Ermənistan prezidentinin yalanları bu ölkənin işğalçılıq siyasətinə haqq qazandıra bilməz

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son illər aparılan danışıqlar prosesi və imzalanmış bəyanatlar bir daha təsdiqləyir ki, artıq zaman Azərbaycanın xeyrinə işləyir, özü də çox sürətlə. Dünyanın tanınmış beynəlxalq qurumlarının, həmçinin inkişaf etmiş dövlətlərin rəhbərlərinin münaqişənin nizamlanmasında Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləmələri və Ermənistanı işğalçı dövlət kimi tanımaları ölkəmizin yeritdiyi xarici siyasətin uğurlarından xəbər verir. Son illər baş verən proseslər, xüsusilə də münaqişənin nizamlanmasında dünya ictimaiyyətinin Azərbaycanın dövlət başçısının mövqeyini müdafiə etməsi Ermənistanda ciddi siyasi çaşqınlıq və gərginlik yaradıb. Bundan təşvişə düşən Ermənistan prezidenti Serj Sarkisyanın həm öz hakimiyyətini qoruyub saxlamaq, həm də guya erməni xalqının qədim tarixə malik olması, yaşadıqları ərazinin əzəldən onlara məxsus olması barədə yalan məlumatlar yayması heç bir fayda vermədi. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış "Gorus-2010: Absurd teatrı mövsümü" sərlövhəli sanballı, tarixi faktlarla zəngin elmi məqaləsi Ermənistan prezidenti Serj Sarkisyanın uydurmalarına çox tutarlı cavab oldu.

 

Yeri gəlmişkən onu da deyək ki, akademik Ramiz Mehdiyevin elmi məqalələri müstəqillik dövründə Azərbaycanın ideoloji, siyasi və mədəni inkişafının şərhi baxımdan böyük əhəmiyyətə malikdir. Həmin məqalələrdə ümummilli lider Heydər Əliyevin siyasi xəttini böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimizin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər, daxili və xarici siyasət sahəsindəki qətiyyətli addımlar geniş təhlil olunur. "Gorus-2010: Absurd teatrı mövsümü" məqaləsində göstərilir ki, Ermənistan Azərbaycan torpaqları hesabına dövlət kimi formalaşmışdır. Bu tarixi həqiqəti zaman-zaman saxtalaşdıraraq gerçəkləşdirməyə çalışan Ermənistan tərəfi öz işğalçılıq missiyasını ört-basdır etməyə çalışsa da buna nail ola bilməmişdir. İşğalçı dövlətin rəhbərliyi və tarixçi alimləri öz yalanları ilə özlərini ifşa etmişlər. İllər keçdikcə Ermənistanın işğalçı dövlət olması tarixi faktlarla və regionda baş verən hadisələrlə bir daha öz təsdiqini tapmışdır. Hazırda dünyanın tanınmış, nüfuzlu beynəlxalq qurumları da Ermənistanın işğalçı dövlət olduğunu rəsmən təsdiqləyirlər. Bu yerdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərarları, İslam Konfransı Təşkilatının qətnamələrini, BMT Baş Məclisinin qərarı və digər beynəlxalq qurumların qəbul etdikləri sənədləri diqqətə çatdırmaq istərdim. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən birmənalı şəkildə dəstəklənir.

Artıq qəsbkar Ermənistan tərəfi öz işğalçılıq siyasətinə görə beynəlxalq aləmdə küncə sıxışdırılır. İanələr və yardımlar hesabına yaşayan ermənilər müxtəlif yalanlara əl atır, guya özlərinin məzlum, soyqırıma məruz qalmaları, qədim xalq olmaları barədə rəy formalaşdırmağa çalışırlar. Son hadisələr bir daha təsdiqləyir ki, onların bu yalanlarına da inanan yoxdur. Bir qədər əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində, sonradan qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar müzakirələr yarımçıq dayandırıldı. Bu, Azərbaycan dövlətinin uğurlu diplomatik fəaliyyəti ilə yanaşı, son illər dünyada baş verən hadisələrə təsir imkanına malik olmasını da təsdiqlədi.

