Azərbaycanda
ürək cərrahiyyəsi böyük
uğurlar qazanıb
Mərkəzi Klinik Xəstəxananın
baş həkimi Kamran Musayev: "Bu gün ölkəmizdə
ürək xəstəliklərinin diaqnostika və müalicəsi
dünya standartları səviyyəsində
aparılır"
Son illərdə Azərbaycanın müasir səhiyyəsində, demək olar ki, yeni
cığır açanlardan biri kimi tanınan həkim
Kamran Kazım oğlu
Musayevi, zənnimizcə, xüsusi
təqdim etməyə ehtiyac yoxdur. Onu həmkarları,
eləcə də indiyədək müalicə edərək ikinci həyat verdiyi minlərlə
pasiyenti yüksək təhsilli və təcrübəli
ürək cərrahı kimi
tanıyır və sevirlər. Kamran həkim bu gün
Azərbaycanda sadəcə olaraq ürək
cərrahı kimi deyil,
həm də bu ağır və məsuliyyətli
sahəni Türkiyədən Azərbaycana gətirərək
praktik cəhətdən tətbiq edən
ilk həkim kimi
tanınır. Ona görə də biz onun həyat
bioqrafiyasının yalnız müəyyən
detallarını xatırlatmaqla kifayətlənəcəyik.
Cərrah Kamran Musayev 1990-cı ildə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirib və cəmi bir imtahan verərək Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. İki il burada təhsil aldıqdan sonra 1992-ci ildə istedadlı tələbələr sırasında universitet rəhbərliyi tərəfindən qardaş Türkiyədəki İstanbul Universitetinin tibb fakültəsinə göndərilib. 1996-cı ildə həmin ali məktəbi uğurla başa vurub. Elə həmin ildən də İstanbul Universitetinin Cərrah Paşa tibb fakültəsində illərdən bəri xəyalı ilə yaşadığı ürək-damar cərrahiyyəsi üzrə rezidenturaya başlayıb. 2002-ci ilə qədər burada çalışaraq həm ürək-damar cərrahiyyəsi üzrə rezidenturanı tamamlayıb, həm İstanbulun aparıcı klinikalarında ürək-damar cərrahı işləyib, həm də müdafiə işini yekunlaşdırıb. Həmin ildən Bakıdakı Mərkəzi Klinik Xəstəxanada (keçmişdə müalicə komissiyası ("leçkomissiya") kimi tanınan tibb müəssisəsi) şöbə müdiri, 2006-ci ildən icraçı direktorun müavini işləyib. 2009-cu ildən isə Mərkəzi Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışır. Tibb elmləri namizədidir.
Kamran həkimlə bu günlərdəki söhbətimiz zamanı bildirdi ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılıb, müasir səhiyyə anlayışının ən mühüm nailiyyətləri ölkədə tətbiq olunmağa başlayıb. 2000-ci illərin əvvəllərindən başlayaraq Mərkəzi Klinik Xəstəxana Azərbaycanda məhz müasir səhiyyənin ilk qaranquşu kimi fəaliyyətini yenidən qurmaqda idi. Belə bir vaxtda həmin xəstəxananın ən müasir təhsil görmüş və təcrübəyə yiyələnmiş kadrlarla təminatı məsələsi də gündəlikdə dayanırdı. Türkiyədə müasir təhsil və təcrübə sahibi kimi formalaşmış, ürək-damar cərrahı kimi məşhurlaşmaqda olan Kamran Musayev də Bakıya, Mərkəzi Klinik Xəstəxanaya dəvət edilir və ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsinə təyin olunur.
