Torpaqlardan səmərəli
istifadə dövlətin aqrar siyasətinin prioritet istiqamətidir
Bu tarixi bir həqiqətdir
ki, 1991-ci ildə Sovet İttifaqının dağılması
keçmiş sovet respublikalarına azadlıq və müstəqillik
gətirməklə yanaşı, eyni zamanda onları siyasi
kataklizmlərin və iqtisadi böhranların məngənəsinə
salmış oldu. On illər boyu yaranmış iqtisadi, mədəni,
ictimai-psixoloji əlaqələrin və münasibətlərin
qırılması başqa respublikalarda olduğu kimi, Azərbaycanda
da böyük iqtisadi problemlərə səbəb oldu. Ancaq
ulu öndərimiz Heydər Əliyev baş vermiş şəraitdən
çıxış yolunu bildiyindən, bazar iqtisadiyyatı
şəraitinə uyğun münasibətlərin
yaradılması üçün düzgün siyasi və
iqtisadi strategiya seçdi.
Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, onun da həyata keçirilməsi üçün ilk növbədə torpaq islahatları aparılmalı idi. Bu iqtisadi strategiyanın ən vacib tədbirlərindən biri ulu öndərimiz Heydər Əliyevin tarixdə heç vaxt Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə tarixi ədaləti bərpa etmək qərarı oldu. Torpaq islahatı haqqında qanunun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuşdu. Məsələnin siyasi-iqtisadi, eyni zamanda sosial-psixoloji baxımdan nə qədər mürəkkəb olması da Heydər Əliyevə məhz o vaxt aydın olmuşdu. Aparılan ideoloji-maarifləndirmə işi sayəsində artıq əhali 1996-cı ildə sovet təfəkkürünə xas olan zərərli komplekslərdən qismən azad olmağa başlamışdı. Birinci mərhələdəki psixoloji baryer müəyyən mənada aradan götürülmüşdü.
1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatları və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun nəhayət reallaşması, o cümlədən torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz olaraq kəndliyə verilməsi və yeni torpaq əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biridir. Lakin bütün bunlar Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında kənd təsərrüfatının yüksəldilməsi üçün gördüyü işlərin hamısı haqqında tam təsəvvür yaratmır. Çünki bu onun yenidən hakimiyyətə qayıdışı zamanı gördüyü işlərin az bir hissəsidir.
Torpaq islahatlarını həyata keçirmək üçün mükəmməl hüquqi bazanın olmamasına baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Qürurla demək olar ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə "Heydər Əliyev torpaq islahatları" modeli kimi düşdü.
Bu gün Müstəqil Dövlətlər Birliyi ölkələrində həyata keçirilmiş torpaq islahatlarını Azərbaycanda aparılan torpaq islahatları ilə müqayisə etsək, bir daha ümummilli liderimizin uzaqgörənliyinin, böyüklüyünün şahidi olarıq. Məsələn, Ermənistanda kənd təsərrüfatı sahəsində vəziyyət çox acınacaqlıdır. Torpaqlar əkilmir, çünki əhali çətin vəziyyətə görə ölkəni tərk edir.
Özbəkistan Respublikasında qanunla qiymətli kənd təsərrüfatı torpaqlarının xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmayıb. Keçmiş kolxoz və sovxozlar ləğv edilərək onların bazasında icarə müəssisələri (dövlət, kollektiv) yaradılmışdır. İcarə müddəti 20, 25 və 49 il nəzərdə tutulur.
Belarus Respublikasında kənd təsərrüfatı uqodiyalarının xüsusi mülkiyyətə verilməsi qanunla nəzərdə tutulmamışdır. Xüsusi mülkiyyətə yalnız yaşayış məntəqələrində (şəhər, qəsəbə) baş plana uyğun olaraq torpaq sahələri sahibkarlıq məqsədi ilə verilir.
Rusiya Federasiyasında qanunvericilikdə kənd təsərrüfatı uqodiyalarının xüsusi mülkiyyətə verilməsinin nəzərdə tutulmasına baxmayaraq, ayrı-ayrı subyektlərdə bu məsələyə yanaşmalar fərqlidir və hər bir subyektin qanunvericilik orqanı bu məsələ ilə bağlı xüsusi qərar qəbul edir.
Qeyd etmək lazımdır ki, kolxoz və sovxozların ərazisindən pay almaq hüququ olan vətəndaşların siyahısı və onlara veriləcək torpaqların ölçüsünün müəyyən olunmasına baxmayaraq çox yerlərdə onların torpaqları naturada ayrılaraq vətəndaşlara təhvil verilməmişdir. Bəzi yerlərdə isə naturada ayrılıb verilmiş torpaqlar uzun illərdən bəri istifadəsiz qaldığından yararsız hala düşmüşdür.
