Heydər Əliyev
və yeni dövrün iqtisadi reallıqları
Azərbaycanın müstəqillik
ərəfəsində demokratik transformasiya yolunda üzləşdiyi
ən mürəkkəb problemlərdən biri totalitar sovet
rejiminin XX yüzilliyin sonunda tarixi məqamın tələblərinə
adekvatsızlığı, baş verən ictimai-siyasi proseslərə
sosial-iqtisadi ziddiyyətlərin epoxal basqısı altında
qalmış cəmiyyətin təbəqə, qrup və fərdlərinin
fərqli reaksiyası idi. Dünyanın fövqəldövlətlərindən
birinin süquta uğramasının fəlakətli nəticələri
bir çox ölkələrin, xalqların siyasi, iqtisadi və
ənənəvi həyatının axarını birdəfəlik
dəyişdirdi, postsovet məkanında yeni müstəqil
dövlətlərin formalaşması üçün tarixi
şərait yarandı.
Artıq
yeni dünya nizamının və bütövlükdə
üçüncü minilliyin konturları sezilməkdə
idi. Hər bir dövlətin, millətin, etnosun
qarşısında mahiyyəti təkcə milli siyasət,
milli təhlükəsizlik və milli konsepsiyalarla müəyyənləşməyən,
baş verən proseslərə yeni istiqamət, yeni
konfiqurasiya verən, bütün dəyərlərin yenidən
qiymətləndirilməsini labüdləşdirən bir
perspektiv dururdu. Qərb dövlətlərinin təcrübəsi
göstərir ki, köhnə hakimiyyət və idarəetmə
təsisatlarının dağıldığı şəraitdə
ölkədə əsaslı keyfiyyət dəyişiklikləri
həyata keçirmək üçün, hər şeydən
əvvəl, cəmiyyətdə vətəndaş konsensusuna
nail olmaq, siyasi sistemin islahatına başlamaq və iqtisadi
münasibətlərdə əsaslı dəyişikliklər
yolu ilə modernləşdirmə aparmaq gərəkdir.
Bu
gün dünya inkişafının məcrasına qoşulan
hər bir ölkə dövlətçilik baxımından
özünün prioritetlərini milli mənafelər nəzərə
alınmaqla müəyyənləşdirir. Heç də təsadüfi
deyil ki, qloballaşma dövründə milli inkişafın
strateji vəzifələrindən biri ölkənin Avropa ailəsinə
sıx inteqrasiyasının təmin olunması, Avropa dövlətləri
ilə qarşılıqlı faydalı əlaqələrin
intensivləşdirilməsidir. Müstəqillik dövrünə
nəzər saldıqda bəlli olur ki, Azərbaycanın milli
mənafelərə əsaslanmaqla
formalaşdırdığı xarici siyasət kursunun prioritet
istiqaməti müstəqil və güclü dövlət
modelinin praktik olaraq reallaşdırılmasına yönəlmiş
və ölkəmiz sivil dünyanın hüquqi-siyasi
atmosferini müəyyənləşdirən aparıcı
dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla
əlaqələri yüksək dinamizmlə inkişaf etdirməyə
üstünlük vermişdir.
Azərbaycan
ümummilli liderin balanslaşdırılmış xarici siyasəti
sayəsində beynəlxalq aləmdə özünün
geostrateji mövqelərini möhkəmləndirmiş, Qərbin
xüsusi maraq göstərdiyi transmilli layihələrin təşəbbüsçüsü
və iştirakçısı olaraq qlobal məkanda cərəyan
edən önəmli proseslərin aparıcı subyektinə
çevrilmişdir. Nəticədə, ölkəmiz
böyük dövlətlərin dəstəyini qazanaraq uzaq hədəflərə
hesablanmış strateji fəaliyyət konsepsiyasının
gerçəkləşməsinin uğurunu təmin
etmişdir.
İqtisadiyyatın
qloballaşmasının mahiyyəti ondan ibarətdir ki,
dünya iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə
qədəm qoyur və bu yeni keyfiyyət halı
dünyanın bütün ölkələrinin
iqtisadiyyatına sirayət edir. Hələ 1990-cı illərin
əvvəlində BMT-nin sənayenin inkişafı üzrə
əsas strukturu sayılan YUNİDO belə bir tezis irəli
sürmüşdü ki, "qloballaşma həm imkandır,
həm də təhlükə". Təbii ki, cəmiyyətin
inkişafının müasir mərhələsində,
oriyentirlərin həyatda az-çox sabitləşmədən
sürətlə dəyişdiyi bir şəraitdə liberal
ideyaların, konseptual baxışların dərk və qəbul
olunması müəyyən çətinliklərlə
üzləşir.
Liberal
dəyərlər keçmiş sovet respublikaları ilə
müqayisədə Şərqi Avropa ölkələrində
daha dərin kök atdığından vətəndaş cəmiyyəti,
hüquqi dövlət quruculuğu, monetarist makroiqtisadi
konsepsiyaların gerçəkləşməsinə yönəlmiş
iqtisadi siyasət də məhz həmin regionda daha tez
reallaşdırılmağa başladı. Tarixi şərait,
ənənəvi ukladlar nəzərə alınmadan
administrativ liberallaşdırma cəhdləri liberal-iqtisadi
texnologiyaların təhrifindən başqa bir nəsnə
olmayan şok terapiyasının, vauçerləşdirmənin,
girov hərraclarının bəzi postsovet dövlətlərində
uğursuzluğunun əsas səbəblərindən idi.
