(əvvəli qəzetin 15 dekabr 2010-cu il tarixli
sayında)
Türküstan
respublikaları, həmin respublikalarla Azərbaycanın
çoxtərəfli əlaqələri, əməkdaşlığı
və s. barədə Heydər Əliyevin, görünür,
ilk proqram əhəmiyyətli fikirləri Türk dövlətləri
başçılarının İstanbulda keçirilən
2-ci zirvə toplantısında söylənmişdir. ... Azərbaycan
Prezidentinin İstanbula yola düşərkən Bakıda,
hava limanında jurnalistlərə dediyi
aşağıdakı sözlər diqqəti cəlb edir:
"Şübhəsiz ki, zirvə toplantısı bizim
xalqlarımızın (türk xalqlarının - N.C.),
müstəqil ölkələrimizin (türk dövlətlərinin
- N.C.) bu günü və gələcəyi üçün
əhəmiyyətli yoldur. Yəni bizim türk mənşəli,
türkdilli xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri
eyni və yaxud bənzər olan xalqlarımızın hər
birinin müstəqil dövlət kimi mövcud olması,
onların həm dövlətlərarası əlaqələrinin
inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm
də bu əlaqələrdən istifadə edərək
tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında
xalqlarımızı daha da yaxınlaşdırmaq
dünyanın indi mürəkkəb proseslər gedən bir
dövründə çox mühümdür. Ona görə
də mən bu görüşə böyük əhəmiyyət
verirəm. Orada hansı sənədin imzalanıb-imzalanmamasından
asılı olmayaraq, elə bu görüşlərin
özü, fikir mübadiləsi, həmin ölkələrin
prezidentlərinin ünsiyyəti bunlar hamısı
respublikamızın həm iqtisadi, həm mədəni, elmi, həm
də bütün başqa sahələrdə bundan sonra da
bir-biri ilə sıx əlaqələr yaratması
üçün imkanlar açacaqdır"...
Və 2-ci zirvə
toplantısının açılışında Azərbaycan
Prezidenti bu fikri daha da inkişaf etdirib demişdi: "Bizim
toplantı xalqlarımızın, ölkələrimizin tarixi
kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin
birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında
qurulub. Bu çox böyük əsasdır. Ona görə də
bu əsasda bizim ölkələr arasında bütün sahələrdə
əməkdaşlığı inkişaf etdirməyə,
genişləndirməyə, bütün istiqamətlərdə
bu əməkdaşlığı təmin etməyə bizim
böyük imkanlarımız var. Azərbaycan Respublikası
belə qərara gəlib ki, bundan sonra da bu imkanlardan istifadə
etsin və əməkdaşlığı genişləndirsin
(kursiv bizimdir - N.C.)...
... Həmin nitqində Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin türk
dövlətləri ilə əlaqələrində ümumən
xarici siyasətində artıq neçə illər kölgədə
qalmış bir məsələyə işıq saldı. O
ancaq dahi diplomatlara (və türk dünyasının birliyi
uğrunda hər cür mücadiləyə hazır
böyük türkçülərə!) xas olan bir
açıqlıqla dedi: "... Ancaq bir həqiqəti də
qeyd etmək istəyirəm ki, ölkələrimiz (söhbət
türkdilli ölkələrdən gedir - N.C.) müstəqillik
əldə edəndən sonra, iki il bundan öncə Ankarada
bizim ölkələrimizin rəhbərləri
toplaşıb, görüşüb birgə bəyanat qəbul
edəndən sonra, ola bilər ki, Azərbaycan tərəfinin
buraxdığı səhvlər nəticəsində Azərbaycan
Respublikasının Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla,
Qırğızıstanla əlaqələri çox zəif
olub. Təxminən bir il bundan öncə, mən Azərbaycan
Respublikasına başçılıq etməyə
başladığım gündən bu qardaş respublikalarla əlaqələrin
bərpa olunması üçün çox
çalışmışam və bildirmək istəyirəm
ki, bu əlaqələrin zəifləməsi və bəzən
də qırılması (kursiv bizimdir - N.C.) səbəbləri
ancaq Azərbaycandadır". Azərbaycan Prezidenti daha sonra
dedi ki, "ona görə də Azərbaycan tərəfindən
bu əlaqələrin uzun müddət zəiflədilməsinə
görə də xüsusən 1992-ci ildə
Ümumiyyətlə, bir
kökdən, bir mənşədən olan və adət-ənənələri
bir olan xalqların, ölkələrin, dövlətlərin əməkdaşlığının
böyük gələcəyi var və mən hesab edirəm
ki, biz bu imkanlardan səmərəli istifadə etməliyik.