Rusiya Federasiyasında aparılmış statistik məlumatların nəticələrinə görə, son illərdə milyon hektarlarla əkin sahələri istifadəsiz qaldığından kolluğa çevrilmişdir.
Azərbaycanda isə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.
"Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.
Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2041 təsərrüfat, yəni kolxoz və sovxoz ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ökəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu 3 milyon 442 min 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 milyon 641 506 hektar torpaq sahəsindən 4 milyon 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 milyon 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 milyon 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.
Aydındır ki, əgər torpaq pulla satılsaydı, əhalinin böyük bir qismi bu prosesdən kənarda qalacaqdı. Bu isə təbəqələşmə yaradaraq ciddi sosial gərginliyə səbəb olacaqdı. İkincisi, yararlı torpaqlar deyil, azyararlı və yararsız torpaqlar verilsəydi, torpaq islahatları nəticəsiz olacaqdı. Başqa sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə ərzaq bolluğu yaratmaq mümkün olmayacaqdı. Üçüncüsü, bütün vətəndaşların bu tarixi prosesdə iştiraketmə haqqı tanınmasaydı, narazılıq yaranacaqdı, torpaq icarəsi və torpaq bazarı kimi stimullaşdırıcı faktorlar olmayacaqdı.
Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi. Eyni zamanda, aşağıda göstərilənlər mühüm sosial-iqtisadi, sosial-siyasi məsələləri də həll etdi:
Ölkə əhalisinin az qala yarısı, yəni 3 milyon 500 min nəfəri torpaq mülkiyyətçisinə çevrildi və mülkiyyətçilik hissi vətəndaşların torpağa daha doğma münasibətini formalaşdırdı.
Torpaq islahatları gənc dövlət üçün başlıca sosial problem olan işsizliyi böyük miqyasda aradan qaldırdı.
Ölkənin ərzaq və kənd təsərrüfatı malları ilə təminatında ciddi dinamik inkişaf müşahidə edildi, aqrar sənaye yenidən inkişaf etməyə başladı.
Qeyri-neft sektorunun və regionların inkişafı üçün əsaslı baza yarandı.
Bütün bunlar, əlbəttə, torpaq islahatlarının tam mahiyyətini ifadə etmir. Ancaq bu faktorlar aparılan islahatların sosial-iqtisadi istiqamətini izah etmək üçün yetərincə ciddi arqumentlərdir. Beləliklə, həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət torpaq islahatlarının növbəti mərhələlərini də uğurla həyata keçirməyə zəmin yaratdı. Bu mərhələdə də ciddi siyasi iradə nümayiş etdirildi və bu iradə qanun, fərman və sərəncamlarla hüquqi müstəviyə köçürüldü.
Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan bu islahatları digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan bu siyasətin müəllifi və icraçısı Heydər Əliyevin müəyyənləşdirdiyi, sosial-ədalət prinsipinə söykənən iqtisadi siyasətinin 4 əsas mühüm prinsipi fərqləndirirdi:
Birincisi, Azərbaycanda torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara pulsuz, yəni əvəzsiz olaraq verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfini yaratmaqla, yeni torpaq əkinçi münasibətlərini formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi. Başqa sözlə, 3,5 milyon iş yeri yaradıldı.
İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq, vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verildi. Eyni zamanda, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi və eyni zamanda Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, torpaq əmlakçısına çevrilmiş 3 milyon beş yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq-əkinçi münasibətlərindən kənarda qalmadı. Yəni, hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirak etmək hüququnu qazandı.
Dördüncüsü, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda torpaq xarici ölkə vətəndaşlarına mülkiyyətə verilmir, onlara istifadə və icarə hüququ ilə verilir.
Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət qədər mükəmməl qanunların sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı naminə istifadə edilir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, respublikamızda həyata keçirilən torpaq islahatlarını birdəfəlik tədbir hesab etmək düzgün fikir olmazdı. Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Bu barədə ümummilli liderimiz Heydər Əliyev demişdir: "Biz torpaq islahatlarının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır".
Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Məhz bu işlərin nizama salınmasının hüquqi əsaslarını müəyyən etmək üçün "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları" və eləcə də "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dünya Bankının "Təsərrüfatların özəlləşdirilməsi" layihəsində pilot təsərrüfatlar üçün hüquqi sənədlərin hazırlanmasının kadastr və qeydiyyat işlərinin aparılmasını təmin etmişdir. Dünya Bankının 2-ci layihəsi olan "Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də iştirak etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya, Türkiyə və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyaları ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirmişlər.
Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Həmin məqsədlə Ukrayna, Rusiya, Qazaxıstan və s. kimi ölkələr Azərbaycan təcrübəsindən istifadə etmək qərarına gəlmişlər. Hazırda həmin ölkələrin müvafiq qurumları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Təsadüfi deyildir ki, MDB üzvü olan ölkələrin Torpaq Münasibətləri və Yerquruluşu İşləri Üzrə Dövlətlərarası Elmi Problemlər Şurasının sədri, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, iqtisadiyyat elmləri doktoru, professor Nikolay Komov "Yerquruluşu və Torpaq İstifadəçiliyinin Rusiya Modeli" adlı kitabında Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən torpaq islahatları, onun hüquqi bazası, prinsipləri və icra mexanizmləri haqqında geniş məlumat verərək həmin modelin Rusiyada tətbiq edilməsi işini təqdirəlayiq hesab edir. Bundan başqa, Qazaxıstan Respublikası Torpaq Ehtiyatlarının İdarə Edilməsi Agentliyi tərəfindən nəşr edilən "XXI əsrin astanasında torpaq islahatları strategiyası" kitabında da Azərbaycanda həyata keçirilən torpaq islahatlarından geniş söhbət açılır, onun elmi-hüquqi əsasları haqqında geniş məlumat verilir və təqdirəlayiq bir model kimi təqdim edilir. Əlbəttə, bütün bunlar, xalq arasında deyildiyi kimi, "Heydər Əliyev torpaq islahatları"nın nə qədər dərin elmi-təcrübi metodologiyaya söykəndiyini bir daha sübut edir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı təyinatlı torpaqlarının təbii potensial gücü təbii və coğrafi şəraitə uyğun olaraq ənənəvi ixtisaslaşmaya uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalında özünəməxsus rol oynamaqdadır. Lakin, torpaq islahatı ilə bağlı əvvəllər ictimai təsərrüfatçılıq idarəetməsi qaydasında istifadə olunmuş əkin sahələri ayrı-ayrı mülkiyyətçilər arasında (torpaq payı almaq hüququ olan payçılar arasında) bölüşdürüldüyündən, heç şübhəsiz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidlə əlaqədar hər bir mülkiyyətçi öz arzusuna uyğun olaraq bu torpaqlardan sərbəst istifadə edir. Nəticədə eyni bir tarlada bir neçə mülkiyyətçi tərəfindən ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin əkilməsi və həmin bitkilərin vegetasiya müddətlərinin müxtəlif olması, eləcə də vegetasiya müddətində bitkilərin suya, aqrotexniki qulluqlara fərqli tələbatlarının olması, nəticədə iri ölçülərə malik tarlalardan strateji əhəmiyyətli texniki bitkilərin massiv şəkildə əkilib becərilməsində, nəticə etibarilə torpaqlardan daha səmərəli şəkildə istifadə olunmasında müəyyən obyektiv çətinliklər yaratmışdır.
Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev yaranacaq bu obyektiv çətinliklərin aradan qaldırılmasının hüquqi əsaslarını hələ "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanarkən diqqətdən qaçırmamış və həmin Qanunun 16-cı maddəsi ilə müəyyən edilmişdir ki, özəlləşdirilən torpaqlarda könüllülük əsasında müxtəlif təsərrüfat formalarının seçilməsinə (yaradılmasına) təminat verilir və onların fəaliyyətinə bərabər şərait yaradılır.
Təsərrüfat formalarının yaradılması isə "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilmişdir ki, kənd təsərrüfatında müxtəlif növlü özəl istiqamətli müəssisələrin təşkilati-hüquqi formaları nəzərdə tutulur.
Respublikamızda aqrar-torpaq islahatının aparılması ilə əlaqədar yuxarıda sadalanan həmin təsərrüfatçılıq formalarının yaradılmasının hüquqi əsasları isə "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəsli, "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
Göründüyü kimi, torpaq islahatı ilə bağlı keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı təyinatlı torpaqlardan pay almış ailələrin xüsusi mülkiyyətlərində olan torpaqların pay kimi qoyularaq paylı mülkiyyətə əsaslanan özəl istiqamətli təsərrüfatçılıq formaları təsis edərək birgə təsərrüfatçılıq formasında fəaliyyət göstərmələri üçün Azərbaycan Respublikasında kifayət qədər mövcud qanunvericilik aktları qəbul olunmuşdur. Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq Azərbaycan Respublikasının vahid torpaq fondundan özəlləşdirilmiş torpaqlarda xüsusi mülkiyyətçilər tərəfindən həmin qanunvericilik aktlarına uyğun olaraq Respublikanın ayrı-ayrı rayonlarında özəl istiqamətli təsərrüfatçılıq formaları yaradılsa da, onların sayı hələlik yetərincə deyil.