Azərbaycan
cəmiyyəti mahiyyət etibarilə daha çox mühafizəkarlığa,
ənənəçiliyə meyilli olduğundan böyük
dövlət xadimi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
gəldikdən sonra əsaslı islahatlar prosesində məhz
konservativ liberalizm və liberal konservatizm ideyalarını
özünün siyasi kursunun determinantları sırasına
daxil etdi. Burada əsas məqsəd ondan ibarətdir ki, liberal
ideyaların cəmiyyətə gətirdiyi dinamik ruhu
konservatizm və ənənəçilik radikalizmin ifrat təzahürlərindən
qoruyur.
Dünya
ölkələrinin təcrübəsi göstərir ki,
liberalizmin konservatizmlə konvergensiyası demokratik dəyərlərlə
məqsədyönlü şəkildə zənginləşdirildikdə
tarazlı bir sistem yaranır ki, burada dövlətin uğurlu
fəaliyyətinə, şəxsiyyətin
işgüzarlığına, cəmiyyətin daha kamil mərhələyə
transformasiyasına, maddi nemətlərin ədalətli
bölgüsünə geniş imkanlar açılır.
Müstəqillik
qazanmış Azərbaycanda makroiqtisadi strategiya seçimi
alternativli idi: ya qeyri-rentabelli müəssisələrin tam
iflasının qaçılmaz olduğu iqtisadiyyatın sərt
sağlamlaşdırılması variantını, ya da
qeyri-rentabelli müəssisələrin fəaliyyətinə
dövlət dəstəyi yolunu seçməli idik.
1990-cı illərin ortalarından dövlət təsərrüfat
sisteminin bütövlükdə səmərəliliyinin
artırılması zəruriyyətindən
çıxış edərək əsaslı islahatlar
kursunu işləyib hazırlamağa başladı. Struktur dəyişikliklərinin
əsas istiqamətini və qayəsini enerji resurslarından səmərəli
istifadənin təmin olunması təşkil edirdi. Bu məqsədlə
transmilli neft korporasiyaları ilə intensiv iş
aparılır, onlar yerli sənayenin restrukturizasiya prosesinə
cəlb olunurdular.
Hər
bir iqtisadi sistem təsərrüfat fəaliyyəti ilə
bağlı təbiətin, cəmiyyətin və insan təfəkkürünün
qarşılıqlı əlaqə və inkişafından
irəli gələn prinsipləri özündə birləşdirir.
İstehlakçıların faydalı və yararlı məhsul
və xidmətlərlə təmin olunması
üçün mövcud resurslardan istifadə
qaydalarının seçiminə görə iqtisadi sistemlər
bir-birindən fərqlənir. İqtisadi sistemin
formalaşmasına əsasən iki amillər qrupu təsir
göstərir. Birincisi, mövcud mühit, ikincisi, iqtisadi
sistemi təşkil edən elementlərin struktur əlaqələri.
Təbii iqlim şəraiti, iqtisadi münasibətlər, mənəvi,
hüquqi, sosial, mədəni, dini, əxlaqi amillər
özlüyündə mövcud inkişaf səviyyəsindən
asılı olsalar da, iqtisadi sistemin formalaşmasına əhəmiyyətli
təsir göstərirlər. Odur ki, hər bir iqtisadi sistem
müəyyən mənada fəaliyyətdə olan sosial-mədəni
amillərdən asılı olaraq inkişaf edir və beləliklə
də ayrı-ayrı modellər formalaşır. Bazar
iqtisadiyyatı sisteminin bu və ya digər dərəcədə
bir-birindən fərqli yapon, Çin, alman, İsveç və
sair modelləri artıq günümüzün
reallığıdır. Sosial-mədəni amillər qrupunun
fəaliyyətindən asılı olaraq sivilizasiyanın iki
mühüm Qərb və Şərq istiqamətləri
meydana gəlmişdir. Qərb inkişaf yolu iqtisadi sərbəstliyə,
demokratik dəyərlərə, Şərq istiqaməti ciddi
nəzarət üsullarına, milli mənafelərin müdafiəsinə,
dini-mədəni amillərin möhkəmlənndirilməsinə
əsaslanır. İstehsal üzərində mülkiyyət
formasına, iqtisadi qərarların qəbuluna, iqtisadi fəaliyyətin
əlaqələndirilməsi qaydalarına və bu fəaliyyətin
həyata keçirilməsində stimullaşdırma motivlərinə
uyğun olaraq aşağıdakı iqtisadi sistemləri fərqləndirirlər:
- ənənəvi
iqtisadi sistem; - planlı iqtisadi sistem; - bazar iqtisadi sistemi; -
qarışıq iqtisadi sistem; - keçid iqtisadiyyatı.
Keçid
iqtisadiyyatı, adından göründüyü kimi, bir
iqtisadi sistemdən digərinə keçmə prosesini əhatə
edir. XX əsrin 80-ci illərindən etibarən
dağılmağa başlayan sosializm düşərgəsinə
mənsub dövlətlərin iqtisadiyyatı da inzibati amirlik
sistemindən bazar iqtisadi sisteminə keçid mərhələsinə
qədəm qoydu. Bu mərhələnin səciyyəvi
xüsusiyyətləri ondan ibarətdir ki, həm
keçmiş sistemin iqtisadi münasibətləri, həm də
yeni sistemin iqtisadi münasibətləri çulğaşaraq
çoxukladlılıq yaradır, sosial münasibətləri
kəskinləşdirir. Keçid dövrünün müddəti,
bir qayda olaraq, cəmiyyətin sosial-iqtisadi, siyasi-mədəni
və tarixi inkişaf səviyyəsindən
asılıdır.
