ATƏT-in sammiti tərəfləri atəşkəs rejimini möhkəmləndirməyə və etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdı

 

Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır.

 

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

ATƏT-in Astana sammitində iştirak edən siyasətçilərin əksəriyyəti açıq şəkildə bəyan edirdilər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması region və bütövlükdə Avrasiya üçün təhlükədir. Ermənilərin "soyqırımı" iddiaları kimi, Qarabağda yaşayan milli azlığın "öz müqəddəratını həll etmək hüququ" barədə cəfəngiyyatlar da artıq hamını bezdirib. Dağlıq Qarabağın 50-60 minlik erməni əhalisinin "öz müqəddəratını təyin etməsi üçün" son 20 ildə artıq iki ölkədə həlak olanların sayı təxminən elə bu qədərdir. Yəni qan tökməklə, şəhərləri yandırmaqla, kəndləri viran etməklə, minlərlə hektar sahənin əkilib-becərilmədən kənar saxlanılmasıyla, 1 milyondan artıq insana qaçqın-köçkün taleyi yaşatmaqla müqəddərat həll edilmir. Bunun həqiqi adı işğalçılıqdır və dünya birliyi işğalçını öz adıyla çağırmalıdır.

 

ATƏT-in Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyev məsələnin mahiyyətini dünya ictimaiyyətinə növbəti dəfə çatdırdı və ölkəmizin mövqeyini konkret şəkildə ifadə etdi: "Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur".

Dövlət başçımız bütün bunları dünya ictimaiyyətinin nəzərinə çatdırdıqdan sonra münaqişənin həlli üçün Azərbaycanın nümayiş etdirdiyi mövqeni xatırlatmışdır: "Azərbaycan Praqa prosesi çərçivəsində son 6 il ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış təklifləri qiymətləndirir. Biz danışıqları davam etdirməyə, onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanacaq həll variantına nail olmağa hazırıq".

Qeyd edək ki, bu prinsiplər ATƏT-in Astana sammitində Minsk qrupu həmsədri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatında da öz əksini tapır: "Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev. N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Moskvada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər".

Çox əcəb. Tərəflər münaqişənin qəti tənzimlənməsi üçün öhdəlik götürdülər. Bəs Ermənistan tərəfi bundan əvvəl götürdüyü öhdəliklərin hansına əməl edib? Azərbaycan istənilən ölkə və ya beynəlxalq təşkilat ilə danışıqlardan sonra götürdüyü öhdəlikləri ardıcıllıqla, mərhələ-mərhələ və ən başlıcası öhdəliyin müddəaları əsasında yerinə yetirir. Ermənistan isə nəinki ikitərəfli danışıqlarda, heç BMT, ATƏT, Avropa Şurası, NATO və başqa beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Daha doğrusu, bu öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistanın gücü çatmır. Çünki əvvəla dövlətin müstəqil siyasəti yoxdur, ikincisi də, son 10 ildə Ermənistana siyasətçi, dövlət xadimi deyil, əli "Qafqaz xalqlarının qanına bulaşmış Robert Koçaryan - Serj Sarkisyan tandemi" rəhbərlik edib. Hər iki quldur və qaniçən öz xalqı ilə birlikdə Azərbaycan xalqının da qəniminə çevrilib. Münaqişə başlanandan bəri Ermənistan və Azərbaycanın hərəsi 20 mindən çox insan itiribsə, bu qədər qanın baiskarı olmuş insanlar necə öhdəlik yerinə yetirə bilərlər?

Ancaq görünür, dünya ictimaiyyəti Ermənistanın nazı ilə, daha o qədər də oynamaq istəməyəcək. Çünki dünyanın aparıcı güc mərkəzləri olan Avropa Birliyi, Rusiya və ABŞ-ın Qafqazda xüsusi marağı var. Həmin mərkəzlərdə çox yaxşı anlayırlar ki, onlara iqtisadi cəhətdən geridə qalan, siyasi cəhətdən iradəsiz, sosial cəhətdən sürünərək Qafqaz deyil, inkişaf etmiş, qüdrətli, çiçəklənən Qafqaz lazımdır. Qafqazın həmin tərəqqiyə gedən yolunun qarşısını isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması kəsir. Daha doğrusu, dünyanın bütün qaçaq-qulduru ilə əlbir olan Serj Sarkisyanın şəxsi maraqlardan doğan hikkələri bu inkişafın qabağında əngələ çevrilib. Qəribədir ki, öz mövcudluğu ilə hamını iyrəndirən bu zatın himayədarları nə qədər azalsa da, öz yersiz inadından dönmək istəmir.

Ancaq ATƏT-in Astana sammitində çıxış edən ABŞ-ın Dövlət katibi Hillari Klinton dünya ictimaiyyətinə yeni mesaj verdi: "Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair səylərimizi bərpa etməliyik. Bu səylər Minsk qrupunun himayəsi ilə hazırlanmış mühüm prinsiplərə əsaslanmalıdır". Təbii ki, xanım Klinton "biz səylərimizi bərpa etməliyik", - deyəndə həmsədr ölkələrlə yanaşı, münaqişədə olan ölkələri də nəzərdə tutur. ABŞ-da bilirlər ki, başı qarət və talançılığa, cinayətkar qruplarla birliyinə qarışan Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli barədə düşünməyə vaxt tapa bilmir. Ona görə də ABŞ Dövlət katibi İrəvan rəhbərliyini bir qədər ayılmağa çağırır.

Astanada çıxış edən Türkiyə Prezidenti Abdullah Gül isə münaqişənin həll edilməmiş qaldığına görə ATƏT rəhbərliyini qınayır. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapmaması ATƏT-in nüfuzuna xələl gətirir. Abdullah Gülün litvalı həmkarı isə bir qədər nikbindir. Onun fikrincə, ATƏT sədrliyini Qazaxıstandan sonra qəbul edəcək Litva (daha doğrusu, bu təhvil-təslim Astana sammitində reallaşdırıldı) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün öz səylərini fəallaşdıracaq və bir daha çalışacaqdır ki, bu münaqişə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayan regionun inkişafına mane olmasın. Bütün hallarda dünya ictimaiyyəti bu məsələyə münasibətdə öz məsuliyyətini dərk edərək konkret mövqe nümayiş etdirməlidir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 4 dekabr.- S. 1.