"Sirr deyil ki, o illərdə Azərbaycanda, xüsusilə, ürək xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində çox ciddi problemlər vardı. Əslində ürək-damar xəstələrinin böyük əksəriyyəti müalicə üçün xarici ölkələrə gedirdi. Azərbaycanda bu cür xəstəliklərin müalicəsi və diaqnostikasını aparmaq üçün nə texniki avadanlıqlarımız, nə müasir xəstəxanalarımız, nə də milli kadrlarımız vardı. Bax, Mərkəzi Klinik Xəstəxana məhz belə bir vaxtda, məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən səhiyyə siyasəti nəticəsində 2001-ci ildə açıldı. Bu, Azərbaycanda müasir səhiyyə anlayışının həyatda tətbiqini tapmış ilk nümunəsi, ilk əməli-praktiki addım idi. Artıq bu xəstəxanada həm ən müasir, günümüzün tələblərinə cavab verən tibbi avadanlıqlar toplanmış, həm də xarici ölkələrdə təhsil almış gənc milli kadrlar cəlb olunmuşdu. Mən də belə bir vaxtda, ümummilli liderimizin qayğı və diqqəti sayəsində doğma Vətənə qayıdıb cərrah kimi fəaliyyətə başlamışam", - deyə Kamran həkim bildirdi.
Onun dediyinə görə, elə həmin vaxtdan etibarən də Azərbaycanda ürək xəstəliklərinin diaqnostikası və müalicəsinin yüksək səviyyədə təşkilinə başlanılıb. Və şübhəsiz ki, bu məsələdə Kamran həkimin də müstəsna xidmətləri olub. "Bu gün, aradan 9-10 il keçəndən sonra bir azərbaycanlı kimi fəxrlə deyə bilərəm ki, artıq Azərbaycanda, Mərkəzi Klinik Xəstəxanada ürək xəstəliklərinin həm diaqnostikası, həm də müalicəsi dünya standartları səviyyəsində aparılır. Təxminən 8-10 il əvvəlki xaricə axının artıq üzünü çevirərək Azərbaycanın özünə dönməsi bunu təsdiq edir. Artıq Azərbaycan vətəndaşları ürək problemləri ilə əlaqədar xaricə üz tutmurlar. Əksinə, bir çox xarici ölkə vətəndaşları ürək xəstəliklərinin diaqnostika və müalicəsi ilə bağlı Azərbaycana gəlirlər. Artıq Azərbaycanda yaşayan və işləyən xarici ölkə vətəndaşları da heç bir tərəddüdsüz ürəklərini bizə əmanət edirlər. Keçmiş sovet ölkələrindən bizə müraciət edən xəstələrin sayı da ilbəil artmaqdadır", - baş həkim qeyd etdi.
Kamran Musayevin sözlərinə görə, Mərkəzi Klinik Xəstəxana fəaliyyət göstərdiyi 10 illik müddətdə Azərbaycan səhiyyəsində müasir səhiyyənin əsasını qoyub, ilk cığır açıb. Xəstəxananın bu sahədə əldə etdiyi uğurlu nəticələrindən sonra Bakıda, eləcə də Azərbaycanın digər guşələrində müasir səhiyyə ocaqları açılaraq fəaliyyətə başlayıb.
Ürək cərrahiyyəsinin özəllikləri
haqqında danışan baş həkim bildirdi ki, yalnız bu sahəni ürəkdən sevməklə
yaxşı ürək cərrahı olmaq
mümkündür. Kamran
həkim isə lap uşaq
yaşlarından cərrah olmaq arzusu ilə yaşayıb. Bakıda
və İstanbulda ali
təhsil aldığı illərdə də inadla
bu arzusunun
reallaşması uğrunda
çalışıb, təcrübəli müəllimlərindən
və ürək cərrahlığının mahir bilicisi olan türkiyəli həkimlərdən mümkün qədər çox
şeylər öyrənməyə can
atıb. "Bizim şansımız ondan ibarət
oldu ki, təhsil illərimiz
Azərbaycanın müstəqillik qazandığı və
Türkiyə ilə müəyyən müqavilələrin əldə
olunduğu dövrə təsadüf etdi və ali təhsil almaq üçün
dövlətimiz tərəfindən bu
ölkəyə göndərildik. İstanbul Universiteti
kimi 500 illik tarixi olan bir
ali təhsil
ocağında təhsil
aldıq. Orada seçdiyimiz ixtisasa
yüksək səviyyədə
yiyələndik. Qeyd etməliyəm
ki, Türkiyənin ən məşhur cərrahları və müəllimlərinin böyük
əksəriyyəti İstanbul
şəhərində cəmləşib.