Keçid
dövrünün başlanğıcında 1991-1993-cü illərdə
Azərbaycanda əvvəlki dövrün ideoloji irsindən
radikallıqla imtina olunması yeniləşməni ideya-nəzəri
bazadan məhrum etmişdi. Elə bu səbəbdən də
yeni ideya və proqramları cəmiyyətə qəbul etdirmək
müəyyən çətinliklərlə üzləşirdi.
SSRİ-nin
dağılmasını müşayiət edən destruktiv
proseslər postsovet məkanında yaranmış bütün
dövlətlərdə dərin iqtisadi və sosial böhrana
səbəb olmuşdu. Bu dövlətlərdə onilliklər
ərzində formalaşmış infrastruktur milli mənafelərə
deyil, digər müttəfiq respublikaların tələbatına
uyğunlaşdırıldığından iqtisadiyyatın
inkişafına mənfi təsir göstərirdi. Azərbaycanda
vəziyyət daha dözülməz idi. Ermənistanın Azərbaycana
təcavüzü və ölkə ərazisinin 20 faizinin
işğalı üzündən keçid
dövrünün problemləri kəskin xarakter
almışdı. 1990 - 1994-cü illər ərzində
ümumi daxili məhsul istehsalı 55 faiz, sənaye istehsalı
52 faiz, kənd təsərrüfatı istehsalı 44 faiz,
investisiya qoyuluşu 2 dəfə azalmışdı. Ölkə
iqtisadiyyatı xarici investisiyaların cəlbinə,
aparıcı sahələrin texniki cəhətdən yenidən
qurulmasına, ekoloji cəhətdən təmiz
texnologiyaların tətbiqinə, dünya iqtisadi sisteminə
sürətli inteqrasiyaya ciddi ehtiyac duyurdu. Hökumət bu məqsədlə
sənayenin baza sahələrinin, kənd təsərrüfatının,
sosial sferanın, infrastrukturun modernləşdirilməsini,
rekonstruksiyasını nəzərdə tutan investisiya
proqramı işləyib hazırladı.
Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
hazırlanmış bu proqramın əsas məqsədi
istehsalın geriləməsinin və xalqın həyat səviyyəsinin
pisləşməsinin qarşısının alınması,
beynəlxalq təşkilatların tələbləri nəzərə
alınmaqla maliyyə, bank və vergi sistemində islahatlar
aparılması idi. Suverenliyin siyasi-iqtisadi, mənəvi-psixoloji,
hüquqi təməli qoyulan ilk illərdə dövlət
müstəqilliyini qorumaq, möhkəmləndirmək, ona
dönməz, əbədi xarakter vermək üçün
yeni siyasi sistem formalaşdırılmalı, iqtisadiyyatın sabit
və normal fəaliyyəti təmin olunmalı idi.
Böyük
dövlət xadimi Heydər Əliyev yaxşı başa
düşürdü ki, dövlət keçid dövründə
iqtisadiyyatın idarə olunmasında bilavasitə iştirak
etməklə islahatların həyata keçirilməsinə
rəhbərlik etməli, yeni infrastrukturu
formalaşdırmalı, investisiya qoyuluşu, modernləşdirmə,
iqtisadi artım sürətinin stimullaşdırılması,
proporsiyaların müəyyənləşdirilməsi,
istehsal edilən məhsulların dünya bazarında rəqabət
qabiliyyətinin yüksəldilməsi, sosial gərginliyin zəiflədilməsi,
sabitliyin təmin olunması, inflyasiyaya yönəlik
qabaqlayıcı tədbirlərin
reallaşdırılması ilə təxirəsalınmaz vəzifə
kimi məşğul olmalıdır. İqtisadi idarəetmə
sistemində dövlət həm də bəzi sektorlarda
mülkiyyətçi, təsərrüfatçı,
başqa sözlə, bazar subyekti olmaqla iqtisadiyyatın və
sahibkarlığın bazar qanunları əsasında
inkişafına yardımçı olmalı idi. Bu prosesdə
dövlət, əsasən, aşağıdakı
funksiyaları yerinə yetirməli idi:
-
bazar sisteminin səmərəli fəaliyyət göstərməsi
üçün zəruri mühitin və hüquqi bazanın
formalaşdırılması;
-
istehsal subyektlərinin azad rəqabət şəraitində fəaliyyətinə
imkan yaradılması;
- gəlir
və sərvətlərin yenidən bölgüsü;
-
istehsalın infrastrukturunun dəyişməsinə uyğun
olaraq, resursların bölgüsünün təkmilləşdirilməsi;
-
iqtisadiyyatın dinamik inkişafının, əhalinin məşğulluğunun
təmin edilməsi, inflyasiyanın nəzarətdə
saxlanılması.
Azərbaycan
dövləti bu vəzifələrin icrasına xüsusi diqqət
yetirməklə, ölkənin maddi resurslarını,
intellektual potensialını səfərbər etdi və
özünün bazar iqtisadiyyatı şəraitində tənzimləyici
funksiyalarını uğurla reallaşdıra bildi.
