər möhtərəm prezidentimiz cənab İlham Əliyevin ekoloji düşüncələrindən, arzu və istəklərindən yaranmışdır. Zamanın tələblərinə vaxtında cavab verə biləcək bu fundamental elmi əsər 26 fəsildən ibarətdir:

"Aqroekologiya" dərsliyində aqroekologiyanın əsas məsələləri - biosfer, populyasiya, biosenoz, aqroekosistem haqqında məlumatlar və texnogenez şəraitində torpaq-biotik kompleksində suyun biogen çirklənməsi, kənd təsərrüfatında kimyalaşdırmanın, suvarmanın, mexanikləşdirmənin ekoloji problemləri, kənd təsərrüfatı radioekologiyası, aqroekoloji monitorinq, kənd təsərrüfatı landşaftlarının optimallaşdırılması məsələləri, əkinçiliyin alternativ sistemionun ekoloji əhəmiyyəti, vermikultura, biohumusun hazırlanması və tətbiqinin ekoloji aspektləri, seliteb ərazilərin ekologiyası, ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı məsələləri geniş təhlil olunur.

Müəlliflərə görə, müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə yanaşı, həm də təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırmalıdır. Beləliklə, ekoloji biliklərin sosial rolu artır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının əsas məqsədi xalq təsərrüfatının aşağıdakı gərgin problemləri ilə müəyyənləşdirilir: ətraf mühitin vəziyyətini saxlamaq şərtilə istehsalı intensivləşdirmək və təbii resurslardan istifadənin iqtisadi effektivliyini yüksəltmək. Təbii və süni qruplaşmaların bioloji məhsuldarlığı və sabitliyi məsələləri ön plana çəkilir. Bu problemlər yalnız bütün ölkələrin ekoloqlarının birgə gücü ilə həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq əməkdaşlıq geniş həyata keçirilir.

Son zamanlar dünyanın bir çox ölkələrində, o cümlədən respublikamızda ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatının yararlı torpaqlarının azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması hallarının baş verməsi sirr deyildir. Təbiətdə ekoloji tarazlığın pozulması, xüsusən də torpağın çirklənməsi bir sıra bitkiheyvan növlərinin bioloji müxtəlifliyinin pozulmasına və azalmasına səbəb olur.

"Aqroekologiya" kitabının müəllifləri ArazKür çaylarının ekoloji vəziyyətini təhlil edərkən elmi əsaslarla sübut edirlər ki, KürAraz çayları və onların əsas qolları respublikamızdan kənarda - Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Çünki Ermənistanın 100 faiz, Gürcüstanın 30 faiz ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min kvadratkilometr sahəsi Kür-Araz hövzəsinə aiddir. Belə halda Kür çayına 188 min kvadratkilometr, Araz çayına isə 103 kvadratkilometr ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirkabı, müxtəlif tullantılar atılır. Araz çayında yaranan gərgin ekoloji vəziyyət daha təhlükəlidir. Çünki, Araz çayına Gümrüdən başlayaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axınboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət və sənaye çirkabları axıdılır. Bununla bərabər düşmən ərazidən Araz çayına qarışan Gedərçay, Vorotan, Axuryan çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH2,4-ə enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtükləri məhv olur.

Heç şübhəsiz ki, bütün bu kimi göstəriciləri özündə əks etdirən "Aqroekologiya" kitabı dərslik kimi təkcə kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan ali məktəb tələbələri, həmçinin kənd təsərrüfatı və təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər üçün deyil, bütövlükdə hər birimizin marağına səbəb ola biləcək, vaxtında hazırlanmış və zamanın tələbindən yaranmış dəyərli bir əsər kimi qiymətləndirilməlidir.

 

Amin BABAYEV, ADAU-nun professoru, əməkdar müəllim

 

Xaıq qəzeti.- 2010.- 1 dekabr.- S. 7.