Azərbaycan
yaxın gələcəkdə dünyanın
mədəniyyət mərkəzlərindən birinə
çevriləcək
Qarşımda
iki cildlik "İlham Əliyev və
mədəniyyət" adlı çox qiymətli kitab var. Bu
kitab cənab İlham Əliyevin hakimiyyətə gəldiyi
vaxtdan 2008-ci ilə qədər mədəniyyətimizə,
incəsənətimizə göstərdiyi qayğının
salnaməsidir. Kitabda cənab Prezidentin
çıxışlarını,
sərəncamlarını, fərmanlarını,
görüşlərini və s. əks etdirən
sənədlər toplanmışdır. Doğrudan da, onu
vərəqlədikcə aydın hiss edirsən ki,
Azərbaycan Prezidenti, onun rəhbərlik etdiyi Azərbaycan
dövləti mədəniyyət siyasətini böyük
ustalıqla həyata keçirir. O siyasəti ki, ulu
öndər başlamışdı, bu gün cənab
Prezidentimiz tərəfindən davamlı islahatlar yolu ilə
uğurla reallaşdırılır. Bu kitablarda son iki ilin mədəniyyət
siyasətimizin nailiyyətləri əks olunmasa da, bu illər
incəsənətimizdə, onun ayrı-ayrı sahələrində
əsaslı uğurlar qazanılmışdır.
Cənab
Prezident hakimiyyətə gəldiyi ilk vaxtlardan deyirdi:
"Mədəniyyət, incəsənət sahəsinə
diqqət daim yüksək olacaqdır"...
"Qloballaşan dünyada Azərbaycan Respublikası və
azərbaycanlılar özünün maddi-mənəvi və
intellektual potensialına uyğun layiqli yer tutacaqdır".
Doğrudan
da, müsəlman Şərqində ilk dünyəvi
teatrın, ilk kinonun və ilk operanın yaradıcısı
olan Azərbaycan xalqı bu günlər mədəniyyətin
yeni yüksəliş mərhələsini yaşayır.
Qədim
və zəngin mədəniyyət ölkəsi olan
Azərbaycan öz mənəvi dəyərlərini qoruyub
nəsillərdən-nəsillərə ötürə
bilmişdir. Hazırda bu proses davam edir. Dövlətimiz milli
mənəvi dəyərlərimizi qoruyur, dünya
miqyasında təbliğ edir, gələcək
nəsillərə çatdırmaq üçün
əsaslı tədbirlər həyata keçirir.
Dövlətimizin, onun rəhbərinin böyük qayğısı
nəticəsində Azərbaycan mədəniyyəti
dünyaya sürətlə inteqrasiya etməkdədir.
Azərbaycan
mədəniyyəti qədim köklərə malikdir. Bunu
tarixi-mədəni abidələrimiz bir daha təsdiq edir.
Dövlətin
milli-mənəvi dəyərlərimizə olan
münasibəti onun prioritet istiqamələrdən biri olaraq
qarşıya qoyduğu məsələlərdəndir.
Müstəqil Azərbaycan dövlətinin
mədəniyyət siyasəti islami dəyərlərə
yeni prizmadan baxış kimi meyillərlə ictimai
düşüncənin formalaşmasında özünü
göstərir. Bu amillər zaman-məkan kontekstində
həllini tapmaqdadır. Dünyada gedən qloballaşma və
inteqrasiya prosesində ölkəmiz uğurlu
gələcəyi təmin etmək üçün tarixi
köklərimizə söykənir. Azərbaycan
dövləti tərəfindən qarşıya qoyulan
siyasət özündə bu və digər
məsələləri ehtiva edir. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin apardığı
məqsədyönlü siyasət və xalqa göstərdiyi
yüksək qayğı Azərbaycan milli-mənəvi
dəyərlərinin qorunması və beynəlxalq
səviyyədə təbliği məqsədinə
istiqamətlənmişdir.
Xalqın
etnik tarixi inkişafı bir çox maddi və mənəvi
amillərlə tənzimlənən mürəkkəb bir
prossesdir. Son illərdə Azərbaycanın
milli-mənəvi mədəniyyətinin tarixi
mənzərəsinə nəzər salaraq, onun əsas
inkişaf istiqamətlərini üzə çıxarmağa
çalışsaq, hər şeydən əvvəl, burada
mövcud amillərin əsas rol oynadığını
görərik.
Milli-mənəvi
dəyərləri ilə tanınan Azərbaycan xalqı
yaşatdığı və təbliğ etdiyi
bəşəri ideyaları, adət-ənənələri,
milli xüsusiyyətləri ilə dünya xalqları
arasında özünəməxsus yer tutub. Uzun illər
aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim
köklərə malik Azərbaycan əsrlər boyu maddi
və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir.
