Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi beynəlxalq hüququn normalarına hörmətsizlikdir

 

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində beynəlxalq ictimaiyyətin səyləri son illər xeyli artmışdır. Problemin aradan qaldırılması ilə əlaqədar dünyanın nüfuzlu beynəlxalq təşkilatları, bir sıra qərarlar qəbul etmiş, ATƏT-in Minsk qrupu müxtəlif təkliflər hazırlamışdır. Bu təkliflərin bəzi müddəaları Azərbaycanın maraqlarına uyğun gəlməsə də münaqişənin dinc yolla aradan qaldırılması naminə ölkəmiz öz razılığını bildirmişdir. Lakin Ermənistan tərəfinin bu vaxta qədər qeyri-konstruktivlik nümayiş etdirməsi, işğalçılıq siyasətindən əl çəkməməsi və danışıqlar prosesini süni surətdə uzatması, münaqişənin nizamlanması istiqamətində müsbət nəticənin əldə olunmasına imkan verməyib.

 

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq yeni formatda addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dioloqun aparılması olmuşdur. Həmin vaxtdan bugünə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqdaiki respublikanın sərhədində - Sədərəkdə 40-dan çox görüş keçirmişlər. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur. Möhtərəm Prezidentimiz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərinin gücləndirilməsinin zəruriliyini bəyan etmişdir.

Münaqişənin nizama salınmasına dair aparılan danışıqların "Praqa prosesi" adını almış variantının əsas elementləri ondan ibarətdir ki, burada nizamlanmanın "mərhələli həll" variantının detalları müzakirə obyektinə çevrilmişdir. Ermənistanın münaqişənin "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması təbii ki, Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biridir. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dirənməsinə gətirib çıxardı. Buna baxmayaraq, münaqişənin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri arasında daha on görüş keçirilmişdir. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, "Praqa prosesi" çərçivəsində işlənilməsinə başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşmalar əldə olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar masası arxasında hər zaman bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışının vacibliyini bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağ müstəqil olmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır və bütün təzyiqlərə baxmayaraq sonadək öz mövqeyimizi müdafiə edəcəyik.

2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, RusiyaFransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmişlər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanat açıqlanmışdır. Bəyanatda həmsədrlərə, Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırılmışdır. Bununla yanaşı həmin sənəddə ABŞ, RusiyaFransa prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə fikir ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərini razılaşdırılmasını başa çatdırmaq çağrışı öz əksini tapmışdır. Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına uyğunlaşdırılması qeyd olunmuşdur. Helsinki Yekun Aktında gücün tətbiq edilməməsi, ərazi bütövlüyüöz müqəddəratını təyinetmə hüququ öz əksini tapır.

Qeyd edək ki, bundan sonra da ATƏT-in Minsk qrupu həmsədrləri, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzaladıqları bütün birgə bəyanatlarda problemin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə üstünlük verilir. Belə ki, 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda, həmçinin 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəddə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2010-cu il iyunun 26-da Muskokda ATƏT-in Minsk qrupu həmsədr dövlətlərin prezidentlərinin verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi göstərilib. Qeyd edək ki, həmin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da imzalayıblar.

Bu ilin dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammitində ATƏT-in həmsədri olan dövlətlərin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı qəbul edildi. Həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən verilmiş xüsusi bəyanatda da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də Akvildə və Muskokda qəbul edilmiş bəyanatlara üstünlük verilir.

Göründüyü kimi, beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verilir. Dövlətimizin başçısı qətiyyətlə bildirib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil respublika kimi tanınmasına çalışırlar. Lakin unudurlar ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə bir hüququ yoxdur. Ermənistan tərəfinin bu iddiası beynəlxalq hüququn norma və prinsiplərinə zidd və hörmətsizlikdir. Ermənistan prezidentinin Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi, beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasıdır. Dövlət başçımız İlham Əliyev Ermənistan prezidentinin bu iddiasına cavab olaraq qəti şəkildə bildirib ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Bu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Ermənistan prezidenti bu iddialarının da puça çıxdığını gördükdə, Azərbaycanla aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunması məsələsini gündəmə gətirməyə çalışdı. Prezident İlham Əliyev isə qətiyyətlə bildirdi ki, bu tələb əsassızdır və heç bir məntiqə uyğun deyil. Dağlıq Qarabağ erməniləri yalnız Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlar apara bilər. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına, eyni zamanda 2008-ci ilin sonunda Moskvada üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatına da ziddir. Məlum bəyanatda bildirilirdi ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Bu vaxta qədər dünyanın heç bir ölkəsinin və hər hansı bir beynəlxalq təşkilatın Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə açıqlaması olmayıb. Hətta Ermənistanın özü qondarma qurumun müstəqilliyini tanımayıb. Bütün bunlardan sonra Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirakı absurddur.

Hər şeydən ümidi üzülən prezident Serj Sarkisyan son vaxtlar qondarma "DQR"-in müstəqilliyinin Ermənistan tərəfindən tanınması barədə sərsəm iddialar irəli sürürbununla da öz hakimiyyətinin ömrünü bir qədər də uzatmaq istəyir. O, Astana sammitində bu cəfəngiyyatı səsləndirsə də, ATƏT-ə üzv dövlətlərin nümayəndələri ona əhəmiyyət vermədi. S. Sarkisyanın sammitdəki çıxışı hətta Ermənistanın özündə belə qeyri-ciddi qarşılandı. Yerli politoloqlar hesab edirlər ki, Ermənistan diplomatiyası bu dəfə də iflasa uğradı. Ona görə də Serj Sarkisyanın istefasını tələb edənlərin sayı daha da artıb. Bundan təşvişə düşən erməni prezidenti parlamentə "Beynəlxalq müqavilələr haqqında qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verib. "Armenian today" xəbər portalının verdiyi məlumata görə, bu qanun əsasında tanınmamış subyektlərlə rəsmi səviyyədə müqavilələrin bağlanması və bu müqavilələrin parlamentdə ratifikasiyası mümkün olacaq.Layihəni təqdim edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, sənəd nəinki Dağlıq Qarabağ, həm də digər tanınmamış respublikalarla əməkdaşlığı nəzərdə tutur. O bildirib ki, "DQR"-in tanınması Ermənistanın siyasi gündəmindədir, lakin hələlik bunun vaxtı çatmayıb.

Həmin portalın yaydığı məlumata görə, Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsi iflasa uğrayıb. Parlament çoxluğu bu qanun layihəsinə səsvermədə iştirak etməyib. Səsvermədən əvvəl hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan qeyd edib ki, hazırkı mərhələdə "DQR"-in tanınması məqsədəuyğun deyil. Bu səbəbdən də parlament çoxluğu səsverməyə qatılmayıb. Qanun layihəsinin lehinə "İrs" partiyası və "Daşnaksütyun"un üzvlərindən cəmi 13 deputat səs verib. Yetərsay olmadığından qanun layihəsi qəbul olunmayıb.

Göründüyü kimi, Azərbaycanın uğurlu diplomatik fəaliyyəti və güclü ordusu erməniləri qorxuya salıb. Müharibə etmək iqtidarında olmayanmilli ordusunun gündən-günə dağıldığını çox yaxşı bilən erməni deputatlar prezident Serj Sarkisyanın tapşırığına belə məhəl qoymadılar. Çünki onların özləri də çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, Ermənistan həmin əraziləri işğal etməklə özününküləşdirmək istəyir. Buna isə beynəlxalq hüququn norma və prinsipləri yol vermir.

 

Əliqismət BƏDƏLOV, Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 10 dekabr.- S. 5.