...Etiraf edək ki, Heydər Əliyev
Türküstanın dövlət başçıları
Nursultan Nazarbayev, İslam Kərimov, Saparmurad Niyazov (Türkmənbaşı),
Əsgər Akayev ilə görüşlərində,
münasibətlərində öz ağsaqqallıq
missiyasını, türk dünyasının lideri vəzifəsini
məharətlə yerinə yetirir. Təcrübəli
dövlət adamının, müdrik ictimai-siyasi xadimin
qeyri-adi nüfuzu qısa bir müddətdə
Türküstana yayılmış və həmin ölkələr,
onların münasibətləri, beynəlxalq mövqeləri
üçün nə qədər böyük əhəmiyyətə
malik olduğunu artıq göstərməkdədir. Heydər Əliyev
uzaqgörəndir, qətiyyətlidir, lakin eyni zamanda səbrlidir,
hadisəni mahiyyətdən, təsadüfi zərurətdən
ustalıqla ayırırdı. Bu isə ona Türküstan
respublikaları ilə münasibətdə çox geniş səlahiyyətlər
verir... Digər tərəfdən, Mərkəzi Asiya
türklüyünün Türkiyəyə, oradan da Qərbi
Avropaya yolunun ən kəsəsi Azərbaycandan keçir.
Şimal-Qərbdən və Cənub-Qərbdən keçən
yollar, əslində, tarixi-ənənəvi yoldan (İpək
yolundan!) çıxmaq deməkdir. Bunu Azərbaycanın
köhnə rəhbərliyi bilmirdi, Heydər Əliyev isə
bilir.
...Son illərin
müşahidəsi göstərir ki, türk
dünyasının iqtisadi, siyasi, mədəni əlaqələri
türk dövlətlərinin bu sahələrdəki əməkdaşlığı
barədə hərdən bir "xaric" düşünən,
arabir də "müxalif" hərəkət edən
türk dövlət başçısı Saparmurad Niyazov
(Türkmənbaşı) olmuşdur. Türk dövlət
başçılarının 2-ci zirvə toplantısında
mətbuat konfransında söylədiyi
aşağıdakı mülahizələr Türkmənbaşının
mürəkkəb tarixi proseslərə dərindən (və
ümumtürk mənafeləri mövqelərindən!)
yanaşmaqda çətinlik çəkdiyini göstərir:
"... Prinsip etibarilə biz Azərbaycanın Qərb
konsorsiumu ilə imzaladığı müqavilənin əleyhinə
deyilik. Yeganə məqsəd bu olmalıdır ki, heç kim
bir-birindən şübhələnməsin, heç kim fikirləşməsin
ki, biri digərinin hesabına fayda götürməyə
çalışır və Xəzər dənizi hansısa
çəkişmə, mübahisə, qeyri-sabitlik obyektinə
çevrilməsin... Xəzərlə bağlı məsələlərdə
müvafiq dövlətlərin ehtiyat etməsini başa
düşmək mümkündür. Bu gün bizlərdən
kimsə bir iş görərkən qonşular buna həmişə
şübhə ilə yanaşırlar. Bizim də Hollandiya və
Argentina firmaları ilə sazişlərimiz var, onlar Xəzər
dənizinin sahilində işləyirlər. Lakin biz mövcud
neft mədənlərində hasilatın artırılması
barədə saziş bağlamışıq və gəliri
yarı böləcəyik. Xəzərin Türkmənistan
sahillərindəki şelfində iş görmək barədə
də danışıqlar aparacağıq"... Və
Saparmurad Niyazov türk dövlətləri
başçılarının məclisində
yuxarıdakı sözlərin ardınca öz strateji
mövqeyini belə bəyan etmişdir: "... Əgər
Rusiya ilə saziş bağlamaq sərfəli olarsa onunla,
İranla sərfəli olarsa onunla saziş
bağlayacağıq".
"Xəzər dənizi
hansısa çəkişmə, mübahisə, qeyri-sabitlik
obyektinə çevrilməsin" deyən Türkmənbaşı
elə bil ki, Xəzəri tarixi ənənələrə
baxmadan iki daşın arasında bölüşdürüb,
öz payını daha yüksək qiymətə (kim
çox verdi!) satmaq istəyir. Halbuki Xəzər dənizi
türk dövlətlərini məhz bölünməzliyi ilə
birləşdirməlidir... Və yeri gəlmişkən, Xəzər
hövzəsi türk (eləcə də qeyri-türk!)
dövlətlərindən ancaq birinin - Azərbaycanın
paytaxtı Xəzər dənizinin bilavasitə sahilində
yerləşir. Yalnız Azərbaycan Prezidentinin iş
kabinetindən baxanda qədim türk tayfalarından birinin
adını daşıyan Xəzər dənizi
görünür... "Coşğun Xəzər oynar
ayaqlarında..."
