Azərbaycan elm və təhsilinin himayədarı

 

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür

 

Bəşər tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesınin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

 

Sivil dünya gerçəklikləri ilə çulğaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. 70-80-cı illərdə ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd etmişdir ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən mühüm amillərdən biridir. Ulu öndərin yeritdiyi siyasətin uzaq hədəflərə hesablanması da məhz onun dərin elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir.

Cəmiyyətin tərəqqisinin, elm, mədəniyyət və mənəviyyatın inkişafının ən qüdrətli vasitəsi rolunu oynayan elm və təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş epoxasının ümdə qayəsini ifadə edən önəmli cəhət kimi bu gün də böyük rəğbətlə xatırlanır. Məhz bu amil ötən əsrin 70-ci illərindən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz gerçəkliyinə çevrilmişdir. Böyük strateq mövcud ideologiyanın qəlibləri çərçivəsində belə, Azərbaycanda milli təhsil sisteminin sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır.

Ümummilli lider Heydər Əliyevin 70-ci illərdə minlərlə azərbaycanlı gənci respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və bu sahəyə verdiyi önəmin bariz ifadəsidir. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir vermişdir. Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Ümummilli lider bu ali məktəblərdə müsabiqədənkənar oxumağa gedən gənclərin sayının ildən-ilə artırılmasına Moskvadan böyük inadkarlıqla icazə alır, onların təhsilinin Ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olur, həmin gənclərin məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Ulu öndər həmin illərdə müttəfiq respublikalarda, əsasən də Rusiyada təhsil almaq hüququ qazanan gənclərin yüksək səviyyədə yola salınması və qarşılanmasını da müsbət ənənə kimi formalaşdırmışdı. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının böyük bir nəsli mükəmməl təhsil almış, yüksək səviyyəyə çatmış, dünya elminə və mədəniyyətinə sahib olmuşdur.

Ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan yenə də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət, 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, bütün həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər çörək ardınca xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur. Ulu öndər həmin mərhələdən ictimai həyatın ən müxtəlif sahələrində, o cümlədən elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmiş, Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyanı başlıca vəzifə kimi aktuallaşdırmışdır.

Heydər Əliyevin ölkənin gələcək inkişafı baxımından ən uzaqgörən və müdrik addımı Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq elmi prinsiplər üzərində həyata keçirilməsi olmuşdur. 1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi", bu mənada, respublikamızın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. "Əsrin müqaviləsi" yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, elmi-texniki yeniliklərin, müasir rabitə və informasiya texnologiyalarının ölkəmizdə sürətlə tətbiqində böyük canlanma yaratmışdır. Neft sektoruna və iqtisadiyyatın digər sahələrinə milyardlarla investisiya yatıran Qərb şirkətləri işlədikləri ölkədə informasiya cəmiyyətinin bərqərar olmasında, insan kapitalının formalaşdırılması prosesində yaxından iştirak etmişlər. Qısa zamanda Azərbaycana ən yeni, zəngin resurslara malik texnologiyalar gətirilmiş, bu tendensiya bir tərəfdən iqtisadi inkişafın dinamikasını sürətləndirməklə yanaşı, digər tərəfdən vətəndaşların intellektual səviyyəsinin yüksəlişinə ciddi təkan vermişdir. Ulu öndər Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Ümummilli liderin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına böyük önəm verdıyini çıxışlarında hər zaman xüsusi vurğulamışdır. Təhsil hüququ 1995-ci il ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur. Dövlət vətəndaşların pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin edir. Konstitusiyanın bu müddəası Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas prinsipidir.

Hər bir mütərəqqi islahatın uğuru, şübhəsiz, onun ictimai şüurla nə dərəcədə səsləşməsi, cəmiyyət tərəfindən qəbul olunub-olunmamasından bilavasitə asılıdır. Bu gerçəklikdən çıxış edən ulu öndər Heydər Əliyev ilk gündən milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur. "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır...Təhsil Qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki, iqtısadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır" - deyən ulu öndər bu məsələyə böyük həssaslıqla yanaşdığını nümayiş etdirmişdir.

