Qardaşlığımıza
kölgə salmağa
çalışanlar istəklərinə nail
olmayacaqlar
Bu yaxınlarda Azərbaycan və
Türkiyə ictimaiyyəti yeni bir iftira dolu
nəşrlə tanış oldu. Bu, Turqut Ərin tarixi reallıqdan kənar, hadisələrə
istədiyi prizmadan yanaşmaq,
çox vaxt onları
təhrif etməklə İstanbulda nəşr
etdirdiyi "Azadlıqdan
tiranlığa" kitabıdır. Müəllifin təsvir etdiyi hadisə və faktlara
qərəzli mövqeyi kitabın
adından aydın şəkildə görünməkdədir.
Özünü təcrübəli diplomat adlandıran Turqut Ərin başdan-başa təhriflərlə, Azərbaycan dövlətçiliyinə, görkəmli şəxsiyyətlərə böhtanlarla dolu bu kitabı çox böyük təəssüf hissi doğurur. Turqut Ərin Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat attaşesi işlədiyi dövrdəki və bundan sonrakı fəaliyyətinə nəzər salarkən aydın olur ki, o həmişə Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinə kölgə salmağa çalışmışdır.
Azərbaycanın müstəqilliyinin yaxın tarixində baş verən kəşməkəşli hadisələrə yenidən nəzər salarkən məlum olur ki, Turqut Ər və əqidə yoldaşı Fərman Dəmirqol kimi üzdə Azərbaycana dost görünüb türklüyə xəyanət edən "diplomatlar" 1995-ci ildə Rövşən və Mahir Cavadov qardaşlarının başçılıq etdiyi dövlət çevrilişini dəstəklədiklərinə və bu qüvvələri qiyama təhrik etdiklərinə görə ölkədən çıxarılmışlar. Turqut Ər və Fərman Dəmirqol kimi üzdəniraq diplomatlar dövlətçiliyimizə qəsd baş tutmadıqdan uzun illər sonra özlərini təmizə çıxarmaq üçün, demokratiya adı altında türklüyə xəyanətlərini ört-basdır etmək üçün kitab yazmaq eşqinə düşmüşlər.
Qeyd etmək lazımdır ki, Turqut Ər Azərbaycanda bütün siyasi fəaliyyəti dövründə respublikamızda həyata keçirilən geniş miqyaslı işləri görmək istəməyən, onlara qara yaxmaqla məşğul olan adamların yanında olmuşdur. Onun Azərbaycandan getdikdən 15 il sonra belə bir kitabı nəşr etdirməsi həmin fəaliyyətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Biz Ulu Öndər Heydər Əliyevə sağlığında da çoxlu böhtanlar atıldığının, iftiralar yağdırıldığının şahidi olmuşuq. Sovet İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefaya getdikdən sonra Heydər Əliyevin əleyhinə Moskva mətbuatında dərc olunan yazıları yaxşı xatırlayırıq. Xalqın iradəsi əleyhinə çıxış edən Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun hakimiyyəti zamanı Ali Sovetin, sonralar isə Milli Məclisin canlı yayımlanan iclaslarında dahi şəxsiyyətə qara yaxmaq məqsədilə təşkil edilən pafoslu nitqləri, hərzə-hədyanları da unutmamışıq.
Həmin vaxtlar Ulu Öndərə qarşı aparılan böhtan və şər kampaniyalarında deyilənlərin heç biri öz təsdiqini tapmadı. Hətta buna yüksək səviyyələrdə can atanlar da məkrli niyyətlərini həyata keçirə bilmədilər. Əksinə, xalq bu böhtan və iftiralara inanmadı, onları rədd etdi, Heydər Əliyevi daha çox sevdi, öz nicatını onda gördü. Təkidli tələblərlə onun yenidən siyasi hakimiyyətə qayıdışını təmin etdi. "Heydər - Xalq" birliyi qalib gəldi.
