Ermənistan prezidenti Serj Sarkisyanın "Gorus teatrı"ndakı benefisi və bu şouya dair bəzi xatırlatmalar

 

(əvvəli qəzetin 1 dekabr 2010-cu il tarixli sayında )

 

 

1886-cı ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 326 kəndin 149-da azərbaycanlılar, 91 kəndində kürdlər, cəmi 81 kəndində isə ermənilər yaşayırdılar. 1891-ci ildə İrəvan quberniyasında 661,6 min nəfər əhali yaşayırdı. Bu əhalinin 270,4 mini (41%) azərbaycanlı idi. 1893-cü ildə bu ərazidə azərbaycanlı əhalinin sayı 276 min, 1897-ci ildə isə 313 min nəfər idi.

Rus tarixçisi S.Qlinka ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsində Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Paskeviç İrəvanskinin sevimlisi erməni polkovniki Lazarevin xidmətlərini xüsusi qeyd edir. Qlinka yazır: "1827-ci ilin avqustunda Paskeviç qalib ordunun komandanı kimi Təbrizə daxil oldu. Təbriz və onun ətrafındakı əyalətlərdə erməni əhalisinin Rusiya tərəfə cəlb olunmasında polkovnik Lazarevin yaxından köməyini nəzərə alaraq Paskeviç onu Təbriz şəhərinə komendant təyin etdi. Lazarevin yanına gələn ermənilər ondan xahiş edib bildirirdilər ki, əlahəzrət imperatora çatdırın ki, onun səltənətində yaşamağa və ölməyə şad olardıq. Xoy şəhərindən olan ermənilər daha qabağa gedərək bildirirdilər: "Biz İranın çörəyini yeməkdənsə, Rusiyanın ot-ələfini yeməyə hazırıq".

Polkovnik Lazarev İranda yaşayan erməni əhalisinə müraciətində deyirdi: "Özünüzə seçəcəyiniz yerlərdə - İrəvanda, Naxçıvanda və Qarabağda dövlət hesabına əkilib becəriləcək bol məhsullu torpaq alacaqsınız. Siz hər cür vergilərdən 6 il müddətinə azad olunursunuz. Türkmənçay müqaviləsinə görə, 5 il müddətində İrandakı əmlakınızın satılması üçün burada vəkil qoya bilərsiniz. Orada (Azərbaycan torpaqlarında-A.İ.) xristianlarla məskunlaşmış yeni vətən tapacaqsınız". Ermənilərin köçürülməsinə rəhbərlik edən Lazarev özü də etiraf edir ki, bu torpaqlar çar Rusiyası tərəfindən ermənilərə verilən yeni vətəndir. Polkovnik Lazarev qraf Paskeviçə göndərdiyi hesabatda yazırdı: "1828-ci il fevralın 26-da fəaliyyətə başladığım gündən əlahəzrətdən on dörd min manat qızıl pul və 400 min manat gümüş pul almışam. Təkcə Naxçıvan şöbəsinə verdiyim qızıl pula 8249 xristian ailəsi köçürmüşəm". 1806-cı ildən sonra İrəvan xanlığı ərazisində 500 azərbaycanlı ailəsi doğma yurdunu tərk edərək Qarsa qaçmağa məcbur edilmişdi.

Şopenin hesablamalarına görə, İrəvan xanlığı ruslar tərəfindən işğal olunana qədər burada 2984 azərbaycanlı ailəsi yaşayırdı. İşğaldan sonra əyalətdəki azərbaycanlı ailələrin sayı 3,5 dəfə azalaraq cəmi 847 ailə qalmışdı. İki-üç il ərzində əyalətdən 2137 azərbaycanlı ailəsi qonşu İrana və Osmanlı ərazisinə köçməyə məcbur olmuşdu. 1832-ci ildə İrəvan şəhərində müsəlmanların sayı 7331 nəfərə enmişdi. 1854-cü ildə isə burada 3163 nəfər azərbaycanlı qalmışdı.

Erməniləri dilə tutaraq İrəvan və Naxçıvan vilayətlərinə köçürmək, bu yolla həmin vilayətlərdə demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməklə Cənubi Qafqazı müstəmləkə halına salmaq çarizmin xristianlaşdırma siyasətinin konkret təzahürü idi.

