Məşhur fransız aktyoru Jerar Depardye İçərişəhərə heyranlıqla tamaşa etmişdir

 

Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye dekabrın 14-də İçərişəhəri gəzmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, məşhur aktyorun gəzintisi ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız qalası ilə tanışlıqla başlamışdır. Xəzər dənizinin kənarında silindrik formada tikilmiş, nadir quruluşa malik Qız qalasının Bakının simvolu və YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş abidə olduğu vurğulanmışdır.

Qonaq Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə tamaşa etmişdir.

Buxara karvansarasında olan aktyora bu abidənin Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunu saxladığı bildirilmişdir.

Elektromobillərlə davam edən gəzinti zamanı İçərişəhər, Qoşa qala qapıları və onun yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılmışdır.

Gəzinti zamanı aktyor, həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilmişdir.

Azərbaycan xalqının mədəni irsinin incisi sayılan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıq zamanı kompleks haqqında ətraflı məlumat verilmişdir. Kompleksə daxil olan abidələrin üzərindəki naxışlar Jerar Depardyenin xüsusi marağına səbəb olmuşdur.

2002-ci ildən fəaliyyət göstərən Miniatür Kitab Muzeyinə gələn qonaq bu muzeyin zəngin ekspozisiyası ilə də tanış olmuşdur.

Sonda Jerar Depardye İçərişəhərin Fəxri qonaqlar kitabında öz ürək sözlərini yazmış və qədim şəhərə heyran olduğunu vurğulamışdır

 

Xalq qəzeti.-2010.-15 dekabr.-S.2.