Bu zəngin irsdə xalqın soykökünə bağlı
olan adət-ənənələr yaşayaraq əsrimizə,
yeni yüzilliyə qədər gəlib
çatmışdır. Xalqın toy-büsat mərasimi,
bayram adət-ənənələri, Novruz mərasimləri,
yas mərasimləri onun milli-mənəvi
dəyərlərini özündə yaşadır.
Təbii ki,
islam dininin də mənəvi dəyərlərimizin
inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini
təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali
hissləri tərbiyə edən dəyərdir. Müasir insanın
formalaşması və özünü təsdiqi məhz
milli-mənəvi dəyərlərin aşılanması
prosesi ilə bağlıdır. Heç təsadüfi
deyildir ki, 2009-cu ildə Bakımız İslam
Mədəniyyətinin Paytaxtı elan olunmuşdu və bununla
bağlı keçirilən tədbirlər mədəni
həyatımızı xeyli zənginləşdirmişdir.
Ümummilli
lider Heydər Əliyevin ideyalarının qorunması və
davam etdirilməsində xüsusi rolu olan Heydər Əliyev
Fondunun da bu istiqamətdəki fəaliyyətini qeyd
etməliyik. Fondun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi Azərbaycanın milli-mənəvi
dəyərlərinin dünyaya inteqrasiya olunmasında
böyük əhəmiyyətə malikdir. Heydər
Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil
dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının
yaxşılaşdırılması naminə ümumilli
liderin zəngin irsindən bəhrələnərək bu
işə xidmət edən genişmiqyaslı proqram və
layihələrin reallaşmasına nail olur.
Azərbaycanın məxsusi dəyərlərinin geniş
təbliği, sağlam mənəvi dəyərlərin
qorunması ilə bağlı planlı işlər həyata
keçirir.
Azərbaycanın beynəlxalq nüfuzunun
artırılması ilə bağlı tədbirlərin
həyata keçirilməsinə yardım göstərən
Fond dini tolerantlığın bərqərar olmasına,
vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan
dünyaya inteqrasiya prosesində mədəniyyətin,
milli-mənəvi dəyərlərin inkişafına,
təbliğinə və qorunub saxlanılmasına
böyük dəstək verir. Həmin dəstək
beynəlxalq mahiyyət kəsb edən layihələrdə
öz təsdiqini tapır. Bu istiqamətdə
görülən işlər beynəlxalq səviyyədə
Azərbaycan milli dəyərlərinin qorunmasına və
tarixi irsimizə sahib olmaq istəyində olan mənfur
qonşularımızın qarşısına bir sədd
çəkir. Öz tarixi kökü olmayan, acgöz
qonşuların niyyətlərinin boşa
çıxması yolunda dövlət səviyyəsində
görülən işlərin məntiqi nəticəsi
göz önündədir.
Paytaxtımızda
Beynəlxalq Muğam Mərkəzinin tikilməsi,
mədəniyyət, təhsil müəssisələrinin
təmiri, inşası və bərpa etdirilməsində
fondun rolu müstəsnadır. Milli-mənəvi
dəyərlərimizi özündə yaşadan muğam
sənətinin ümumdünya səviyyəsində
tanıdılmasında və təbliği istiqamətində
fondun gördüyü işlər qısa zaman
kəsiyində həllini tapdı. Azərbaycanın birinci
xanımının bu sahədəki məqsədyönlü
fəaliyyəti nəticəsində 2003-cü ildə
muğam sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına daxil edildi. Azərbaycan muğam antologiyasının,
Azərbaycan xanəndələri albomunun hazırlanması
və digər layihələr bu istiqamətdəki
mühüm uğurlar kimi milli-mənəvi dəyərlərimizin,
mədəniyyətimizin beynəlxalq səviyyədə
təbliğinə müsbət təsirini göstərir.
Qloballaşma
şəraitində aparılan bu işlər
mədəniyyətimizin dünyaya inteqrasiyasına yollar
açır. Belə bir şəraitdə Mehriban xanım
Əliyeva tərəfindən Azərbaycan aşıq sənətinin,
xalça sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına daxil edilməsi
üçün səyləri öz müsbət
nəticəsini vermişdir. Qloballaşma prosesində
Azərbaycan dövlətinin həyata keçirdiyi
məqsədyönlü siyasət və bu istiqamətdə
müvafiq tədbirlər nəticəsində Azərbaycan
aşıq sənəti dünyanın qeyri-maddi irsinin
inciləri sırasındadır. Bu hadisə beynəlxalq
səviyyədə aşıq sənətinin Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən
biri olduğunu bir daha təsdiqləyir. Beynəlxalq
çərçivədə qəbul edilən Azərbaycan
milli xəzinəsi dünyanı
təəccübləndirmək iqtidarındadır. Artıq
Azərbaycanda dövlət səviyyəsində qeyd edilən
Novruz bayramı da, xalça sənətimiz də YUNESKO-nun
qeyri-maddi mədəni irs üzrə reprezentativ
siyahısına daxil edib.
