ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanat Ermənistanı çıxılmaz vəziyyətə salıb

 

ATƏT-in Astanada keçirilən VII sammiti başlanmazdan bir neçə gün əvvəl Ermənistanın yerli kütləvi informasiya vasitələri erməni politoloqları arasında sorğu keçirmişdir. Sorğuda bu sammitin Ermənistana nə verəcəyi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin Ermənistana sərf edən tərzdə nizamlanması istiqamətində irəliyə doğru hansı addımın atılacağı barədə münasibət bildirilməsi soruşulurdu.

 

Ermənistanın ictimai-siyasi xadimləri və sorğunu cavablandıran politoloqları bu sammitdən öz xeyirlərinə heç nə gözləmədiklərini bildirmişdilər. Politoloqların əksəriyyəti bunu Ermənistan Prezidenti Serj Sarkisyanın apardığı uğursuz xarici siyasətlə əlaqələndirmişdilər. Onların qənaətinə görə, S.Sarkisyan müstəqil siyasi xətt yeridə bilmir. O, beynəlxalq tədbirlərdə gözlərini Rusiya Prezidentinin ağzına dikironun mövqeyini öyrəndikdən sonra danışır. Bu sammitdə də S.Sarkisyanın "sensasiya" doğuracağını gözləməyən erməni siyasətçiləri onun Ermənistana "əli ətəyindən uzun" qayıdacağına əminliklərini ifadə etmişdilər.

Sammit başa çatdıqdan sonra ATƏT-in həmsədrləri olan ölkələrin nümayəndə heyətləri başçılarının, habelə Azərbaycan və Ermənistan prezidentlərinin qəbul etdikləri birgə bəyanat Ermənistanda ciddi təlaş yaradıb. Erməni politoloqları bildiriblər ki, Serj Sarkisyan hakimiyyətinin diplomatiyası yenə də iflasa uğradı. Ermənistan prezidenti bu bəyanatı imzalamaqla əslində Azərbaycan tərəfinin iddialarını təsdiqlədi.

Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin təmsilçisi Vladimir Karapetyan Astana sammitinə münasibət bildirərkən deyib ki, prezident Serj Sarkisyan Astanada Azərbaycanın növbəti diplomatik uğuruna imza atdı. ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş bəyanat Minsk qrupuna həmsədrlik edən ölkə başçılarının 2010-cu il iyunun 26-da Muskokda qəbul etdiyi bəyanata əsaslanır. A.Karapetyan bildirib ki, bu bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal edilmiş rayon kimi göstərilib. Bu, Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən faktdır. Əslində isə Ermənistan hakimiyyətinin diplomatik fəaliyyətinin iflası deməkdir. Erməni siyasətçisi deyib ki, Serj Sarkisyan bu sənədi imzalamaqla əslində Muskokda verdikləri bəyanatı ratifikasiya edib. Məlum olduğu kimi həmin bəyanatda işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması barədə konkret bənd var.

Karapetyan "Reqnum" agentliyinə verdiyi müsahibəsində deyib ki, Serj Sarkisyan Astanada qəbul edilmiş bəyanatı imzalamaqla faktiki olaraq Ermənistanın xarici siyasətinin iflasa uğraması istiqamətində daha bir addım atıb. Bununla da Azərbaycanın öz torpaqlarını tələb etməsi üçün hüquqi əsas yaradıb. Hazırda Avropa Parlamenti, NATO, AŞPA, Xəzər hövzəsi ölkələri, digər qurumların sammiti Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür. Yəni, Azərbaycan münaqişənin qeyd olunan sənədə əsasən həllini tələb edə bilər. Bununla Ermənistan dünyanın diplomatik arenasında daha da tədric vəziyyətə düşdü.

Azərbaycan ATƏT-in Astana sammiti çərçivəsində münaqişələrin həlli ilə bağlı prinsipial səviyyədə müvafiq bəyanatların səslənməsinə nail oldu. Söz yox ki, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmayıb. Lakin sammit çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verildi. Bəyanatda Helsinki yekun aktının prinsipləri əks olunub. Bu da Ermənistan üçün bir zərbədir. Ümumiyyətlə, erməni analitikləri ATƏT-in Astana sammitini prezident Serj Sarkisyanın hakimiyyətinin növbəti uğursuzluğu kimi dəyərləndirirlər. S.Sarkisyanın çıxışına münasibət bildirən erməni siyasətçiləri bildirirlər ki, onun çıxışında bir inamsızlıq var idi. Sarkisyanın dedikləri arqumentlərə əsaslanmırdı. Sammitin iştirakçılarının da Ermənistan prezidentinin dediklərinə inanmadıqları açıq-aydın sezilirdi. Bunu Sarkisyanın çıxışına heç kimin qulaq asmadığı da təsdiqləyirdi. O danışanda zalda oturanların əksəriyyəti mürgüləyirdi. Bu da Ermənistan prezidentinə inamsızlıqdan irəli gəlirdi.