1828-1829-cu illər rus-türk müharibəsindən dərhal sonra İrandan 23098, Osmanlıdan 20324 erməni köçürülərək əvvəllər azərbaycanlılar yaşayan kəndlərdə məskunladırıldı.

XIX əsrin birinci yarısında Şimali Azərbaycanın müxtəlif bölgələrində başlanmış qaçqınlıq və köçkünlük çar Rusiyasının müstəmləkəçilik siyasətinin, milli ədavətin, aramsız müharibələrin bilavasitə nəticəsi idi. Azərbaycanlı əhalinin məcburiyyət üzündən Şimali Azərbaycanı tərk etməsi xristianlaşdırma siyasətinin gerçəkləşməsinə daha geniş imkanlar açırdı. İrəvan xanlığı Rusiyaya qatılandan sonra buradan 2137 ailə, Qazaxdan 1817-1831-ci illərdə 2306 ailə, Qubadan 1796-1810-cu illərdə 10334 ailə, Şəmşəddindən 1804-1817-ci illərdə 11478 ailə, Borçalıdan 1804-1807-ci illərdə 15354 ailə, Naxçıvandan 1400 ailə didərgin salınmışdı. 1805-1813-cü illərdə təkcə Qarabağı məcburi tərk etmiş azərbaycanlı ailələrin sayı 4845-dən çox idi. Uzun illər Bizansın hökmranlığı altında yaşayan ermənilərin vəziyyətini erməni tarixçisi Urfalı Matevos belə təsvir edir: "Ermənilər zülm-əsarət altında qalmışdı. Bütün məmləkət qan içində idi". Dini inanclarına görə ermənilər ciddi təqibə məruz qalırdı. Erməni katolikosları, din xadimləri Bizansdan sürgün edilirdi. Bütün təqiblərə baxmayaraq erməniçiliyi yaşadan, erməni məsələsini gündəmdə saxlayan kilsə və din oldu. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüdsdə yeni bir patriarxlıq yaratdılar. 993-994-cü illərdə Roma ordusu erməniləri qılıncdan keçirdi, sağ qalanları əsarət altına aldı.

Erməni kilsəsi Roma təhlükəsindən xilas olmaq üçün Səlcuq sultanı Alp Arslana müraciət etdi. Sultan erməniləri öz himayəsinə alaraq, onları təhlükədən xilas etdi. Sultan Məlikşah erməni kilsəsi və monastrların, erməni din xadimlərinin vəziyyətini yaxşılaşdırmaq haqqında sərəncam verdi. Ermənilərin dəfələrlə bizanslarla birləşərək türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı imperiyalarının hakim dairələri tərəfindən onların dini inanclarına, adət-ənənələrinə, həyat tərzi və milli ləyaqətlərinə heç bir müdaxiləyə yol verilmirdi. Erməni tarixçilərindən Levon Dabağyan yazırdı: "Ermənilər indiki dövrdə milli varlıqlarına görə səlcuq və osmanlı türklərinə borcludurlar. Bizansların və ya başqa avropalıların əlində qalsaydıq, erməni adı bu gün sadəcə tarix kitablarında saxlanılan bir ad ola bilərdi"

Səlcuqlardan sonra hakimiyyətə gələn Osmanlı dövləti də ermənilərin sülh və rifah şəraitində yaşaması üçün hərtərəfli imkan yaratmışdı. Bursa paytaxta çevriləndən sonra ermənilərin Bizansın təhlükəsindən xilas olması üçün Orxan bəy onların bir etnos kimi Anadoluda yaşamalarına icazə verdi. İstanbul fəth ediləndən sonra erməni katolikosluğu bura köçürüldü.

XVII əsrin 30-cu illərində Osmanlı imperiyası əvvəlki qüdrətini saxlamaq iqtidarında deyildi. Ermənilərin bir qismi Roma kilsəsinin təsiri altında kotolikliyi qəbul etdi. İngilislər 1840-ci ildə Qüdsdə erməni protestant kilsəsini tikməyə icazə aldılar. 1846-cı ildə ingilislərin təkidi ilə İstanbulda erməni protestant icması təşkil edildi. XIX əsrdə Osmanlı imperiyası qriqoryan, protestant və katolik ermənilərin din və məzhəb mücadiləsinin girdabında ikən Qərb dövlətləri və çar Rusiyası bu dövlətin parçalanması üçün planlar cızır, erməni şovinizminin dirçəlməsi üçün ciddi səy göstərirdilər.