...1994-cü il oktyabr
ayının sonlarında Heydər Əliyev Türkmənistanın
müstəqillik qazanmasının 3-cü ildönümü
şənliklərində iştirak etmək üçün
Aşqabada gedir. Azərbaycan Prezidentinin məqsədi heç
şübhəsiz, sadəcə şənliklərdə
iştirak etmək deyildi, Aşqabadda jurnalistlərə verdiyi
müsahibədə daha böyük (əslində, tarixi!) bir
məqsəd izlədiyini etiraf etmişdi: "... Türkmənistan
bizə qonşu, dilimizə və keçmişimizə
görə yaxın bir ölkədir. Ona görə də mən
istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələri
möhkəmləndirək. Vaxtilə böyük səhvlər
buraxılıb, Azərbaycanı Orta Asiya, ümumiyyətlə,
Mərkəzi Asiya ölkələrindən
uzaqlaşdırıblar. Mən istəyirəm ki, bu, aradan
götürülsün. Güman edirəm ki, belə tədbirlər
gələcəkdə keçmiş "İpək
yolu"nun canlandırılmasına kömək edəcəkdir...
Heydər Əliyevin müstəqil
Türkmənistan dövlətinin 3-cü ildönümü
münasibətilə dediyi aşağıdakı sözlər,
bir tərəfdən, böyük türk dövlət
xadiminin bir türk dövlətinin uğurlarına ürəkdən
gələn sevincini ifadə edirsə, digər tərəfdən,
həmin dövlətin rəhbərliyini türk birliyi
mövqeyində möhkəm dayanmağa
çağırır: "Mən Türkmənistanın bu
üç illik müstəqillik dövründə əldə
etdiyi nailiyyətləri, prezident, dostum və qardaşım
Saparmurad Türkmənbaşının xidmətlərini
xüsusi qeyd etmək istəyirəm. Hörmətli Prezident
Saparmurad Türkmənbaşı ilə biz çox illərdir
ki, dostuq, tanışıq. Vaxtilə bir yerdə də
işləmişik. İndi də qonşu ölkələrə
rəhbərlik edirik. Ona görə dünən də, bu
gün də Türkmənistanın son dövrdə (mən əvvəllər
də Türkmənistanda olmuşam), xüsusilə müstəqillik
qazanandan sonra hörmətli Prezident Türkmənbaşının
rəhbərliyi altında əldə etdiyi nailiyyətlər
məni qəlbən çox sevindirdi... Müsəlman
dövlətlərinin Pakistan, Türkiyə, Türkmənistan,
İran və Azərbaycanın rəhbərlərinin burada,
Türkmənistan torpağında, qədim türk
torpağında toplanması çox böyük hadisədir".
...Heydər Əliyevin
Türkmənistana səfəri Azərbaycan Prezidentinin
müstəqillik yolları ilə addımlayan tarixi
Türküstana - Orta Asiyaya ilk səfəri idi və bu səfərin
nəticələri ilə əlaqədar Heydər Əliyev
demişdi: "Güman edirəm ki, gələcəkdə əməkdaşlığımız
üçün çox böyük imkanlar var və
Saparmurad Niyazovla danışdıq ki, bu imkanlardan hər iki tərəf
istifadə etməyə çalışacaqdır".
...Təbii ki, türk
dünyası Türküstandan, Mərkəzi Asiyadan çox
genişdir: Yakutiya, Sibir türkləri var; Volqaboyu türkləri
- tatarlar, başqırdlar, çuvaşlar var; Şimali Qafqaz
türkləri var... Onların hamısı sovet dövründən
(və dövlətindən!) keçmişlər, indi isə
Rusiyanın vətəndaşıdırlar. Heydər Əliyev
onların gələcəyini necə görür? Bunu deyə
bilmərik, ancaq bir məsələ aydındır ki, həmin
xalqların ictimai-siyasi problemlərini ən dəqiq şəkildə,
vaxtilə Sovet dövlətinin rəhbərlərindən biri
olmuş Heydər Əliyev bilir...
Türk dünyasının
fəxri, yaxud böyük türklərdən biri Heydər Əliyevin
portretini böyük şəxsiyyətin
aşağıdakı sözləri tamamlayır:
"Özünün yeni yüksəliş dövrünü
yaşayan çağdaş türk dünyası bəşər
sivilizasiyasına yeni misilsiz nümunələr vermək
iqtidarındadır. Bu gün öz suverenliyini əldə
etmiş bir çox türk cümhuriyyətlərinin bu
sıraya qoşulması türk dünyasının gələcəyinə
işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və
mədəni həyatın sıx telləri ilə birləşməyə
başlamış türk xalqları yeni dünyanın
mühüm amillərindən birinə çevrilməkdədir".