Ulu
öndər Heydər Əliyev Azərbaycanın gələcək
inkişaf strategiyasını müəyyənləşdirərkən
ölkəmizin geostrateji mövqeyini, Şərq - Qərb,
Şimal - Cənub nəqliyyat dəhlizləri üzərində
son dərəcə əlverişli məkanda qərar
tutduğunu, qloballaşan dünyada təbii ehtiyatlar və
enerji mənbələri uğrunda güc mərkəzləri
arasında amansız mübarizə və rəqabəti nəzərə
alaraq, məhz bu sahələrin yenidən qurulmasını və
modernləşdirilməsini respublikanın iqtisadi inkişaf
konsepsiyasının əsas prioritetləri kimi ön plana
çəkdi. Azərbaycanın beynəlxalq inteqrasiya prosesinə
qoşulması üçün bu, dahiyanə bir addım idi.
Nəticədə,
Cənubi Qafqazı və Xəzərətrafı regionu, Orta
Asiya respublikalarını öz nəzarətində saxlamağa
çalışan Rusiyanın ciddi müqavimətinə,
aşkar-gizli təzyiqlərinə baxmayaraq, ABŞ və Qərb
dövlətləri alternativ enerji dəhlizlərinin
yaradılması layihəsini dəstəklədilər və
bu istiqamətdə səylərini artırdılar.
Şərti
olaraq, "Böyük İpək yolu" adlanan transmilli
layihənin həyata keçirilməsində aparıcı
subyekt kimi çıxış edən Azərbaycan
Avropanı Asiya ilə birləşdirən nəqliyyat-kommunikasiya
sisteminin qurulmasına, Rusiyadan yan keçən nəqliyyat dəhlizinin
yaradılmasına önəmli töhfə verməklə həm
Xəzər regionunun karbohidrogen ehtiyatlarının alternativ
marşrutla dünya bazarına çıxarılmasına
nail oldu, həm də ölkə iqtisadiyyatının müxtəlif
sahələrinin inkişaf etdirilməsi üçün yeni
maliyyə resursları qazanmış oldu. Nəzərə
alsaq ki, dünyanın geosiyasi hədəflərinə təsir
faktorlarından biri müxtəlif regionların təbii sərvətlərinin,
enerji və karbohidrogen ehtiyatlarının təhlükəsiz
və alternativ marşrutlar vasitəsilə dünya
bazarına çatdırılması və dövlətlərin
enerji təhlükəsizliyinin təmin olunmasıdır, onda
TRASEKA və digər analoji layihələrin gerçəkləşdirilməsinin
əhəmiyyətini geniş şərh etməyə ehtiyac
qalmır.
Ulu
öndər Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasının reallaşdırılmasına neft
strategiyasından başlamaq qərarına gəlmişdi.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin
imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyasının əsası qoyuldu. Bununla da ölkəmiz
çox qısa zamanda böyük investisiya axını
üçün cəlbedici və əlverişli məkana
çevrildi.
1995-ci
ildən başlayaraq cəmiyyətdə təkcə funksional
və institusional yox, eyni zamanda, həyatın bütün sahələrini
əhatə edən ciddi keyfiyyət dəyişiklikləri
baş verdi, sosial-siyasi, hüquqi, iqtisadi münasibətlər
sferasında geniş islahatlar keçirildi. Təbii ki, bu
proses hamar bir müstəvidə irəliləmirdi. Qarşıya
çoxlu çətinliklər, ziddiyyətli məqamlar
çıxırdı, çünki islahatlara start verildiyi
dövrün reallıqları olduqca ağır iqtisadi durumdan
xilas olmaq üçün, yumşaq desək, heç də
ürəkaçan deyildi. Təkcə onu qeyd etmək kifayətdir
ki, milli valyuta olan manat 1992 - 1995-ci illərdə öz dəyərini
90 faiz itirmişdi. 1992 - 1994-cü illərdə istehlak qiymətləri
3786 dəfə qalxdığı halda, orta əmək
haqqı cəmi 130 dəfə, minimum əmək haqqı isə
57 dəfə artmışdı. Bu neqativ proseslərin təsirindən
xilas olmağın və dərin böhranı aradan
qaldırmağın yolu məhz iqtisadi islahatlardan, Azərbaycanın
dünya iqtisadi proseslərinə inteqrasiyasından
keçirdi.
Azərbaycan
hökuməti iqtisadi reallığı və dövrün tələblərini
nəzərə alaraq Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankının
iştirakı ilə pul-kredit dövriyyəsini, qiymət və
vergi siyasətini, xarici-iqtisadi fəaliyyətin
liberallaşdırılmasını, dövlətsizləşdirmə
və müəssisələrin mərhələlərlə
özəlləşdirilməsini əhatə edən konkret
iqtisadi siyasət strategiyasını işləyib
hazırladı. Dövlətin fiskal siyasəti ölkədə
iqtisadiyyatın bütün sahələrinin inkişafına,
iqtisadi artımın stimullaşdırılmasına, əhalinin
məşğulluğunun təmin olunmasına,
inflyasiyanın cilovlanmasına yönəldildi. Keçid
iqtisadiyyatı şəraitində dövlət vergi siyasətini
təkmilləşdirməklə fiskal siyasətin həyata
keçirilməsinə güclü baza yaratmış oldu.
