Yaradıcılıq zirvəsi, yubiley sevinci və geridə qalan illərin qürur doğuran səhifələri...

 

Bəstəkar, professor Tofiq Bakıxanovun 80 illiyi 7 günlük musiqi festivalı ilə qeyd ediləcək

 

Onun haqqında ölkəmizin və dünyanın yüzlərlə tanınmış simaları söz deyiblər, fikir söyləyiblər. Dövlət rəsmiləri - bir neçə prezidentbaş nazirdaxil olmaqla - dünya şöhrətli sənət adamları, ictimai xadimlər, sadə musiqiçilər və adi dinləyicilər. Ancaq dostluq etdiyimiz 30 ildə onun daim fəxrlə yada saldığı iki ifadə var. Birincisi, Azərbaycan musiqi mədəniyyətinin ən dahi siması olan Üzeyir bəy Hacıbəyovun ifadəsidir, ikincisi isə dövlətçilik tariximizin ən dahi siması olan Heydər Əliyevin. Üzeyir bəy gənc Tofiq haqqında demişdi: "Bu istedadlı skripka ifaçısının çox böyük gələcəyi vardır". Ulu öndər Heydər Əliyev isə 70 yaşlı, dünya şöhrətli bəstəkarın yaradıcılığını yüksək qiymətləndirərək söyləmişdi: "Yaratdığınız baletlər, musiqili komediyalar, simfoniyalar, simfonik muğamlar, konsertlər musiqi mədəniyyətimizi zənginləşdirən dəyərli sənət nümunələridir".

 

Bu gün artıq Üzeyir bəyin qiymətləndirməsindən 60 il, ümummilli liderimizin fəxrlə söylədiyi fikirlərdən isə 10 il keçirmusiqi ictimaiyyətimiz Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Tofiq Bakıxanovun 80 illiyini böyük mədəni proqramlarla qeyd edir. Milli tariximizə Abasqulu Ağa Bakıxanov kimi böyük şəxsiyyət, onlarla ali rütbəli hərbçi - əksəriyyəti general olmaqla, ictimai xadim, musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olmuş çoxsaylı sənət adamları bəxş etmiş bir sülalənin nümayəndəsi olan Tofiq Bakıxanov 80 yaşın zirvəsindən geriyə baxanda özünə, nəslinə və xalqına üz ağlığı gətirən zəngin bir yaradıcılıq irsini görür: 3 balet, 3 musiqili komediya (Nəriman Məmmədovla birlikdə), 8 simfoniya, 6 simfonik poema, 5 simfonik muğam, 25 müxtəlif alətlər ilə simfonik orkestr üçün əsər, 26 kamera musiqisi, 120-dən artıq mahnı və romans və nəhayət, xor üçün əsərlər. Ancaq yubilyarın fikrincə, 80 ildə onun əldə etdiyi ən böyük qazanc tamaşaçı alqışı, xalqın sevgisi və dövlətin verdiyi qiymət olub.

Tofiq Bakıxanov dövlətin verdiyi qiymətin, xalqın sevgi və məhəbbətinin daha ali bir nümunəsini bu günlərdə görəcək və bəstəkarla görüşüb söhbət etməkdə əsas məqsədimiz də məhz həmin tədbirlər silsiləsi barədə hörmətli oxuculara məlumat verməkdən ibarət idi:

- Tofiq müəllim, Azərbaycan mədəni ictimaiyyəti müasir musiqimizin ağsaqqallarından biri olan görkəmli bəstəkarın 80 illik yubileyini necə qeyd edəcək?