Görülən
işlərin davamı olaraq, Azərbaycanın qeyri-maddi
mədəni irs subyektlərinin informasiya bankının
yaradılması ilə bağlı görülən
işlər də mənəvi dəyərlərimizə bir
dəstəkdir. Bunun əsasında yaradıcı
nailiyyətləri özündə əks etdirən xüsusi
portfoliolar yaradılacaqdır. Portfolioların
yaradılmasında məqsəd Azərbaycanın
milli-mənəvi dəyərlərinin beynəlxalq
aləmə inteqrasiyası, qeyri-maddi mədəni irsin
dünyada tanıdılmasıdır.
Dünyanın qabaqcıl ölkələrinin
mədəniyyət siyasəti sahəsindəki
təcrübələri nəzərə alınmaqla
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması,
bərpası, xalq yaradıcılığının
təbliği istiqamətlərində islahatlar uğurla davam
etdirilir. Bu sahədə həyata keçirilən
müvafiq konseptual proqram və layihələr sırasında
"2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları"
Proqramını xüsusi qeyd etməliyik. Proqramın
icrasını təmin etmək məqsədilə 2010-cu il
üçün Gəncə şəhəri "Azərbaycanın
əfsanələr paytaxtı", Şəki
şəhəri "Azərbaycanın sənətkarlıq
paytaxtı" və Qazax şəhəri
"Azərbaycanın folklor paytaxtı" elan edildi.
Gəncə, Şəki və Qazax
şəhərlərində il ərzində respublika və
beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, festivallar,
infoturlar və sair tədbirlər təşkili olunub.
Azərbaycan
dövləti tərəfindən milli-mənəvi
dəyərlərimizin dünyaya inteqrasiya olunmasında, onun
beynəlxalq miqyasda təbliği istiqamətində
işlər davam etdirilir.
İncəsənətin
ayrı-ayrı sahələri üzrə ölkədə əsaslı
inkişaf istiqamətləri müəyyən olunmuşdur.
Elə bir incəsənət sahəsi yoxdur ki, onun
inkişafı ilə bağlı Dövlət Proqramı
qəbul olunmasın. Kino, teatr, musiqi, kitabxana, muzey işi
və s. sahələrdə inkişafın gələcək
strategiyası müəyyənləşdirilmişdir. Bu
gün ölkəmizin mədəniyyət abidələri
təmir olunur, yeniləri inşa edilir. Azərbaycan
Xalça Muzeyinin yeni binasının inşasının davam
etdirilməsi, Nizami kinoteatrının əsaslı təmiri,
Gənc Tamaşaçılar Teatrının, Rus Dram
Teatrının, eləcə də bir çox muzeylərin təmir
olunub yenidən istifadəyə verilməsi mühüm
mədəniyyət hadisəsidir. Bütün bunlar bir
daha təsdiq edir ki, Azərbaycanda mədəniyyət
dövlətimizin daim himayəsindədir və yaxın
gələcəkdə o, daha sürətlə inkişaf
etdiriləcəkdir.
Azərbaycanda
rəssamlıq sənətinin də öz tarixi
kökləri vardır. Ulu öndər Heydər Əliyev
rəssamlıq sənətinin inkişafına xüsusi
önəm verirdi. Bu gün cənab İlham Əliyev də
milli rəssamlarımızın inkişafını daim
diqqətdə saxlayır. Ayrı-ayrı rəssamların
yubileylərinin dövlət səviyyəsində qeyd olunması,
sərgi salonlarının təmir edilib istifadəyə
verilməsi, gənc rəssamlara xüsusi diqqət
yetirilməsi günün reallıqlarıdır. Bir
neçə il əvvəl Azərbaycan
İncəsənət Mərkəzinin istifadəyə
verilməsi bu istiqamətdə həyata keçirilən
uğurlu tədbirlərdəndir.
Hazırda
Azərbaycan rəssamlarının əsərləri
dünyanın məşhur muzeylərinin daimi eksponatına
çevrilmişdir. Xarici ölkələrdə
keçirilən Azərbaycan rəssamlarının
sərgilərinə böyük maraq göstərilir.
Azərbaycan
mədəniyyəti və incəsənəti
həqiqətən dünyanı fəth edir. Hər bir
azərbaycanlı öz xalqının mənəvi
dəyərləri ilə fəxr edə bilər.
Son olaraq
cənab Prezident İlham Əliyevin belə bir fikrini
diqqətə çatdırmaq istərdim: "Azərbaycan
dövləti xalqın mədəni həyatının daha da
inkişafı üçün öz işini davam
etdirəcəkdir".
Elçin
ORUCOV,
S.Bəhlulzadə adına
sərgi salonunun direktoru, rəssam
Xalq qəzeti.-2010.-15 dekabr.-S.5.