Ulu Öndər Heydər Əliyev isə öz növbəsində xalqın etimadını doğrultdu, ölkəni parçalanmaqdan, məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qorudu, saxladı, ən başlıcası isə müstəqil Azərbaycan dövlətini qurdu, yaratdı və Azərbaycan xalqına bəxş etdi. Ulu öndər Azərbaycanın müstəqilliyinə qarşı çıxan, düşmən kəsilən qaraguruhçulara, xarici ölkələrə işləyən qüvvələrə xalqın dəstəyi ilə qalib gəldi, dövlət müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olduğunu bütün dünyaya bəyan etdi.
Turqut Ərin Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat atteşesi işləməsi həmin vaxtlara təsadüf edir. Ona görə də yuxarıda qeyd etdiyimiz kimi, Turqut Ərin bu hadisələrdən xəbərdar olması, hətta onları öz gözləri ilə görməsi, şahidi olması şübhəsizdir.
Bəs nə üçün Turqut Ər öz kitabında reallıqlara, həqiqətlərə yer verməmiş, əksinə, ağa qara demiş, ölkəmizə, dövlətimizə şər və böhtanlar atmışdır? Özünü türk adlandıran bu adam xalqımıza, dövlət başçımıza ermənilərdən də sərt mövqedə dayanmış, kitabında cinayət xarakterli fikirlər işlətməkdən də çəkinməmişdir. Görəsən, Turqut Ərin, guya, Azərbaycan xalqının "təəssübkeşi" kimi çıxış etməsi haradan qaynaqlanır? Həqiqətənmi, o, Azərbaycan xalqının halına acıyan bir adamdır? Qətiyyən yox!
Heç şübhəsiz ki, Turqut Ər bu addımı atmaqla Azərbaycan xalqının düşmənlərinin, xüsusilə erməni lobbisinin sifarişini yerinə yetirmiş və bunun üçün çoxlu maliyyə dəstəyi almışdır. Dağlıq Qarabağ məsələsi başlayandan bəri Azərbaycanda gedən prosesləri diqqətlə izləyən ermənilər Turqut Ərin anti - Azərbaycan mövqeyini görmüş və ondan bəhrələnmək qərarına gəlmişdir. Nəticədə yüksək maliyyə vəsaiti qarşısında ermənilərin əsirinə çevrilən Turqut Ər belə bir kitab yazmışdır. Bununla da yüksək humanizm göstərərək ölkəmizdəki anti - Azərbaycan fəaliyyətinə baxmayaraq, onu həbs olunmaqdan xilas edən və ölkəsinə qayıtmasını təmin edən Ulu Öndərin haqq-sayını itirmişdir.
Sual olunur, əgər Turqut Ərdə kitabında sayıqladığı faktlar var idisə, niyə indiyədək susmuş, 15 ildən sonra onları yazıya almışdır? Fikrimizcə, Turqut Ər xalqımızın Ümummilli lideri Heydər Əliyevin ümumdünya şöhrətindən yararlanmaq, guya, onun həyatı və siyasi fəaliyyətinin qaranlıq məqamlarını üzə çıxarmaqla dünya ictimaiyyətinin diqqətini özünə çəkmək, kitabının yüksək reytinq qazanmasına nail olmaq istəmişdir. Ancaq öz istəyinə çata bilməmiş, Əliyevsevərlərin nifrət obyektinə çevrilmişdir.
Turqut Ərin bu hərəkəti ilk növbədə Cənubi Qafqazda lider dövlətə çevrilən respublikamızın Türkiyə Respublikası ilə yüksək səviyyədə olan dostluq münasibətlərinə xələl gətirmək, zərbə vurmaq üçün atılan çox uğursuz bir addımdır. Bu kitab Türkiyə-Azərbaycan münasibətlərini korlamaq cəhdindən başqa bir məqsəd daşımır.