* * *
...Müasir dünya
yalnız iqtisadi, sosial-siyasi münasibətlər
dünyası deyil, həm də etnik münasibətlər (və
münaqişələr!) dünyasıdır. Odur ki, bu və
ya digər bir xalqın millətlər yarışında
öncül sıralarda getməsi üçün tarixən
qazandığı etnik potensialdan tələb olunan səviyyədə
istifadə etməsi lazım gəlir.
Azərbaycan xalqı - azərbaycanlılar
dünyanın müxtəlif ölkələrində - Azərbaycan
Respublikasında, İranda, Rusiyada, Türkiyədə,
Gürcüstanda, ABŞ-da, İngiltərədə,
Almaniyada, Fransada, Skandinaviyada, Baltikyanı ölkələrdə
və digər yerlərdə yaşasalar da, onları bir-birinə
bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr
vardır: bu, ana dilidir, ata yurdu - Vətəndir, tarixən
formalaşmış etnik-mədəni sistemdir... Və milli
liderdir!.. Müşahidələr göstərir ki, Heydər Əliyevin
siyasi fəaliyyətində müstəqil Azərbaycan
dövlətinin daxili möhkəmliyini, xarici (beynəlxalq)
nüfuzunu qorumaq nə qədər möhtəşəm yer
tutursa, Azərbaycan xalqının dünya azərbaycanlılarının
milli birliyi, dünya xalqları içərisində
özünəlayiq mövqe qazanması uğrunda mübarizə
də o qədər mühüm əhəmiyyət
daşıyır. Görkəmli dövlət xadimi dəfələrlə
qeyd etmişdir ki, müstəqil Azərbaycan
Respublikasının inkişafında dünyanın müxtəlif
ölkələrinə yayılmış azərbaycanlıların
həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi
böyük rol oynayır - bir xalq olaraq əsas vəzifələrimizdən
biri həmin həmrəyliyi gücləndirməkdən, həmin
köməyin daha ardıcıl, daha intensiv xarakter
almasını təmin etməkdən ibarətdir.
Dünyanın müxtəlif ölkələrinə səfərlərində
Azərbaycan icmalarının nümayəndələri ilə
görüşüb onlara hərtərəfli dəstək
verən Azərbaycan Prezidenti dünya azərbaycanlılarının
konsolidasiyası, milli birliyi uğrunda mübarizəni müstəqil
Azərbaycan dövlətinin siyasəti səviyyəsinə
qaldırmışdır.
Müasir dünya artıq
ümumbəşəri dəyərlərlə
yaşadığını çox tez-tez bəyan etsə də,
reallıq çox zaman bunun əksini göstərir - son illərin
beynəlxalq təcrübəsi dönə-dönə
sübut etdi ki, milli ehtiraslar dünyanın siyasi xəritəsini
dəyişməyə, böyük fəlakətlər
törətməyə qadirdir. Qonşu xalqların ərazisinə
göz dikən, hay-küy salaraq öz kiçik problemlərini
böyük ölkələrin parlamentlərində, beynəlxalq
forumlarda vaxtaşırı müzakirə etdirən, bu yolla
dünyanın zəhləsini tökən "narahat"
xalqların cılız etnik hissələri Yer kürəsinin
normal xalqlarından ehtiyatlı olmağı tələb edir.
Ümumən türk xalqlarına, xüsusilə azərbaycanlılara
qarşı amansız hücuma - "səlib
yürüşü"nə başlamış erməni
faşistlərinin başını dumanlandıran da həmin
hisslərdir. Odur ki, beynəlxalq siyasi həyatın
özü dünya xalqlarının birlikdə
yaratdıqları ümumbəşəri dəyərlərə
hörmət etməklə yanaşı, milli birliyə nail
olmağı, düşmənə qarşı birgə
çıxış etməyi, birgə müdafiə
olunmağı tələb edir.
Müşahidələr
göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə
təkan verən ilk hadisə də Azərbaycan dövlətini
(və dövlətçiliyini) gözləyən təhlükə
oldu. Erməni qəsbkarlığına qarşı
mübarizədə formalaşan həmin həmrəylik
lazımi miqyas alıb tələb olunan effekti verməsə də,
hər hansı milli təhlükə qarşısında birləşməyin
ilk böyük təcrübəsini verdi. Lakin etiraf etmək
lazımdır ki, bu, stixiyalı, inersiyalı bir həmrəylik
idi, hələ ideoloji məzmun kəsb etməmişdi. Bunun
üçün böyük ideologiya (və həmin ideologiya
ilə silahlanmış milli lider!) lazım idi.