Prezident Heydər Əliyevin 30 mart 1998-ci il tarixdə imzaladığı "Azərbaycan Respublıkasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında" sərəncamda müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi kimi mühüm vəzifələr önə çəkilmişdir. 15 iyun 1999-cü il tarixdə ulu öndər tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsil İslahat Proqramı"nın əsas mahiyyətini isə təhsil sistemində islahatların təkamül yolu ilə, mərhələlərlə aparılması, tarixən formalaşmış zəngin, mütərəqqi ənənələrin, təcrübənin qorunub saxlanılması, dünya təhsil sisteminin Azərbaycanın milli xüsusiyyətləri ilə çulğaşan prinsiplərinin tətbiqi məsələləri təşkil edir. İslahat proqramının həyata keçirilməsi nəticəsində təhsilin məzmunu yeniləşdirilmiş, yeni proqramlar və dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə standartların hazırlanması istiqamətində ciddi iş aparılmışdır.

Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamlılığını 7 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tələblərinə cavab verən çevik islahatlar aparmağa imkan yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev məhz bu reallıqdan çıxış edərək dövlətə rəhbərlik fəaliyyətinin ilk günlərindən təhsil və elm sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Son illərdə təhsil işçilərinin orta aylıq əmək haqqı davamlı şəkildə artırılmışdır. Prezident İlham Əliyevin 2010-2011-ci dərs ili qarşısında imzaladığı sərəncamlar da dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla, təhsil işçilərinin rifah halınının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Eyni tarixdə imzalanmış daha bir sərəncamla doktorantların, ali, orta ixtisas, peşə məktəblərinin, peşə liseylərinin tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Başqa sözlə, bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın həlledici amili sayılır. İnsana kapital qoyuluşu - insanların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya hesab olunur. Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" 19 oktyabr 2006-cı il tarixli sərəncamı da insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Bu sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Azərbaycanlı tələbələrin xaricdə təhsilini təmin etməkdə əsas məqsəd, şübhəsiz, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır.

Ümumiyyətlə, dövlət başçısı yalnız son iki ildə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir sıra sərəncamlar və dövlət proqramları imzalamışdır. Cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli l2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı isə respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

Bütün bunların nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının 2010-cu il üçün açıqladığı "İnsan İnkişafı Hesabatı"nda respublikamız daha ön mövqelərdə qərar tutmuşdur. Məlumat üçün qeyd edək ki, bu indeks əhalinin rifahını ümumi daxili məhsuldan daha geniş şəkildə ehtiva edir və insan inkişafının üç meyarını özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti, gəlir əsasında hesablanır). Bu indeks həm də insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.

BMT-nin İnkişaf Proqramının 4 noyabr 2010-cu il tarixli yeni hesabatı da insan inkişafı indeksinin davamı olaraq ayrı-ayrı dövlətlərin inkişaf dinamikası haqqında müasir yanaşmaları, o cümlədən qeyri-bərabərliyin aradan qaldırılmasına, gender məsələlərinə və yoxsulluğun azaldılmasına yönəlmiş yeni metodları əks etdirir. 182 ölkənin yer aldığı hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Türkiyə isə 83-cü yerdə qərarlaşmışdır. Müqayisə üçün bildirək ki, 2005-ci ildə hesabatda 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Respublikamız 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə imza atmışdır. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Sevindirici məqam həm də bundan ibarətdir ki, Azərbaycan hətta Çin və Hindistan kimi potensiallı ölkələri də geridə qoymuş, insan inkişafı indeksinin orta illik tempinə görə, postsovet məkanında son 10 ildə aparıcı dövlət olmuşdur.

Təhsil və elm bilik, müasirlik, savad, gələcəyə açılmış qapılar deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda elm və təhsil sahəsində özünü göstərən müəyyən problemlər də əsaslı surətdə aradan qalxacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.

 

İlham MƏMMƏDZADƏ, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2010.- 8 dekabr.- S. 3.