İqtisadi
islahatların reallaşdırılmasının uğur amillərindən
biri təməl prinsipləri özündə əks etdirən
normativ və qanunvericilik aktlarının qəbulu, mükəmməl
hüquqi bazanın yaradılmasıdır. Bu məqsədlə
ilk addım olaraq dövlət sifarişi, kvotalaşdırma,
lisenziyalaşdırma sistemləri islah olundu, qiymətlər və
xarici ticarət fəaliyyəti liberallaşdırıldı,
müəssisələrin qazandığı valyutanın
icbari satışı tələbi aradan qaldırıldı,
gömrük və vergi siyasəti təkmilləşdirildi, sərt
maliyyə, pul-kredit siyasəti həyata keçirilməyə
başladı.
Sahibkarlığın
və özəl sektorun inkişafının sürətləndirilməsi,
xammal, sənaye, kənd təsərrüfatı və
intellektual potensialın daha geniş istifadəsi,
ixracyönümlü və ixrac məhsullarını əvəzləməyə
imkan verən sahələrin inkişafının
stimullaşdırılması, iqtisadiyyatın infrastrukturunun
modernləşdirilməsi, struktur-investisiya siyasətinin təkmilləşdirilməsi,
xarici investisiyaların ölkəyə cəlbi, müasir texnologiyaların
geniş tətbiqi, istehsalın təşkilinin və idarəçiliyinin
yeni formalarından istifadə, ünvanlı sosial yardım,
sosial sferanın mühüm sahələrinin (səhiyyə,
təhsil, elm, mədəniyyət, idman) inkişafına
dövlət dəstəyi, ekoloji siyasət hökumətin fəaliyyətinin
prioritet istiqamətləri arasında mühüm yer tuturdu.
Respublikanın
inkişaf proqramına, xarici investisiyaların müdafiəsi
haqqında qanuna uyğun olaraq, xarici investorların ölkəyə
axını üçün əlverişli şərait
yaradıldı. Bu qanunla respublika ərazisində müştərək
və tam xarici investisiya əsasında təşkil edilən
müəssisələrin, firma və nümayəndəliklərin
fəaliyyətinə icazə verildi.
1960
- 1980-ci illərdə yaradılmış və
ixracyönümlü məhsul buraxılışı
üçün ciddi yenidənqurmaya, modernləşdirilməyə
ehtiyac duyan baza müəssisələrinin struktur dəyişiklikləri
prosesinə yeni texnologiyaların cəlb olunmasının zəruriliyi
respublikanın investisiya proqramında məxsusi nəzərə
alınmış və kimya, neft-kimya, neft emalı, əlvan və
qara metallurgiya sənayesi, maşınqayırma kompleksi
qarşılıqlı faydalı əməkdaşlıq
üçün prioritet sahələr elan olunmuşdu. Eyni
zamanda, dünya bazarında böyük tələbat olan mis,
sink, qurğuşun, kobalt istehsalı üçün iri
dağ-mədən komplekslərinin yaradılması
imkanları da xarici investorlar üçün cəlbedici fəaliyyət
sferası idi. 1990-cı illərin ortalarında iqtisadi
islahatların gedişində ortaya çıxan vəzifələrin
həlli məqsədilə 25 milyard dollar məbləğində
xarici investisiya cəlbini nəzərdə tutan sahə
investisiya proqramları işlənib hazırlandı.
Azərbaycanda
iqtisadi islahatların institusional problemlərinə,
iqtisadiyyatın idarəçiliyinin təşkilati
strukturlarının təkmilləşdirilməsinə,
dövlətin iqtisadiyyatı tənzimləmə siyasətinin
forma və metodlarının, mütərəqqi tənzimləmə
siyasətinin aparılmasına ulu öndər Heydər Əliyev
tərəfindən böyük diqqət yetirilirdi. "Azərbaycan
Respublikasının dövlət idarəetmə sistemində
islahatlar aparılması üzrə dövlət
komissiyasının yaradılması haqqında" 29 dekabr
1998-ci il tarixli fərman imzalamaqla Heydər Əliyev idarəetmə
sahəsində islahatların konseptual əsaslarını bəyan
etdi. "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə"
1996-cı il 17 iyun tarixli, həmçinin "Dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi və
sahibkarlığın inkişaf etdirilməsi sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanlar radikal dəyişikliklərin
əsasını qoymaqla bərabər, iqtisadiyyatın
buxovlardan azad olunmasına ciddi təkan verdi.
Azərbaycan
iqtisadi modelində klassik iqtisadi modellərin mütərəqqi
təcrübəsi ilə yanaşı, mahiyyətcə yeni
keyfiyyət çalarlarını özündə əks
etdirən sistemli paradiqmaya xüsusi diqqət yetirilmiş,
iqtisadi və sosial inkişafın sürət
asılılığının optimal variantı müəyyənləşdirilmiş,
beləliklə də "paralelizm" kimi konseptual
baxışın tələblərindən irəli gələn
dialektik vəhdət təmin olunmuşdur.
Liberal
dəyərlərin liberalizm müstəvisindən bazar
münasibətlərinə keçidi, bunun ictimai-iqtisadi həyata
fəal tətbiqi, hər şeydən əvvəl, ölkənin
azad rəqabətə, sahibkarlıq mühitinə, investisiya
yatırımlarına açıqlığını tələb
edir. Azərbaycanda siyasi, sosial və iqtisadi sferalar arasında
dialektik bağlılığın islahatlar prosesinin
bütün mərhələlərində nəzərə
alınması, milli mənafelərlə regional və planetar
mənafelərin balanslaşdırılması nəticə
etibarilə iqtisadi tərəqqi, xalqın rifahının
yaxşılaşdırılması və milli təhlükəsizliyin
təminatı kimi önəmli vəzifələrin həllinə
təkan verdi.