Osmanlı imperiyasının üç qitədə geniş ərazilərə sahib olması Qərb dövlətlərini və Rusiyanı ciddi narahat edirdi. 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında bağlanmış Ədirnə sülhü Rusiyanın iddialarını tam təmin edə bilmədi. Doğrudur, Ədirnə sülhünün 14-cü maddəsinə görə, erməni əhalisinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. 10 minlərlə erməni ailəsinin Osmanlı dövləti ərazisindən Azərbaycan torpaqlarına köçürülməsi Rusiyanın Osmanlı ərazisində "Qərbi Ermənistan" dövlətinin yaradılmasına olan marağını artırdı. Lakin 1853-1856-cı illər Krım müharibəsində Rusiyanın məğlub olması ona bu planını reallaşdırmağa imkan vermədi. Krım müharibəsində Osmanlı dövləti ilə müttəfiq olan İngiltərə və Fransa ermənilərin əli ilə bu ərazidə nüfuz sahibi olmağa çalışırdılar.

1878-ci ilin martında erməni patriarxı Nerses Varjapetyan İngiltərənin İstanbuldakı elçisi Loyarda müraciətində deyirdi: "Bir il bundan əvvəl bizim Osmanlı üsul-idarəsindən heç bir şikayətimiz yox idi. Lakin Rusiyanın bu son zəfərləri vəziyyəti dəyişdirdi. İndi biz də Qərbdə müstəqil bir Ermənistana sahib olmaq istəyirik. Əgər siz yardım etməsəniz, biz bu istəyimizi gerçəkləşdirmək üçün Rusiyaya müraciət etməli olacağıq". Loyardın, bəs harada, hansı torpaqları ələ keçirib Ermənistan yaradacaqsınız-sualına patriarx Van, Sivas, Diyarbəkir, Kilikiya vilayətlərinin adını çəkdi. İngilis elçisi bu yerlərin heç birində ermənilərin çoxluq təşkil etmədiyini xatırlatsa da patriarxı fikrindən döndərə bilmədi. 1878-ci ilin aprelində Nerses Varjapetyan İngiltərənin xarici işlər naziri Solsberiyə göndərdiyi məktubda öz məqsədini daha açıq şəkildə bildirirdi: "Ermənilərin türklərlə bir yerdə yaşaması artıq imkansızdır. Bərabərlik, ədalət, vicdan azadlığı ancaq xristian dövlətlərində bərqərar ola bilər. Burada müsəlman üsul-idarəsini xristian üsul-idarəsi əvəz etməlidir. Qərbi Anadolu və Kilikiya xristian dövlətinin ərazisi olmalıdır. Türkiyə erməniləri bunu istəyirlər".

1877-1878-ci illərdə yeni rus-türk müharibəsi başladı. Rusiya tərəfi müharibədən qalib çıxaraq atəşkəs şərtlərinin müzakirəsinə başladı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilər çar II Aleksandrdan özlərinin Qərbi Ermənistan adlandırdıqları ərazinin Osmanlıdan alıb Rusiyaya birləşdirilməsini xahiş edirdilər. Çox maraqlıdır ki, belə məzmunda olan məktubların əksəriyyəti Rusiya imperiyasının tərkibində olan Tiflisdən, Gəncədən və Bakıdan təşkil edilərək göndərilirdi. Osmanlı ərazisindəki ermənilər yazırdılar: "Şərq xristianları olan biz ermənilər Qərb xristianları kimi Rusiyanın köməyi sayəsində müstəqillik əldə etmək istəyirik". Osmanlı dövlətinin məğlubiyyətindən fürsət kimi istifadə edən ermənilər Osmanlı ərazisində erməni dövlətinin yaradılması ilə bağlı hazırladıqları layihəni gizlincə imperator II Aleksandra, xarici işlər naziri Qorçakova və Osmanlı dövləti ilə danışıqlar aparan qraf İqnatevə çatdırdılar. Təkliflər aşağıdakılardan ibarət idi:

1."Qərbi Ermənistan" Şərqi Ermənistanla birləşdirilsin,

2.Müstəqil Ermənistan Rusiyanın himayəsində qalsın,

3."Qərbi Ermənistan" Osmanlı dövlətinin tərkibində qaldığı təqdirdə rus qoşunları islahatlar keçiriləndən sonra buradan getsinlər.

