Azərbaycanda
qeyri-neft sektorunun dinamik inkişafı bu
sahəyə göstərilən diqqətin nəticəsidir
Son illər iqtisadi sahədə
həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı
mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin
genişləndirilməsinə, yerli və xarici
investisiyaları, müasir texnologiyaları cəlb etmək və
qabaqcıl idarəetmə təcrübəsindən
faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən
müəssisələrin, yeni iş yerlərinin
yaradılmasına və nəticə etibarı ilə ölkənin
iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
Azərbaycanın əldə
etdiyi uğurları bəziləri neft amili ilə əlaqələndirməyə
cəhd göstərirlər. Amma dövlət
başçımız İlham Əliyev də dəfələrlə
bəyan etmişdir ki, ölkəmizin iqtisadiyyatı neftdən
tam asılı deyil və bizdə artıq iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində çox ciddi
işlər görülür, qeyri-neft sektoru sürətlə
inkişaf edir. Bununla bağlı Prezident İlham Əliyev
demişdir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən
biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini
uğurla icra edir. Əgər iqtisadiyyatımız artıq
şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan
rəqabət qabiliyyətinə görə mötəbər
beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında
birinci yeri tutmazdı...".
Ümumiyyətlə, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunda dayanıqlı mövqeyi möhkəmlənmiş, istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə iri investisiyaların yönəldilməsi reallaşmışdır. Bunu statistik göstəricilər də təsdiqləyir.
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatmışdır. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalmış, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11 faizi digər sahələrdə istehsal olunmuşdur.
Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artmış, sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artmışdır. İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunmuşdur. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılmış, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və
sosial sahələrin inkişafı üçün bütün
maliyyə mənbələrindən əsas kapitala
7,7 milyard manat həcmində
vəsait yönəldilmiş, 5,1 milyard
manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Əsaslı vəsaitin
76,2 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala yönəldilmiş
vəsaitin məbləği
15,2 faiz, o cümlədən tikinti-quraşdırma
işlərinin aparılmasına
sərf edilmiş vəsait 9,6 faiz artmışdır. Məhsul
istehsalı obyektlərinin
inşasının aparılmasına
investisiyanın 50,8 faizi, yaxud 3,9 milyard manat sərf
olunmuşdur. Əsas kapitala yönəldilmiş
sərmayənin çox
hissəsini (53,1 faizini) müəssisə və təşkilatların
vəsaitləri, 31,7 faizini
büdcə vəsaitləri
təşkil etmişdir.
İlin əvvəlindən
ümumi sahəsi
1490,1 min kvadratmetrə bərabər
yaşayış evləri,
14322 şagird yerlik ümumtəhsil məktəbləri,
581 çarpayılıq xəstəxana,
növbədə 530 nəfərə
xidmət etməyə
imkan verən ambulator-poliklinika müəssisəsi
və s. istifadəyə
verilmişdir. İnşasına
əvvəlki illərdə
və cari ildə başlanmış
obyektlərin tikintisinin
davam etdirilməsi üçün dövlət
büdcəsində nəzərdə
tutulmuş vəsaitin
on bir ay ərzində
2285,4 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri
və avtomobil nəqliyyatı sahəsində
fəaliyyət göstərən
fiziki şəxslər
tərəfindən 179,9
milyon ton yük və 1,3 milyard nəfər sərnişin
daşınmış və
keçən illə
müqayisədə yük
daşınması 3,1 faiz,
sərnişin daşınması
isə 4,4 faiz artmışdır. Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizi
ilə yanvar-oktyabr aylarında 42,5 milyon ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə
olunmuş 263 milyon manat gəlirin 41,8 faizi dəmir yolu, 23,4 faizi dəniz, 34,8 faizi avtomobil nəqliyyatının
işi hesabına yaranmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf
edən sahələrdən
biri də rabitədir. Sahənin əməkçiləri ilin
əvvəlindən əhaliyə,
müəssisə və
təşkilatlara 1033,3
milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan
30,8 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin
74,2 faizi və ya 766,7 milyon manatı əhaliyə göstərilmiş
və 31,2 faiz artmışdır.