İnstitusional
mühitdə baş verən yeni keyfiyyət dəyişiklikləri
geosiyasi və geoiqtisadi müstəvidə sabit inkişafa təsir
göstərməklə yanaşı, həm də siyasi təkamülün
mühüm şərtinə çevrilmiş qlobal iqtisadi
layihələrin gerçəkləşməsi istiqamətində
məqsədyönlü səylərin uğurunu təmin
etmiş oldu.
1990-cı
illərin ortalarında Azərbaycanın iqtisadi durumunu,
texniki-iqtisadi potensialını, maliyyə imkanlarını dərindən
təhlil edən Heydər Əliyev xarici sərmayələrin
köməyi ilə neft-qaz sənayesini dirçəltmək
və əldə olunacaq gəlirləri digər sahələrin,
qeyri-neft sektorunun inkişafına yönəltməklə,
ölkənin hərtərəfli yüksəlişinə
nail olmaq vəzifəsini qarşıya qoydu. "Əsrin
müqaviləsi"nin imzalanması ilə ölkənin
davamlı inkişaf doktrinasının möhkəm və
etibarlı təməli yaradıldı. Bu sahəyə
böyük məbləğdə investisiya yatıran xarici tərəfdaşlar
yaxşı bilirdilər ki, Xəzərətrafı regionda hər
bir ölkədə neft-qaz sahəsində Azərbaycanda
olduğu qədər zəngin təcrübə, intellektual
potensial və texniki imkanlar yoxdur. 1997-ci ilin oktyabrında əsaslı
təmirdən sonra Bakı - Novorossiysk, 1999-cu ilin aprelində
Bakı - Supsa kəmərinin və Supsa terminalının
istismara verilməsi Azərbaycan neftinin alternativ marşrutlarla
beynəlxalq bazara nəqlini təmin etmiş oldu.
"Əsrin
müqaviləsi"nin imzalanmasından sonra neft
strategiyasının reallaşdırılması istiqamətində
Azərbaycanın ikinci böyük qələbəsi Bakı
- Tbilisi - Ceyhan kəmərinin inşası oldu. Heydər Əliyev
"Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəmərinin
tikintisi və istismara verilməsi haqqında" 29 dekabr
1999-cu il tarixli sərəncam imzalamaqla bu kəmərin əleyhdarlarının
əsassız mövqelərini alt-üst etdi.
Xəzərin
Azərbaycan sektorunda "Əsrin müqaviləsi" çərçivəsində
hasil olunmuş neft 2005-ci ilin mayında Səngəçal
terminalından nəql olunmağa başladı. Şərq -
Qərb enerji dəhlizinin mühüm strukturu olan BTC ilə
hazırda gündə bir milyon barrel Azərbaycan nefti dünya
bazarına çıxarılır və Qərbin enerji təhlükəsizliyinin
təminatı işinə əhəmiyyətli töhfə
verilir. Dünya ölkələrinin təbii qaza artan tələbatı
və yaranmış enerji daşıyıcıları
böhranı digər bir beynəlxalq layihəyə - Cənubi
Qafqaz qaz boru kəmərinə - Bakı - Tbilisi - Ərzurum xəttinə
marağı getdikcə gücləndirir, onun strateji əhəmiyyətini
ön plana çıxarır. Qeyd etdiyimiz kimi, Rusiyanın
inhisarçılıq və imperiya ambisiyaları da alternativ
marşrutların vacibliyi məsələsini gündəmə
gətirmişdir.
Azərbaycanın
və regionun iqtisadi yüksəlişinə yönəlik
beynəlxalq nəqliyyat layihələrindən biri də
Avrasiya məkanının şah damarı hesab edilən
Bakı - Tbilisi - Qars dəmir yolunun inşasıdır. Ermənistanın
bütün cəhdlərinə baxmayaraq, bu nəqliyyat
arteriyasının işğalçı dövlətin ərazisindən
yan keçməsi ona ağır iqtisadi zərbə vuracaq,
böyük tranzit gəlirindən məhrum edəcək.
Dövlətin
funksionallığı cəmiyyətin dəstəyindən və
potensialından asılıdır. Ötən minilliyin sonuna
ölkə əhalisi dəyişən dəyərlər
kompleksinin və iqtisadi, siyasi sistemin çətinliklərini,
ağrılarını yaşamağa məhkum olmuşdu. Bu,
qaçılmaz bir proses idi və labüd səciyyə
daşıyırdı. Odur ki, Azərbaycan dövləti neft
strategiyasının reallaşdırılmasından əldə
edilən gəlirləri məqsədyönlü şəkildə
əhalinin sosial müdafiəsinin gücləndirilməsinə,
müxtəlif dövlət proqramlarının həyata
keçirilməsinə yönəltdi. Bununla da ulu öndərin
"Neft digər istehsal sahələrinin inkişafına təkan
verməlidir" tezisi gerçəkləşdi. Bir çox
dövlətlərdə oliqarxların inhisara
aldığı, müharibələrə səbəb olan,
ölkəyə fəlakətlər gətirən neft Azərbaycanda
nailiyyətin, tərəqqinin rəmzinə çevrildi, milli
maraqlara xidmət etdi.
