Tahir Salahovun əsərləri xalçalarda

 

Moskva şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin iştirakı ilə M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyində dünya şöhrətli rəngkar, SSRİ xalq rəssamı Tahir Salahovun yaradıcılığına həsr edilmiş sərgi keçirilir. Sərgidə rəssamın əsərlərini əks etdirən xalçalar nümayış etdirilir. Bu barədə Xalça Muzeyindən Gülşən Hüseynova məlumat vermişdir.

 

Tahir Salahovun rəng çalarlarından ilhamlanan xalçaçı-rəssamlar mütəmadi olaraq onun yaradıcılığına müraciət edirlər. Xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov Tahir Salahovun əsərləri əsasında "Dədə Qorqud", "Dimitri Şostakoviç", "Aydan", "Olqa Rukavişnikova", "Mstislav Rostrapoviç" xalçalarını, xalçaçı-rəssam Eldar Gəncəlinin "Kadakes", "Şlyapalı Varvara", "Köhnə Kadakes", "Sənə bəşəriyyət" xalçalarını və "Salvador Dalinin yaradıcılıq dünyası" xalça kompozisiyası -triptixini; xalçaçı-rəssam Fazil Abbasquluzadə "Qara Qarayev", "Mirzə Ələkbər Sabir", "Rəsul Rza" xalçalarını; xalçaçı-rəssamlar Musa İmamverdiyevElyar Quliyev ümummilli lider Heydər Əliyevin portreti əsasında "Heydər Əliyev", Şeyxülislam Hacı Allahşükür Paşazadənin portreti əsasında "Allahşükür Paşazadə", xalçalarını və Azərbaycanın tarixi abidələrini əks etdirən "Odlar yurdu" xalça kompozisiyası - triptixini işləmişlər. Həmin əsərlər qeyri-adi ifadə vasitələri ilə fərqlənirlər, bu da Azərbaycanın müasir xalça sənətinin xüsusiyyətlərilə gözəl sintez edir.

Tahir Salahov Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Hələ təhsil illərində yaratdığı ilk əsərləri tamaşaçıların və mütəxəssislərin diqqətini cəlb etmişdir.

Dünya şöhrətli rəssam həyatın ritmini dəqiq tutmaqla yanaşı, zamanı dinləməyi və eşitməyi bacarır. Portret, mənzərə, natürmort, böyük çoxfiqurlu əsərlər müəllifi, dəqiq kompozisiya ustası olan Salahov xətt və rəngdən virtuozcasına istifadə edir, lakonik və dərin fərdi işləmə texnikasına malikdir. Obrazların gücüümumiliyi freska rəngkarlığında olduğu kimi, onun tablolarına monumental xarakter verir.

Rəssamın yaradıcılığında Azərbaycan neftçiləri haqqında əsərlər silsiləsi xüsusi yer tutur. "Səhər eşelonu" (1958-ci il), "Təmirçilər" (1960-cı il), "Xəzər üzərində" (1961-ci il), "Abşeronun qadınları" (1967-ci il), "Xəzərdə səhər" (1986-cı il) və s.

Tahir Salahov dünya səviyyəli aparıcı portretçidir. O, insanı yaranışın başlıca dəyəri kimi iri planda göstərir. 40 ildən artıqdır ki, Salahov qəlbi yaratmaq həvəsilə döyünən mədəniyyət xadimlərinin obrazlar qalereyasını yaradır. Bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun, Dmitri Şostakoviçin, balerinalardan İrina Struyevanın, Olqa Rukavişnikovanın, rəssam Robert Rauşenberqin, aktyorlardan Maksimilian Şellin, İrina Miroşniçenkonun, yazıçılardan Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın, Maqsud İbrahimbəyovun, German Gessenin portretləri geniş ictimaiyyətə yaxşı tanışdır. Mstislav Rostrapoviçin (2000-ci il) portreti T.Salahovun yaradıcılığında yeni mərhələ idi. Obrazın traktovkasındakı kəskin dramatizm qrotesklə ahəng təşkil edir, ekspressiv plastika isə emosional gərginlik yaradır. Fırça ustası yaradıcılığı milli irs olanbir ölkənin çərçivəsindən çıxaraq bəşəriyyətə məxsus olan musiqiçinin zəngin, mürəkkəb daxili aləmini nümayiş etdirir.

T.Salahov dünyanın bir sıra rəssamlıq və incəsənət akademiyalarının həqiqi və fəxri üzvüdür. Onun yaradıcı xidmətləri Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın, SSRİ-nin xalq rəssamı fəxri adları, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, MDB iştirakçı-dövlətlərinin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fondun "Birliyin ulduzu" mükafatı, Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu, "Vətən qarşısında xidmətlərə görə", "İstiqlal" və Heydər Əliyev (Azərbaycan), I dərəcəli KirilMefodiy, Polşa, Monqolustans. ölkələrin ordenləri, Rusiya Zərif Sənətlər Akademiyasının gümüş, qızıl medalları və M.B.Qrekov adına Qızıl medalla dəyərləndirilmişdir.

Tahir Salahov tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da Vətənimizi layiqincə təmsil edən parlaq ziyalılardandır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 3 dekabr.- S. 7.