Heydər Əliyev dünya
azərbaycanlılarının həmrəyliyi, milli birliyi
uğrunda mübarizəyə respublikaya - Naxçıvana
qayıtdığı ilk aylardan başladı. 1991-ci il
dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü kimi qeyd olunması barədə qərar
verdi. Həmin qərarın qəbul edilməsi Ali Məclisin
sədri Heydər Əliyevin bilavasitə təşəbbüsü
idi. 1991-ci ilin 31 dekabrı Naxçıvanda müxtəlif
ölkələrdən, xüsusilə İrandan, Türkiyədən
gəlmiş azərbaycanlıların iştirakı ilə
bayram edildi. Naxçıvan MR Ali Məclisinin qərarı Azərbaycan
Respublikası Ali Soveti tərəfindən rəsmən
müdafiə edilsə də, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü Azərbaycan Respublikası
miqyasında yalnız 1993-cü ildə (yenə də Heydər
Əliyevin təşəbbüsü ilə) qeyd edildi.
...Azərbaycan Prezidenti
bununla kifayətlənməyərək, xarici ölkələrə
səfərlərində azərbaycanlılarla
görüşməyə xüsusi diqqət yetirməklə,
onların nəzərinə çatdırdı ki,
formalaşmaqda olan Azərbaycan dövlətinin bütün azərbaycanlılara
ehtiyacı var... Və bunun nəticəsi idi ki, Azərbaycan
Prezidenti rəsmi səfər etdiyi ölkələrdə (hətta
qonşu ölkələrdə də) yaşayan azərbaycanlılar
həmişə böyük məmnunluq hissi ilə onun
görüşünə gəlmiş, səfərdən
sonra isə həmin azərbaycanlıların həm bir-biri, həm
də Azərbaycan Respublikası ilə əlaqələri
genişlənmişdir.
...Dünyada nə qədər
azərbaycanlı olduğunu dəqiq demək çətindir.
Təxmini hesablamalara görə, müxtəlif ölkələrdə
50 milyona qədər azərbaycanlı yaşayır ki,
bunların 10 milyona qədəri azərbaycanlıların
tarixi vətənindən kənarda, onlarla ölkədə məskunlaşmışdır.
Həmin ölkələr içərisində əsas yeri
Rusiya, Ukrayna, ABŞ, Almaniya, Fransa, Hindistan, Pakistan,
İsveç, Norveç, Kanada... tutur.
Şübhəsiz, azərbaycanlıların
milli həmrəyliyinin həm miqyasca, həm də keyfiyyətcə
əsasını Azərbaycanın Şimalı və Cənubu
arasındakı əlaqə təşkil edir. Bu olduqca mürəkkəb
etnososial, etnosiyasi hadisədir... Məlum olduğu kimi, Azərbaycanın
Cənubunda, yaxud İran Azərbaycanında 30 milyona yaxın
azərbaycanlı yaşayır ki, onların ana dilində məktəbləri,
milli düşüncələrini ifadə etmək,
inkişaf etdirmək üçün sosial-siyasi təsisatları
yoxdur. Onlar İran İslam Respublikasının vətəndaşıdırlar.
Lakin etiraf etmək lazımdır ki, İranda - öz tarixi vətənində
yaşayan on milyonlarla azərbaycanlı milli müqəddəratın
təyin olunduğu XX əsrdə dəfələrlə
siyasi müstəqillik uğrunda mücadiləyə
qalxmışdır. Bu gün də İran azərbaycanlılarının
azadlıq eşqi kifayət qədər yüksəkdir.
Bununla belə, İranda azərbaycanlıların mütəşəkkillik
problemi vardır - burada söhbət ondan gedir ki, milli (və
demokratik!) dövlətin olmaması xalqın etnososial birliyinin
siyasi-ideoloji səviyyədə özünümüdafiəsinə
imkan verməmişdir. İş o yerə gəlib
çıxmışdır ki, bu gün İranda hələ
xalq kimi formalaşmamış, ümummilli düşüncəyə
yiyələnməmiş türk-Azərbaycan tayfaları
mövcuddur... Əlbəttə, beynəlxalq prinsiplərə
görə, Azərbaycan dövlətinin İranın daxili
işlərinə qarışmaq səlahiyyəti yoxdur (və
dövlət tərəfindən həmin prinsipə ciddi əməl
olunur!), lakin on milyonlarla insana öz milli müəyyənliyini,
etnik xarakterini unutdurmağa çalışmaq da heç bir
beynəlxalq prinsipə uyğun gəlmir... Azərbaycanın
Şimalı və Cənubu arasındakı münasibətlərin
inkişafına bir də ona görə ehtiyac vardır ki,
bugün Qərb ölkələrində məskunlaşan azərbaycanlıların
əksəriyyəti məhz Cənubdandır. Şimalla cənub
arasındakı etnokulturoloji, etnosiyasi münasibətlər
normal olmasa, Qərb ölkələrindəki azərbaycanlılar
özlərini hər iki Azərbaycanın övladı
saymağa çətinlik çəkə bilərlər.
