Azərbaycan
güclü, inkişaf
etmiş informasiya-kommunikasiya
ölkəsinə çevrilir
Azərbaycan əsasən neft-qaz
iqtisadiyyatına malik olan
dövlətdir. Lakin regionda
ən böyük "BakuTel"
sərgisi göstərdi ki, dəyişikliklər
uzaqda deyil. Son illərdə Azərbaycan informasiya-kommunikasiya
texnologiyaları sahəsinə fəal sərmayə
yatırır. Hökumətin hesablamalarına görə,
yaxın gələcəkdə bu sahənin
mənfəəti artacaq, neft
hasilatı və onun nəqli hesabına əldə
edilən mənfəətlə müqayisə edilə biləcək.
Bakıdakı sərgidə nümayiş
etdirilən mallar və xidmətlər
arasında rabitə, təhlükəsizlik və biznes sahələrində innovasiyalarla
yanaşı, mədəniyyət və təhsil sahələrində
yeni texnologiyalar da var.
Sərgidə iştirak edən
"Morpho Detection"
şirkətinin nümayəndəsi Olqa Semyonova eksponatları göstərərək deyir: "Bu
cihazlardan hər biri
partlayıcı maddələri və narkotikləri, bu gözəl cihaz isə
zərərli kimyəvi maddələri aşkar
edir". "İdrak"
şirkətinin təmsilçisi Fərid Rəsulov sərgidə
nümayiş etdirilən cihazların təyinatını
belə izah edir:
"Bu lazer skaneri exolot cihazına
oxşayır, lakin onun
işləmə prinsipi daha
mürəkkəbdir: skaner lazer siqnalı göndərir və hər bir nöqtədən məsafəni
ölçərək bütöv üçölçülü model hazırlayır. Biz
hazırda bu cihazın köməyi ilə
bütün Bakı şəhərinin üçölçülü modelini yaratmaq üzərində
işləyirik". Azərbaycan paytaxtının dəqiq üçölçülü modeli şəhərsalma və kommersiya layihələrinin həyata
keçirilməsi zamanı çox
faydalı olacaq.
"Çaşıoğlu Multimedia"
şirkətinin direktoru Rəhilə
Soltanqızı sərgidəki eksponatlardan
birini göstərərək deyir: "Uşaqlar üçün nəzərdə tutulan bu interaktiv
oyun onların təfəkkürünü,
yaddaşını və rəsm çəkmək vərdişlərini
inkişaf etdirir. Bu, şirkətimizin istehsalıdır.
Dövlət Azərbaycandakı uşaq
bağçaları üçün bu oyundan 200 nüsxə sifariş edib. Uşaqlar onu çox xoşlayırlar. Taktil
ekranda məktəbəqədər
yaşlı uşaqlar üçün
530-dan çox oyun var".
Ölkədə telekommunikasiya
sektorunun modernləşdirilməsinə ehtiyac çoxdan hiss olunurdu. Neft və qaz ixracı
hesabına mənfəətin sürətlə artması bu məsələdə nəzərəçarpacaq
irəliləyişə nail olmağa imkan verir. Telefon xətlərinin
çəkilməsi çətin olan
yüzlərlə dağ kəndində simli rabitənin olmaması mobil
və peyk kommunikasiya
sistemlərinin intensiv inkişafına təkan
verib. Azərbaycanın
qarşısında duran daha
bir ciddi problem ekologiyadır.
Neftlə zəngin olan Xəzəryanı
bölgə toksik sənaye
tullantıları ilə çox
çirklənib. Daha yüksək
texnologiyalı istehsala keçid
bu regionun
sağlamlaşdırılmasına kömək edə bilər.
"Sovet dövründə Azərbaycan kimya sənayesi mərkəzlərindən biri idi. O dövrdə
ekologiyanın nə vəziyyətdə olduğunu
hamımız bilirik", - deyə etiraf edən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri
Əli Abbasov daha sonra deyib. "Regionun ekologiya məsələlərinin
həlli qarşıda duran ən mühüm vəzifələrdən biridir və bu məsələdə
biz informasiya
texnologiyalarının roluna böyük əhəmiyyət veririk". İri milli layihələrdən biri
də Estoniya nümunəsi əsasında
"elektron hökumət" infrastrukturunun yaradılmasıdır.
İkitərəfli əməkdaşlıq layihələrində
Estoniyanın sabiq xarici
işlər naziri və Avropa
Parlamentinin deputatı xanım Kristina Oyuland şəxsən
iştirak edir. Bu əməkdaşlığı demokratik proses üçün vacib hesab edən sabiq nazir deyir: "Biz Estoniyada artıq bir neçə dəfə seçkilərdə
internet vasitəsilə səsvermədən
istifadə etmişik və deyə bilərik
ki, elektron hökumətin
üstünlükləri ictimai həyatın
bütün
iştirakçılarının işini
nəzərəçarpacaq dərəcədə
asanlaşdırır".
"BakuTel" sərgisində
Azərbaycanın təqdim etdiyi iri layihələrdən biri
də "TransAvrasiya Super
İnformasiya Magistralı"dır. Genişzolaqlı
optik lifli şəbəkə
bu regionu Avropa və Şərqi Asiya
ilə əlaqələndirməyə imkan
verəcək.
Sərgidə "Evronyus"
televiziyasına müsahibəsində Prezident
İlham Əliyev deyib:
"Neft və qaz nə
vaxtsa tükənəcəkdir, texnologiyalara, mütərəqqi istehsalatlara və elmə sərf edilən investisiyalara isə həmişə tələbat
olacaqdır. Biz gələcəkdə
ölkəmizi dünyanın inkişaf etmiş ölkələrindən biri kimi görürük.
Güclü, inkişaf
etmiş informasiya-kommunikasiya
sektoru olmadan buna nail olmaq
mümkün deyildir".
Ekspertlərin proqnozlarına görə, Azərbaycanda
kəşf edilmiş neft
yataqlarının ehtiyatları, ehtimal ki, 30 ildən sonra tükənəcək.
Avropa və Asiyanın qovuşduğu
məkanda yerləşən ölkənin davamlı alternativ iqtisadiyyat
yaratması üçün o qədər də çox
vaxt qalmayıb. Bunun üçün ölkəmizdə həyata
keçirilən çoxsahəli inkişaf
proqramları artıq reallaşmaqdadır.
M.Mükərrəmoğlu
Xalq qəzeti.- 2010.- 2 dekabr.- S. 8.