San-Stefanoda sülh danışıqları aparan tərəflər arasında mübahisə doğuran maddələrdən bir neçəsi Osmanlı ərazisində yaşayan ermənilərlə bağlı idi. Müqavilənin 16-cı maddəsinə görə Osmanlı dövləti ermənilər yaşayan ərazilərdə vaxt itirmədən, dərhal islahatlar keçirməli, ermənilərin təhlükəsizliyini təmin etməli idilər. 25-ci maddəyə görə, rus qoşunlarının 6 ay ərzində Osmanlı ərazisindən çıxmasına qədər erməni vilayətlərində islahatlar başa çatdırılmalı idi. Müqavilənin 27-ci maddəsinə görə, müharibə zamanı ruslara köməklik göstərmiş ermənilərin cinayət məsuliyyətinə cəlb olunmayacağına təminat verilirdi.

Beləliklə, XIX əsrin II yarısında erməni məsələsi çar Rusiyası ilə Qərb dövlətləri arasında Osmanlı dövlətinə təzyiq göstərmək üçün böyük bir siyasi karta çevrildi. San-Stefano sülhünə görə, Osmanlı imperiyası onun üzərinə qoyulmuş təzminatı ödəyə bilmədiyi üçün təzminat əvəzi kimi Qars, Ərdəhan, Batum, Alaşkerd vadisi və Bəyazid qəzasını Rusiyaya verməyə məcbur oldu. Çar Rusiyası ermənilərə quberniya müstəqilliyi vermək qərarına gəlmişdi. Rusiyanın köməyi ilə Osmanlı ərazisində ermənilərin müstəqil dövlət yaratmaq xülyaları reallaşmaq üzrə idi. Xoşbəxtlikdən, Qərb dövlətlərinin San-Stefano müqaviləsinin şərtlərinə siyasi qısqanclığı ermənilərin bu planlarını alt-üst etdi. Əslində, Qərb dövlətləri Osmanlının uğursuzluğu ilə yox, Rusiyanın Balkanlarda qazandığı siyasi nüfuzu ilə barışmaq istəmirdilər. Buna görə də 1878-ci ilin yayında Avstriya-Macarıstan, Almaniya, İngiltərə, Fransa, İtaliya və Osmanlı nümayəndələrinin iştirak etdiyi Berlin Konqresi çağırıldı. Uzun müzakirələrdən sonra San-Stefanoda ermənilərlə bağlı qəbul olunmuş 16-cı maddə 61-ci maddə ilə əvəz edildi. Bu maddəyə görə, rus ordusu Qərbi Ermənistan adlandırılan Osmanlı ərazisini dərhal tərk etməli idi.

Ümumiyyətlə, bu fakta xüsusi diqqət yetirmək lazımdır ki, ermənilərin yaşadıqları ərazidə çoxluq təşkil etmələri heç bir zaman mövcud olmamışdır. Nə Osmanlı, nə İran, nə də Rusiya ərazisində elə bir vilayət olmamışdır ki, ermənilər əhalinin üçdə birindən çox olsunlar. Faktiki olaraq ermənilər yaşayan vilayətlərdə böyük üstünlüyü türklər, kürdlər və başqa etnik qruplar təşkil etmişlər.

Berlin Konqresinə qədər erməni nümayəndə heyətinin Avropada döymədiyi qapı qalmadı. Erməni nümayəndə heyəti İtaliya, Fransa və İngiltərədə öz planlarını gerçəkləşdirə bilmədiyini yəqin edib Almaniyaya pənah gətirdi. Konqresin sədri Bismarka erməni nümayəndələrinin onunla görüşmək istədyini bildirdi. Bismarkın cavabı çox sərt oldu: "Bütün erməniləri Pomeranlı bir əsgərin sümüyünə dəyişmərəm". Ermənilərin alman imperatoru I Vilhelmlə görüşmək arzuları da boşa çıxdı. Avropa ölkələrinə danışıqlara gedən erməni nümayəndə heyətinin başçısına: Siz Konqres iştirakçıları ilə hansı dildə danışacaqsınız sualına cavabında: Hamının çox asan başa düşdüyü bir dildə - ağlayıb, göz yaşı tökəcəyəm, - demişdi. Ermənilərin Avropa ölkələrində apardıqları danışıqlar heç bir nəticə vermədi. Berlin Konqresini çağıran Avropa dövlətləri öz maraqlarını təmin edən qərarlar qəbul etməklə kifayətləndilər.

