Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri

 

"Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər".

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

 

Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyini süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan deportasiya etmişdir.

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda davamlı tətillər keçirilərək, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.

Lakin baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi. Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər. 1988-ci il sentyabrın 21-də DQMV-də xüsusi vəziyyət elan edildiqadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzin hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar.

1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginləşməsi və bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə forması tətbiq edildi. Həmin fərmanla DQMV-də bilavasitə Moskvaya tabe olan Xüsusi İdarəçilik Komitəsi yaradıldı. Bu komitə "millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaqbu regionda vəziyyəti sabitləşdirmək" adı altında yaradılsa da, DQMV-də vəziyyət dəyişmədi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək əvəzinə daha da gərginləşdirdi. Az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarıldı. Həmin dövrdə Ermənistan rəhbərliyi və erməni separatçıları mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi yönündə aparırdılar.

1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə ittifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridir, nəticədə dinc sakinlər qətlə yetirilir, yaşayış məntəqələri dağıdılır, talan edilir və yandırılırdı. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürüldü, 140-dan çoxu yaralandı və əsir götürüldü. Bu qanlı hadisələr Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Fevralın 13-dən 17-dək isə ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi girov götürülmüşsonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının 180 nəfər hərbi mütəxəssisi və ağır texnikanın iştirakı ilə Xocalya hücum edərək şəhəri yerlə-yeksan etdilər, insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü. Xocalıya hücum zamanı 366-cı motoatıcı alayının 3-cü batalyonunda 50-dən çox erməni zabitigiziri iştirak etmişdi. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylandı.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşürbağlanan sülh müqaviləsi mürəkkəbi quruyana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Beləliklə, ən müasir texnika hesabına 289 kvadratmetr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülmüşŞuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Şuşa işğal edildikdən az sonra, ermənilər mayın 18-də iki respublikanın arasında yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 kvadratmetr ərazisi, 71 min nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi.

Beləliklə, "öz müqəddəratını təyin etmək" ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsıni Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharıbənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətırildi. Bütünlükdə 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvm) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan sılahlı qüvvələri tərəfindən işğal edildi. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxartdı. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi dağıdılmış, talan edilmiş və yandırılmışdır. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox (17 min kvm) hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çox həmyerlimiz yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür .

Ermənistanın ölkəmizə qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçıcı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkılatın əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaqbu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər arasında baş verə biləcək hər cür mübahisələri ancaq dinc vasıtələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).

Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bırində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. 1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən dıgər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur. 2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur. 3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin dıgər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğalya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi ..; v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndırilir.

Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa qarşı cınayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir.

Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətlərıdir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddaratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmişbu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.

Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 otkyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənılər öz müqəddəratını təyin etmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev öz çıxılarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarından, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.

Dağlıq Qarabağ bölgəsinin ermənıləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bılərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaqbaşqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan etmişdir.

Bundan əlavə, Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icmasının tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə və hüquqa uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd etmişdir ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı.

Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.

Son zamanlar isə Avropa ParlamentiNATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir. NATO-nun 1994-cü il Brüsseldə, 2006-cı ildə Riqada, 2008-ci ildə Buxarestdə, 2009-u ildə Strasburq və Kehldə keçirilən Zirvə toplantılarında olduğu kimi, 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən Yekun Bəyannamənin 35-ci maddəsində də NATO Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyni tanıdığını bir daha təsdiq etməklə yanaşı, sənəddə Alyansın Cənubi QafqazMoldovada münaqişələrin hələ də davam etməsindən narahat olduğu bildirilirbütün tərəfləri bu məsələlərdə konstruktivlik, eləcə də siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə, hazırda gedən danışıqlara hörmətlə yanaşmaqla, bütün tərəflərdən regional sabitliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırılır.

Azərbaycan Prezidenti münaqişənin siyasihüquqi tərəflərindən başqa, məsələnin praktiki tərəfinin də Azərbaycanın xeyrinə olduğunubu gün Ermənistanı Azərbaycan ilə müqayisə etməyin mümkün olmadığını bəyan etmişdir. Ermənistanın kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan bir dövlət olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən və öz resurslarına arxalanan bir ölkə olduğunu vurğulayaraq qeyd etmişdir ki, "Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq".

Torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsinin 2 milyard dollardan bir az çox olduğunu və Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifənin artıq həll olunduğunu bəyan edən Azərbaycan Prezidenti Ermənistanda əhalinin ölkədən kütləvi şəkildə köçdüyünü vurğulayaraq demoqrafiya məsələsini də unutmamağı xatırlatmışdır. Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilməklə yanaşı, müstəqillik dövründə ölkədəki əhalinin 1,5 milyondan çoxu (ümumi əhalinin 40%-i) aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmişbu proses indidavam edir.

Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev noyabrın 7-də Milli Qəhrəman Mübariz İbrahimovbaş leytenant Fərid Əhmədovun vida mərasimində çıxışında bir daha bəyan etmişdir ki, "Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən şübhə etmirəm ki, bunun üçün bizdə bütün imkanlar - döyüş hazırlığı, maddi-texniki təchizat, kifayət qədər silah-sursat, peşəkar ordu, ruh yüksəkliyi və Azərbaycan xalqının iradəsi vardır. Biz ərazi bütövlüyümüzü istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən də bunu bilməlidir və bilir".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını bildirməklə yanaşı, dövlət başçısı İlham Əliyev vurğulamışdır: "Bu məsələ bizim üçünPrezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır".

Dövlət başçısı dekabrın 1-də ATƏT-in Astana sammitindəki son çıxışında Ermənistanın təcavüzkar siyasətini bir daha ifşa edərək, işğalçı dövlətin aparılan sülh prosesini mənasız etməyə çalışdığını bildirmişdir.

Belə ki, Azərbaycan Prezidenti bəyan etmişdir ki, Ermənistanın danışıqlar prosesindəki davranışı bu dövlətin sülh istəmədiyini, işğal edilmiş əraziləri azad etmək fikrində olmadığını və bacardığı qədər status-kvonu saxlayaraq danışıqlar prosesini müddətsiz etməyi arzuladığını göstərir.

Dövlət başçısı cənab İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq həll olunmasına hazır olduğunu bir daha vurğulamışdır.

 

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2010.- 7 dekabr.- S. 5.