"Türk Dünyasının Fəxri elm adamı" mükafatı təqdim edilmişdir
TDABEA-nın həmin
mükafatına layiq görülmüş
üç ziyalıdan biri
azərbaycanlıdır
"Azərbaycanın
iti sürətli inkişafı, beynəlxalq
aləmə inteqrasiyada
qazandığı uğurlar, xüsusən,
ümumtürk mədəniyyətinin
qorunmasına və inkişafına azərbaycanlı
ziyalıların verdiyi töhfələr
hamının gözü
qarşısındadır. Azərbaycan dövləti Türk dünyasının daha
sıx əməkdaşlıq etməsi üçün
qətiyyətli addımlar atdıqca, bu
ölkənin ziyalıları da
dünyanın müxtəlif guşələrindəki türk əsilli xalqlarla əlaqələri
daha da dərinləşdirirlər.
Həmin ziyalılardan biri də görkəmli
yazıçı-filosof Hacı Fərhad Mirzədir. Həyatda
hamının öz xidmətlərinə
görə qiymətləndirilmək hüququ
vardır və bu günki
təltif Hacı Fərhadın
yaradıcılığına türk
dünyasının verdiyi qiymətdir".
Bu fikirlər Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının (Ankara şəhəri)
"Türk Dünyasının Fəxri elm adamı" mükafatının təqdim
olunması üçün Bakıda keçirdiyi mərasimdə səslənmişdir.
Tədbirdə Akademiyanın Ankara təmsilçisi, professor Xeyrəddin İvgin çıxış edərək adı çəkilən təşkilatın beynəlxalq aləmdə həyata keçirdiyi elmi araşdırmalar, qurumun tərkibində fəaliyyət göstərən Beynəlxalq Mükafat Komitəsinin apardığı sorğular, təsis etdiyi mükafatlar və laureatlar barədə danışmışdır. Natiq qeyd etmişdir ki, ümumilikdə bütün türk xalqları və dövlətləri üçün uğurlu olmuş 2010-cu ildə akademiya rəhbərliyi bu sahədə xidməti olmuş hər kəsin layiqincə qiymətləndirilməsinə çalışmışdır. Ankarada Anadolu türkcəsində nəşr edilmiş və bütün türk dünyasında böyük məhəbbətlə qarşılanmış "Kəlamlar" kitabının müəlifi Hacı Fərhad Mirzə də məhz akademiyanın mükafatına layiq görülən ziyalılardandır. İndi laureata təqdim olunan "Türk Dünyasının Fəxri elm adamı" mükafatına təxminən 20 ölkəni təmsil edən türk topluları arasında cəmi üç ziyalı layiq görülmüşdür. Hacı Fərhadın cəmiyyət həyatının bütün sahələrini əhatə edən dəyərli kəlamları Azərbaycan, türk, rus və ingilis dillərində bütün dünyanı dolaşır. Bu gün o təkcə Azərbaycan xalqının deyil, bütövlükdə hamımızın sevərək oxuduğumuz ortaq ziyalımızdır.
Avrasiya Yazıçılar Liqası Rəyasət Heyətinin üzvü, professor Elçin İsgəndərzadə, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Milli Aviasiya Akademiyasının professoru Maqsud Hacıyev, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, filologiya elmləri doktoru Ramiz Əsgər, tibb elmləri doktoru, professor Məmmədhüseyn Herisçi, Respublika səs yazıları arxivinin direktoru, əməkdar incəsənət xalimi Yaqub Mədətov, beynəlxalq müsabiqələr laureatı Həsən Cəbrayılov, jurnalist Teyfur Çələbi və başqa natiqlər yubilyarı təbrik etmiş, Azərbaycan-Türkiyə və Azərbaycan-Türk Dünyası əməkdaşlığının genişləndirilməsində xidməti olan hər kəsə, o cümlədən Xeyrəddin İvginə minnətdarlıqlarını bildirmişlər.
Bakı Musiqi Akademiyasının professoru, respublikanın xalq artisti Tofiq Bakıxanov öz çıxışında qeyd etmişdir ki, üç beynəlxalq akademiyanın akademiki, üç böyük ölkənin yazıçılar birliyinin üzvü, "Kəlamlar" kitabı üç qüdrətli ölkənin oxucularına təqdim edilən və hazırda ingilisdilli oxuculara da təqdim edilmək ərəfəsində olan Hacı Fərhad Mirzə təxminən 20 mükafata layiq görülüb. Ancaq mənim fikrimcə, filosofun ən dəyərli mükafatı məhz "Türk Dünyasının Fəxri alimi" mükafatına layiq görülməsidir. Çünki mən ona qədər türk ölkəsində, eləcə də türk toplumları yaşayan dövlətlərdə olmuşam və qardaş məhəbbətinin şahidi olmuşam. Ona görə də türk dünyasının fəxri alimi olmaq çox böyük fəxrdir.
Hacı Fərhadın yaradıcılığının bədii məziyyətlərindən söz açan qonaqlar onun yaradıcılığını yüksək qiymətləndirənlərə də öz təşəkkürlərini bildirmişlər. Tədbirdə paytaxtın elm, incəsənət xadimləri, musiqi ifaçıları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 4 dekabr.- S. 7.