Hadisələrin bu şəkildə cərəyan etməsi ilə barışmaq istəməyən ermənilər məsələnin həlli yolunu Osmanlı dövlətinə qarşı qiyam və terrora başlamaqda görürdülər. Erməni məsələsini silahlı vasitələrlə həll etməyə çağıran komitə, təşkilat və cəmiyyətlər şəbəkəsi Avropanı, Kiçik Asiyanı, Qafqazı və Rusiyanın iri şəhərlərini bürüdü. "Hnçaq" və "Daşnaksütyun" partiyaları terrorçu fəaliyyətə başladılar. 1878-1884-cü illərdə Zeytunda ermənilər tərəfindən iki dəfə silahlı üsyana cəhd göstərildi. 1884-cü ildə Sasunda, 1895-ci ildə Zeytunda və 1896-cı ildə Vanda Osmanlı dövləti əleyhinə silahlı qiyamlar təşkil edildi. Osmanlı dövləti Qərb dövlətlərinin və Rusiyanın təzyiqlərinə baxmayaraq, çətinliklə də olsa bu qiyamları yatıra bildi.

Öz məkrli planlarını Anadoluda reallaşdıra bilməyən erməni dəstələri Cənubi Qafqazı öz maraq dairələrinə daxil etdilər. Belə ki, yüz minlərlə erməni Osmanlı ərazisindən Azərbaycan torpaqlarına köçərək erməni məsələsini Rusiyanın himayəsi altında daha tez həll etməyə qərar verdilər. Belə ki, əgər 1812-1826-cı illərdə Cənubi Qafqazda 51530 nəfər, yəni bütün əhalinin 9,37 faizi qədər erməni yaşayırdısa, 1897-ci il siyahıyaalmaya görə ermənilərin sayı artaraq 784346 nəfərə çatmışdır. Rəsmi mənbələrin birində qeyd olunur ki, Rusiyanın tərkibinə daxil edilən İrəvan və Naxçıvan əyalətlərində 1829-1832-ci illərdə əhalinin tərkibində kəskin dəyişikliklər hiss olunmağa başladı. Bu əyalətlərdə yaşayan müsəlman əhalisinin böyük bir hissəsi İran və Türkiyəyə köçməyə məcbur oldu. Köçən müsəlman əhalisinin evlərində İrandan 35 min, Türkiyədən isə 22 min erməni əhalisi yerləşdirildi. Halbuki, rus istilasına qədər İrəvan əyalətində müsəlmanların sayı 49875 nəfər, köhnədən yaşayan ermənilərin sayı 20073 nəfər, köçürülən ermənilərin sayı isə 45200 nəfər oldu. Naxçıvan əyalətində isə müsəlmanlar 17138 nəfər, köhnədən yaşayan ermənilər 2690 nəfər, köçürülən ermənilər 10670 nəfər, Ordubad dairəsində müsəlmanlar 7247 nəfər, yerli ermənilər 2398 nəfər, köçürülən ermənilər isə 1340 nəfər olmuşdur. Ermənilər Cənubi Qafqazda, o cümlədən İrəvan quberniyasında azərbaycanlı əhalini öz torpaqlarından sıxışdırıb çıxarmaqla, boşaldılmış torpaqlara erməniləri yerləşdirərək öz mənfur planlarını həyata keçirməyə çalışırdılar. XX əsrin əvvəllərində bu proses daha da sürətləndirildi. M.S. Ordubadi yazırdı: "1905-1906-cı illərdə ermənilər təkcə İrəvan və Yelizavetpol quberniyalarında 200-dən çox müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişdilər".

Daşnakların dənizdən-dənizə erməni dövləti yaratmaq arzusu I Dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: "Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək" kəlmələri ilə bitirdi.

Beləliklə, çar II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar.

Çarın bu bəyanatından sonra, ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldı. Dinc türk əhalisnə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.

1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğurdular və anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi məktubda yazırdı: "Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların bədənləri süngülərlə dəlik-deşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırıblar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir..."