Bizim fikrimizcə, tarixi Azərbaycanda etnik-ideoloji həyatın
sabitliyi İran İslam Respublikasını daha çox
maraqlandırmalı, özünü doğrultmayan "milləti-İran"
siyasətindən əl çəkib, İran azərbaycanlılarının
öz etnokulturoloji sistemləri daxilində sivil qaydalara
uyğun olaraq inkişafları üçün şərait
yaratmalıdırlar.
...Azərbaycanlıların
tarixi vətəni yalnız Azərbaycanın Şimalı ilə
Cənubundan ibarət deyil, artıq deyildiyi kimi, həmhüdud
regionlarda - Türkiyədə, Gürcüstanda, Dağıstanda,
İraqda yaşayan azərbaycanlılar da öz tarixi vətənlərindədirlər.
Azərbaycan Respublikası (və Azərbaycan Prezidenti) həmin
azərbaycanlılara xüsusi diqqət yetirir, onların
problemləri ilə daim maraqlanır. Birinci növbədə
Gürcüstan, Dağıstan azərbaycanlıları ilə...
Əslində, onlar da özlərini Azərbaycandan heç
zaman ayrı təsəvvür etməmişlər.
Dünya azərbaycanlılarının
həm mədəni, həm ideya-siyasi baxımdan fəal hissəsini
Qərb ölkələrində, o cümlədən Rusiyada
yaşayan azərbaycanlılar təşkil edir. Onlar xüsusilə
son illər, birinci növbədə müstəqil Azərbaycan
dövlətinin yüksəlişi (və Azərbaycan
Prezidentinin mübarizəsi!) nəticəsində, etnik-mədəni,
sosial-ideoloji baxımdan təşkilatlanmağa, hətta bu və
ya digər dərəcədə lobbiçilik fəaliyyəti
ilə məşğul olmağa başlamışlar.
ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə,
Skandinaviya ölkələrində də Azərbaycan diasporu
kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət
mərkəzləri yaradılmışdır ki, onlar Azərbaycan
dilinin, ədəbiyyatının, incəsənətinin
dünyada tanınmasında, müstəqil Azərbaycan
ideallarının beynəlxalq səviyyədə müdafiəsində
müəyyən xidmətlər göstərirlər. Hər
şeydən əvvəl, Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə tarixi
(və müasir!) həqiqətin dünya ictimaiyyətinə
çatdırılmasında onların üzərinə
böyük vəzifələr düşür.
...Azərbaycan Prezidentinin dəfələrlə
qeyd etdiyi kimi, əgər Azərbaycan belə bir
münaqişənin, müdaxilənin predmeti olmasaydı, indi
daha sürətlə inkişaf edib, dünyanın müasir səviyyəli
ölkələrindən, güclü dövlətlərindən
birinə çevrilmişdi. Ermənistanın azərbaycanlılara
qarşı təcavüzü artıq regional hüdudları
keçib planetar səciyyə daşımağa
başlamış, dünyanın müxtəlif ölkələrində
məskunlaşmış, siyasi nüfuza, geniş maddi
imkanlara malik ermənilər həmin məsələni vətəndaşı
olduqları ölkənin dövlət orqanlarında, parlamentlərində
öz xeyirlərinə həll etməyə
çalışmaqla artıq xeyli siyasi tərəfdarlar
tapmağa nail olmuşlar. Həmin ölkələrin gənc
Azərbaycan diasporu isə heç bir məhdudiyyət, prinsip
gözləməyən əxlaqsız erməni təbliğatına
müqavimət göstərməkdə çətinlik
çəkir. Çox zaman erməni mövqeyinin müdafiəsi
işini məhz erməni kilsəsi öz üzərinə
götürdüyündən həmin mübarizə,
münaqişə dini-ideoloji xarakter alır... İslam dini isə
ümumbəşəri bir dünyagörüşü
formasıdır, etnik, yaxud milli münaqişələrə
qarışmır, daha çox mənəvi-əxlaqi problemlərlə
məşğul olur. Lakin xüsusi sübuta ehtiyac yoxdur ki,
İslam dini (bizim dinimiz!) bizim xalqımızı
qorumalıdır; yalnız ümumi şəkildə deyil,
beynəlmiləlçilik düşüncəsi ilə deyil,
konkret şəkildə qorumalıdır. Və bunun
üçün biz dinimizin imkanlarından istifadə etməliyik...