Respublikanın vahid torpaq fondunun tərkibində kənd təsərrüfatına yararlı torpaqlar 4 milyon 524 min 67 hektar təşkil edir ki, bundan da 1 milyon 277 min 786 hektarı suvarılandır. 2010-cu il yanvarın 1-nə olan vəziyyətə görə kənd təsərrüfatına yararlı torpaqlardan 1 milyon 673 min 486 hektarı əkin altında, 41 min 473 hektarı dincə qoyulmuş, 161 min 81 hektarı çoxillik əkmələr altında və 109 min 709 hektarı isə biçənək kimi istifadə olunur.
Respublika üzrə 2 milyon 675 min 486 hektar kənd təsərrüfatına yararsız torpaq sahəsi mövcuddur ki, bundan da 1 milyon 876 min 183 hektarı dövlət mülkiyyətinə, 793 min 672 hektarı bələdiyyə mülkiyyətinə və 5631 hektarı isə xüsusi mülkiyyətə aiddir.
Həmçinin qeyd etmək lazımdır ki, bədnam ermənilərlə olan müharibə şəraitində sərhəd bölgələrində ziyanvericilərin çoxalması, bundan başqa əkinlə məşğul olan zəhmət adamlarına açılan atəşlər nəticəsində əkilməmiş torpaqlar yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda, dövlət və bələdiyyə torpaqları ilə yanaşı, xüsusi mülkiyyətdə olan torpaqların bir hissəsinin yararsız vəziyyətə düşməsində, heç şübhəsiz, qlobal iqlim dəyişikliyi (təbii fəlakət) əsas rol oynasa da, bunun digər səbəbləri əsas suvarma mənbələri hesab olunan Kür və Araz çaylarının əhatəsində olan torpaqlardakı drenaj və kollektor sisteminin bir hissəsinin sıradan çıxması, beton kanalların (əsasən də asma beton kanalların) dağılması, ayrı-ayrı vətəndaşlar tərəfindən həmin drenaj-kollektor şəbəkəsinin qarşısının kəsilərək orada balıqçılıq məqsədilə süni göllərin yaradılması və s. kimi hallardır. Bu kimi hallar, eləcə də Kür və Araz çaylarında son illər suyun səviyyəsinin qalxması nəticəsində 951 min 361 hektar torpaq sahəsi şorlaşmış, 785 min 562 hektar torpaq sahəsi şorakətləşmişdir. Dağlıq və dağətəyi ərazilərdə isə 823 min hektar torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramışdır.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, dünyanı bürümüş qlobal iqlim dəyişikliklərinin fəsadlarının, xüsusilə ərzaq təhlükəsizliyi probleminin Azərbaycandan yan keçməsini təmin edə bilən ən vacib tədbirlərdən biri də torpaqlardan, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli şəkildə istifadə olunmasına zəmin yaratmaq, torpaq-istehsal prosesinin və bu prosesi tənzimləyən münasibətlərin dayanıqlığını təmin etməkdən ibarətdir. Bunun üçün torpaq sahələrində əsaslı torpaqyaxşılaşdırma işlərinin aparılması ilə yanaşı, xüsusi mülkiyyətə verilmiş pay torpaqlarının hesabına mülkiyyətçilərin könüllülük prinsipi ilə özəl istiqamətli təsərrüfatçılıq subyektlərini təsis edərək torpaqlardan birgə istifadə edilməsi istiqamətində Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri ilə əhali arasında güclü təbliğat-izahat işlərinin aparılması olduqca aktuallıq kəsb edir.