- Öncə mənim istedadımı yüksək qiymətləndirmiş dahi bəstəkarımız Üzeyir bəyin, yaradıcılığımı həmişə dəyərləndirən və mənim nəslimin adını daim uca tutan ulu öndər Heydər Əliyevin, məni musiqi yaradıcılığına istiqamətləndirən atam - xalq artisti, görkəmli tarzən Əhmədxan Bakıxanovun, hörmətli müəllimlərim - professorlar Aleksandr AmitonQara Qarayevin ruhları qarşısında baş əyirəm. Yaradıcılığımı qiymətləndirən, haqqımda xoş sözlər söyləyən hamıya, hər kəsə təşəkkürümü bildirirəm. Bu günki suala - 80 illik yubileylə bağlı keçiriləcək tədbirlər silsiləsinə gəlincə isə, hörmətli Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə minnətdarlıq edirəm ki, bir bəstəkarın yubileyi üçün bu qədər geniş tədbirlər silsiləsi barədə sərəncam imzalamışdır. Sərəncama əsasən, dekabrın 22-dən etibarən paytaxtda 7 günlük musiqi festivalı keçiriləcək. Ayın 22-də Bəstəkarlar İttifaqında Bəstəkarlar İttifaqı ilə Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi elmi konfrans, 23-də yenə də Bəstəkarlar İttifaqında kamera-instrumental əsərlərindən ibarət konsert, 24-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir bəy Hacıbəyli adına Dövlət Simfonik orkestrinin ifasında (dirijor respublikanın xalq artisti, professor Rauf Abdullayevdir) simfonik əsərlərdən ibarət böyük konsert, 25-də Akademik OperaBalet Teatrında üç birpərdəli baletin nümayişi təşkil olunacaq - "Xəzər balladası", "Xeyir və Şər" (Nizaminin "Xəmsə" si əsasında) və nəhayət, "Şərq poeması" baleti. Bu üçüncü əsər tamaşaçılara ilk dəfə təqdim olunacaq. Dekabrın 26-da Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında (dirijor respublikanın xalq artisti, professor Ağaverdi Paşayevdir) yeni əsərlərdən ibarət konsert təşkil olunacaq. Orada ifa ediləcək "Naxçıvan simfonettası" əsəri də tamaşaçılara ilk dəfə təqdim olunacaq. Konsertin ikinci şöbəsində isə Azərbaycan şairlərinin sözlərinə yazılmış yeni mahnılar səslənəcək. Dekabrın 27-də Muğam mərkəzində Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında (bədii rəhbər respublikanın xalq artisti Teymur Göyçayevdir) kamera əsərlərindən ibarət iki şöbəli konsert təşkil olunacaq. Yubiley tədbirlərinin sonuncusu dekabrın 28-də Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında təşkil olunacaq. "Mahnı axşamı" adlı həmin tədbirdə Azərbaycan bəstəkarlarının sözlərinə yazılmış musiqilər səslənəcək. Ümumiyyətlə, bu tədbirlərdə 40 solist və 5 kollektiv iştirak edəcək.

- Yubiley tədbirlərində xarici qonaqların da iştirakı gözlənilirmi?

- Bəli. O məsələni yaxşı yada saldınız. Dekabrın 26-da Dövlət Filarmoniyasında keçiriləcək tədbirdə ölkəmizin ən çox sevilən, məharətli musiqi ifaçıları ilə yanaşı ABŞ musiqiçisi Aleksandriya Van Drüsseldorf, İrandan Rəhim Şəhriyari, ABŞ-dan digər sənətçi Zoya Sabet və məşhur soydaşımız Yaqub Zurufçu da iştirak edəcəklər. Yubiley festivalının təşkilatçıları bu məsələyə ciddi yanaşıb və yüksək səviyyəli proqram tərtib ediblər. Deyə bilərəm ki, əsl bayram əhval-ruhiyyəsi yaratmağa çalışıblar. Simfonik musiqidən ibarət konsertin ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Simfonik poema" ilə açılmasının, eləcə də müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə həsr olunmuş "Dünya durduqca yaşa" əsərinin proqrama daxil edilməsinin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına əminəm. Onu da qeyd edim ki, konsert proqramlarının hazırlanmasında və ərsəyə gəlməsində Azərbaycan Dövlət Teleradio Açıq Səhmdar Cəmiyyətinin Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının (bədii rəhbəri xalq artisti Ağasəlim Abdullayevdir) xidmətləri böyük olmuşdur.

- Yubileyə xarici qonaqların da gəlməsini qeyd edərkən bir məqamı da yada salaq ki, sizin özünüzün də çoxsaylı xarici səfərləriniz olub, dünyanın müxtəlif ölkələrindəki həmkarlarınızla əməkdaşlıq etmisiniz.

- Yaradıcılığımı və pedaqoji fəaliyyətimi əhatə edən 60 ildə keçmiş SSRİ-nin bütün respublikalarında, ondan əlavə Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Avstriya, İsveçrə, Fransa, İngiltərə, Şotlandiyabaşqa ölkələrdə həm əsərlərimin ifasında, həm də müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişəm. Son illər isə İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyətindəki dövlət və hökumət qurumlarının dəvəti ilə həmin ölkələrdə çoxsaylı görüşlərim olub. Ali məktəblərdə, musiqi kollektivlərində və yaradıcılıq birliklərində təşkil edilən görüşlərlə yanaşı bir neçə beynəlxalq tədbirin münsiflər heyətinin üzvü kimi dəvət almış və iştirak etmişəm.