Azərbaycan xalqının - azərbaycanlıların milli-mənəvi
xarakterinin əsaslarından birincisini türkçülük
təşkil edirsə, ikincisi, heç şübhəsiz,
İslam dinidir.
... Dünyanı idarə etmək
məsuliyyətini öz üzərinə
götürmüş beynəlxalq təşkilatlar, siyasi
xadimlər Qafqazdakı münaqişələrin həllində
Azərbaycan Prezidentinin nüfuzuna ümid edirlər. Ona
görə ki, Heydər Əliyev dünya ictimaiyyətinin nəzərində
belə bir böyük siyasi nüfuzu qazanmışdır. O,
dəfələrlə beynəlxalq miqyaslı problemlərin
müzakirəsində iştirak etmiş, həlledici fikirlər
söyləmişdir. Heydər Əliyev yalnız Azərbaycanın,
ümumən azərbaycanlıların rəhbəri deyil,
dünyanın gələcəyi üçün məsuliyyət
daşıyan böyük ictimai-siyasi xadimlərdəndir...
Lakin yer üzündə mövcud olduqları müddətdə
bir nəfər də olsun normal düşüncəli
dövlət xadimi yetirə bilməyən ermənilərin
xarakteri, münaqişəyə qoşulma maneraları, ondan
istifadə "bacarıq"ları elədir ki, normal,
müasir düşüncə ilə onlara cavab vermək,
prinsip etibarilə, mümkün deyil. Bu gün ermənilərlə
konstruktiv söhbət aparmaq üçün heç bir
şərait yoxdur. Elə bir adam, təskilat tapmaq
mümkün deyil ki, bu millətin adından danışmaq səlahiyyətinə
malik olsun, özünü ermənilərin lideri olaraq sərbəst,
orta əsrlərdə formalaşmış erməni mifindən
azad hiss edərək ikitərəfli, yaxud çoxtərəfli
danışıqlar apara bilsin. Ona görə ermənilərlə
danışığın çox az şey verəcəyini
nəzərə alan Heydər Əliyev bütün diqqətini
müvəqqəti sülh şəraitində Azərbaycan
dövlətçiliyini sürətlə inkişaf etdirməyə,
düşmən üzərində taktiki yox, məhz strateji qələbə
qazanmağa vermişdir. Doğrudan da, yalnız Azərbaycanı
deyil, bütövlükdə dünyanı mənfur erməni
mifindən xilas etməyə artıq böyük ehtiyac
vardır... Ermənilərin onlara sığınacaq
vermiş, ərazilərində dövlət yaratmaq
üçün şərait yaratmış azərbaycanlılara
növbəti xəyanəti dünya xalqlarına, dünya
"əfkari-ümumiyyə"sinə nə qədər tez
çatsa, dünya onu gözləyən fəlakətdən
o qədər tez qurtaracaqdır.
... Azərbaycanlıların
beynəlxalq həmrəyliyi yalnız Azərbaycan xalqı (və
dövlətçiliyi) üçün böyük siyasi əhəmiyyət
kəsb etmir, həm də tarixi Azərbaycan regionunda, ümumən
dünyada siyasi-ideoloji harmoniya yaratmaq prosesində fəal
iştirak etmək üçün geniş imkanlar
açır.
Azərbaycanın
itirilmiş torpaqlarını müharibə yolu ilə
qaytarmaq barədə son illər müxtəlif təkidli tələblər
irəli sürülür... Əlbəttə, bu tələblərə
yalnız ilk baxışda ciddi yanaşmaq mümkündür.