Ulu Öndər Heydər Əliyevin Türkiyə Respublikasına, onun liderlərinə münasibəti hamıya gün kimi aydındır. Ümummilli liderin "bir millət, iki dövlət" sözləri artıq hər iki xalqın tez-tez işlətdiyi bir aforizmə çevrilmişdir. Ona görə də Turqut Ər kimilərin yazdığı cəfəngiyyatlar sarsılmaz Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına heç bir zərbə vura bilməz. Bu tarixi kökləri olan möhkəm birliyi Turqut Ər kimi özünü üzdəniraq diplomat adlandıran qara fikirli adamlar sarsıda bilməz, ləkələyə bilməz.
Turqut Ər kitabında 15-20 il əvvələ, bəzən tarixə "səyahət" edərək ondan öncəki dövrdəki məsələlərə öz prizmasından yanaşır və bir qarışıqlıq yaratmaq istəyir. Görəsən, onun yazılarını Azərbaycan mətbuatında dərc edənlər nə düşünürlər? Nə ümidlə yaşayırlar? Yoxsa yenə də xaos, bölücülük niyyətindədirlər? Belə düşünməyin, bəd niyyətin heç bir faydası yoxdur. Əsl milli müxalifətçilik qarışıqlıq salmaqda deyil, ümümmilli məsələlərdə, xüsusən Qarabağ probleminin həllində vahid mövqedən çıxış etməkdədir. Unutmayaq ki, Turqut Ərin də ölkəsində Türkiyənin dərdi, milli mənafeyi məsələsində müxalifətçilikdən öndə "Türkiyə hamımızın" şüarı dayanır. Hazırkı vaxtda bu deyimə bizlərin daha böyük ehtiyacı var: "Azərbaycan hamımızın!". Unutmayaq ki, müxalifətçilik sağlam milli inkişafa, neqativ halların aradan qaldırılmasına xidmət etməlidir. Yoxsa kiminsə subyektiv, qərəzli fikirlərindən yaranan, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyindən irəli gələn yazılarını nəşr etdirmək milli mənafeyə, milli birliyə zərbə vurmaq niyyətlərindən, yalanlarını xalqa sırımaqdan başqa bir şey deyildir. Bunları nəşr edərkən dönüb o dövrə, Azərbaycandakı sosial-siyasi duruma, ölkənin beynəlxalq vəziyyətinə, hərtərəfli təzyiqlərə baxın, hadisələrə real qiymət verin. Onda siz də bəlli olan inkişafı, Azərbaycanın bir dövlət olaraq qorunub saxlandığını, beynəlxalq səviyyədə söz demək qüdrətinə malik olduğunu görərsiniz. Biz sizin bunları bildiyinizi, lakin etiraf etmək istəmədiyinizi gözəl bilirik.
Kitabda Naxçıvanla bağlı bir sıra həqiqətdən kənar məsələlərə də yer verilmişdir ki, onlara da yığcam halda münasibət bildirməyi məqsədəuyğun sayırıq. Müəllif, guya, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Azərbaycan rəhbərliyi ilə hesablaşmadığını, özünü sərbəst rəhbər kimi apardığını, özbaşına Türkiyə və İranla rəsmi danışıqlar aparmaqla müəyyən müqavilələr bağladığını yazır. Hətta onu separatçılıqda "günahlandırır". Qəribə məntiqdir. Naxçıvanın düşdüyü ağır durumu qiymətləndirmədən, buradakı ölüm-dirim məsələlərini, hər an işğal olunmaq, aclıq və səfalətdən, qışın şaxtasından məhv olmaq təhlükəsini yaşamadan söz söyləmək çox asandır. Turqut Ər bu durumda olsa idi, yəqin ki, başını itirərdi. Heydər Əliyevin böyük dövlətçilik bacarığı, apardığı rəsmi danışıqlar Naxçıvanı erməni işğalından, səfalət və fəlakətdən qurtardı. Bəli, Heydər Əliyev