- Sizin "Xəzər balladası" baletiniz Parisdə tamaşaya qoyulandan sonra "Le Mond" qəzeti yazırdı ki, Tofiq Bakıxanovun bu əsəri həqiqətən dəniz neftçilərinin həyatından həbs edən gözəl himndir.

- Mən həmin əsərin Parisdə və Fransanın bir neçə şəhərində oynanılmasına görə ulu öndər Heydər Əliyevin ruhuna rəhmətlər oxuyuram. Çünki bu əsər məhz onun təşəbbüsü ilə 1969-cu ildə uzaq xaricə səfərə çıxmışdı. O zaman Parisdə yeddinci beynəlxalq rəqs festivalı keçirilirdi. "Xəzər balladası" yeni yazılmışdı. Heydər Əliyev Bəstəkarlar İttifaqının rəsmilərinə tövsiyə edibmiş ki, xarici festivallara göndərilən əsərlərin bilavasitə Azərbaycanın, Bakının, Abşeronun həyatını əks etdirməsinə nail olun. Biləndə ki, Xəzər neftçilərinin həyatından bəhs edən balet var, festivala həmin əsərin göndərilməsini tövsiyə edib. Əsər Parisdən başqa Fransanın müxtəlif şəhərlərində, sonra isə LüksemburqMonte-Karloda - ümumiyyətlə, 30 dəfə böyük uğurla ifa edilmişdi.

- Ancaq yaradıcılığınızın böyük hissəsi Şərq xalqları ilə, Şərq musiqisi ilə bağlıdır.

- Bu ənənənin təməli hələ 1967-ci ildə Türkiyə Cümhuriyyətinə səfərimlə başlamışdı. İstanbulAnkara radiolarının arxivlərində çox zəngin səs yazıları ilə tanış olandan sonra 5 nömrəli "Türk sonatası"nı qələmə almışdım. Bu ənənə sonralar 6 nömrəli "İran" və 7 nömrəli "Ərəb" skripka sonataları ilə davam etdirildi. "Quzey Kıbrıs fəsilləri", "Türk rapsodiyası", kamera orkestri üçün "Quzey Kıbrıs" süitası, simfonik orkestr üçün "Türk eskizləri", "Türk simfoniyası" və başqa əsərlər nəinki uğurla ifa edildi, hətta bir sıra festivalların gündəliyinə salındı və ayrıca kitab kimi nəşr edildi. Eləcə də İran musiqisimusiqi xadimləri ilə əməkdaşlığımız çox böyük nəticələr verdi. "Şərqdən gələn sədalar" yeddi hissəli süita İranda ifa edildi və nəşr olundu. "Firdovsini yad edərkən" mahnılar məcmuəsi isə dost ölkənin dövlət radiosunun əsas fonduna daxil edilib. Tehran şəhərindəki "Surə" Universitetindəki görüşlərim, Təbriz, İsfahan, Şiraz, Ərdəbil şəhərlərindəki çoxsaylı tədbirlər barədə "Azərbaycan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri" ikicildliyində əhatəli şəkildə söz açılır.

Mən bu məqamda bir məsələni də qeyd edim. Belə ki, Şərq xalqlarının və şərq ölkələrinin adlarını tez-tez çəksək də, mənim Qərb musiqisinə müraciətlərim də çox olub. Məsələn, məşhur ABŞ bəstəkarı Corc Gerşvinin xatirəsinə həsr olunmuş "Caz stilində konsert" (skripka ilə orkestr üçün) Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi tərəfindən yüksək qiymətləndirilmiş və ayrıca kitabça şəklində çap olunmuşdur.