Əslində isə, bu gün dünya müharibə, zor dili
ilə danışmağı qəbul etmir. Və bugün
dünyada gedən müharibələr, - əlbəttə,
bunları klassik mənada müharibə hesab etmək olmaz, -
faktiki olaraq heç nəyi həll edə bilmir. Bunun klassik
nümunəsi Çeçenistandır... Bu gün dünyada
qarşısıalınmaz bir sürətlə ideoloji
müharibə gedir. Və ermənilər bunu bizdən
yaxşı bilirlər... Elə əvvəlcədən ciddi
müharibə etməyiblər - bizim
torpaqlaırımızın itirilməsi Ermənistanın
apardığı qalibiyyətli müharibənin nəticəsi
deyil. Ermənilər qarşı tərəfin
hazırsızlığından, siyasi-ictimai cəhətdən
mütəşəkkil olmamasından istifadə edib
qarışıqlıq saldılar, Azərbaycanın
Moskvadakı düşmənlərini hərəkətə gətirdilər,
dünya ictimaiyyətini aldatdılar və istədiklərinə
müvəqqəti də olsa çatdılar... Azərbaycan
xalqı ermənilərə ideoloji müharibə elan etməli,
onların iç üzünü açıb bütün
dünyaya göstərməlidir. Dünya bilməlidir ki,
yalnız Qarabağ deyil, Ermənistan adı ilə tanınan ərazi
də son dövrlərə qədər azərbaycanlılara
məxsus olmuşdur.
Azərbaycanlıların
dünyadakı milli tarixi mövqelərini bərpa etmək,
Azərbaycan xalqının beynəlxalq hüquqlarını
qorumaq üçün dünyanın hər yerində
yaşayan azərbaycanlıların birləşməsi
artıq elə bir tarixi zərurətdir ki, bunsuz milli iradəni
bütün gücü ilə ifadə etmək mümkün
deyil.
...Azərbaycan
Respublikasının Prezidenti, dünya azərbaycanlılarının
milli lideri Heydər Əliyev 2000-ci ilin 22 iyununda azərbaycanlıların
Moskvada keçirilən umumrusiya konqresindəki nitqində
demişdir ki, "xalqımız istedadlı, bacarıqlı
xalqdır. Xalqımızın bütün tarixi buna parlaq
sübutdur. Lakin mən Azərbaycanda işlədiyim əvvəlki
vaxtlarda həmişə demişəm ki, öz ərazisinin
hüdudları, sərhədləri daxilində qapanıb
qalan heç bir xalq bütün dünya ictimaiyyətinin,
bütün dünya sisteminin sürəti ilə inkişaf edə
bilməz. Yəni mən həmişə milli məhdudluq
hisslərinin əleyhinə olmuşam... Yeri gəlmişkən,
güman edirəm, dünyada elə adamlar var ki, onlar öz
genlərinə görə çox qabiliyyətli doğulurlar
və öz inkişafında dahi ola bilərlər, lakin
yalnız ona görə dahi olmurlar ki, doğulduqları yerin,
yaxud yaşadıqları ölkənin hüdudlarından kənara
çıxmırlar...". Şübhəsiz,
dünyanın hər hansı nöqtəsində baş verən
hadisələrin beynəlxalq səviyyədə rezonans verdiyi
müasir dövrdə öz içinə qapılıb
yaşamaq, özünü "Çin səddi" ilə
dünyadan təcrid etmək heç bir xalqa, o cümlədən
də azərbaycanlılara xeyir gətirmir. Dünyaya
yayılmaq, dünya mədəniyyətinin uğurlarına
yiyələnmək, genetik istedadın verdiyi imkanları
reallaşdırmaq lazımdır. Bu, dünya azərbaycanlılarının
liderinin (və tarixin) tələbidir...
Azərbaycanlılar müxtəlif
ölkələrdəki icmaları, diasporları
lobbiçilik fəaliyyətində türk xalqlarının
müvafiq təşkilatları ilə sıx əlaqə
saxlamalı, birgə çalışmağın
metodlarına yiyələnməlidirlər. Etiraf edək ki,
Türkiyə türklərinin, tatarların, özbəklərin,
qazaxların... da bu sahədə o qədər böyük təcrübəsi
yoxdur. Bununla belə, türk dünyası, bütün
mövcud problemlərə baxmayaraq, azərbaycanlıların
öz milli ideallarını həyata keçirməsində ən
etibarlı kontekst, ən münasib etnososial mühitdir.
...Bu günlər Fəxri
Xiyaban yenə də insan selinə, gül-çiçək
dəstələrinə qərq olub. Azərbaycandakı
diplomatik korpusların nümayəndələri,
bütövlükdə xalqımız axın-axın gələrək
ulu öndərin məzarını ziyarət edir, abidəsi
önünə tər-çiçəklər düzür,
hörmət və ehtiramlarını ifadə edirlər. Təkcə
Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində
ulu öndərin əziz xatirəsi böyük hörmətlə
anılır və bu məqsədlə müxtəlif tədbirlər
keçirilir. Bütün bunlar bir daha təsdiqləyir ki,
Heydər Əliyev türk dünyasının fəxri və
lideridir.
Nizami CƏFƏROV,
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
AMEA-nın müxbir üzvü,
professor
Xalq qəzeti.-2010.-16 dekabr.-S.3.