Ulu
öndərin neft strategiyası neft gəlirlərinin şəffaf
idarə və istifadə olunmasını nəzərdə
tutur. 1999-cu ildə yaradılan və neft gəlirlərinin cəmləşdiyi
Dövlət Neft Fondu yeni yaradılarkən büdcəsi 271
milyon ABŞ dollarına bərabər idi. 2010-cu ilin yanvar
ayına olan məlumata görə fondun vəsaiti 15 milyard
ABŞ dollarından çoxdur. 2001 - 2009-cu illərdə ARDNF
tərəfindən dövlət büdcəsinə transfert,
həmçinin müxtəlif infrastruktur layihələrinin,
sosial proqramların maliyyələşdirilməsinə 12
milyard 324 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin
10 milyard 265 milyon manatı dövlət büdcəsinə
transfert edilmiş, 2 milyard 59 milyon manat sosial və infrastruktur
layihələrinin maliyyələşməsinə, o cümlədən,
613 milyon manat qaçqınların və məcburi
köçkünlərin məskunlaşdırılmasına,
onlar üçün yeni qəsəbələr
salınmasına sərf olunmuşdur. Bundan əlavə,
Dövlət Neft Fondunun vəsaitlərindən 280 milyon manat
Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft boru kəmərinin
tikintisinə, 547 milyon manat Oğuz - Qəbələ -
Bakı su kəmərinin inşasına, 365 milyon manat Samur -
Abşeron suvarma sisteminin yenidən qurulmasına, 48 milyon manat
Bakı - Tbilisi - Qars yeni dəmir yolu layihəsinə, 90 milyon
manat Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə
kapitalının formalaşdırılmasına, 87,6 milyon
manat Azəri - Çıraq - Günəşli
yataqlarının birgə işlənməsi layihəsində
Azərbaycan Dövlət Neft Şirkətinin iştirak
payının maliyyələşdirilməsinə yönəldilmişdir.
2010-cu
il yanvarın 1-nə olan məlumata görə, Neft Fondunun
aktivləri 2009-cu il yanvarın 1-nə nisbətən 32,8 faiz
artaraq 14 milyard 900 milyon ABŞ dollarına bərabər olmuşdur.
Fondun şəffaf fəaliyyətinin nəticəsi olaraq
2007-ci ildə ARDNF "Dövlət xidmətində şəffaflığın,
cavabdehliyin və məsuliyyətin artırılması"
üzrə "BMT-nin Dövlət Qulluğu
Mükafatı"na layiq görülmüşdür. Yeri gəlmişkən,
qeyd edək ki, Şərqi Avropa və MDB ölkələrinin
dövlət təşkilatları arasında bu
mükafatı alan birinci dövlət qurumu ARDNF olmuşdur. Bu
fakt Dövlət Neft Fondunun böyük uğurlarının
və şəffaf fəaliyyətinə verilən yüksək
qiymətin parlaq göstəricisidir.
Azərbaycanın
davamlı inkişafının Heydər Əliyev
konsepsiyası ideyanın praktikaya əməli
transformasiyası üzərində qurulduğundan burada
güclü dövlət və insan amili mühüm yer tutur.
Bu konsepsiyada səmərəli fəaliyyət
sferasındakı azad insan ictimai tərəqqinin
başlıca hərəkətverici qüvvəsi kimi
çıxış edir. Keçid dövrünün
bütün proqnozlaşdırılan və ekstremal problemlərini,
ziddiyyətlərini aradan qaldırmağa qabil olan fundamental
inkişaf tezislərini özündə ehtiva edən Heydər
Əliyev siyasəti bitkin bir sistem kimi
formalaşmışdır.
Ötən
əsrin sonlarında Azərbaycanda milli gəlirin üçdə
bir hissəsi aqrar sahədə formalaşdığından
ulu öndərin iqtisadi strategiyasında bu sahənin yenidən
qurulması, reallıqlar nəzərə alınmaqla dünya
ölkələrinin aqrar təcrübəsinin öyrənilməsi,
aqrar-sənaye komplekslərinin yaradılması məsələləri
də geniş yer almışdır. "Aqrar islahatın əsasları
haqqında", "Torpaq islahatı haqqında",
"Torpaq icarəsi haqqında", "Torpaq bazarı
haqqında", eləcə də kənddə orta və
kiçik sahibkarlığın, fermer təsərrüfatlarının,
fəaliyyətini tənzimləyən normativ sənədlərin
və müxtəlif qanunların qəbulu, kənd təsərrüfatı
məhsulları istehsalçılarının müəyyən
müddətə torpaq vergisindən başqa, bütün
vergilərdən azad olunması aqrar sektorda sosial-iqtisadi tənəzzülün
dayandırılması, dinamik makroiqtisadi inkişafın stimullaşdırılması
istiqamətində təsirli addımlar oldu.