Bu məqsədlə aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təklif edirik:
1. Torpaq islahatının vəzifələrinə müvafiq olaraq keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilmiş kənd təsərrüfatına yararlı (əkin, dinc, biçənək və çoxillik əkmələr) torpaq sahələrindən pay almış xüsusi mülkiyyətçilərin könüllülük prinsipi ilə özəl istiqamətli təsərrüfatçılıq formalarında birləşərək torpaqlardan birgə (massiv şəkilində) istifadə olunması istiqamətində əhali arasında mütəmadi şəkildə təbliğat-izahat işləri aparmaq;
2. Qış otlaq sahələrinin suvarma mənbəyi olan və uzun illərdən bəri onsuz da əkin kimi istifadə olunan 10 minlərlə hektar torpaq sahəsinin hökumət qərarı ilə əkin dövriyyəsinə daxil edilməsi;
3. Vətəndaşların (ailələrin) xüsusi mülkiyyətində olan torpaqların özəl istiqamətli təsərrüfatçılıq formalarında birgə istifadəçiliyi nəticəsində, həmçinin torpaqların münbitliyinin, o cümlədən onun məhsuldarlığının artırılmasında ekoloji baxımdan son dərəcə əhəmiyyətli olan növbəli əkin sisteminin tətbiq edilməsi;
4. Qlobal iqlim dəyişikliyinin təsiri olaraq 2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin artması və bu çayların öz məcrasından çıxaraq ətraf əraziləri, o cümlədən əkin sahələrini subasması nəticəsində torpaqların keyfiyyətində qrunt suyunun səviyyəsinin qalxması və subasması ilə yaranmış keyfiyyət pisləşməsinin, o cümlədən təkrar şorlaşma və şorakətləşmənin aradan qaldırılması üçün kollektor-drenaj şəbəkəsinin bərpası, yenidən qurulması ilə qrunt suyunun səviyyəsinin aşağı salınması və torpaqların keyfiyyətinin bərpasını təmin edəcək tədbirlərin həyata keçirilməsi;
5. Respublikanın dağ və dağətəyi ərazilərində torpaqların eroziyaya uğramasının qarşısını almaq məqsədilə bu ərazilərdə şumlamanın optimal müddətdə və ərazinin relyef xüsusiyyətləri nəzərə alınmaqla aparılması;
6. Ayrı-ayrı ərazilərdə hakim küləklərin əsmə istiqamətinə uyğun olaraq kütləvi şəkildə tarlaqoruyucu meşə zolaqlarının salınması;
7. Kənd təsərrüfatı məhsullarının daxili bazarda satışının stimullaşdırılması və bu məhsulların ixracı ilə bağlı tətbiq olunan rüsumların minimuma endirilməsi;
8. Xüsusi mülkiyyətdə olan kənd təsərrüfatına yararlı torpaqları satmaq arzusunda olan şəxslərin arzu və təkliflərinə müvafiq olaraq, bu torpaqların daha yüksək qiymətə satılması və onu sözün əsl mənasında əkib-becərmək bacarığı və istəyi olan alıcıların mülkiyyətinə satılmasını təmin etmək məqsədilə torpaqların müsabiqə və hərrac vasitəsilə satışının təşkil edilməsi və bununla bağlı mülkiyyətçilər arasında geniş təbliğat-izahat işlərinin aparılmasının təmin edilməsi.
Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi göstərilir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfatına birbaşa yardımların və kəndlərdə infrastrukturun yaradılmasına yönəldilən investisiyaların həcmi cənab Prezidentimiz İlham Əliyev tərəfindən ildən-ilə artır. Bu artıq bir faktdır ki, lizinq xidməti əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarının lazımi texniki avadanlıqla təchizatı, subsidiyalaşdırma və digər mexanizmlərin tətbiqi aqrar iqtisadiyyatın inkişafında mühüm rol oynayır.
Bütün bunlarla yanaşı, ölkəmizdə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, ödənilməmişdir. Ərzaq bazarlarında isə tələbin böyük fərqlə təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mağazalarının qiymətlərindəki artımın qarşısını almaq və əhalini ərzaq məhsulları ilə tam təmin etmək məqsədi ilə ölkə Prezidentinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na aid imzaladığı sərəncamla Prezidentimiz cənab İlham Əliyev kənd təsərrüfatı sektorunun qarşısında xüsusi vəzifələr qoyur.
Bu sərəncama görə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kollektivinə də bir çox mühüm məsələlərin həlli tapşırılmışdır.
İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq hazırlanmış və qəbul edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da ümummilli liderimiz Heydər Əliyevin arzularının, ideyalarının davamı kimi xalqımızın gələcək rifah halının daha da yaxşılaşmasına xidmət edəcək, Azərbaycanı dünya ölkələrini bürüyən iqtisadi böhrandan uzaqlaşdırmaqla, ölkəmizi və xalqımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaqdır.
Qərib
MƏMMƏDOV, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik
Xalq qəzeti.- 2010.- 3 dekabr.- S. 5.