Ermənistanın politoloqları və analitikləri Astana sammitindən öz ölkələrinin xeyrinə heç nə gözləmədiklərini qabaqcadan proqnozlaşdırmışdılar. ABŞ Prezidenti Barak ObamaFransa Prezidenti Nikola Sarkozinin sammitdə iştirak etməmələri ermənilərdə Qarabağla bağlı onların xeyrinə hər hansı bir qərarın qəbul ediləcəyinə tam ümidsizlik yaratmışdı.

Serj Sarkisyanın sammitdəki çıxışındakı qeyri-ciddiliyi, qeyri-səmimiliyi, belə bir nüfuzlu tədbirdə yumorla danışması Ermənistanda da narazılıqla qarşılanıb. Onun çıxışına münasibət bildirən erməni siyasətçiləri qeyd ediblər ki, ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçılarının, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi belə mötəbər bir tədbirdə yumorla yox, faktlarla danışmaq, ciddi olmaq lazım idi. S.Sarkisyanın çıxışındakı bir məqama diqqət yetirək: "Azərbaycan Avropa qitəsində mənə məlum olan yeganə ölkədir ki, hərbi büdcənin iki dəfə artırılmasından fəxrlə danışır. Əgər Azərbaycan hərbi təcavüzə əl atarsa, onda Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq və öz hərbi qüvvələri hesabına Qarabağın təhlükəsizliyini təmin edəcək".

Serj Sarkisyanın qeyri-səmimi çıxışına ilk reaksiya elə Yerevandan gəldi. Erməni Milli Konqresinin nümayəndəsi Vladimir Karapetyan bu çıxışı eşitdikdən sonra istehzalı tərzdə deyib: "Mən soruşmaq istəyirəm, görəsən Serj Sarkisyan "öz hərbi qüvvələri" deyəndə hansı qüvvələri nəzərdə tutub. Axı, bu gün Ermənistanın özünü qorumağa qadir olan hərbi qüvvəsi yoxdur. Görünür ali baş komandan adını daşıyan prezident Serj Sarkisyanın ölkənin daxilindən, öz ordusundan xəbəri yoxdur. Məgər o görmürmü ki, Ermənistan ordusu dağılmaq üzrədir?"

A.Karapetyan hərbiçilərin vəziyyətinin çox pis olmasından, ordudakı Qarabağ-Ermənistan qruplaşmasından söhbət açaraq deyib ki, ordudakı özbaşınalıq, rüşvətxorluq, aclıq, yolxucu xəstəliklərin yayılması, ayrı-ayrı generalların və imkanlı şəxslərin bağ evlərində, villalarında əsgərlərin qul kimi işləmələri fərarilərin sayını gündən-günə çoxaldır. Bu gün Ermənistanda gənclər açıq şəkildə hərbi xidmətdən boyun qaçırırlar. Cəbhə bölgəsindəki hərbçilər isə xarici ölkələrdən gətirilmiş muzdlulardır. Yoxsa, S.Sarkisyan onlara güvənərək "öz hərbi qüvvəmiz" deyir? Muzdlulara arxayın olmaqla hərbi qüvvədən danışmaq gülüncdür. Ona görə də belə bir mötəbər sammitdə "öz hərbi qüvvəmiz" deməklə Sarkisyan özünü gülünc vəziyyətə qoydu".

(ardı 2-ci səhifədə)

ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanat Ermənistanı çıxılmaz vəziyyətə salıb

(əvvəli 1-ci səhifədə)