Bu faktın özü bir daha sübut etdi ki, artıq Azərbaycan dünyada söz sahibinə malik olan dövlətlərdəndir. 2008-ci ilin noyabrında Moskvada üç dövlət - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Bəyannamə də bir daha təsdiqlədi ki, bu istiqamətdə zaman çox sürətlə Azərbaycanın xeyrinə işləyir. Həmin Bəyannamədə bildirilirdi ki, münaqişə dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdikləri sənəddə də dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsas götürülür. Qeyd edək ki, Azərbaycan Prezidenti keçirdiyi bütün görüşlərdə münaqişənin nizamlanmasında bu varianta üstünlük verdiyini açıq şəkildə bəyan edib. Ermənistan tərəfi aydın şəkildə dərk edir ki, artıq nüfuzlu beynəlxalq qurumlar və dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfinin mövqeyini bəyənir. Ona görə də ermənilər çaşqınlıq yaratmaq və əsl həqiqətə yönəlmiş diqqəti yayındırmaq üçün müxtəlif yalan və iftiralara əl atırlar. Bu sahədə ən böyük yalanları həm öz ölkəsində, həm də beynəlxalq aləmdə qeyri-ciddi şəxs kimi tanınan Ermənistan prezidenti Serj Sarkisyan danışır. Bu, onun köhnə adətidir. Dağlıq Qarabağ probleminin yaranmasında təşkilatçı, ən qəddar adam, əlləri minlərlə günahsız insanın qanına batmış, qətlə yetirdiyi qocaların, uşaqların, qadınların cəsədləri üzərindən hakimiyyətə gəlmiş Serj Sarkisyan erməni xalqının qədim tarixə malik olması barədə utanıb-qızarmadan yalan və iftiralar danışmağa başlayıb. O, bu yalanları ilə Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək, ermənilərin qəddar, qaniçən xalq olmasını pərdələmək istəyir. Ancaq fakt faktlığında qalır. Tarixi faktları hər hansı yalanla saxtalaşdırmaq mümkün deyil.

Bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan daha bir yalanı ilə özünü fakt qarşısında gülünc vəziyyətə qoymuş, siyasi səbatsızlıq nümayiş etdirmiş, tarixi faktları saxtalaşdırmağa cəhd göstərmişdir. Bu dəfə özünü "alim", "erməni tarixinin bilicisi" rolunda aparsa da artistlik sahəsində də istedadının olmadığı məlum olmuşdur. Çünki onun söylədiyi yalanlara heç öz tərəfdarları da inanmadı. Ermənistan prezidenti Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistləri başına toplayaraq deyib ki, bəs sizin xəbəriniz var, ya yox, bilin və agah olun, erməni dilinin ən azı səkkiz min illik tarixi var. Bu, o deməkdir ki, guya ermənilər bir millət kimi ən azı səkkiz min ildir ki, mövcuddur. Ermənistan prezidentinin bu sayıqlamalarını eşidən erməni diaspor jurnalistləri dövlət başçısının qeyri-səmimiliyinə, ağ yalanına az qalıblar ki, açıq etirazlarını bildirsinlər. Ancaq canlarının qorxusundan səslərini çıxarmayıblar. Az qala demək istəyiblər ki, prezidentlərinin bu yalanına lap bişmiş toyuğun da gülməyi gəlir. Çünki bütün dünyaya bəllidir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqları hesabına dövlət kimi formalaşıb və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ona bitişik rayonları işğal etməklə "Böyük Ermənistan" dövləti yaratmaq xəyalını gerçəkləşdirmək istəyir. Lakin bu dəfə beynəlxalq qurumların və dünya birliyinin ciddi qınağına tuş gəldiklərindən öz xəbis niyyətlərini gerçəkləşdirə bilmədilər. Ona görə də ağlasığmaz yalanlara ət atır, işğal etdikləri ərazilərin onlara məxsus olduğunu sübut etmək üçün min oyundan çıxırlar. Prezident Serj Sarkisyanın da "erməni dilinin ən azı səkkiz minillik tarixi var" deməsi bu yalanların həqiqət kimi sırınması üzərində köklənib. Fikir verirsinizmi, Ermənistan prezidenti erməni dilinin "qədim tarixi mövcudluğundan" söhbət açarkən dəqiq bir tarix deyə bilmir. O, özü də şübhəli bir tərzdə "ən azı" sözünü işlədir. Çünki özü də bilir ki, dedikləri yalandır.