Müharibə dövründə Daşnaksütyun Partiyası tərəfindən hazırlanmış təlimatlar hər bir erməni əsgərinə ünvanlanmışdı. Təlimatda deyilirdi:

" - Osmanlı sultanının səfərbərlik elanı ilə silah altına çağrılan ermənilər bu çağırışa uymamalı və ətrafdakı başqa xalqların da orduya qatılmasına mane olmalıdır;

- hansı vasitə ilə olursa-olsun, silah altına alınmış ermənilər orduda fərarilik edib erməni könüllü birləşmələrinə qatılmalıdırlar;

- rus qoşunları sərhədi keçər-keçməz bütün erməni silahlı birləşmələri rus ordusuna qoşularaq Osmanlı ordusuna hücum etməlidir;

- cəbhə arxasında iki yaşından yuxarı bütün müsəlmanların hər vasitə ilə qətlə yetirilməsi həyata keçirilməlidir;

- müsəlmanların mal və mülkünü ələ keçirmək və ya yandırıb məhv etmək lazımdır;

- ermənilər tərk edəcəkləri evlərini, əkin sahələrini, kilsə və xeyriyyə evlərini yandırıb, bunların müsəlmanlar tərəfindən törədildiyini bütün dünyaya yaymalıdırlar;

- rəsmi dövlət dairələri məqsədyönlü şəkildə qızışdırılmalı, osmanlı zabitləri və jandarmaları pusquya salınaraq qətlə yetirilməlidir;

- cəbhədən yaralı qayıdan Osmanlı əsgərləri qətlə yetirməlidir;

- dinc əhali yaşadıqları ərazilərdən köçməyə məcbur edilməlidir;

- bomba və silah emal, tədarük və ya idxal edərək, bütün ermənilər silahlandırılmalıdır;

- ermənilərin törətdikləri qiyam və qətliamları müsəlmanların üstünə yıxaraq bunların xaricdə nəşrinə nail olunmalıdır;

- Osmanlı ərazisində müttəfiq dövlətlərin xeyrinə casusluq və yönəldici hərəkətlər edilməlidir.

Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdikləri bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da, türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi.

1919-cu il yanvarın 30-da Londonda çıxan "Tayms" qəzeti yazırdı:"Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır".

Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə qədər bu ərazidə 1.300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqddan ölənlər və itkin düşənlər də vardır.

"Tayms" qəzeti yazır: "Bu, bir danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur".

Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur. Erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland Liddelin söylədiyi fikirlər necə də yerinə düşür. 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist yazır: "Ermənilər həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində, bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər". Skotland Liddel Nuru paşanın aşağıdakı sözlərini misal gətirir: "Erməni nə vaxt və necə ölməsindən asılı olmayaraq başını məzardan qaldırır və qışqırır: Mən kütləvi qırğın zamanı öldürülmüşəm".

1920-ci ildə Qərb dövlətlərinin Osmanlı dövlətini parçalamaq planı təbliğ olunan dövrdə Aram Andonyanın "Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər" adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. Aram Andonyan hamını inandırmaq istəyirdi ki, ingilis qoşunlarının Hələbə hücumu dövründə o, Osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında şifrəli əmrini ondan almışdır. İngilis dilində nəşr olunmuş kitabda "rəsmi Osmanlı sənədi" verilmişdir. Halbuki, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda, həm də çapında fərq vardır. Andonyanın "rəsmi sənədləri" içərisində 14 şəkil verilmişdir. Müəllifdən şəkillərin əsli tələb olunduqda, o, bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu heç kimə sirr deyil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını belə yaddan çıxarmış, "Allahın adı ilə başlanan ifadələri" unutmuşdur. İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqvimi əvəzinə rum təqvimindən istifadə etmişdir. Bir sözlə, Andonyanın bu saxtakarlığı hamıya məlum olsa da, bir çox dövlətlərin maraqlarına cavab verdiyindən bu sənədlər bu gün də siyasilərin diqqət mərkəzindədir. 1919-cu il Paris Sülh Konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir.

Amerika tarixçisi Stenford Corc Şou yazırdı: "Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək, onlara olmazın işgəncələr verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında "Erməni Van dövləti" yaradıldı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.

1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks-hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.

Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə, ABŞ Konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır". Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olmuşdur.

Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını reallaşdıra bilməyən erməni silahlı dəstələri geri çəkilərək Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar.

 

Anar İSGƏNDƏROV, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 5 dekabr.- S. 4.