Azərbaycanda
sosial-iqtisadi inkişafın lokomotivi funksiyasını neft
sektoru yerinə yetirsə də aqrar sahə də ölkənin
inkişaf dinamikasına yetərli töhfələr
vermişdir. Ulu öndərin müəllifi olduğu radikal torpaq
islahatlarından sonra kənd təsərrüfatında fermer
təsərrüfatlarının, özəl
sahibkarlığın inkişafında böyük canlanma
müşahidə olundu. Ölkədə idxalın strukturunda
ərzaq məhsullarının payı 1997-ci ildə 23 faiz,
2002-ci ildə 14 faiz təşkil edirdisə, bu rəqəm
2006-cı ildə artıq 10 faizə, 2009-cu ildə 8,5 faizə
bərabər olmuşdur.
2003-cü
ildən sonra ölkədə islahatların yeni mərhələsini
əks etdirən möhtəşəm proqramların həyata
keçirilməsi, inkişafın əhatəli və
müasir konsepsiyasının irəli sürülməsi,
bütün resursların səfərbər olunması, modernləşmə
və yeni texnologiyanın tətbiqi məsələlərinin
ön plana keçirilməsi yeni dövrün
çağırışlarına adekvat reaksiyanın parlaq təzahürü
idi.
Prezident
İlham Əliyevin imzaladığı "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman,
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"
və çoxsaylı layihələrin icrası müasir cəmiyyətin
inkişafının mahiyyətini müəyyənləşdirən
sosial-siyasi dəyişikliklər üçün əlverişli
zəmin yaradılmasına, yaşayış
standartlarının yüksəldilməsinə xidmət edir.
Regionların
sosial-iqtisadi inkişafına dair proqramın uğurla
reallaşdırılması nəticəsində yüz minlərlə
iş yeri açıldı, yeni istehsal müəssisələri
yaradıldı, ən başlıcası, regionların
tarazlı inkişafı təmin olundu. İqtisadi rayonları
hərtərəfli inkişaf etdirmək, regional inteqrasiya
proseslərini təkmilləşdirmək məqsədilə
daha bir mükəmməl layihə - "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul
olundu. Beləliklə, regional inteqrasiya proseslərinin gücləndirilməsi,
dövlətin və cəmiyyətin modernləşdirilməsi,
müasir istehsal komplekslərinin yaradılması, iqtisadi səmərəliliyin
artırılması, siyasi və iqtisadi həyatın
inteqratoru olan yeni baxış və texnologiyalara
üstünlük verilməsi Azərbaycanın
inkişafının əsas amillərinə çevrildi.
İqtisadi
və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi
hesab edilən ümumi daxili məhsul istehsalı 2009-cu ildə
əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 34,6 milyard
manata çatmışdır. Son 5 ildə əlavə dəyər
istehsalı 2,6 dəfə, yaxud hər il 20,8 faiz
artmışdır.
İqtisadiyyatın
qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin
ümumi daxili məhsulda xüsusi çəkisi ötən
illə müqayisədə 7,5 faiz artaraq 45,4 faiz təşkil
etmişdir. 2009-cu ildə digər bir mühüm göstərici
ümumi daxili məhsulun adambaşına düşən həcmi
7,9 faiz artaraq 3917 manat və ya 4874 ABŞ dollarına bərabər
olmuşdur.
Son
illərdə əldə edilən uğurlar ölkəmizin
müstəqil siyasət yeritmək imkanlarını genişləndirməklə
yanaşı, demokratik vətəndaş cəmiyyətinin
qurulması istiqamətində səmərəli dövlətçilik
fəaliyyətinin davam etdirilməsinə əlverişli zəmin
yaratmış, yeni strateji oriyentirlərin hədəfə
alınmasını labüdləşdirmiş, Azərbaycanın
Avropa ailəsinə inteqrasiya prosesini sürətləndirmişdir.
Avropa İttifaqının "Avropada qonşuluq siyasəti"
proqramının fəal iştirakçısı olan ölkəmiz,
heç şübhəsiz ki, yaxın gələcəkdə
bu nüfuzlu qurumun tamhüquqlu üzvü olacaqdır.
Azərbaycanın
dünya birliyində mövqeyinin, cəmiyyətdə siyasi
qüvvələrin nisbətinin dəyişdiyi bir vaxtda
reallıq Azərbaycan sosiumu üçün demokratik
inkişafın prioritetlərini əhatəli surətdə
konseptuallaşdırmağı və müəyyənləşdirməyi
tələb edir.
Prezident
İlham Əliyev Avropa siyasi, iqtisadi məkanına tam
inteqrasiyanı öz ölkəsinin və bütövlükdə
regionun qarşısına mühüm bir vəzifə olaraq
qoyur: "Avropa Birliyinin Cənubi Qafqaz ölkələrini də
əhatə edən yeni qonşuluq siyasəti vacib olmaqla
yanaşı, həm də çox mühüm bir
addımdır. Düşünürük ki, bu siyasətin
praktik bəhrəsi tezliklə özünü göstərəcək,
müstəqil ölkə kimi Azərbaycan Avropa
strukturlarına daha çox inteqrasiya edəcəkdir. Bu, bizim
xarici siyasətimizin elementlərindən biridir. Azərbaycanın
Avropa strukturlarına nə dərəcədə inteqrasiya etməsi
ölkənin inkişafının göstəricisidir".
Azərbaycanın
son illərdə keçdiyi yol, qazandığı
uğurlar, siyasi varisliyin təmin olunması, güclü,
müstəqil, demokratik, modern, dünyəvi dövlət
amalının gerçəkləşdirilməsi
üçün etibarlı zəmindir.
Həsən HƏSƏNOV
Xalq qəzeti.- 2010.- 9 dekabr.- S. 3.