Türkiyə və İrana səfərlər edir, həmin ölkələrin rəsmi şəxslərini Naxçıvana dəvət edib danışıqlar aparırdı. Məsələ bununla bitmirdi. Bir sıra beynəlxalq təşkilatların nümayəndələri Naxçıvana dəvət edilir, ölkənin durumu onlara izah edilirdi. Turqut Ər Ermənistanla aparılmış danışıqları separatçılıq adlandırır. Bizim fikrimizcə,"diplomat" bilə-bilə həqiqəti təhrif edir. Əslində bu, separatçılıq deyildi, XİLASKARLIQ idi. Heydər Əliyev təkcə danışıqlar aparmırdı. O, əməli iş görürdü: Azərbaycanın mənafeyinə uyğun gələn işlər. Yəqin ki, Turqut Ər Qars müqaviləsini, onun şərtlərini, Naxçıvanın həmin şərtlər əsasında qorunmasını bilməmiş deyil. Heydər Əliyev Türkiyə rəhbərləri ilə bu məsələni yenidən gündəmə gətirdi. Bu, Naxçıvana təcavüz etmək istəyən Ermənistan və onun havadarlarına xəbərdarlıq mahiyyəti daşıyırıdı. Onlar başa düşdülər ki, Naxçıvan haqqında Qars müqaviləsinin şərtləri, Türkiyənin qarantiyası həmişə qüvvədədir. Yaxşı olardı ki, Turqut Ər bunlardan da yazaydı.
Türk xalqı da, Azərbaycan xalqı da bu iki dövlət arasında olan dostluğa inanır və onu dəstəkləyir. Bu baxımdan da Turqut Ər kimiləri nə yazsalar, nə uydursalar da külək qayadan heç bir şey qopara bilmədiyi kimi, onlar da bu dostluğa heç bir zərər vura və istəklərinə çata bilməyəcəklər.
Artıq Türkiyə ictimaiyyəti, xüsusilə ziyalılar Turqut Ər və onun kitab adlanmağa layiq olmayan cızmaqarası haqqında öz fikirlərini söyləyir və bu cür sayıqlamaların və qarayaxmaların Türkiyə-Azərbaycan dostluğuna heç bir zərbə vura bilməyəcəyini vurğulayırlar.
Ölkəmizə, xalqımızın sevimlisi, Ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevə şər və böhtanlarla dolu bu kitabın müəyyən hissələrinin "Azadlıq" qəzetində dərc olunması böyük təəccüb doğurur. Həmçinin bir sıra müxalifət qəzetlərində bu kitabın dəstəklənməsi ilə bağlı yazıların dərc olunması da damarlarında Azərbaycan, türk qanı axan vətəndaşlarda ikrah hissi yaradır. Təsadüfi deyildir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin ciddi və haqlı nararazılığından sonra kitab adlanmağa layiq olmayan cızmaqaranı çap edən, İstanbulda yerləşən nəşriyyat onun "Azadlıq" qəzetində hissə-hissə dərc olunması işini yarıda dayandırmağa məcbur oldu, qəzetin bu səlahiyyətini ləğv etdi.
Azərbaycan xalqını bu cür cızmaqaralarla düzgün yolundan sapdırmaq mümkün deyildir. Xalqımız subyektiv faktlar əsasında yazılmış bu kitabı tarixi kökləri olan sarsılmaz Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına təhqir və qəsd, düşmən dəyirmanına su tökməsi kimi qiymətləndirir, Azərbaycanın müasir dövr tarixinin bilərəkdən təhrif olunması kimi dəyərləndirir və rədd edir.
İsmayıl
HACIYEV, AMEA Naxçıvan Bölməsinin sədri,
AMEA-nın həqiqi üzvü,
Əbülfəz QULİYEV, AMEA-nın müxbir
üzvü, professor,
Hacı Qadir QƏDİRZADƏ,
AMEA-nın müxbir üzvü,
Hacı Fəxrəddin SƏFƏRLİ, tarix
elmləri doktoru, professor
Xalq qəzeti.- 2010.- 9 dekabr.- S. 4.