Biz də gənc
cərrahlar olaraq onlardan dərs aldıq, onlarla yanaşı çalışdıq.
Və bu gün qazandığımız
bilikləri öz ölkəmizdə tətbiq
edirik. Hazırda məqsədimiz budur
ki, ürək-damar cərrahiyyəsi işini
Azərbaycanda da İstanbuldakı səviyyədə
quraq. Son 9-10 ilin
təcrübəsi göstərir
ki, bu iş
Mərkəzi Klinik Xəstəxana başda olmaqla Azərbaycandakı bir çox xəstəxanalarda uğurla
qurulub. Bir azərbaycanlı kimi, bu, məni
çox sevindirir".
Kamran Musayevin
dediyinə görə,
ölkəmizdə ürək-damar
cərrahiyyəsini daha
geniş şəkildə
tətbiq etmək üçün bu sahənin mütəxəssisləri
2004-cü ildə Azərbaycan
Ürək-Damar Cərrahiyyəsi
Cəmiyyətini yaradıb. Hazırda cəmiyyətə
Kamran həkim rəhbərlik edir. Cəmiyyətin yaradılmasında
əsas məqsəd ürək-damar cərrahiyyəsinin
Azərbaycanda kifayət
qədər inkişaf
etdiyini ictimaiyyət arasında təbliğ etmək, həkimləri bu sahə ilə
bağlı ən müasir səviyyədə
tanış etmək, xalqımızı
tibbi cəhətdən
daha yaxşı maarifləndirməkdir. Təşkilat artıq bu məqsədlərin
reallaşdırılması üçün bir neçə konqres keçirib. Sonuncu belə
beynəlxalq konqres
2009-cu ilin mayında Bakıda keçirilib və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə
həsr olunub. Tədbirdə dünyanın 16 ölkəsindən nümayəndələr
iştirak edib. Bu ilin sentyabrında
da Dünya Ürək Gününə
həsr olunmuş bir həftəlik silsilə tədbirlər keçirilib. Tibb Universitetində
və müxtəlif səhiyyə ocaqlarında
seminarlar təşkil
edilib, kimsəsiz uşaq evləri ziyarət edilib, uşaqlar ödənişsiz
müayinədən keçirilib,
alış-veriş mərkəzlərində
insanların tibbi maarifləndirilməsi üçün
broşürlər, bukletlər
paylanıb, vətəndaşların
müxtəlif xəstəliklərlə
bağlı tibbi müayinəsi həyata keçirilib. Sentyabrın 26-da isə tədbirlər
"Mən ürəklə
işləyirəm" adlı
beynəlxalq elmi konfransla başa çatıb. Tədbirdə respublikanın bütün
kardioloqları və kardiocərrahları, xarici
ölkələrdən dəvət
olunmuş nümayəndələr
iştirak ediblər.
Kamran Musayev bildirdi ki, ürək
insanın ən həyati əhəmiyyətli
orqanıdır. "Ürək
çalışırsa, demək,
biz yaşayırıq. Ürək fəaliyyətini dayandırdısa,
demək, həyat bitdi. Ona görə də
bu orqan üzərində cərrahi
əməliyyatlar aparmaq
hər şeydən əvvəl çox böyük məsuliyyət
tələb edir.
Şübhəsiz ki, biz əməliyyata
başlamazdan əvvəl
insanın nə qədər vacib bir orqanı üzərində işləyəcəyimizi
aydın təsəvvür
edirik. Bilirik ki, xəstə
özü də, onun yaxınları da bizdən müsbət nəticə
gözləyirlər. Bunun üçün də ürək cərrahiyyəsini
bu gün dünyanın qəbul etdiyi səviyyədə və nəticələrlə
həyata keçirməyə
çalışırıq. Bu isə uzun
illər ərzində
toplanmış ciddi təhsil, təcrübə
və özünü
formalaşdırma nəticəsində
mümkün olur.