Akademik Ramiz Mehdiyev prezident Serj Sarkisyanın bu yalanına, tarixi saxtalaşdırmaq cəhdinə cavab olaraq bildirir ki, Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Akademik R.Mehdiyev yazır: "... Bu baxımdan onun tayı bərabəri yoxdur. Öz tarixlərini "qədimləşdirməyə" və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən yapışır və yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan, həmin nəticələri elmdə hamılıqla qəbul edilmiş "aksiomlar" kimi qələmə verirlər".

Ermənilərin qədim tarixə malik olmalarını sübut etməyə çalışan Serj Sarkisyan heç bir fakta əsaslanmadığından onun dediklərinə ətrafına topladığı erməni jurnalistləri də inanmayıb. R.Mehdiyev yazır: "Sarkisyanın "kəşfi", yumşaq desək, erməni tarixçilərinin yazdıqları ilə uyğun gəlmir. Məsələn, Corc Burnutyan yazır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirir. (Serj Sarkisyan ermənilərin ümumi əhalinin 95 faizini təşkil etdiyini deyir!). Həqiqətdə isə rəsmi statistikaya görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda Rusiya istilasınadək ermənilər burada heç vaxt çoxluq təşkil etməmişlər. Kameral siyahıyaalma Şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil etməsini göstərir. Bu dəyişiklik artıq 35 mindən çox müsəlmanın həmin bölgədən mühacirətindən sonra baş vermişdir. Beləliklə, İran administrasiyası illərində heç bir dairədə ermənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yoxdur. Çox güman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Qərnibasar mahalı idi. Burada Üçkilsə (Eçmiədzin) erməni dini mərkəzi yerləşirdi. 1832-ci ildə minlərlə müsəlmanın köçürülməsi Osmanlı imperiyasından 57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı xeyli artmış və müsəlmanlarla bərabər olmuşdur. Yalnız rus-türk müharibəsindən sonra 1855-56-cı və 1877-78-ci illərdə Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən, buradan isə daha çox müsəlman köçüb gedəndən sonra ermənilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan sonra da XX əsrin əvvəllərinədək İrəvan şəhəri, əsasən, müsəlman şəhəri olaraq qalırdı".

Bütün bu faktlar bir daha təsdiqləyir ki, Ermənistan dövləti qonşu dövlətlərin torpaqları əsasında qurulub. İllər ötdükcə ermənilər işğal etdikləri Azərbaycan ərazilərindəki yaşayış məntəqələrinin adlarını dəyişdirib erməni adları qoymaqla guya bu ərazilərin onlara məxsus olduğunu gerçəkləşdirmək istəyiblər. Hətta son vaxtlar işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonların da bəzilərinin adlarını dəyişdirərək erməni adları qoyublar. Azərbaycanın qədim tarixi diyarlarından olan Ağdam rayonunun adını dəyişərək erməni adı ilə adlandırmaları həyasızlığın son nöqtəsidir. Akademik R.Mehdiyevin də qeyd etdiyi kimi, halbuki, ermənilər (haylar) XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. Onların Azərbaycan ərazilərindəki yaşayış məntəqələrinin adlarını dəyişmələri bu xalqın qədim tarixə malik olmasını gerçəkləşdirə bilməz. Görünür, Ermənistan prezidenti Serj Sarkisyan da "erməni dilinin ən azı səkkiz minillik tarixi vardır" deməklə Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməyə çalışır. Ancaq akademik R.Mehdiyevin "Gorus-2010: Absurd teatrı mövsümü" adlı tarixi faktlarla zəngin elmi məqaləsi Ermənistan prezidentini ifşa etdi və onun erməni xalqının qədimliyini sübuta yetirmək cəhdlərini puç elədi.

 

 Mirkazım KAZIMOV, Milli Məclisin deputatı

 

 Xalq qəzeti.- 2010.- 9 dekabr.- S. 4.