55 illik
yaradıcılığın hesabatı
Bu il görkəmli bəstəkar, tanınmış pedaqoq, ictimai xadim Tofiq Bakıxanovun 80 yaşı tamam olur. O, böyük bir nəslin - Bakıxanovların davamçısıdır.
Tofiq çox məhsuldar bəstəkardır. O, musiqinin müxtəlif janrlarında çox əsər bəstələmişdir. Lakin onun çox sevdiyi sahələr - səhnə əsərləri (baletlər, musiqili komediyalar), simfonik və kamera-vokal, kamera instrumental əsərləri yaradıcılığında mühüm yer tutur.
Göründüyü kimi, instrumental əsərlər bəstəkarın yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir.
Sual oluna bilər ki, o nə üçün instrumental əsərlərə yaradıcılığında böyük yer vermişdir? İlk növbədə biz onu qeyd etməliyik ki, Tofiq uşaq yaşlarından skripka alətini çox sevirdi.Bu minvalla o, indiki Bülbül adına 10 illik musiqi məktəbinin skripka sinfinə daxil olmuş, görkəmli pedaqoq M.Simberovun sinfində ən mahir skripka çalan olmuş, sonra isə həmin ixtisas üzrə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirmiş və o, uğurla ali məktəbi bitirmişdir.
Sonrakı illərdə də Tofiq həm müəllim, həm də solist kimi çalışmış, öz konsertləri ilə dinləyicilərin rəğbətini qazanmışdır.
Skripka üzrə görkəmli ifaçı olan Tofiq, həmçinin bəstəkarlığa da həvəs göstərirdi. O, ilk əsərlərini də məhz skripka üçün yazırdı. Belə ki, Tofiq ilk əsərlərini dahi bəstəkar, pedaqoq Qara Qarayevə göstərdikdə o, məsləhət görür ki, ikinci ixtisas - bəstəkarlıqla da məşğul olsun. Bu minvalla Tofiq bəstəkarlıq sinfinə daxil olur və uğurla ali musiqi məktəbini bitirir.
Həm təhsil aldığı dövrdə, həm də müstəqil yaradıcılıq yoluna qədəm qoyanda çox əsərlər yazır. Lakin qeyd etdiyimiz kimi sevdiyi sahələrdə, yəni simfonik və kamera əsərlərinə öz yaradıcılığında böyük yer verir. Məsələn, Tofiq ayrı-ayrı alətlər üçün iri həcmli əsərlərdən "26 konsert" bəstələmişdir. Azərbaycan bəstəkarlarının heç biri bu miqdarda "Konsert" yazmayıblar. Bu janrdan başqa o, ümumilikdə 6 simfoniya, 5 simfonik poema, müxtəlif alətlər üçün 25 sonata, trio, kvartet, süitalar bəstələmişdir.
Sadaladığımız əsərlər istər açıq konsertlərdə, istərsə də ali və orta ixtisas musiqi məktəblərinin konsert və tədris repertuarlarında əsas yer tutur.
Əlbəttə, bəstəkar bu miqdarda əsərləri yazmaq üçün gecəli-gündüzlü gərgin işləyirdi. Yeri gəlmişkən onu deyim ki, mən dəfələrlə onunla ezamiyyətdə olmuş və onun başqa şəhərlərdə də boş vaxtında partitura üzərində necə gərgin və maraqla işlədiyinin şahidi idim.
Məhz bunun üçün də onun 100-ə qədər irihəcmli əsəri hazırda həm respublikamızda, həm də xarici ölkələrdə, xüsusilə müsəlman ölkələrində həm konsert proqramlarında, həm də tədris ocaqlarındakı proqramlarda xüsusi yer tutur və tamaşaçılar tərəfindən sevilə-sevilə dinlənilir.
T.Bakıxanovun əsərləri təkcə kamera-instrumental, simfonik əsərlərlə məhdudlaşmır. Onun yaradıcılıq portfelində üç balet - "Xəzər balladası", Sergey Yeseninin "İran motivləri" əsasında yazdığı "Şərq poeması" və Nizami Gəncəvinin əsəri əsasında yazdığı və bəstələdiyi "Xeyir və Şər" özünəlayiq yer tutur.
Sadaladığımız baletlər arasında bəstəkara daha çox şöhrət gətirən məhz onun "Xəzər balladası"dır. Bu balet keçən əsrin 60-cı illərindən Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnə təcəssümünü tapmış və bu günümüzə qədər də səhnədən düşmür. Bu əsəri tanınmış baletmeysterlər - R.Axundova və M.Məmmədov tamaşaya qoymuşlar.
Onu da qeyd edək ki, "Xəzər balladası" xarici ölkələrdə də göstərilmiş və müəllifinə şöhrət gətirmişdir. Belə ki, bu əsər Moskvada Kremlin Qurultaylar sarayında, Sankt-Peterburqda, Kiyevdə uğurla göstərilmişdir.
Bundan başqa Parisdə keçirilən VII Beynəlxalq festivalında balet, səmimi qarşılanmışdır.
Keçən əsrin 90-cı illərindən başlayaraq Tofiq Bakıxanov bir sıra muğamı nota salmış, sonra isə onları orkestrləşdirmişdir. Bəstəkar bu muğamları yazarkən ilk öncə atası, məşhur muğam bilicisi və ifaçısı Əhməd Bakıxanovun həm canlı ifasından, həm də lent yazılarından istifadə etmişdir. Bunlar hansı muğamlardır? "Hümayun", "Nəva", "Şahnaz", "Dügah" və "Rəhab". Sadaladığım muğamlar əsasən çox qədim tarixə malikdir. Bu muğamlar konsertlərdə az səslənir. Bu muğamları işlərkən T.Bakıxanov simfonik muğamların ilk müəllifi Fikrət Əmirovun bəzi xüsusiyyətlərindən bəhrələnmişdir. Artıq onların arasında dörd müğamın partiturası nəfis şəkildə Bakıda çap olunmuşdur. Simfonik muğamlar vaxtaşırı açıq konsertlərdə ifa olunur, onların lent yazıları isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin fondunda saxlanılır.