Mən bir məsələni də qeyd edim. Ömrüm boyu həmişə yaxşı insanların qayğı və diqqətini görmüşəm. Sənətə qiymət verən insanlar əhatəsində olmaq sənətkara yaradıcılıq stimulu verir. Qayğısını, xoş münasibətini gördüyüm insanların hamısının adını qeyd eləmək üçün böyük bir kitab tərtib etmək lazım olar. 10-cu sinifdə oxuduğum vaxt - 1948-ci il mayın 15-də "Azərbaycan gəncləri" qəzeti mənim haqqımda bir yazı vermişdi. Həmin gündən bu günə qədər Azərbaycan mətbuatı daim mənim uğurlarımı işıqlandırıb. Çox minnətdaram. Qara Qarayev, Arif Məlikov, Rauf Hacıyev, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Zöhrabov və digər həmkarlarım, eləcə də Bakı Musiqi Akademiyasının və Bəstəkarlar İttifaqının rəhbərləri daim məni yeni yaradıcılıq uğurlarına ruhlandırıblar. Görkəmli elm və sənət adamları Budaq Budaqov, Fuad Qasımzadə, Mikayıl Abdullayev, Lütfiyar İmanov, Nəriman Həsənzadə, Qılman İlkin, Hacı Fərhad Mirzə, Gülnaz Abdullazadə, Telman Hacıyev, Zakir Mirzəyev, Gülzar İbrahimqızı, Hökumə Əliyeva atamın şagirdi olmuş Əli Səlimi... bütün bu insanlar mənim yaradıcılığıma xüsusi dayaq olmuş dostlardır.

Bizim əlavəmiz: "Şöhrət" ordenli bəstəkar, respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Əhmədxan oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyovun təsis etdiyi Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - skripka ifaçılığı və bəstəkarlıq ixtisası üzrə bitirmişdir. Yuxarıda qeyd etdiyimiz 200-ə qədər əsərin arasında atası - əməkdar müəllim, əməkdar incəsənət xadimi, respublikanın xalq artisti, bütün Şərqdə tanınan tarzən Əhmədxan Bakıxanovun ifasından sonra yazdığı "Nəva", "Rahab", "Şahnaz" və "Dügah" simfonik muğamları da var. 50-dən artıq musiqi əsəri, 2 monoqrafiyası çap olunmuş, "Azərbaycan elm və mədəniyyət xadimləri" silsiləsindən "Tofiq Bakıxanov - bəstəkar haqqında söz, not-biblioqrafiya" kitabı nəşr olunmuşdur. Vaxtilə təhsil aldığı ali məktəbdə 60 ildir ki, dərs deyir. Mətbuatda yüzlərlə yazısı verilmiqdir. Onun haqqında qələmə alınan yazılar isə mindən artıqdır. Özü 5 kitabın müəllifi olsa da, haqqında yazılan kitablar 10-dan çoxdur. Şəxsi arxivində saxladığı qiymətli sənədlərə layiq gördüyü çoxsaylı mükafatlar, ulu öndər Heydər Əliyev başda olmaqla bir neçə ölkənin dövlət adamlarından, keçmiş tələbələrindən aldığı məktublar, ürək sözləri vardır. Ancaq yüzlərlə tanınmış sənət adamının ustadı olmuş Tofiq müəllim öz zəngin arxivindəki bir elmi rəyi daha çox qoruyur və qiymətləndirir. Bu, bəstəkarın qızı, mərhum filologiya elmləri namizədi, istedadlı ərəbşünas alim Nigar xanım Bakıxanovanın elmi işinə filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın verdiyi rəydir. Tofiq müəllim qızı Nigar Bakıxanovanın elmi araşdırmalarını yüksək qiymətləndirən professorun rəyini, atası Əhmədxan Bakıxanov haqqında yazılan məqalələri, ulu babası Abasqulu ağa Bakıxanov haqqında söylənilən fikirləri daha böyük diqqət və məsuliyyətlə toplayır və qoruyur. Ustadın fikrincə, bu, təkcə insani borc deyil, həm də milli tarix və mədəniyyət qarşısında hiss etməli olduğumuz məsuliyyətdir.

Görkəmli bəstəkara, on illərdən bəri səmərəli pedaqoji fəaliyyətlə məşğul olan professora can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulamaqla söhbətimizi və yazını başa çatdırmaq istəyirdik. Ancaq Tofiq müəllim istədi ki, yazının son cümlələrini məhz onun özü söyləsin:

- Mən geridə qalan illərlə, yaşadığım həyat, xalqıma bəxş etdiyim əsərlərlə fəxr edirəm. 80 il xalqın xidmətində olmaq böyük səadətdir. Ancaq bu səadətin bəxş etdiyi məmnunluq səviyyəsində olan başqa bir məmnunluğum da var. Mən fəxr edirəm və böyük bir rahatlıq hissi ilə yaşayıram ki, Azərbaycanda mədəniyyətə Heydər Əliyev münasibəti bu gündavam edir. Bu münasibət Azərbaycan mədəniyyətini hələ min illər boyu yaşadacaq.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 1 dekabr.- S. 7.