Yanvar-noyabr ayları
ərzində 16,2 milyard manat məbləğində
istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. İstehlakçılara
ticarət şəbəkəsindən
keçən ilin müvafiq dövründə
olduğundan 8,5 faiz çox və ya 12 milyard
manat həcmində əmtəə satılmış,
10,4 faiz çox, yaxud 4,2 milyard manatlıq pullu xidmət göstərilmişdir.
İstehlak bazarında
satılmış malların
7,8 milyard manatını və ya 64,5 faizini ərzaq məhsulları,
4,2 milyard manatını
qeyri-ərzaq malları
təşkil etmişdir.
Əmtəə dövriyyəsinin
14,9 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət
təşkilatları, 40,4 faizi
bazarlar və yarmarkalar, 44,7 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən
fiziki şəxslər
tərəfindən həyata
keçirilmişdir.
Ölkənin dövlət
və qeyri-dövlət
təşkilatları və
ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr
aylarında 143 dövlətlə
22,5 milyard ABŞ dolları məbləğində
xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət
dövriyyəsinin 17,4
milyard dollarını
və ya 77,2 faizini ölkədən ixrac olunmuş mallar, 5,1 milyard dollarını (22,8 faizini)
ölkəmizə idxal
edilmiş məhsullar
təşkil etmişdir.
Ticarət əlaqələrinin
85,7 faizi və ya 19,3 milyard dolları uzaq xarici ölkələrlə,
14,3 faizi (3,2 milyard dolları) MDB üzvü dövlətləri ilə
aparılmışdır.
Ölkəmizdən göndərilmiş
malların 90,7 faizi uzaq xarici dövlətlərə,
9,3 faizi isə MDB üzvü ölkələrinə
ixrac olunmuş və onun əsas
hissəsini mineral məhsullar,
ərzaq məhsulları,
azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar,
quru, hava və su nəqliyyatı
vasitələri, kimya
və neft-kimya sənayesi məhsulları
təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların
çox hissəsi (68,9 faizi) uzaq
xarici ölkələrdən
daxil olmuşdur. Maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar,
ərzaq məhsulları,
quru, hava və su nəqliyyatı
vasitələri, azqiymətli
metallar və onlardan hazırlanmış
məmulatlar, kimya sənayesi məhsulları,
mineral məhsullar idxal
olunmuş mallar içərisində üstünlük
təşkil etmişdir.
Beləliklə, on ay ərzində
aparılmış idxal-ixrac
əməliyyatları nəticəsində
12,2 milyard dollarlıq,
o cümlədən uzaq
xarici ölkələrlə
12,2 milyard dollar, MDB üzvü
dövlətləri ilə
isə 10,2 milyon dollar
məbləğində müsbət
ticarət saldosu yaranmışdır.
Yanvar-noyabr aylarında
əhalinin gəlirləri
keçən ilin müvafiq dövrü ilə müqayisədə
12 faiz artaraq 22,7 milyard manata, onun adambaşına düşən məbləği
isə 10,7 faiz çoxalaraq 2539,9 manata çatmışdır. Gəlirlərin
69,4 faizi son istehlaka,
8,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının
ödənilməsinə, 20 faizi isə əmanətlərin və
kapitalın artırılmasına
sərf olunmuşdur. Əhalinin sərəncamında
20,7 milyard manat məbləğində
gəlirləri qalmış
və keçən ilin müvafiq dövrünə nisbətən
12,8 faiz artmışdır.
Maliyyə Nazirliyinin
məlumatlarına əsasən
yanvar-oktyabr ayları ərzində dövlət
büdcəsinə 8,4
milyard manat daxil olmuş, büdcədən 7,6 milyard
manat vəsait xərclənmişdir. Büdcə
xərclərinin 37,7 faizi və ya
2,9 milyard manatı iqtisadiyyatın inkişafına,
11,3 faizi (861,9 milyon manatı) təhsilə,
13,2 faizi (1006,6 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin
gəlirləri ilə
xərcləri arasında
ümumi daxili məhsulun 2,4 faizinə bərabər və ya 774,5 milyon manatlıq profisit yaranmışdur.
Noyabr ayının
1-nə əhalinin banklardakı
əmanətləri keçən
ilin müvafiq dövrünə nisbətən
35,8 faiz artaraq 2,9 milyard manat olmuş, onların 1,6 milyard manatı xarici valyuta ilə, 1,3 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.
Vaqif BAYRAMOV,
Xalq qəzeti.-2010.-16 dekabr.-S.1.