Ürək cərrahiyyəsi daim öyrənməyi tələb edən bir sahədir. Çünki tibb elmi çox sürətlə
inkişaf edir və biz də bu inkişafı, dəyişiklikləri çox
yaxından təqib edirik. Mən özüm 1996-cı ildən
Türkiyə Ürək-Damar
Cərrahiyyəsi Cəmiyyətinin,
1998-ci ildən Türkiyə
Anesteziologiya və Reanimatologiya Cəmiyyətinin,
2005-ci ildən Asiya Ürək-Damar Cərrahiyyəsi
Cəmiyyətinin, 2007-ci ildən
Avropa Ürək-Damar
Cərrahiyyəsi Cəmiyyətinin
üzvüyəm. Bu yaxınlarda isə Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin
də həqiqi üzvü seçilmişəm.
Bu cəmiyyətlərin bütün konfrans, konqres və digər elmi toplantılarında çox
yaxından iştirak edirəm. Onların ildə azı
iki dəfə toplantıları keçirilir.
Bu tədbirlərdə mütləq iştirak edərək son elmi nailiyyətlərlə tanış
oluram və onları ölkəmizdə
tətbiq etməyə
çalışıram".
Kamran həkim ürək üzərində ilk müstəqil cərrahiyyə əməliyyatını Türkiyədə həyata keçirib və əməliyyat yaxşı nəticə verib. Bu əməliyyat onu ürəkləndirib və demək olar ki, bütün gələcək taleyini müəyyənləşdirib. Baş həkimin dediyinə görə, son 9 il ərzində Mərkəzi Klinik Xəstəxanada birbaşa onun özünün və digər cərrahların iştirakı ilə 6000-dən çox insan üzərində ürək-damar cərrahiyyəsi aparılıb. Bunların arasında ən azyaşlı xəstə 10 günlük uşaq olub. Ən yaşlı xəstə isə 85 yaşında ürəyindən cərrahiyyə əməliyyatına cəlb edilib və artıq üçüncü ildir ki, ömrünü yaşamaqda davam edir. Həmin xəstə mütəmadi olaraq xəstəxanaya gələrək həkim nəzarətindən keçir. Baş həkimin sözlərinə görə, bu gün dünyada ürək cərrahiyyəsinin səviyyəsi yeni doğulan uşaqlarda da əməliyyat aparılmasına imkan verir. Bu praktika Azərbaycanda da uğurla həyata keçirilir. "Təxminən 100 il əvvələ qədər digər orqanlardan fərqli olaraq ürək toxunulmaz hesab edilirdi. Həkimlər bu orqana hər hansı şəkildə müdaxilə haqqında düşünmürdülər. Hətta məşhur cərrahlardan birinin belə bir sözü vardı ki, kim ürəyə toxunsa, tanrı onun cəzasını verər. Amma iyirminci əsrin ikinci yarısından etibarən ürək cərrahiyyəsi çox sürətlə inkişaf etməyə başladı. Bu gün artıq ürək cərrahiyyəsi dünyada standart icra olunan cərrahiyyə sahələrindən biridir. Bu sahə artıq bizdə də standart sahə hesab olunur. Ona görə də bizim xəstələrin də belə əməliyyatlardan qorxub çəkinməsinə heç bir ehtiyac yoxdur. Ürək cərrahiyyəsi standart şəkildə bu gün dünyada necə tətbiq olunursa, Azərbaycanda da də eyni qaydada icra olunur".
Baş həkimin dediyinə görə, hazırda dünyada ürək köçürülməsi də uğurla tətbiq olunan sahələrdəndir. Bununla bağlı Kamran həkimin özünün də xeyli təcrübəsi var. Son vaxtlar təcrübəsini artırmaq üçün Londonda, ürək köçürülməsi sahəsində dünyanın ən təcrübəli klinikalarından birində - Harefield Hospitalda olub. İndi bu klinika, eləcə də bu tipli bir çox başqa London klinikaları ilə əməkdaşlıq edir. Kamran həkim cəsarətlə bildirdi ki, artıq Azərbaycanda da ürək köçürülməsi ilə bağlı hazırlıq işləri görülür və yaxın vaxtlarda bu işin də uğurla həyata keçiriləcəyinə ürəkdən inanır.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2010.- 8 dekabr.- S. 5.