Keçən əsrin 90-cı illərindən T.Bakıxanov Yaxın Şərq ölkələri ilə yaradıcılıq əlaqələri saxlayır. Xüsusilə Türkiyədə, İranda, İraqda, Şimali Kiprdə, Özbəkistanda və Tacikistanda onun əsərlərindən ibarət konsertlər keçirilir. T.Bakıxanov bu ölkələrin xalq musiqisi nümunələrindən də bəhrələnərək kamera-instrumental və kamera-vokal janrlarda əsərlər yazır. Bəstəkarın bu kimi əsərləri həmişə qabaqcıl kollektivlərin yüksək səviyyədə ifasında alqışlarla qarşılanır.
Əlbəttə ki, bu qəbildən olan əsərlərin xarici ölkələrdə rəğbətlə qarşılanması bizi sevindirir.
T.Bakıxanovun səhnə əsərlərindən söz açarkən biz onun üç musiqili komediyanın müəllifi olmasını da göstərməliyik. Maraqlı da odur ki, bu üç musiqili komediyasını sənət dostu, respublikanın xalq artisti, tanınmış bəstəkar Nəriman Məmmədovla birlikdə yazmışlar. Hər üç əsər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu səhnə əsərləri "Altı qızın biri Pəri" (libretto - M.Əlizadənindir), "Məmmədəli kurorta gedir" (libretto - A.Zeynallınındır), "Qız görüşə tələsir" (libretto - R.Babayevindir) adlanır. İki bəstəkarın qələmindən çıxan tamaşalar zərif yumorla obrazların daxili aləmini ustalıqla açan musiqi təranələri ilə zəngindir. Libretto müəllifləri həyatdakı çirkinlikləri, eybəcərlikləri tənqid atəşinə tuturlar. Müəlliflər səhnədə təsvir edilən obrazların musiqi səciyyəsini çox dolğun və kamil surətdə açıqlayırlar. Bəli, bəstəkarlar hər bir obrazın özünəməxsus xasiyyətnaməsini rəngarəng melodiyalarla, zəngin ifadə vasitələri ilə açmağa nail olmuşlar - desək, yanılmarıq.
T.Bakıxanov 50 illik yaradıcılıq dövründə mahnı janrında da 120-ə qədər əsər yazmışdır. Vokal miniatürlər arasında lirik səciyyə daşıyan mahnılar az deyil. Bu baxımdan biz geniş yayılmış mahnılardan "Sevən könül", "Gözəlliklər məskəni", "Sevməyir, qoy sevməsin", "Abşeron bağlarında" və s. kimi mahnıları dinlədikdə onlardan zövq alırıq.
T.Bakıxanov 55 ildir ki, Bakı Musiqi kollecində və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim işləyir. O, kamera ansamblı kafedrasının hörmətli professoru kimi tələbələrin dərin rəğbətini çoxdan qazanmışdır. Onun yetirmələrindən hal-hazırda bəziləri onunla Bakı Musiqi Akademiyasının kamera kafedrasında çiyin-çiyinə çalışır, bəziləri musiqi kollektivlərində, ali və orta ixtisas məktəblərində əzmlə çalışırlar.
T.Bakıxanov 1956-cı ildən, yəni Azərbaycan Bəstəkarlar İttifaqının I qurultayından bu yaradıcılıq təşkilatının hörmətli üzvüdür. O demək olar ki, Bəstəkarlar İttifaqının bütün tədbirlərində - qurultaylarında, plenumlarında, festivallarında, baxışlarında iri formalı yeni musiqi əsərləri ilə iştirak edir və musiqi ictimatiyyətinin rəğbətini qazanır.
Baxmayaraq ki, Tofiq irili-xırdalı çox miqdarda əsərlər yazıb. Lakin bu əsərlərin heç biri onun arxivində qalmayıb. Bu əsərlərin hamısı açıq konsertlərdə, müxtəlif səhnələrdə ifa olunub, lentə, videoya, audioya yazılıb, nəşriyyatlarda nəfis şəkildə çap olunub, xalqımıza çatdırılıb. Əlbəttə ki, bəstəkar üçün bu böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik Tofiq Bakıxanova nəsib olub.
Görkəmli bəstəkar çox təcrübəli pedaqoq, ictimai xadim Tofiq Bakıxanovun 80 illiyi ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası 6 gün davam edən festival keçirəcəkdir. Proqramda bəstəkarın 3 baleti, bir musiqili komediyası, simfonik və kamera əsərləri, mahnı və romansları səsləndiriləcəkdir. Bu festivalı məhz Tofiq Bakıxanovun yaradıcılığının 55 illiyinin hesabatı saymaq olar.
Bəli, T.Bakıxanov daim yaradıcılıq axtarışında, daim yaratmaqdadır. Ona görə də biz onu məhsuldar bəstəkar kimi səciyyələndiririk.
Biz 80 illik yubileyi münasibətilə bütün professional musiqiçilər və musiqisevərlər adından gənc qəlbli Tofiq Bakıxanova möhkəm cansağlığı, bu şərəfli sənət yolunda sönməyən ilham, yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq.
Ramiz
ZÖHRABOV, Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, respublikanın xalq artisti, sənətşünaslıq
doktoru, professor.
Xalq qəzeti.-2010.-15 dekabr.-S.6.