Bu yaxınlarda Ermənistan ordusunda baş vermiş silahlı qarşıdurma zamanı çoxlu sayda əsgər və zabit həlak oldu və ağır yaralandı. Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında 4 hərbçinin həlak olduğu, 4-nün isə yaralandığı bildirilir. Yerli kütləvi informasiya vasitələrində isə ölənlərin sayının 11-dən çox olduğu bildirilir. Ermənistan ordusu düşdüyü uğursuzluq zolağından hələ də xilas ola bilmir. İndi Ermənistanda belə bir fikir səsləndirilir ki, "Ali Baş Komandan" sözü Serj Sarkisyana yaraşmır. Bu cür şərəfli vəzifəni ləkələmək olmaz. Ona görə də Ermənistanda təcili islahatlar aparılması tələb olunur. Qeyd olunur ki, əgər qısa müddət ərzində belə islahatlara başlanılmasa, hakimiyyətin fəaliyyətsizliyinin əvəzini əsgərlər öz həyatları ilə ödəməli olacaq. Hər bir əsgərin ölümü ordunun ölümü deməkdir. O ordu yalnız döyüş qabiliyyətli və effektli ola bilər ki, orada hər bir əsgərin həyatı qiymətli olsun. Ermənistanda isə əsgərlər ya acından, ya da müxtəlif yoluxucu xəstəliklərdən ölürlər. Onların bu gün müharibə aparmaq qabiliyyəti və gücü yoxdur. Ona görə də Ermənistan prezidentinin danışdıqları yalan üzərində qurulub.

"İrs" partiyasının nümayəndəsi Karina Akopyan da Astana sammitinin Ermənistan üçün acınacaqlı sonucla yekunlaşdığını bildirib. O, deyib ki, hazırda Ermənistan prezidentinin Qarabağla bağlı heç bir konsepsiyası yoxdur. A.Akopyan Serj Sarkisyanın siyasətdə naşı olduğuna, dünyada baş verən hadisələrdən baş çıxara bilmədiyinə işarə edərək deyib ki, onun səsləndirdiyi bəyanat dövlət başçısına xas olmayan, yaraşmayan sözlərdən ibarətdir. Çünki belə məqamlarda hərbi əməliyyatlardan söhbət açmaq düzgün siyasi addım deyil. O, Ermənistanın xarici siyasətini qiymətləndirərkən deyib ki, bizdə müdafiə də yoxdur, hücum da yoxdur. Sadəcə öz qapımızın ağzında büzüşüb durmuşuq və nəyisə gözləyirik. Belə bir vəziyyətdə olan ölkənin başçısı hansı hərbi qüvvədən danışır?

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-konstruktivliyi Astana sammitində bir daha özünü büruzə verdi. Serj Sarkisyanın bəzi ölkələrə güvənərək yersiz bəyanatlar verməsi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik kimi qiymətləndirilir. Bunu təkcə beynəlxalq ekspertlər yox, Ermənistanın tanınmış siyasiləri də bildirirlər. Onlar açıq etiraf edirlər ki, S.Sarkisyan Qarabağla bağlı Rusiyanın adından yersiz mülahizələr irəli sürməyi özünün əsas siyasi xətti hesab edir. Rusiyanın köməyi və yardımı ilə hər şeyə nail olacaqlarını deyən Ermənistan prezidentinin tutduğu bu yol öz ölkəsində də rədd edilir. Amerika Erməni Milli Komitəsinin fəallarından biri olan Lerna Emiryan deyib ki, bir ölkə prezidentinin siyasi xəttinin əsasını digər ölkə prezidentinin diktəsi təşkil etməsi və başqa dövlət başçısının verəcəyi qərarlara uyğun hərəkət etməsi məsuliyyətsizlikdir. Ermənistan prezidenti hakimiyyətə gəldiyi vaxtdan bu məsuliyyətsizliyi ilə xalqın gələcəyə olan inamını tamamilə itirib. Rusiyanın Dağlıq Qarabağla bağlı Ermənistana həmrəylik nümayiş etdirməsi üçün elə bir ciddi əsas yoxdur. Çünki bu gün Rusiyaya Cənubi Qafqazın ən güclü ölkəsi və geniş enerji imkanlarına malik Azərbaycanla dostluq və əməkdaşlıq etmək Qarabağla bağlı mübahisə etməkdən daha faydalıdır. S.Sarkisyanın Rusiyanın əvəzindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı verdiyi bəyanatlar Rusiyada da qeyri-ciddi qəbul olunur. Artıq dünyanın tanınmış siyasi xadimləri də təsdiqləyirlər ki, Rusiyanın Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı hər hansı prosesə qoşulacağı qeyri-mümkündür. Çünki dünyanın heç bir ölkəsi, heç bir siyasi qurumu bu vaxta qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Azərbaycanın isə ərazi bütövlüyü tanınır və dəstəklənir. Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli yeganə variant hesab olunur. Astana sammitində ATƏT-in həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı da bunu təsdiqlədi.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 7 dekabr.- S. 1-2.